Sevgidən keçən şeirlər - Əsəd CAHANGİR

Azərbaycan qadın şairlərinin Özbəkistanda işıq üzü görən şeirlər toplusuna Ön söz

 

Sayğıdəyər özbək oxucuları!

Azərbaycan-özbək ədəbi-mədəni əlaqələri yüzillər boyu sürən tarixi gələnəyə malikdir. Böyük özbək şairi Nəvai Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin təsirilə "Xəmsə" yaradıb, Azərbaycan divan şeirinin klassiki Füzuli isə Nəvaini öz ustadlarından biri sayıb. Xocənddə doğulan, on altıncı yüzil ünlü miniatür rəssamı Kəmaləddin Behzad öz yaradıcılığının ən parlaq, çiçəklənən dönəmini Azərbaycan hökmdarı Şah İsmayıl Xətainin sarayında keçirib, Azərbaycan miniatür ustası Sultan Məhəmməd öz misilsiz əsərlərində Behzad ənənələrini davam etdirib və gəlişdirib.

Saxta kommunizm idealı, qondarma xalqlar dostluğu ideyasından irəli gələn bütün ideoloji rənglərinə baxmayaraq, xalqlarımız arasında ədəbi-mədəni bağlar sovetlər dönəmində daha da güclənib. Bu baxımdan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun operettalarının Özbəkistanda, ünlü özbək yazıçı-dramaturqu, repressiya qurbanı Abdulla Qədirinin imzasının Azərbaycandakı populyarlığını demək yetərlidir. Yeni özbək ədəbiyyatının banilərindən olan Maqsud Şeyxzadənin əslən Azərbaycandan, Mahmud Kaşğarinin "Divanü lüğat it türk" əsərinin Azərbaycan dilinə ilk tərcüməçisi, Azərbaycan dilçiliyinin özülünü qoyanlardan biri, yenə də repressiya qurbanı Xalid Səid Xocayevin əslən Özbəkistandan olması isə humanitar əlaqələrimizin artıq ortaq, kəsişən, inteqrativ məqamlarından danışmağa imkan verir.

Azərbaycan-özbək ədəbi-mədəni əlaqələri sadəcə humanitar olay deyil, həm də sivilizasiyaların baş-başa gəldiyi, qloballaşan dünyada böyük turançılıq ideallarına xidmət eləyən dövlətçilik məsələsi, ideoloji işdir. Təsadüfi deyil ki, Özbəkistana rəsmi səfərində Azərbaycan Prezidenti İlham Əliyev deyirdi: "Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik." Bu sözlərdə Dövlət Başçımızın timsalında bütün xalqımızın fikri ifadə olunub. Şübhəsiz ki, eyni münasibəti özbək xalqı da Azərbaycan ədəbiyyatı, musiqisi, mədəniyyətinə bəsləyir. Odur ki, bu antologiyada yer alan qırx Azərbaycan qadın şairinin təxminən, yarım əsrlik bir dövrü çevrələyən poetik yaradıcılığının özbək oxucuları tərəfindən maraqla qarşılanacağına inanıram.

Əski ümumtürk gələnəyi və vahid İslam inancı Azərbaycan və özbək türklərinin tarix və mədəniyyətində ortaq cəhətlər yaradıb. Bununla yanaşı, tarixi və coğrafi şərtlər hər türk xalqının mədəniyyətində özünəməxsus, fərqli, spesifik cəhətlər də formalaşdırıb. Azərbaycan türklərinin özünəməxsus geokulturoloji cəhəti onların Qafqazda məskunlaşması, Anadolu və Orta Asiya türkləri arasında sözün bütün anlamlarında bir körpü olmalarıdır. Azərbaycan, eyni zamanda Avropadan Asiyaya açılan pəncərə, sovet dönəmi dünyalarca ünlü şairimiz Səməd Vurğunun diliylə desəm, "qoca Şərqin qapısı"dır. Şərqdə ilk materialist fəlsəfə, realist nəsr və ədəbi-tənqid, Avropa tipli teatr və dramaturgiya, opera, demokratik respublika məhz Azərbaycanda yaranıb, sonralar tədricən bütün Şərq xalqlarının elmi-mədəni, ictimai-siyasi düşüncəsinə daxil olub. Qadın azadlığı və gender bərabərliyi məsələsində isə ölkəmiz nəinki Şərq, hətta Avropanın İtaliya, İngiltərə kimi bir çox ölkələrinə də örnək olmuş, parlament seçkilərində qadınların səsvermə hüququ ilk dəfə, bir əsr öncə Azərbaycanda həyata keçirilib. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun tələbəsi, 1972-ci ildə bəstələdiyi "Gəlin qayası" ilə Şərq musiqi mədəniyyəti tarixinə ilk qadın opera müəllifi kimi daxil olan Şəfiqə Axundova da məhz azərbaycanlıdır.

Lakin bu azadlıq birdən-birə əldə olunmayıb, yüzillərlə paranca altında istedadı boğulan özbək qadını kimi, Azərbaycan qadını da öz haqlarına, eləcə də, yaradıcılıq haqqına ağır məhrumiyyətlərdən keçərək gəlib çatıb. Sərt dini doqma və sosial yasaqlar şəraitində qadınlarımızın ictimai həyat səhnəsinə çıxması, çətin sənət meydanında qələbələr əldə etməsi, sözün həqiqi anlamında, bir qəhrəmanlıq dastanıdır. İlk şairəmiz, Azərbaycan ədəbiyyatının Safosu, on ikinci yüzildə yaşayıb-yaradan Məhsəti Gəncəvi - həyatı haqqında çoxsaylı versiyalardan birinə görə - azad eşqi tərənnüm eləyən rübailəri üzündən fanatik dindarlar tərəfindən daş-qalaq edilmək cəzasına məhkum edilib, yalnız böyük nüfuza malik Şeyx Nizami Gəncəvinin işə qarışması sonucunda ölümdən xilas olub, doğma şəhəri Gəncədən sürgün edilib.

Orta çağ və sonrakı yüzillərin Azərbaycan və özbək qadın şairlərinin həyat yolu və yaradıcılıq taleyində ictimai-siyasi həyat şərtləri, özəlliklə də, müsəlman şərqi ənənələrindən gələn bir oxşarlıq var. On doqquzuncu yüzilin ünlü Azərbaycan şairi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın da, onun böyük müasiri, özbək şairi, Əndican hakiminin qızı Nadirəbəyimin də ömrü avam, qaragüruhçu kütlənin təzyiqi altında keçib, onlar hər ikisi yüksək təhsil alıb və öz dönəminin qabaqcıl dünyagörüşünü təmsil eləyib, hər ikisi xeyriyyəçilik fəaliyyəti göstərib. On doqquzuncu yüzilin ortalarında Cənubi Azərbaycanda yaşayıb yaradan, iti ağlı, istedad və cəsarəti ilə şöhrət tapan gənc şairə Tahirə Qürrətüleyn isə görkəmli özbək şairini öz faciəli aqibətinə görə xatırladır. Azad fikirlərinə görə Tahirə xanım İran şahı, Nadirəbəyim isə Buxara əmiri tərəfindən edam edilib.

Sovetlər dönəmində çadrasını atan qadınlara verilən hüquq bərabərliyi onların bədii ədəbiyyatdakı mövqeyini müqayisəolunmaz dərəcədə artırıb. Qadın çadranın ardınca önlüyünü də çıxarıb, üst-başının ununu çırpıb və min illərin mətbəxindən silkinib çıxıb, "Mosfilm"in ünlü emblemində olduğu kimi, öz orağını kişinin çəkicinə dayaq verib - "azad vətən"in "azad ana"sı olub. Bu dövrdə Azərbaycan ədəbiyyatı Hüseyn Cavid, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Araz, Cabir Novruz kimi ünlü kişilərlə yanaşı, həm də Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə, Mədinə Gülgün, Hökumə Billuri, Xalidə Hasilova, Əzizə Əhmədova, Südabə Şəfa, Kəmalə Ağayeva kimi xanım yazarlarla təmsil olunub. Sovet dönəminin ünlü özbək şairi Zülfiyyə kimi, bu qadın yazarların da önəmli bir qismi Xalq şairi və Xalq yazıçısı kimi ən yüksək fəxri adlara, bir sıra orden və medallara layiq görülüb, təkcə qələm adamı deyil, həm də fəal ictimai xadim kimi tanınıblar.

Sovetlərin çöküşündən sonrakı özgürlük dönəmində qadınların ədəbiyyata gəlişi daha geniş vüsət alıb. Bu gün onlar parlamentdə, ictimai və siyasi həyatın bir çox sahələrində olduğu kimi, ədəbiyyatda da kişilərlə nəinki bərabər çalışır, hətta getdikcə onları geridə qoyurlar. Bu həm "ana haqqı, Tanrı haqqı" deyən əski türklərdə anaya, qadına olan böyük sayğı ənənəsinin davamı, həm də çağdaş dünya insan hüquqları standartlarına uyğunluğun göstəricisidir.

Son otuz ildə bütün keçmiş SSRİ xalqları kimi Azərbaycan xalqı da bir ictimai-siyasi formasiyadan digərinə, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid elədi, ateist ideologiyadan dini inanclara qayıtdı. Dəmir çəmbərlər, tikanlı məftillərlə əhatələnmiş qapalı sovet toplumunun dağıntıları arasında birdən-birə özümüzü açıq dünya mədəniyyətinin təmsilçiləri kimi gördük. Hər yandan üstümüzə axın başladı - siyasi, iqtisadi, dini-mənəvi, mədəni axın...

Keçid prosesinin doğurduğu bütün bu dəyişmələr, şübhəsiz ki, qadın yazarların da dünyagörüşünü ciddi surətdə etkiləyir, onların yaradıcılığının ideya-bədii özəlliklərinin özülündə durur. Çoxəsrlik milli adət-ənənələr və getdikcə kürəsəlləşən dünya arasındakı qarşıdurmanın ortaya atdığı seçimdən doğan sosial-mənəvi sorunlar çağdaş Azərbaycan qadın poeziyasının leytmotividir. Otuz ildən bəri davam eləyən Qarabağ savaşı ağrıları, ömrün, həyatın anlamı haqqında fəlsəfi düşüncələr, vətənin təbii gözəllikləri, sevgi və halallığın tərənnümü kimi mövzular istər Nurəngiz Gün, Firuzə Məmmədli, Ofeliya Babayeva, Mahirə Hüseynova, Şövkət Zərrin Horovlu, Xəzangül Hüseynova, Nisəbəyim, Əzizə Ağahüseynqızı kimi yaşlı, istərsə də, Nəzakət Məmmədova, Fərqanə Mehdiyeva, Gülxani Pənah, Kəmalə Nəsrin, Gülnarə Cəmaləddin, Zərəngiz Mansurova, Nazilə Gültac, Məlahət Yusifqızı, Mina Rəşid Şıxova, Aləmzər Sadiqqızı, Narıngül Nadir, Şəfəq Sahibli, Həyat Şəmi, Rəsmiyyə Sabir, Nigar Həsənzadə kimi orta nəslə mənsub şairlərin yaradıcılığında mühüm yer tutur. Adilə Nəzər öz şeirlərinin fəlsəfi yükü, Səhər Əhməd virtual zaman-məkan göstəriciləri, Leyla Əliyeva metafizik semantikası ilə seçilir. Hədiyyə Şəfaqət, Arzu Hüseyn, Vəfa Qafarova, İradə Aytel kimi cavan nəslə mənsub şairlərin şeirlərində spesifik qadın mövzuları ön plana çıxır, Aysel Əlizadənin şeirlərində isə açıq feminist rəng alır.

Çağdaş dünya poeziyasında olduğu kimi,  Azərbaycan qadın şairləri, özəlliklə də gənclərin yaradıcılığında sərbəst və ya ağ şeir - verlibrin yeri və rolu getdikcə güclənir. Lakin Türküstan ulusları ozanlarının min beş yüz ildən bəri qopuz, sonra isə saz üstündə düzüb qoşduqları milli şeir forması olan heca vəzni hələ öz mövqeyini qətiyyətlə qoruyub saxlayır. Mahcamal, Lilpar Cəmşidqızı kimi xanımların yaradıcılığı göstərir ki, klassik divan şeirindən gələn əruz ənənəsi, özəlliklə, qəzəlçilik də davam eləməkdə və hətta yeni həyata başlamaqdadır. Yaşıdları arasında öz bədii istedadı ilə xüsusi seçilən Şahinə Könülün şeirləri isə heca vəznində modern düşünməyin mümkünlüyünü sübut eləyir.

Yaş, üslub, mövzu, forma kimi zahiri şərtlərdən asılı olmayaraq, qadın şairlərimiz bir nöqtədə ortaq məxrəcə gəlir: Tanrı, vətən və insana sevgi, sülh, barış və xoşgörüyə çağırış, bir sözlə, gözəlliyə vurğunluq! Qırxdan artıq poetik və publisist kitabın müəllifi, Qarabağ savaşı olayları, şəhidnamə mövzusuna ardıcıl müraciətləri ilə seçilən Güləmail Muradın "Mən bu gün sevginin içindən keçdim" şeirində dediyi kimi:

 

Ulduzlar göylərdə, küləklər düzdə,

Qumrular budaqda məhəbbət dedi.

Könlümdə duyğu da, dilimdə söz də,             

Qələm də, varaq da məhəbbət dedi.

Mən bu gün sevginin içindən keçdim.

 

Sayın özbək oxucuları!

Sevgidən keçən şeirlərdən ibarət bu kitabı oxuduqca sizlərin də bu sevginin içindən keçəcəyiniz, oxuyub qurtardıqdan sonra kiminsə günlər, aylar, illərlə, kiminsə, bəlkə də, ömrüboyu bu şeirlərdən doğan sevgi havasında nəfəs alacağına inanıram.

Sonda qeyd etməyi özümə borc bilirəm ki, qardaş xalqlarımız arasında ədəbi-mədəni əlaqələr işinə xidmət eləyən bu qiymətli layihə Özbəkistan Yazıçılar Birliyi yanında "Avaz" Yaradıcı Qadınların Məsləhət Şurasının Tərcümə və Beynəlxalq Əlaqələr Şöbəsinin təşəbbüsü ilə araya-ərsəyə gəlib. Layihənin həyata keçirilməsində göstərdikləri təşəbbüsə görə Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair-tərcüməçi Fəridə xanım Əfruz, eləcə də Tərcümə və Beynəlxalq Əlaqələr Şöbəsinin üzvü, şair-tərcüməçi Dilaram xanım Muradovaya sonsuz sayğılarımı bildirir, eyni yönlü gələcək layihələrdə hamımıza uğurlar diləyirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!