Birinci Türkoloji Qurultay, əslində, aydın görünən böyük bir paradoks qarşısında idi: həm ümumən türk dilindən, onun dialektlərindən, yaxud şivələrindən bəhs olunur, həm də ayrı-ayrı türk dillərinin, onların bu və ya digər dərəcədə ədəbi təzahürlərinin əlifba, orfoqrafiya, terminologiya və s. problemləri müzakirə edilirdi. Həmin paradoksu az-çox aradan qaldırmaq üçün mövcud elmi-metodoloji (və siyasi-ideoloji!) imkanlar hüdudunda olsa belə, türk dilləri arasındakı tarixi münasibətləri, başqa sözlə, qohumluq münasibətlərini müəyyənləşdirmək lazım gəlirdi.
Qurultayın üçüncü iclasında - etnoqrafiya məsələsinin müzakirəsindən sonra Təşkilat Komitəsinin üzvü, Krım tatarı, Bakıda çalışan professor Bəkir Vahab oğlu Çobanzadə "Türk ləhcələrinin yaxın qohumluğu haqqında" mövzusunda məruzə etmiş, ümumnəzəri qeydlərdən sonra demişdir ki, "türk ləhcələri Orxon yazılarından əvvəl də mövcud idi... Müxtəlif dövrlərə məxsus olan bir sıra əsərlərə ? "Kutadqu bilik", "Divani-hikmət", "Divani-lüğat it-türk" və s. dərindən fikir versək, görərik ki, onlar müxtəlif ləhcələrdə yazılıb, müəlliflər bunları türk əsərləri və özlərini də türk adlandırıblar".
Mahmud Kaşğari "Divan"ının verdiyi "türk ləhcələrində leksikanın bünövrəsi vahiddir. Orada fərqlər yoxdur. Əgər fərq varsa da, yalnız müxtəlif hərflərdə (səslərdə) və onların dəyişməsindədir" məlumatını sitat gətirən məruzəçi göstərir ki, "hər halda Mahmud Kaşğarinin əsərindən görürük ki, bugünün canlı türk-tatar ləhcələri hələ XI əsrə qədər bərqərar olmuşdur".
B.Çobanzadə türkcənin ən mötəbər mənbəsinin verdiyi məlumatdan sonra ümumən türk dili tarixinin dövrləşməsinə keçərək demişdir:
"Əgər türk xalqlarının VII-X, XI-XV və nəhayət, XV-XIX əsrlərə qədər tarixini izləsək, görərik ki, onlar arasında həm başqa, həm də dilçilik baxımından böyük maraq doğuran dövrlər var. Çox təəssüf ki, bu dövrlərin dilçilik və mədəniyyət baxımından ayrı-ayrılıqda tədqiqi üçün əlimizdə kifayət qədər material yoxdur".
Sovet dövrünün elmi-metodoloji konyukturuna - N.Y.Marrın dilçilik təliminə bu və ya digər dərəcədə uymağa məcbur olan görkəmli türkoloq əlavə etmişdir:
"Bu dövrlər Tukyu, Uyğur, Moğol, Cağatay dövlətlərinin, Qızıl Ordanın və xanlıqların həm əsaslarının qoyulmasını, həm də dağılması və tarixin səhnəsindən yox olmasını əhatə edir... Bu dövrlər iqtisadi əsasların formasının dəyişməsi, şərq türklərinin qərb, cənub türklərinin şimal türkləri ilə qarışması və s. ilə üst-üstə düşür. Onların hər biri ləhcələrin və dilin xüsusiyyətlərinin meydana çıxması və yaranması ilə əlamətdardır".
Türk ədəbi dili (və dilləri) tarixi sahəsində əsas problemin nədən ibarət olduğunu B.V.Çobanzadə belə müəyyən etmişdir:
"Yazılı ədəbiyyatımızda, daha doğrusu, dilimizin təkamülündə Orxon, Uyğur, Cağatay və Özbək ləhcələrinin müstəqil yerlərini müəyyən dəqiqliklə təyin edə biliriksə, əgər biz bu istiqamətdə, yəni bu məsələnin tədqiqində müəyyən nəticələr əldə edə biliriksə, türk ləhcələrinin müqayisəsi və qarşılaşdırılması haqqında bunu deyə bilmərik. Bu məsələdə, hələlik, təkamül xəttini müəyyənləşdirmək imkanına, ümumiyyətlə, malik deyilik".
Məruzəçinin fikrincə, "Mahmud Kaşğaridən başlamış, prof. Samoyloviçə qədər aparılan tədqiqatlar"da müəyyən qüsurlar özünü göstərir:
"1) Əksər hallarda türk ləhcələrinin tədqiqi tarixi iqtisadi və ya siyasi məsələlərin aydınlaşdırılması işinə yardımçı olmaq üçün həyata keçirilmişdir;
2) Müxtəlif türk ləhcələrini nə qədər tutuşdursalar da, əksər hallarda, bu tədqiqatlar özünə qapanır və ləhcələrdən birinin hüdudlarından kənara çıxa bilmir;
3) Türk ləhcələrinin təsnifatına dair indiyədək tərtib olunan əsərlər, fikrimizcə, aşağıdakı nöqsanlara malikdir:
a) yalnız səs xüsusiyyətləri nəzərə alınır;
b) tarixi məlumatların xüsusiyyətlərinə toxunulmur;
c) bir çox hallarda bir prinsip digərlərilə qarışdırılır".
Əlbəttə, təkcə B.V.Çobanzadənin deyil, ümumən XX əsrin 20-ci illəri türkologiya elminin ən böyük problemlərindən biri mövcud türk ədəbi dillərinin lazımınca araşdırılmaması ucbatından onların funksiyalarının düzgün qiymətləndirilməməsi, bir neçə əsrlik tarixi olan müstəqil dillərə (hətta onların ədəbi təzahürlərinə) ləhcə kimi yanaşılması idi. Görkəmli türkoloq, bir tərəfdən, ayrı-ayrı dilləri ümumi bir dilin (türkcənin) ləhcələri adlandırır, digər tərəfdən isə, tədqiqatçılara istinadən həmin ləhcələr arasında qohumluq əlaqələrinin mövcudluğunu sübut etməyə çalışır. Halbuki eyni bir dilin "ləhcələr"i olmaq faktının özü artıq qohumluq demək olduğuna görə belə bir sübuta, yəqin ki, ehtiyac yox idi.
Məruzəçi qeyd etmişdir ki, "Samoyloviçə görə, Berezin, Korş və Radlovun əsərlərində Orta Asiyada özbək və Şərqi Türküstan ləhcələri Şimalla Cənub arasında aralıq yer tutur. Tarixi hadisələri və türk xalqlarının keçdikləri tarixi yolu izləsək, görərik ki, bu alimlərin iddialarının əsası var və onlar həqiqətə uyğundur". Və bundan çıxış edərək əlavə etmişdir:
"...Özbək və Şərqi Türküstan ləhcələri mərkəzi yer tutur və bir növ, çıxış bazası rolunu oynayır. Buradan şaxələr gedir ki, bunlardan biri Türkmən - Osmanlı, digərləri tatar - Başqırd - Qazax, Qırğız, Noqay və Başqırddır. Yakut ləhcəsinin haradan və nə vaxt meydana çıxdığı indiyədək müəyyənləşdirilməyib. Sibir və Altay türklərinin ləhcələri Orta Asiya ləhcələrinə daha yaxındır".
B.V.Çobanzadə mövcud araşdırmaları dəyərləndirməklə yanaşı, əminliklə bildirmişdir ki, onlar "türk ləhcələrinin qarşılıqlı münasibətlərini nümayiş etdirməyə və kifayət qədər işıqlandırmağa, bu ləhcələrin müqayisəli qrammatikasını təqdim etməyə qadir deyil".
Qədim türk (run) yazılı abidələrinin dilindən Osmanlı ləhcəsinə (əslində, ədəbi dilinə) qədər türkcənin keçmiş olduğu tarixi yolun əsaslandırılmış bir xronologiyasının olmadığını bildirən məruzəçi belə bir nəticəyə gəlmişdir ki, "türk-tatar ləhcələrini ayrı-ayrılıqda, onların həyat və təkamülünü bütövlükdə öyrənmək və tədqiq etmək üçün türk ləhcələri türkologiyanın digər sahələri, ilk növbədə, tarixi tədqiqatlarla möhkəm bağlı olmalıdır. Akademik Bartoldun tarix, doktor Messaroşun isə etnoqrafiyaya dair məruzələrindən belə bir nəticə çıxarmaq olar ki, bu dövr hələ bir o qədər yaxın deyil və bu məsələ yaxın zamanların məsələsi də deyil".
Maraqlıdır ki, bu sözləri son dərəcə hazırlıqlı, dünya miqyaslı bir türkoloq deyir. Və o Qurultayın tribunasından deyir ki, həmin tribunadan Azərbaycan, Türkiyə, özbək, qazax, qırğız, tatar, başqırd, yakut, çuvaş, Altay, xakas... ziyalıları da hər kəs öz dilində məruzə və ya çıxış edərək fərqli dillərə malik olduqlarını israrla nümayiş etdirirlər... İnanmaq mümkün "deyil ki, belə bir şəraitdə də "ümumi türk dili" təsəvvürü düşüncələrə hakim kəsilə bilsin.
Bununla belə, B.V.Çobanzadə məruzəsini türk dillərinin "geniş miqyaslı müqayisəli qrammatika"sının meydana çıxacağına və "Ural-Altay nəzəriyyəsinin ...aydınlaşdırılacağına yardımçı olacağı"nı ümidlə bitirmişdir.
Qurultayın dördüncü iclası Leninqraddan dəvət olunmuş rus alimi Nikolay Nikolayeviç Poppenin "Altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti" mövzusundakı məruzəsi ilə açılmışdır. Stralenberq, Maks Müller, Castren, Şott kimi altayşünasların xidmətlərindən danışdıqdan sonra məruzəçi bu sahədə Ramsedtin fəaliyyəti üzərində xüsusilə dayanaraq demişdir ki, yalnız onun "çuvaş dilinin türk dilinin qanunauyğun inkişafının nəticəsi olması haqqında tərifi barədə qeyd etmək lazımdır ki, bu tərif müəyyən düzəlişlə məqbuldur. Məsələ ondadır ki, çuvaş dili yeganə "r" və "l" türk dilidir; halbuki bütün digər türk dilləri "z" və "ş" dilləridir və onların kökləri elə bir ümumi mərhələyə gedib çıxır ki, orada monqol və çuvaş dillərində "r" və "l" şəklində inkişaf edən sözlərin əvəzləyiciləri "z" və "ş" olmuşdur. Bu səbəbdən çuvaş dili və türk ləhcələri iki ulu şivənin - "r" və "l" şivəsinin və "z" və "ş" şivəsinin xələfləridir".
N.N.Poppe, beləliklə, çuvaş dilinin Altay dilləri ailəsindəki genetik yerini müəyyən edən konkret nəticəyə gəlib çıxmışdır:
"...Monqol-türk dil birliyinin birini monqol, digərini isə, çuvaş-türk adlandırmaq mümkün olan iki qola ayrılmasından sonra hər iki qol uzun müddət tamamilə müstəqil şəkildə inkişaf etmişdir. Sonradan çuvaş-türk qolu, öz növbəsində, daha iki qola - çuvaş, yaxud bulqar və türk qollarına ayrılır. Birincini ona görə həm də bulqar adlandırmaq mümkündür ki, Volqa bulqar dili, güman ki, indiki çuvaş dilinin əcdadı olub".
Tunqus dillərinin monqol və türk dillərinə genetik münasibətinə gəldikdə isə, məruzəçi göstərmişdir ki, "tunqus ləhcələri "r" və "l" dilləridir və monqol dili kimi onlar da sözün əvvəlində kar və cingiltili partlayan samitləri fərqləndirirlər, həmçinin çuvaş-türk qolunda bir səsdə birləşən "n", "d", "ç" və "y" səslərini qoruyub saxlayıblar... Bütün bunlar tunqus ləhcələrinin monqol və türk dillərilə yaxın qohumluğu və onlarla birlikdə eyni bir əcdad dilə aid olmaları haqqında mülahizəni kifayət qədər mümkün edir".
Görkəmli altayşünas sonda zahirən biri digərini təkzib edən, ancaq daxilən bir-birini tamamlayan iki mülahizə irəli sürmüşdür. Birincisi odur ki, Altay müqayisəli dilçiliyi "əgər bəzi şeylər əldə edib və hazırda özünün tanınmasına nail olubsa, bunun üçün yalnız və yalnız tədqiqatçıların vaxtında öz tədqiqatlarını məhdudlaşdıra bilmələrinə və onları məhdud sayda dillərin hərtərəfli öyrənilməsinə yönəltmələrinə minnətdardır"; ikinci mülahizəyə görə isə, "Altay müqayisəli dilçiliyi öz yolu ilə irəliləyir. Ural-Altay nəzəriyyəsi, daha doğrusu, Altay və Ural dillərinin qohumluğu haqqında nəzəriyyə paralel mövcud olmaqdadır. Bir tərəfdən, fin-uqor, digər tərəfdən isə, Altay dillərinin tam müqayisəli qrammatikaları yaradılandan, həm fin-uqor, hətta Ural ulu dilinin, həm də Altay prodilinin fonetik sistemi bərpa ediləndən sonra artıq ayrı-ayrı fin, macar, türk və i.a. yox, profin və proaltay sözlərini böyük müvəffəqiyyətlə tutuşdurmaq mümkün olacaq".
Leninqraddan, Elmlər Akademiyasından gəlmiş Anatoli Nesteroviç Genko "Türk dillərinin Yafəs dillərinə münasibəti haqqında" məruzəsini dil əlaqələri barədə ümumnəzəri mülahizələrlə başlayıb sonra mətləbə keçmişdir:
"Bilirik ki, indi Qafqazda aşkar yafəsi və aşkar türk dilləri yanaşı yaşayır... Söhbət türk dillərindən gedirsə, mövcud yafəsi dillərlə hesablaşmaq lazımdır, əksinə, yafəsi dillərin bəzi xüsusiyyətlərindən danışarkən burada türklərin olması ilə hesablaşmamaq olmaz".
Lakin "mətləb"in özünün də son dərəcə hipotetik olduğunu nəzərə alan məruzəçi demişdir:
"Əminəm ki, Yafəs dilləri Qafqaz ətrafında baş verən hadisələrin mənzərəsini bir çox onillik və yüzilliklər boyu özündə əks etdirən, onu dil, lüğət faktlarında qeydə alan və bu yolla da heç bir ərəb və digər yazılı mənbələrin bizim üçün qoruyub saxlamadıqlarını qoruyub saxlayan güzgü olacaq".
Keçirilən müzakirələrdə Ufadan gəlmiş, Başqırdıstan XMK-nın əməkdaşı, müəllim Həbibulla A.Kabiroviç Habitov başqırdca, Kazandan gəlmiş, Tatarıstan XMK-nın nümayəndəsi, jurnalist Eynan oğlu Səədi Qəbduraxman tatarca danışdıqlarına görə onların nə dedikləri stenoqrafik hesabata düşməmişdir.
Təşkilat Komitəsinin üzvü, bakılı eston ədəbiyyatçı Artur Rudolfoviç Zifeldt-Simumyaqi çıxış edərək demişdir ki, "biz ural-altayşünaslığa Yafəs nəzəriyyəsinin soxulması ilə üzləşirik. Hazırda akademik Marr çuvaş dilinin öyrənilməsi sahəsində axtarışlarla məşğuldur, Azərbaycan türkcəsində yafəsizmlərlə maraqlanır, keçən il isə bildirilib ki, onun fikrincə, fin dillərində də xüsusi yasəfi alt qat var..."
Eston dilindən bir sıra nümunələr gətirən çıxışçı əlavə etmişdir ki, "əgər Ural-Altay lüğət tərkibinin semantikasına baş vurmaq üçün vaxt olsaydı, qarşımızda heç də Nikolay Yakovleviç Marrın Yafəs nəzəriyyəsinin açıqladığı mənzərədən az maraqlı olmayan bir mənzərə canlanardı".
Ural-Altay dillərinin (və xalqlarının) qohumluğuna şübhə etməyən A.R.Zifeldt-Simumyaqi, prinsip etibarilə, marrizmi ciddi tənqid etmiş olur.
L.V.Şerba söz alaraq, əvvəla, N.N.Poppenin məruzəsindəki belə bir ifadəyə düzəliş edir ki, dillərin qohumluğu xalqların qohumluğu deyil, ikincisi isə, ulu dil anlayışını mütləqləşdirmək olmaz...
İclasda şəxsən dəvət olunmuş bakılı müəllim, özbək Xalid Səid Xocayev, şəxsən dəvət olunmuş moskvalı ədəbiyyatçı, Kazan tatarı Şamil Xayruloviç Usmanov, Naxçıvan Xalq Maarif Komissiyasının sədri Hüseyn Məmməd oğlu Musayev çıxış etmişlər.
İrəvandan gəlmiş erməni professor Raçiya Yakovleviç Açaryan "Türk və erməni dillərinin qarşılıqlı təsiri" mövzusunda türkcə məruzə eləmiş, məruzənin rusca icmalı stenoqrafik hesabata daxil olunmuşdur. Məruzəçi türk dilinin erməni dilinə "çox böyük" təsirindən söz açmışdır.
Professor B.V.Çobanzadə türkcə son söz söyləmişdir.
Beşinci iclas Təşkilat Komitəsinin üzvü, leninqradlı professor Aleksandr Nikolayeviç Samoyloviçin "Türk dillərinin tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri" mövzusundakı məruzəsi ilə başlanmışdır. Türkologiyada sistemli, planlı və kollektiv şəkildə iş aparmaq dövrünün gəldiyini nəzərə çatdıran məruzəçi qeyd etmişdir ki, "Qurultayın artıq arxada qalan iclasları bir daha aydın şəkildə göstərdi ki, biz, həqiqətən də, elmimizin yeni dövrünün əvvəlini yaşayırıq... Bizim indiki Qurultayımız sayəsində yerlərdə nə baş verdiyindən bizim, bizdə nə baş verdiyindən isə yerlərin xəbərsiz qalması üçün artıq zəmin olmayacaq".
Sonra A.N.Samoyloviç xəritə qarşısında dayanaraq türk xalqları, onların dillərinin tədqiqi vəziyyəti barədə müfəssəl məlumat vermiş, türk dialektlərinin, şivələrinin tədqiqi üçün yerlərdə mərkəzlərin yaradılmasını, həmin mərkəzlərin müasir elmin tələbləri baxımından hazırlıqlı əməkdaşlarla təmin olunmasını tövsiyə eləmişdir.
Leninqradlı, Elmlər Akademiyasından olan professor Sergey Yefimoviç Malov "Qədim türk dillərinin tədqiqi" mövzusunda əlavə məruzə ilə çıxış etmiş, elə ilk cümlələrindən türkoloji məclis üçün o qədər də münasib olmayan fikirlər söyləmişdir:
"İran xalqı, soqdilər türklərə nəhəng təsir göstərmişlər. İndi artıq aydınlaşır ki, təkcə uyğur əlifbasının yox, hətta türk run yazılarının da kökləri qədim soqdi əlifbasına gedib çıxır ki, onun abidələri eramızın I əsrinə aiddir".
Sonra isə məruzəçi Orxon, Yenisey və uyğur abidələrinin aşkarlanıb araşdırılması tarixi barədə qısa məlumat vermişdir.
"Türkologiyanın keçmişi və onun hazırkı vəziyyəti haqqında bəzi məlumatlar" mövzusundakı məruzəsində Təşkilat Komitəsinin üzvü, Bakıda çalışan çuvaş mənşəli professor Nikolay İvanoviç Aşmarin türk dillərinin tədqiqi tarixinə nəzər salmış, araşdırılması zəruri olan sahələri göstərmiş və sözünü belə yekunlaşdırmışdır:
"Hazırda türkologiyanın qəhrəmanlıq dövrünü, fikrimizcə, artıq bitmiş saymaq olar və ayrı-ayrı dialektlərin diqqətlə tədqiqinə başlamağın tam vaxtıdır. Bunun üçün yerlərdə özlərini ayrı-ayrı yerli dialektləri həmin xalqın həyatı və varlığının bütün xüsusiyyətlərilə birlikdə öyrənməyə həsr edən zəhmətkeş tədqiqatçılar lazımdır... Əyalətlərdəki əməkdaşlara lazımi diqqət yetirilərsə, türkologiya sürətli addımlarla irəliləyə bilər. Hətta sadəcə çiy materialların toplanması və çapı da türkologiyanın inkişafına çox böyük xidmət göstərə bilər".
Müzakirələrdə Q.A.Yunusov özbək, Q.E.Səədi tatar və türk, N.E.Xakimov tatar, A.Ş.Canibekov noqay, B.S.Suleyev qazax dillərində danışdıqlarından nə dedikləri məlum deyil.
A.M.Sabaşkin Altay dilinin mövcud qrammatika dərslikləri üzərində dayanaraq onların müasir dövrdə Altayda gedən dil-üslub proseslərinin tələblərini nəzərə almaqla yenidən tərtib edilməsi məsələsini qaldırmışdır.
İ.Omarov indiyədək türk dilləri qrammatikalarının türk olmayan alim-şərqşünaslar tərəfindən yazıldığını, ona görə də həmin əsərlərdə müəyyən qüsurlar olduğunu xatırlatmaqla yanaşı, alim-şərqşünasların xidmətlərini də etiraf etdikdən sonra ədəbi dil məsələsinə keçərək demişdir:
"Bizdə ədəbi dil hələ yaradılmaqdadır və ümid edirik ki, kütlələr üçün əlçatmaz olan xüsusi ədəbi dil meydana çıxmayacaq... Əvvəlki yoldaş ruhani ataları feilin cümlənin sonunda olmasını şərtləndirən qayda yaratmaqda ittiham edirdi... Fikrimizcə, ruhani atalar bir o qədər də yanılmayıblar. Feillər yox, xəbərlər bizim qırğız və tatar dillərində cümlənin axırında olmalıdır. Cənub türklərində bilmirəm, bizim dillərimizin ümumi qanunu belədir ki, idarə edən söz idarə ediləndən bilavasitə sonra gəlməlidir... Biz cümlənin quruluşunda sintaksisin bir tələbini pozuruqsa, cümləmiz xalq üçün anlaşılmaz olacaq".
Çıxışçı fonetika ilə yanaşı, morfologiya və sintaksisin ədəbi dil quruculuğunda böyük əhəmiyyət kəsb etdiyini qeyd etmiş, bu sahədəki qüsurların çoxunun rus məktəblərində təhsil almış ədiblərin nitqindən törədiyini bildirmişdir.
İ.Omarov sonda demişdir:
"Bizimlə müqayisədə mədəni baxımdan xeyli irəlidə olan cənub türklərinin ziyalılarının xalq dili ilə nə dərəcədə təmasda olduğunu söyləməyə heç bir əsasım olmasa da, məndə olan cüzi məlumatlara görə, fikrimcə, inkişaf etmiş türklərdə ədəbi dillə ləhcələr tutuşdurularsa, qorxuram, gələcək mədəni inkişaf üçün böyük əngəllər meydana çıxsın".
Söz alan akademik L.V.Şerba Qərbdə geniş yayılmış linqvistik coğrafiya metodundan türk ləhcələrinin araşdırılmasında istifadənin zəruriliyini qeyd etmişdir.
Məruzəçi A.N.Samoyloviç müzakirəyə yekun vurmuşdur:
"Əvvəldə dediyim kimi, məruzəmin məqsədi yeni elmi faktların çatdırılması və hər hansı problemin işıqlandırılması deyildi, məruzəmin vəzifəsi qısa yekunlar əsasında bizim sahəmizdə gələcək araşdırmaların yollarını müəyyənləşdirmək idi. Anladığıma görə, mənim bu təklifimə etiraz olmadı, yalnız əlavələr verildi və onlardan da belə çıxdı ki, yerlərdə türkoloji tədqiqatlardan başqa, həmin tədqiqatları, əlbəttə, birləşdirmək də lazımdır. Mən bilərəkdən bu məsələyə toxunmadım, çünki o, türkologiyanın gələcək tədqiqinə həsr olunmuş növbəti məruzədə qaldırılacaq".
Qurultay "Türk dillərinin araşdırılması və türk dillərinin digər dil ailələri ilə əlaqələri haqqında" qətnamə qəbul etmişdir ki, orada deyilir:
"Canlı və ədəbi türk dillərinin və dialektlərinin araşdırılması haqqında məruzəni dinləyən Qurultay aşağıdakıları yaxın gələcək üçün vəzifələr sayır:
1. Dil materiallarının toplanması və çapı, ayrı-ayrı elmi qrammatikaların və lüğətlərin tərtibi yolu ilə ayrı-ayrı dillər, ləhcə və şivələrin dərindən, hərtərəfli araşdırılması.
2. Müqayisəli-tarixi qrammatika, müqayisəli etimoloji lüğət və türk dil və dialektlərinin təsnifi üzrə hazırlıq işləri.
3. Türkologiyaya dair biblioqrafiyanın tərtibi.
4. Türk dillərinin digər Altay və uqro-fin dillərinə münasibətinin Yafəs nəzəriyyəsinin nailiyyətləri nəzərə alınmaqla davam etdirilməsi.
5. Beynəlxalq miqyasda türkoloji işin müəyyən plan üzrə kollektiv iş əsasında və çap işi təmin edilməklə təşkili".
Türk, eləcə də ümumən Altay dillərinin tarixi əlaqələrinə həsr olunmuş müzakirələr hər nə qədər məlumatlandırıcı səciyyə daşısa da, onların təbii diferensiasiyası barədə nəinki bitkin təsəvvür yaratmamış, müstəqil türk dillərinin mövcudluğu kimi real hadisənin izahını verməmiş, əksinə, tarixi bu günə "köçürməklə" həmin dilləri qədimdə olduğu şəkildə "dialekt və ya şivə adlandırmaq təcrübəsi"ni daha da möhkəmləndirmişdir ki, bu da öz növbəsində, V.V.Bartold başda olmaqla Qurultaya "istiqamət verən" tarixçilərin müasir dövrə münasibətdə "türk xalqları" yerinə "türk tayfaları" ifadəsini işlətmələrinə, prinsip etibarilə, haqq qazandırmışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!