Azərbaycan folklorunun zənginliyi, əhatəliliyi, çoxfunksionallığı və etnik-tarixi kimlik faktoru ilə birbaşa bağlılığı tədqiqatçıdan xalq yaradıcılığına dərindən bələdlilik, etnoqrafik həssaslıq, həmçinin, bir sıra əlaqəli elmləri içəriləyən geniş bilgi tələb edir. Yanaşı olaraq soykökə, tarixi keçmişə, milli-mental dəyərlərə bağlılıq, ictimai-mənəvi sorumluluq, üzərinə düşən etik yükü daşıya bilmək... kimi mənəvi keyfiyyətlərə malik olmaq isə alimi həm də bir ziyalı kimi bütövləşdirir. Ozan-aşıq sənətinin öyrənilməsi, toplanılıb-tərtib edilməsi, qorunması və təbliğatı istiqamətində əhəmiyyətli xidmətlər göstərən, bu mənəvi-mədəni irslə bağlı müxtəlif aspektlərdə əhatəli elmi fəaliyyəti, yeni yanaşma sərgiləyən konseptual araşdırmaları ilə respublikamızda və digər türkdilli ölkələrdə görkəmli folklorşünas-alim kimi tanınan Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı da məhz belə ziyalılarımızdan biridir.
Əsas tədqiqat obyekti Azərbaycan folkloru, ozan-aşıq sənəti olan Məhərrəm Qasımlının, həmçinin, ədəbiyyatşünaslığın digər istiqamətlərilə bağlı elmi əsərlərində də müəllifin milli ziyalı ruhunu aydın şəkildə görmək mümkündür. Bu onun iç dünyasının tərcümanı kimi çıxış edən şair Məhərrəm Qasımlının – Orxan Paşanın bədii yaradıcılığında da əsas keyfiyyətlərdən biri kimi özünü göstərir və alim və şairi obraz olaraq eyni müstəvidə birləşdirir.
Orxan Paşanın poeziyası yüksək bədii-estetik məziyyətlərə malik olub mövzu dairəsi, ideya-məzmun xüsusiyyətləri, retrospektiv düşüncələrin maraqlı şəkildə ifadəsi, milli koloriti, şifahi ənənədən çeşidli aspektlərdə yararlanılması ilə diqqəti çəkir. Xalq (aşıq!) yaradıcılığı üslubu, folklor ruhu və ifadə tərzi “Mən poetik təfəkkür baxımından Qurbaninin “Bənövşə” qoşmasındakı ruhun daşıyıcısıyam”, – deyən Orxan Paşanın poeziyasının əsas istiqamətini və poetik-üslubi səciyyəsini müəyyənləşdirir. Orxan Paşanın yaradıcılığında onun bədii düşüncə tərzinin əsasında dayanan folklor rakursu, demək olar ki, ən qabarıq görünən keyfiyyət kimi diqqəti çəkir. Qoşma janrı isə burada, xüsusilə, ədəbi-estetik ayrıcalıq təşkil edir.
Orxan Paşanın folklora, xüsusilə də ozan-aşıq sənətinə həssas münasibəti və yaradıcılığında çeşidli aspektlərdən bu zəngin irsə yönəlmələr mənsub olduğu coğrafi bölgədən gəlmə genetik məqam, mənəvi-estetik enerjidir. Poeziyasına alim Məhərrəm Qasımlının təsiri də elə özünü daha çox onun məhz folklora, o cümlədən türk-oğuz (!) etnik-mədəni sisteminin əsasında dayanan başlıca amillərdən biri olan ozan-aşıq sənətinə münasibətində göstərir. Şeirlərində sazı xüsusi həssaslıqla vəsf edən şairin “Sazına sahib çıx, ay Oğuz eli, // Sazın səndən başqa yiyəsi yoxdu!” – misralarında, az qala, bütün mədəniyyətlərin bir-birinə qarışdığı bu xaotik zamanda Dədəm Qorqud yadigarı qopuzun varisi və xələfi olan sazın gələcək taleyilə bağlı nigarançılıq hissləri əks olunur, eyni zamanda, dolayısı ilə, sazın milli musiqi alətimiz, ozan-aşıq sənətinin isə oğuz etnomədəniyyət hadisəsi və faktı olması vurğulanır.
Keçən əsrin səksəninci illərinin sonlarından etibarən Azərbaycanda baş verən ictimai-siyasi-tarixi hadisələr, müharibə faktoru, qanunauyğun olaraq, ədəbiyyatımıza da bu və ya digər şəkildə öz təsirini göstərir, ədəbi proses müəyyən mənada cəmiyyətdə və milli şüurda gedən proseslərlə eyni müstəvidə birləşirdi. Bütün bunlar, təbii olaraq, Orxan Paşanın poeziyasından da yan keçməmişdir. Onun zamanın tələbindən doğan bu qəbildən olan şeirlərində milli-tarixi kontekst mətnin özəyini təşkil edir və biri digərini şərtləndirən türkçülük, vətənçilik və bütöv azərbaycançılıq ideyaları önə çəkilir. Şairin bu sıradan olan “Türklüyümüz yenilməz” şeirində sözügedən tarixi dövr üçün səciyyəvi olan milli oyanış, özünəqayıdış və özünüdərk amillərinin doğurduğu türkçülük məfkurəsi mətnin başlıca ideyasını təşkil edir. Qəhrəmanlıq ruhunda qələmə alınmış şeirdə başlıca olaraq etnogeneoloji faktoru vurğulayan Orxan Paşa, həmçinin, milli kimliyimizi, soykökümüzü, tarixi keçmişimizi unutdurmağa çalışanlara türkün etnik qan yaddaşında daşlaşmış genetik kodunun silinməsinin mümkünsüzlüyünü də xatırladır:
Yer-göy bilsin, Boz Oğuzdu adımız,
Qandan getməz dədə-baba odumuz.
Gör nə deyir sümüyümüz-südümüz,
Türklüyümüz yenilməz!
Şeirdə türklük həm də bir keyfiyyət kimi təqdim olunur – bir çox xüsusiyyətləri kompleks halında içəriləyən və yalnız türkə məxsus olanüstü bir keyfiyyət. Yenilməzlik, alp-ərənlik savaş günü qartal kimi düşmən üzərinə şığıyan türkün qanında, canındadır. Çünki Tanrı türkü yaradılışdan belə xəlq etmişdir. Təsadüfi deyil ki, burada “türklük” və “yenilməzlik” sanki bir-birini tamamlayan məfhumlar kimi təqdim edilir. Şeirdə türkün-oğuzun etnik-tarixi kimliyini, yenilməz savaşçı ruhunu, qəhrəmanlıq əzmini ifadə edən məzmun əks olunmaqla, həm də müvafiq ünvana (yaxud ünvanlara) kontekstlə əlaqəli konkret sosial-siyasi mesaj ötürülür.
“Xəzər qalxır” şeirində su və əcdad arxetipləri arasında mifik-mistik bağlantı yaradan şair rəmzi-məcazi olaraq Xəzərin təlatümlənərək qalxıb-qabarmasını etnik yaddaşın oyanması, damarlarımızda axan türk qanının coşması, dikələn dalğaların hayqırtısını isə sanki Xəzərdən metafizik şəkildə zühur edən Atilla, Mete, Oğuz... ruhlarının çağırış-nidaları kimi alır. Şeirdə türkün-türklüyün oyanış-yüksəlişinə, yeni qalibiyyətlərə yol açacağına inam ifadə olunur. Sözügedən şeirlər türk-oğuz kontekstində tarixi-genetik birgəlik faktorunun vurğulandığı siyasi-ideoloji əhəmiyyətli mətnlər olub milli özünüdərk və istiqlal ədəbiyyatımızın nümunələrindəndir. Orxan Paşanın cümhuriyyətimizin qurucusu Məmmədəmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamından ilhamlanıb yazdığı “Bir daha enməz” şeiri də rəhbərə sayqı ilə bərabər, milli dövlətçilik və istiqlal düşüncələrini əks etdirir.
Orxan Paşanın yaradıcılığında vətən, torpaq sevgisi müəllifin yurd həsrətinin, el-obadan ayrı düşmənin ağrı-acısının poetik ifadəsini əks etdirən qürbət mövzusunda olan şeirlərində xüsusi həssaslıqla təsvir edilir və mətnin əsas ideya istiqamətini müəyyənləşdirir.
Eldən ayrı düşənlərin yurdu qürbətin yolları olar – vətəndən və vətənə sarı uzanan yolları. Özgə yerdə qərar tuta bilməyib vətən, el-oba həsrətilə qovrulanlar özlərini həmin yollara atar, lakin addımları hər tərəfi duman-çən, hər qarışı isə sanki yandırıb-yaxan qor, dirigözlü cəhənnəm, çıxılmaz bir gor olan bu yolları qət etməyə yetməz, “İlim-ilim itməyi yox, // Axır ucda bitməyi yox. // Vətən sarı getməyi yox – // Kordu qürbətin yolları”, – deyərək vətənə sarı kövrək-kövrək, qəhərli-qəhərli boylanarlar yalnız... Vətənin bir nəfəslik havası, bir ovuc torpağı, bir kiçik daşı belə –
Bir udum bürkü gələ
Vətəndən –
Burda dönüb külək olar, vallah.
Bir qamış kolu gələ
Vətəndən –
Halımı görüb tütək olar, vallah.
Əl boyda bir çay daşı gələ
Vətəndən –
Götürüb sinəmə qoyam,
Döyünüb ürək olar, vallah... –
həsrəti ilə yaşayan qəriblərin özləmidir. Bu özləm son nəfəsə qədər onları tərk etmir, dünyadan köçəndə də illərin iz saldığı üzlərinin son ifadəsində donub qalır. Şairin “Vətəndi dərmanım” şeirində görürük ki, vaxtilə Qazaxıstana sürgün edilən, ömrünü dərdinin dərmanı vətən həsrətilə qürbətdə başa vurmaqda olan nisgilli aşığa xəstəliyin fiziki ağrısı ilə yanaşı və bəlkə də, daha çox qəriblikdə dəfn olunacağının mənəvi ağrısı əzab verir. Təsadüfi deyil ki, şeir qürbətdə can verməyin mənəvi-psixoloji iztirablarını təsirli bir şəkildə əks etdirən “Rahat köçəmmirəm, uzaqdı məndən // Qəbrimin üstünü örtən dərmanım” misraları ilə bitir. Mətnin semantik yükünün əsas ağırlığı da elə məhz bu kövrək, nisgilli və ağrılı misraların üzərinə düşür.
Təkcə canlı insan yox, qürbətdə dəfn olunub cismi vətən torpağına qovuşmayan insanın ruhu da qəriblik çəkir. Bu əzabı, bəlkə də, maddi-fiziksəl mövcud olub ağrısını qəlbində daşıyan insandan daha çox sərgərdan gəzib-dolaşan qərib və narahat ruhlar yaşayırlar. Qürbətdə dəfn olunan kimsənin məzarı da qərib, küskün, boynubükükdür sanki. Bu baxımdan qürbət acısının, doğma torpaq həsrətinin qərib bir məzar sahibinin dilindən ifadə edilməsi kövrək-emosional təsirilə diqqəti çəkir: “Kim məni axtarıb-arar? // Hərdən gəlib dua verər? // Qərib-qürbət yerdə qərar // Tuta bilmirəm, bilmirəm... // Başa yetməz dərdi-sərim, // Vətənimə xəbər verin: // Yaman narahatdı yerim, // Yata bilmirəm, bilmirəm...”
Göstərilən nümunələrdə qürbət acısı, vətən həsrəti və bu hisslərin doğurduğu daxili-psixoloji halın poetik ifadəsi o qədər içdən təqdim edilir ki, sanki müəllif özü uzun müddət vətəndən uzaqlarda qəriblik çəkmiş və bu hissləri yaşamışdır. Şairin bu qəbildən olan şeirlərinə, mövzuya uyğun olaraq, pərişan və nisgilli psixoloji ovqat hakimdir.
Orxan Paşanın poeziyasının başlıca ideya istiqamətlərindən birini də bütöv azərbaycançılıq ideyası təşkil edir ki, bu da dünyanın geopolitik xəritəsinin dəyişdiyi çağdaş dövrdə, xüsusilə, önəm kəsb edir. Onun bu yönümdə qələmə aldığı şeirlərində folklor və tarix qaynaqlarından müvafiq şəkildə bəhrələnmə sözügedən ideyanın milli-tarixi kontekstdə təqdimini gerçəkləşdirir. Şairin, demək olar ki, ritorik suallar üzərində qurduğu və Dərbənd nisgili ilə yazdığı “Getdim, gördüm” adlı şeirində də müəllif öz məqsəd-məramını məhz bu yolla ifadə edir, başqa sözlə desək, folklor yaddaşına istinadən Dərbəndin Azərbaycanın qədim yurd yerlərindən biri olması faktına diqqət çəkərək tarixi yaddaşı diri tutmağa yönləndirir: “Koroğlunun səfəri yadındamı? // Xan Kərəmin xəbəri yadındamı? // Yadındamı // torpağına-daşına // nə tapşırırdı telli saz? – // Yadındamı Xəstə Qasım, // Tufarqanlı Abbas?! // Yadındamı ərənlərin tutarı, // qalaların tabı, Dərbənd? // Yadındamı // Dədəm Qorqudun kitabı, Dərbənd? // Dəmir qapıların necə? – // Yadındamı Dəmirqapı Dərbənd?!. // Qapına-yoluna baxıb, // sağına-soluna baxıb // Qorxdum sükutunun // daş olmağından. // Qorxdum yaddaşının // korşalmağından...” Əvvəldən axıra kimi sanki folklor örtüyünə bürünüb Dərbəndlə bağlı mədəni-tarixi keçmişimizin sözügedən məqamlarına səyahət edən poetik mətnin bu şəkildə təqdimi ana kitabımızda oğuzların “Dəmür qapu Dərbənd” adlandırdıqları, ozanlar ozanı Dədəm Qorqudun uyuduğu bu qədim oğuz-türk məskənilə əlaqəli milli-tarixi konteksti aydın şəkildə ortaya qoyur.
Ümumiyyətlə, Orxan Paşanın yaradıcılığında Azərbaycanın ərazisi bu günkü mövcud sərhədlərlə məhdudlaşmayıb öz tarixi toponimiyasını əhatələməklə daha geniş coğrafiyada təqdim edilir. Məhərrəm Qasımlının ozan-aşıq sənətinə dair monoqrafiyasında müəyyənləşdirdiyi aşıq mühitləri, onları içəriləyən mədəni-coğrafi bölgələr toplusu (ölkəmizin indiki sərhədlərinin dışında qalan tarixi əraziləri də daxil olmaqla) Azərbaycanın sözügedən kontekstdə təxmini geokulturoloji konturlarını işarələməklə, həmçinin, ümumilikdə, bir növ, Azərbaycanın tarixi-coğrafi mənzərəsini də göz önünə gətirir. Orxan Paşanın poeziyasında da vətən coğrafiyası Azərbaycan türklərinin tarixi məskəni kimi bir bütöv halında alınır, bu bütövün pərən-pərən olunmuş parçaları – ikiyə bölünmüş, qoparılmış, işğal edilmiş torpaqları, düşmən əsirliyində qalmış yurd yerləri ilə bağlı nisgil və haray əks olunur. Təbriz və onun timsalında güneydəki yurdlarımızla bağlı nisgil və həsrət bu baxımdan ayrıca qeyd olunmalıdır. Onun “Yol verin”, “Gedək Təbrizə, Təbrizə” şeirləri illər boyu bu üzdən Təbriz, o üzdən Gəncə deyib yananların həsrətini, bu yerləri dərdinə dərman olacaq ocaq-ziyarətgah bilənlərin ağrısını ifadə edən poetik mətnlərdir. Qeyd edək ki, sərhədlərin açılmasından sonra etnopoetik düşüncədə Güney mövzusu ilə bağlı ayrılıq, həsrət motivlərinin, nisbi olaraq, vüsal motivlərilə əvəzlənməsi Orxan Paşanın poeziyasında bir qədər fərqli şəkildə özünü göstərir. Belə ki, iki əsrin ayrılıq acısı unudulmayıb və hələ də qövr edən dərd kimi yenə də bizimlədir.
Adətən, yazılı poeziyamızda ikiyə bölünmüş vətənin vüsal həsrətli ümumiləşmiş məkanları Bakı-Təbriz paralelliyi şəklində alındığı halda, şairin “Yol verin” şeirində sözügedən semantik tutum mətndə fərqli kolorit və effekt yaradan Gəncə və Təbrizin üzərinə transformasiya olunmuşdur ki, bu da folklor qaynaqlarından, xüsusilə də dastan yaddaşımızdan gələn maraqlı məqam kimi diqqəti çəkir:
Araz dərdi sağalarmı beş günə?
Çoxmu qalıb o mübarək xoş günə?
Ay namərdlər, Gəncə-Təbriz eşqinə
Xəstə düşüb yatanlara yol verin!..
Ümumiyyətlə, vüsal həsrətilə yazılmış bu şeirdə həssaslıqla seçilmiş ifadələr mətnin məna tutumunu dərinləşdirir və duyğusal təsiri daha da qüvvətləndirir. Şairin “Bəlkə, sən körpü deyilsən, körpü heykəlisən?!” ritorik sualı ilə başlayan, pərişan, nisgilli atmosferi və vizual təsvir effekti ilə oxucunu uyğun ovqata kökləyən “Xudafərin körpüsü” əsəri də bu qəbildən olub qədim Xudafərinin mənfur hayların iyirmi yeddi illik işğal dövrünü də içəriləyən son iki əsrdə yaşadığı acı taleyini göz önünə gətirir.
Orxan Paşanın şeirlərində ayrı düşdüyümüz, itirdiyimiz yurdlarla bağlı nisgil təkcə Dərbəndlə, ümumiləşmiş Təbrizlə bitmir. Nə yazıq ki, öz tarixi torpaqları (!) ilə sərhəd olan Azərbaycanın Göyçə, İrəvan, Borçalı... həsrəti var. Və bir də işğal olunmuş iyirmi faiz torpaqlarının kədəri, Qarabağ dərdi, Şuşa nisgili var...
Ay ürəyim, gözüm gülü,
Nədən oldun hüzün gülü?
Bizə doğma uzaqlardan
Boylanırsan üzüntülü.
Sənsiz haçan üzüm gülür,
Şuşanın Xarı bülbülü.
Azərbaycan Şuşa kimi bir qalasını itirməklə sanki yerini-göyünü, zamanı irəli aparan vaxtını da itirib Qarabağda. İtirdiyimiz “O vaxtı tapmayınca, // tapıb oyatmayınca, // açılmayacaq yurdun qara baxtı”, – deyir şair. Təbriz həsrəti ilə:
Yatan yurdda təpər olmaz,
El arası çəpər olmaz.
Bundan ulu səfər olmaz,
Gedək Təbrizə-Təbrizə,
Yetək Təbrizə-Təbrizə –
deyən şair bu dəfə üzünü vətənin ər oğullarına tutub onları Qarabağa müqəddəs səfərə haraylayır, əcdadlarımızın narahat ruhlarının küskün-küskün dolaşdığı yurd yerlərimizi işğaldan azad etməyə, vətənə sahib çıxmağa səsləyir:
Ehey, ər igidlər,
ər oğullar,
qayıdın, qayıdın!
Qarabağda yatıb qalan
vaxtı oyadın, oyadın!
Keçmişdən bu günə
qovun, tezləşdirin zamanı.
Şuşada, Laçında,
Dəlidağlar başında
Bakı vaxtı ilə
uzlaşdırın zamanı!!!
Bu haray, bu səsləniş, bu azad və bütöv azərbaycançılıq düşüncəsi Orxan Paşanı Oğuz türklərinin Salur boyundan olan igid sərkərdə-hökmdar və klassik ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri Qazi Bürhanəddinin yaradıcılığındakı alp-ərənlik məzmununa köklənmiş bədii mətnlərinin poetik ovqatına çəkib aparır. Və şairin sözügedən poetik yaxınlığı aydın şəkildə ortaya qoyan mükəmməl “Gedəlim” şeiri yaranır. Onun türk bahadırlıq tarixinin poetik tablosunun həkk olunduğu bədii nümunələrdən biri kimi dəyərləndirdiyi Qazi Bürhanəddinin möhtəşəm “Qan ilə dəstəmaz alıb // Yürü, namaza gedəlim!” misralarına yazdığı bu bənzətmə də elə həmin örnək kimi alp-ərənlik keyfiyyəti aşılayan, savaş və mübarizə coşqusu yaradan, cəngavər oğuz savaşçısının bədii təcəssümünü əks etdirən emosional-ekspressiv təsirə malik poetik mətndir:
Ərənlərə salam olsun,
Durub pişvaza gedəlim!
Qandan qorxan qoy almasın,
Biz dəstəmaza gedəlim!
Orxan Paşanın şeirlərinin bir hissəsi sazın melopoetik biçimlərinə uyğun olub, sanki müxtəlif saz havacatlarının ahəngi üzərində köklənmişdir. Şairin bu qəbildən olub aşiqanə, lirik-romantik duyğularını, ana vətən və onun təbiətinin vəsf və tərənnümünü əks etdirən poetik mətnləri, qeyri-iradi olaraq, “Dərvişi”, “Hüseyni”, “Cəlili”, “Mirzəcanı”, “Qəhrəmanı”, “Göyçəgülü” kimi saz havacatlarını, mübarizə ruhunda, qəhrəmanlıq mövzusunda yazdığı şeirləri isə Koroğlu havacatlarının sədalarını yaddaşlarda dilləndirir. Vətənimizi işğaldan azad etməyə çağıran, savaş ruhuna kökləyən “Gedəlim” şeiri bu baxımdan səciyyəvi nümunədir. Onun istedadlı şair Məstan Günərin “Son damla qanına söykən, // Möhkəm ol, möhkəm ol, möhkəm...” misralarına yazdığı bənzətməsi də bu qəbildəndir:
Dan yeridi son damla qan,
Doğulan danına söykən!
Meydan Vətən meydanıdı,
Dayan, meydanına söykən!
Azərbaycan əsgərinə xitab edən Orxan Paşa mətndə əcdad arxetipini, oğuzların etnogenetik koddan gələn alp-ərənlik keyfiyyətini diqqətə çatdırır, “Dəli nərən qırılmasın, // Qızıl qanın qaralmasın. // Vurar qolun yorulmasın, // Oğuzun şanına söykən!”, – deyib onu Qorqudsayağı alqış-dualarla Oğuzun şərəfli tarixindən ibrət və ilham alaraq mənfur düşmənlə haqq savaşına çağırır.
Türk mifologiyasında Boz atlı Xızır dirilik suyu içib əbədi həyat qazanan, diriliyin, yaşamın, yaşıllığın rəmzi kimi alınan, çətin situasiyalarda metafizik şəkildə zühur edib darda qalanların dadına yetən xilaskar, hami ruh, mifik-sakral varlıq statusunda təqdim olunur. Türk mifolojisindən, şifahi ənənədən məharətlə yararlanan Orxan Paşa “Dar günə hazırım igid, // Sultanım, vəzirim igid. // Boz atlı Xızırım igid, // Ölümsüz canına söykən!” misralarında Xızırın funksional-mahiyyət etibarilə daşıdığı məzmunu, burada, xitab etdiyi Azərbaycan əsgərinin üzərinə transformasiya etmişdir.
Gördüyümüz kimi, təqdim olunan şeirlər bənzətmə kimi yazıldıqları nümunələrlə eyni poetik birgəliyi, bədii-estetik effektivliyi əks etdirir. Hər iki şeirdə vətənpərvərlik və qəhrəmanlıq ideyaları təlqin edilir, tarixi keçmişimizdən güc alıb torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda kafir yağı ilə mübarizəyə ruhlandırılır.
Orxan Paşanın “2020-ci ilin Ulu Vətən Savaşçılarına” həsr etdiyi “Qırx dörd günün gerçək nağılı” isə artıq Azərbaycan əsgərinin işğalçı düşmən üzərində möhtəşəm qalibiyyət qazandığı mübarək zəfər soraqlı qırx dörd günlük İkinci Qarabağ savaşından bəhs edir. Mətndə bəzi məqamların Mithat Cemal Kuntayın Türkiyə Cümhuriyyətinin yaranmasının on beşinci ildönümü münasibətilə yazdığı “On beş yılı karşılarken” şeirindəki məşhur “Bayrakları bayrak yapan üstündeki kandır! // Toprak – eger uğrunda ölen varsa, Vatandır!” misraları ilə assosiasiya yaratması və müəllifinin bu misralardan təsirlənməsi də diqqətdən yayınmır:
Sentyabrın 26-sından
27-sinə keçən gecəsi,
dəmir bir yumruğa
dönmüşdü aslan pəncəsi.
...Bir az sonra
başlayacaqdı döyüş –
bir az sonra
lərzə düşəcəkdi arana-dağa;
qəlbi qubarlı Qarabağa;
bir az sonra
şəhid qanı, qazi qanı
qarışıb
can verəcəkdi torpağa.
44 günlük alov içində
ürəklənib
təzədən Vətən olacaqdı
çayır torpaq, yovşan torpaq...
Ər oğulların,
əsgər oğulların
çəkməsinə qovuşan torpaq...
Orxan Paşanın poeziyasında azad olunmuş torpaqlar və o torpaqlara qayıdış məzmununda yazılmış şeirlər də yer almaqdadır. Yurda dönüş Orxan Paşanın Şuşada olarkən keçirdiyi hisslərin, mənəvi-psixoloji halın poetik təzahürü kimi ortaya çıxan və bəlkə də, azad Şuşada yaranan ilk bədii nümunə olan “Gəlmişəm, Şuşam, gəlmişəm” şeirində təsirli bir şəkildə öz ifadəsini tapmışdır. Şeirin yaranmasına impuls verən şairin azad Şuşa ilə bağlı təəssüratı və daxili yaşantıları olmuşdur. Mətnin böyük sənətkar Xan Şuşinskinin xalq mahnısı statusu qazanmış məşhur “Şuşanın dağları” mahnısının birinci – “Şuşanın dağları – başı dumanlı” misrasına semantik tutum baxımından əks mövqe sərgiləyən (burada məcazi anlamda) sözlərlə başlaması ilk baxışdaca maraqlı məqam kimi diqqəti çəkir:
Dağıt başından dumanı,
Gəlmişəm, Şuşam, gəlmişəm.
Qalmasın ahın-amanın,
Gəlmişəm, Şuşam, gəlmişəm...
Yolu açdı igidlərim,
Qazilərim, şəhidlərim.
Gerçək oldu ümidlərim –
Gəlmişəm, Şuşam, gəlmişəm.
Azərbaycan xalqının böyük arzusunun uzun həsrətdən sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə qalib Ordumuz tərəfindən gerçəkləşdirildiyinin qürur və sevincini əks etdirən bu şeiri eynilə işğaldan azad olunmuş bütün torpaqlarımıza qayıdış məzmununda almaq olar və bu kontekstdə Şuşa, burada, həmçinin, ümumiləşmiş məna daşıyır.
* * *
Orxan Paşanın milli ziyalı mövqeyi, vətəndaş təəssübkeşliyi onun, böyük əksəriyyətlə, elmi-bədii təfəkkürünün məhsulu kimi ortaya çıxan və qeydlər, fikir və qənaətlər, retrospektiv düşüncələr, mikroesselər, ədəbi-estetik dəyərləndirmələr, xəlqi ümumiləşdirmələr... kimi çeşidli nümunələri əhatə edən “Taleyimdən və ürəyimdən keçənlər” kitabında da öz əksini tapmışdır. Poeziyasında olduğu kimi burada da vətən sevgisi, milli kimlik və dövlətçilik düşüncəsi, alp-ərənlik keyfiyyəti aşılamağa hesablanan, milli-mənəvi dəyərlərimizə sahib çıxmağa səsləyən, qəhrəman şəhid və qazilərimizə sayqı ifadə edən örnəklər yer almışdır: “Yüz illər boyunca oğuz-türkman babalarımız qılıncı qolunun, sazı da ürəyinin davamı bildi”, “Əsl milli dövlətin mövcudluğu üçün başlıca şərt dövləti təmsil edən xalqın öz ruhu və davranışı ilə əsgər xalq olmasıdır”, “Şəhid qəbri torpağa sancılmış Vətən nidasıdır! Onun qarşısında ayaq saxlayıb sayqı nidasına dönməsək, əyilər-əriyər Vətən nidası!”... İbrətamiz səciyyəli bu cür nümunələrin bir hissəsi semantik tutum baxımından el deyimi, aforizm səviyyəsindədir: “Qılıncı gödələn millətin dili də gödəlmiş olur”, “Bayrağı yüksəklərə qaldıran dirək deyil, o ucalığa sevdalanmış ürəkdir!”... Ümumiləşdirmələrin bir qismi müxtəlif mövzularda olub alliterasiya, assonans kimi bədii üslubun fonetik baxımdan göstəricilərindən, həmçinin, təkrir və söz oyunundan istifadə yolu ilə qurularaq fikrin maraqlı şəkildə çatdırılması ilə də diqqəti çəkir.
“Otardığı quzulardan seçilməyən balaca bir uşaq həsədlə yanından şütüyüb keçən maşına baxır. Maşındakı yorğun görkəmli adam da həsrətlə bəxtəvər saydığı o uşağa sarı boylanır. İkisi də mənəm...”, – deyən Orxan Paşanın yaradıcılığında qabarıq şəkildə müşahidə olunan retrospeksiya, keçmişə fokslanmış duyğular, nostalji hisslər onun yaşın bu çağından içərisində qoruyub-yaşatdığı uşaqlıq və yeniyetməlik çağlarına sevgi, həsrət və həsəd dolu boylanışı ilə bərabər, həmçinin, doğulub-böyüdüyü yurd yerinin, onun təbiətinin özləmidir.
Nümunələrin bir çoxu Orxan Paşanın xarakter etibarilə vətənə, torpağa, soykökə bağlılığını göstərməklə, eyni zamanda, müəllifin estetik idealını müəyyənləşdirməyə də imkan yaradır. “Yovşan ətri... Min illərdir damarımızda daşıdığımız bitib-tükənməyən, ucsuz-bucaqsız çöl qoxusu. Hansı ətrin belə dəlisov qoxusuyla at belində şığıyıb getmək, yaxın-uzaq doğmaların nisgilini ovutmaq olar?!” – estetik dərkin bu şəkildə ifadəsi təkcə həssas və poetik duyuma malik ziyalının nostalji əhvala köklənmiş daxili yaşantıları deyil, etnogenetik yaddaşın diktə etdiyi bir məqamdır. Milli ziyalılığın əsas şərtlərindən olan bu vacib amilin təzahürü Orxan Paşanın yaradıcılığında qabarıq şəkildə özünü göstərir. Onun təhtəlşüur olaraq Dədəm Qorqud ruhundan boy göstərən “Axşam qaranlığa qapanır, sabah aydınlığa açılır. Aydınlıqlar içində olasınız!” alqış-duası da mifoloji dünyagörüşün formalaşdırdığı dualist düşüncənin təzahürüdür. Duallıq prinsipi əsasında əbədi mübarizəyə münasibət sərgiləyən bu qəbildən olan bir sıra nümunələrdə gerçəkliyin (işığın qaranlığı yox etməsi) fonunda xeyirin şər üzərində qələbəsinin labüdlüyünə inam ortaya qoyulur ki, bu da mifik təsəvvür və təfəkkürdən gələn bir məqamdır. Elə maraqlı detallardan biri də gecə-gündüz (səhər) antonimiyası üzərində qurulmuş bu tip nümunələrdə gecənin (qaranlığın) şərlə assosiativ şəkildə verilməsidir.
Orxan Paşa etnik-tarixi konteksti, milli-mənəvi-mental dəyərləri, əxlaq kodeksini zədələyən, onlara xələl gətirən nəsnələrə qarşıdır. Bu baxımdan yaradıcılığının ümumi mənzərəsi müxtəlif istiqamətlərdə ənənəyə bağlı olan şairi yaşam tərzi və düşüncə etibarilə yaxşı mənada konservativ kimi xarakterizə edir.
Folklora dərin və həssas yanaşma sərgiləyən, onu “soykökə qayıdışı, tarixi yaddaşın oyanışını, milli kimlik düşüncəsini hərəkətləndirən ən güclü enerji mənbəyi... seysmik təkan mərkəzi” kimi dəyərləndirən alim-şair tarixi folklor örnəyi olan lirik mətnin “Qar yağdı dizə kimi, // Burdan Təbrizə kimi” misralarını tarixi-coğrafi ərazi kontekstində bütöv azərbaycançılıq ideyası istiqamətinə yönəldib maraqlı yozum verərək mənalandırır: “Burdan – Gəncədən, burdan – Qarabağdan, burdan – Naxçıvandan, burdan – Dərbənddən, burdan – Zəncandan, burdan – Urmiyadan, burdan – Ərdəbildən, burdan – Borçalıdan, burdan – Şirvandan... Təbrizə kimi! Bu bayatı harada, daha doğrusu, Azərbaycanın harasında səslənirsə, ölçünün miqyası oradandır, oradan Təbrizə kimidir. Adam bayatı misralarında qərarlaşmış bu tarixi möhtəşəmliyin boynuna sarılmaq istəyir”.
* * *
Gördüyümüz kimi, türkçülük, vətənçilik, bütöv azərbaycançılıq ideyaları və milli-tarixi kontekst Orxan Paşanın yaradıcılığından xüsusi bir xətt kimi keçir. Şair ideya-mövzu gərəyi mifolojidən, folklor qaynaqlarından məharətlə yararlanır, əcdad arxetipinə, türk-oğuz etnonimlərinə sıx şəkildə yer verir ki, bu da semantik-funksional mahiyyət etibarilə etnik yaddaşı oyatmağa, diri tutmağa, millilik, soykökə qayıdış, özünüdərk kimi vacib amilləri daim diqqət mərkəzində saxlamağa, vətənpərvərlik və qəhrəmanlıq keyfiyyətləri aşılamağa hesablanır.
Yaradıcılığında bəzən mövzuya alim yanaşması ilə diqqəti çəkən “Orxan Paşa Məhərrəm Qasımlının “alter-eqo”su – ikinci “mən”idir” (Rüstəm Kamal). Hər iki imza eyni müstəvidə birləşdikdə müəllifinin ziyalı portretinin cizgilərini tamamlayır. Alim ömrünü şair ömrü ilə paralel yaşayan, fəaliyyəti elmiliklə bədiiliyin qovuşuğu, yaxud birgə vəhdəti şəklində ortaya çıxan Məhərrəm Qasımlı ilə Orxan Paşanı birləşdirən əsas keyfiyyət milli ruh və düşüncə tərzidir. Milli düşüncə mədəniyyəti Məhərrəm Qasımlının elmi-bədii təfəkkürünün əsas normalarından biridir.
“Əsl ziyalılıq odur ki, sən dərbəndli olmadan etdiyin əməlləri, hərəkət və davranışları görən Dərbənd camaatı elə bilsin ki, sən də Dərbənddənsən, lənkəranlı səni Lənkərandan, gəncəli Gəncədən, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan, zəncanlı Zəncandan, göyçəli Göyçədən, şirvanlı Şirvandan bilsin. Sevginlə, əməlinlə Vətən boyda görünəsən, Vətənin hər yerindən görünəsən...” – Ziyalılığın başlıca şərtini bu şəkildə müəyyənləşdirən alim, şair, ziyalı Məhərrəm Qasımlı bu Vətənin vətəndaşı olmağı mübarək bir tale yazısı kimi dəyərləndirir və bu alın yazısını ləyaqətlə yaşayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!