"Bayquşun harayı": arxaik yaddaşın sirri İmamverdi İsmayılovun interpretasiyasında - Leyla MƏMMƏDOVA

"Bayquş və qarovulçu" hekayəsi əsasında

 

Millət vəkili, Əməkdar jurnalist və yazıçı İmamverdi İbiş oğlu İsmayılovun (10 iyun 1958, Vənədli, Zəngilan rayonu) çoxşaxəli ədəbi fəaliyyətində bədii nəsri özünəməxsusluğu ilə seçilir.

Bu barədə görkəmli ədəbiyyatşünas, akademik İsa Həbibbəylinin "Müdrikliyin özü və sözü" adlı ön sözü ilə başlanan "Sonuncu fəsil" kitabında ətraflı şəkildə bəhs edilir.

Akademik İsa Həbibbəyli yazır: "İmamverdi İsmayılovun təkcə hər biri də bu və ya digər dərəcədə ədəbi hadisə kimi qarşılanmış "Əzrayıl", "Ocaq daşı", "Qədim kişinin qırxı" romanlarında, bir-birindən təravətli hekayələrində ("Yurd gürzəsi", "Astanada ölüm", "Göyərçin köçü və s.) deyil, sözün həqiqi mənasında, geniş rezonans doğuran publisistik yazılarında da ("Şah və mat", ""Heyrət", "Taleyin hökmü", "Qəlbimizin qəlbisi" və s.) bədiiliyin fərdi üslubu ilə keyfiyyət halında bütöv təzahürüdür".

Doğma xalqının obrazlı təfəkkürünün nümunəsi sayılan və milli folklorumuza söykənən əsərləri, onlardan yerli-yerində, süjetə xələl gətirmədən yararlanma bacarığı yazıçı İmamverdi İsmayılovun qələminə xas olan xüsusiyyətlərdəndir.

Bu baxımdan ədibin "Bayquş və qarovulçu" hekayəsi çox aktualdır və mənəvi-əxlaqi, etik-estetik görüşlər, dərin psixologizm sözügedən hekayədə ana xətt kimi şaxələnib geniş yer almışdır.

"Bayquş və qarovulçu" ilk baxışdan adi həyat hekayəsini xatırladır. Belə ki, qarovulçu adəti üzrə sübh namazına qalxır, daha sonra əlinin zəhməti ilə becərdiyi çiçəklərə, ağaclara baxıb qürur hissi keçirir. Yazıçının güllü-çiçəkli bağın təsvirini incəliklərinə qədər, zərgər dəqiqliyi ilə verməsi olduqca xoş təsir bağışlayır.

Yaxın dostunun oğlunun təklifi ilə onun bağında qarovulçuluğa başlaması, bu arada da işini çox sevməsi və ən ümdəsi isə bütün bunların onun tənhalığına, sarsıntılarla dolu həyatına bir rəng qatması, yeganə təsəllisi kimi canlanır. Beləliklə, əsas obrazlardan biri, adı keçən məqamdan oxucunun rəğbətini qazanan qarovulçunun gündəlik həyat tərzi ilə yön alan süjet xətti get-gedə dərinləşir. Qəfil peyda olan bir bayquş bütün sükutu əməlli-başlı pozur, qəhrəmanın öz-özlüyündə daxilini didib-parçalayan, məhvinə rəvac verən hadisəyə çevrilir. Bu məqam müəllif tərəfindən belə təsvir edilir: "İki həyət o tərəfə, bayquş özünə, sanki cəhənnəm yuvası qurmuşdu: deyilənə görə, sahibi nə qələt eləmişdisə, tutub içəri salmışdılar, hələ indi də cəzasını çəkir... Düşər-düşməzinə görə yaxın durub almaq istəyən yoxuydu, ot-əncər, qurd-quş basmışdı oraları.

Bəduğur bayquş, qolu-qıçı qırılmış, qaşına-qaşına, gəlib keçmişdi kor ocaq başına, qaranəfəs zinhar tökməyə başlamışdı..."

Elə ilk baxışdan bu bəduğur quşun peyda olması qarovulçunu narahat edir. Lakin əsl həngamə qulluq etdiyi bağın yiyəsinin təkidlə, bayquşu güllə ilə vurub öldürməsini tələb etməsindən sonra başlayır. Bu məqamda qəhrəman iki yol ayrıcında donub qalır. Bir tərəfdən ömür boyu hörmət-izzət, yaxşılıq gördüyü bağın sahibinin bayquşu onun məhv etməsi istəyi, digər tərəfdə isə əlini günahsız bir quşun qanına batırması qorxusu fikrini əməlli-başlı məşğul edir. Qəhrəmanın keçirdiyi iztirablar ustalıqla təsvir edilir: "Adama nə təhər deyərlər; ya bayquşu öldürüb ağzını yummalı, ya da, onun yerinə özün rədd olub getməlisən!..."

Hekayə boyu qoca qarovulçunun daxili təlatümləri, çəkdiyi mənəvi əzablar, bütün həyatının, ağrılı-acılı günlərinin kino lenti kimi gözünün qabağından ötüb keçməsi olduqca real, təsirli lövhələrlə canlandırılır. Ələlxüsus da, qolları üstündə can verən sevimli həyat yoldaşının gah yuxusuna gəlməsi, gah da xəyal olub qarşısında canlanması yazıq qocanı çox sarsıdır. Görkəmli ədib bu məqamda yuxu motivindən hadisənin ruhuna uyğun şəkildə, süjetə xələl gətirmədən, onun təsir qüvvəsini daha da artırmaq məqsədilə yararlanır.

Göründüyü kimi, İmamverdi İsmayılov əsərlərində folklor, ən çox da xalq dastanlarımızda müraciət edilən yuxu motivindən ustalıqla bəhrələnmişdir. Burada qarovulçunun başına gələcək qəzavü-qədərin yuxuda ona əyan olması bədii priyom kimi götürülür. Yazıçının belə addım atması heç də təsadüfi olmayıb, yuxuya qədim zamanlardan sirlərlə dolu bir aləm kimi baxılması ilə izah edilir.

Həyatda baş verəcək hansısa bir hadisənin yuxuda öncədən agah olması halları ilə tez-tez qarşılaşırıq. Ümumiyyətlə, yuxuyozmalarla bağlı dilimizdə çox fərziyyələr dolaşmaqdadır. Onlardan birində deyilir ki, ilaxır çərşənbə və ya bayram axşamı duzlu kökə yeyib yatsan, yuxuda gələcək həyat yoldaşın olacaq şəxs və ya onun yaxın qohumu sənə su verəcək. Xalq təbirincə, yuxunun söylənmə vaxtı da çox böyük əhəmiyyət kəsb edirdi. Məsələn, indi də xalq arasında belə bir inanc vardır ki, şər vaxtı yuxu danışmazlar, əgər danışsalar da mütləq "İşığa danışıram" söylənməlidir. Yuxunun sübh tezdən, günorta və ya gecə görülməsi ilə bağlı inanclar da vardır. Belə ki, sübh tezdən, görülən yuxular adətən çin olursa, günorta yuxuları heç bir mahiyyət daşımır. Hətta, yuxuların həyata keçmə müddəti ilə bağlı mülahizələrdə mövcuddur. Əsasən, bu müddət yeddi və ya on bir gün hesablanır. Görkəmli folklorşünas Azad Nəbiyev yuxuların həyata keçməsini əks etdirən ayın günləri ilə bağlı maraqlı fikirlər irəli sürmüşdür. Burada ayın günlərini ehtiva edən sıralanma təqdim edilir. Sıralanmada hansı tarixdə görünən yuxuların uğurlu, hansı tarixdə isə uğursuz olduğu yorumlanır .

"Bayquş və qarovulçu" hekayəsində də  yuxu motivi ustalıqla ədəbi mətnə gətirilir. Hekayədə oxuyuruq: "...O günnən qarovulçu bir əlçim şirin yuxuya həsrət qalmışdı, qara-qara fikirlər beynini qarışdırır, qəlbini əzirdi... Elə ki, gözünün hovunu almaq istəyir, rəhmətlik arvadı yuxusuna gəlir, ah-naləsi qulaqlarına dolur, vay-şivənlə, ölüsünü qoyub dirisini ağlayır. "Gəl ay kişi, yalqız qoymusan məni, heç itirib-axtarmırsan, yada salmırsan, yeddi ağac uzaq gəzirsən məndən... Gəl, hardasan?!." - deyib fəryad qoparır. Mətndə müəllifin qarovulçunun mərhum arvadının onu təkidlə, durmadan yanına çağırması boş yerə deyil, axı, dünyasını dəyişmiş bir şəxsin yuxuda səni haraylaması, yanına çağırması xeyirliyə əlamət sayılmır. Adətən, belə olduqda, həmin dünyasını dəyişən insanın adına Quran oxudub, halva çalmaq məsləhət edilir.

Qarovulçunun birinci yuxusu başına gələcək bəlanın ilk carçısı olduğu halda, ikinci yuxusu daha dəhşətli hadisələri ehtiva edir. Belə ki, bu yuxu əsl kabus olub, ölüm qoxusu saçır. Yuxu vasitəsilə edilən xəbərdarlığı qarovulçu özü də dərk edir və əməlli-başlı xoflanır. Hekayədə qarovulçunun daxili iztirabları, heç kimə açıb deyə bilmədiyi kabusun buraxdığı təəssürat belə təqdim edilir: "Qızının uzun illərdən sonra, elə bayquşun caynaqlarındaca, yuxusuna gəlib haram qatması və ulayıb, tozanaq qaldırıb, nəmli ilğımlar kimi buxarlanması-kişinin yaralı qəlbinin közünü qopartmışdı..."

Qoca qarovulçu başına gələnlərdən təngə gəlib, hadisələrin müsbət məcraya yönəlməsinə, əvvəlki axarına düşməsinə çalışsa da, bacarmır. Çıxış yolunu qonşu həyətin qarovulçusunun yardımında görür. Lakin əcəlin öz əli ilə yanına gətirməsindən bixəbər olur. Uzun söhbətdən sonra həmkarını "suç ortağı" olmağa razı salır. Lakin atalar doğru demişkən: "Sən saydığını say, gör fələk nə sayır..." Həmin gecə bayquşa atılacaq güllələr qəfil açılaraq, qoca bağbanın kürəyindən dəyir və qocanı nahaq qana batırır...

Hekayənin əvvəli, təbiətin gözəlliklərinin təsviri ilə finalındakı dəhşətli mənzərə, qoca qarovulçunun al qana boyanmış bədəninin yerə sərilməsi bir təzad təşkil edir. Bu təzad müəyyən mənada bizə folklor əsərlərindən yaxşı tanıdığımız, xeyir və şər qarşıdurmasını yada salır. Məlum olduğu üzrə, nağıl, dastan və sair folklor örnəklərində də xeyirlə şər daima savaşır, mübarizə aparır. Xeyri müsbət, şəri isə mənfi obrazlar müşayiət edirlər. Folklor nümunələrində yer alan qəhrəmanın aqibəti keçdiyi keşməkeşli yollara, sınaqlara rəğmən müsbətə bağlanır, sonda xeyir şər üzərində qəti qələbə qazanır. Göründüyü kimi, şifahi xalq ədəbiyyatı xalq tərəfindən xalq üçün yaradıldığından, onun arzu-istəkləri ilə də səsləşir.

İmamverdi İsmayılovun hekayəsindəki əvvəldən sona qədər izlənilən xeyir və şər qarşıdurması ilk baxışdan xalq ədəbiyyatı nümunələrini yada salır. Lakin folklor əsərlərindən fərqli olaraq, sonuc, şərin qalibiyyəti ilə yadda qalır.

Diqqət etsək, xeyir və şər qarşıdurması elə, ilk olaraq, hekayənin adında  yer alır. Belə ki, bayquş şəri, qarovulçu isə xeyri təmsil edir. Bəlkə də əsərdə şərin əsl təmsilçisi uşaqlıq çağlarımızdan yaddaşımıza mənfi həkk olunan bayquş deyildir. Şər, xata-bəla sözün həqiqi mənasında vaxtı keçmiş inanclardır. Təəssüflər olsun ki, əsrlərdən bəri yaddaşımızın alt qatında əməlli-başlı kök salan, məskunlaşan sınama, inanclar hələ də bizimlə birgə addımlamaqdadır. İnsan övladı dünyaya göz açdığı andan onlarla qarşılaşır. İstər-istəməz, həyatımızın bir hissəsinə çevrilən inanclar, bəzən bizi məhvə, uğursuzluğa da apara bilir, eynən qoca qarovulçunu sürükləyən kimi. Qarovulçu nə qədər özlüyündə: "Allahın quşudu da, məəllim.." - deyirsə, bağın yiyəsi onun sözünü ağzında qoyaraq təkidlə söyləyir:

"- A kişi! Bura bax, Allahnan nə işin var sənin!? Lənətə gəlmiş o quşu tapıb vurmaq lazımdı! Tüfəngi havayı yerdən nə söykəmisən o divara? Neynirsən elə, bilmirəm, əlinə duz bas, yuxuna zəhər qat... amma, yum onun ağzını! Səsini eşidən kimi, ətim ürpəşir...".

Bağın sahibinin qarovulçunu dilə tutmaq məqamında da maraqlı bir inanc yer alır: "- Yadındamı, kənddə başıma gələnlər? Rəhmətlik dədəm, sənin dostun, sonralar danışırdı ki, bəəəsss, mən bələkdəykən, elə qırxım çıxan günü. anam gəlir məni yelləməyə. Görür nəəə??? Baaaxxx, bu sinəmin üstündəcə, bir boz gürzə ...qıvrılıb yatıb... Qorxudan, nə təhər haray-həşir salırsa rəhmətlik anam, hamı tökülüb gəlir... İstəyirlər öldürsünlər, babam, yaranal bir kişi, cumub ürəkli, təpinir onlara. Salavat çəkib ovsunlayır, çıx get, Allahın heyvanı, deyir, çıx öz yolunla get, yuvana çəkil!!!

İlan, ovsunlanmış kimi, başın qaldırıb fısıldayır, açılıb düşür beşikdən, otluğun içinnəncə qeybə çəkilir...

O, qarovulçunun papirosundan birini götürüb yandırdı. Meyli olmasa da, acı tüstünü şövqlə çəkdi ciyərlərinə:

- Həə, sonralar babam deyərdi ki, düz eliyib qoymadım, bala, bu bəxt ilanıydı, günahdı, öldürmək olmazdı onu... Belə ilanlar hər yetənə pənah gətirib sinəsində yatmaz..."

Süjetdə bəxt ilanının adı çəkilir və onunla bağlı inanca da özünəməxsus şəkildə aydınlıq gətirilir. Xalq arasında bəxt ilanının öldürülməməsi, onu şirin dillə çıxıb getməsini anladan inanclar çoxdur. Hətta bənzər nümunələrdən birində ocaq ilanının olamasından da bəhs edilir. Ocaq ilanının zəhərsiz olduğu və onun öldürülməməsi məsləhət bilinir. Mənası isə belə ilanların yeddi qardaş olduğu, birini öldürdükdə digər altısının həmin insandan, ona məxsus ocaqdan mütləq intiqam alacaqları kimi yozulur.

"Bayquş və qarovulçu" hekayəsinin süjetində yer alan digər inanclar da maraq doğurur: "Bu söhbət çıxandan, kişinin yaddaşı təzələnib, dərin dərələrdən yel çəkir, canında simləyirdi. Uşaqlıq çağları, el-obanın yaşam tərzi, inancları, daşlaşmış adət-ənənələr, kənd arvadlarının, heç nə yox, tək elə bu bayquşla bağlı qorxuları, təşvişlə keçən gecələri, "üzü bülöv həşərat!" deyib daşladıqları, çarəsiz qalanda gecələr damların hündür yerinə, bayquşu diksindirib qaçırdan qırmızı parça bağlamaları, qapıların cəftəsindən pişikcırnağı asmaları, anaların körpələrin döşünə alaqurşaq dağdağan budaqları tikməyi...".

Göründüyü kimi, təqdim edilən hissədə bayquşla bağlı maraqlı inanclar yer alır. İnancla bağlı digər nümunə isə qarovulçunun ikinci yuxusunda, qızının sözlərində əks olunur: "Ay dədə,- deyib zarıdı-günahımnan keçmə mənim, noolar, heç üzümə də baxma...Yazıq anamın o nakam ruhu bağışlamaz, qırx gün, qırx gecə o zavallı qadını dalımca, bayquş kimi, ulatdıran, için-için çürüdən mən oldum, mən başı daşlı!.. Bir binamusun, yağlı, şirin vədinə allandım, ata-ana xeyir-duası almadan qoşulub qaçdım... Xeyir çörəyi yeyə bilərmi beləsi?! Axırı çöllərdə qaldım, dərdə-bəlaya düçar oldum, qurd-quş da iylənmiş meyidimə yaxın durmadı..."

Məlum olduğu üzrə, keçmiş zamanlardan çağdaş günümüzə keçid edən, "Valideyn xeyir-duası almayan övlad, heç vaxt xoşbəxt ola bilməz" ifadəsi çox aktualdır. Bu məşhur inancın mətnə gətirilməsi heç də təsadüfi deyildir. İmamverdi İsmayılov yuxuda qarovulçunun qızının dilindən deyilən bu sözlərlə məşhur inanca eyham etməklə yanaşı, həm də müasir gənclərə ailə bağlarına, valideyn xeyir-duasına, milli-mental dəyərlərə önəm vermək kimi fikirlər aşılamağa çalışır. Yazıçı adət-ənənələri təbliğ edərkən peşəkarcasına addım atır, fikrini oxucuya obrazlı və aydın şəkildə çatdırmağı bacarır.

Hekayənin dərinliyinə vardıqda, şahid oluruq ki, bayquş - şərti olaraq, şərin təmsilçisidir. Əsl şər qüvvələr isə bəşəriyyəti viran qoyan, dinc insanların kabusuna çevrilən, arası kəsilməyən qanlı müharibələrdir. Bu məqam əsərdə belə xarakterizə edilir: "Bayquşun qəmli səsi gecəni başına götürmüşdü, haylanır, hallanır və elə bil etiraz edirdi: məəəəəəənnn, mən, ulamıram! Açın qulaqlarınızı eşidin: mən səslənirəm, dünyaya, kainata car çəkirəm, ey dilimi bilən, məni anlayanım, hardasan?".

Hekayəyə münasibət bildirən görkəmli akademik Nizami Cəfərov "İmamverdi İsmayılov: sözü də özü kimi" yazısında çox gözəl qeyd edir: "Müəllif çox böyük sənətkarlıq məharəti nümayiş etdirərək, "bayquş", "bayquşluq" anlayışlarını mifik-mövhumi çərçivədən kənara çıxarıb günümüzün sosial-mənəvi simasını təsvir, izah və şərh edən vasitəyə çevirir..."

Əsərdə ədibin alleqoriyaya müraciəti, heçdə təsadüfi deyildir. Əsl mətləbin bayquşun vasitəsilə oxucu kütləsinə çatdırılması həm də sülhə çağırış kimi səslənir.

Başqa bir yerdə isə, eyni məram qoca qarovulçunun dili ilə açıq şəkildə şərh edilir: "Müharibələr və savaşlar nəsə bir qazanc gətirə bilər-ancaq qanın və ölümün çiyinləri üstündə!

İnsan dayanmır: dünyanı məhvərindən çıxarır, yeri-göyü silahla doldurub oda bələyir, ölüm saçır, nahaq qana batırır. Hər gün silah sursat, bomba, raket, atom, neytron icad edir. Ölüm və qan gətirən kəşfləri ilə öyünür, hələ bu azmış kimi, ödüllər, mükafatlar alır... Allah eləməsin ki, bu kəşflər və sınaqlar yerlə-göyün birləşməsinə gətirib çıxara və bir gün bütün canlılar ortada yanıb kül ola - bunumu istəyirik?!.

Hər səhər bəşər övladı, səksəkə içində oyanıb baxır ki, kainat yerindədimi, yer göylə toqquşmayıb hələ?!

Yağışı, quraqlığı, aclığı, toxluğu, istisi, soyuğu ilə dözüm, duruş gətirə bilirmi?!

Fərqli qitələr, yeddi iqlim qurşağı, damarı qaçmış fəsillər və məhvərinnən çıxmış dünya-necə pozuldu sənin intizamın?!."

Əslində qarovulçunun dilindən söylənən bu kəlmələr müəllifin əsl məramı, yaradıcılıq ruporudur.

Daha bir xeyir və şər qarşıdurması qarovulçunun oğul nəvəsinin süjetə gəlməsi ilə əlamətdardır. Bağın yiyəsinin əksinə olaraq, qarovulçunun nəvəsi, müasirliyi təmsil edir. O, inancları keçmişin qalığı, vaxtı ötmüş adətlər sayaraq, köhnə stereotipləri qırmağa çalışır. Sevimli babasını tərəddüd içində görməyə adət etməyən gənc özünəməxsus şəkildə günahsız quşu öldürməkdən vaz keçirməyə çalışır. O babasını dilə tutaraq belə deyir: "Baba sən nə danışırsan, güllə nədi, vurub öldürmək nədi?! Köhnə təfəkkürünüzü bir qırağa qoyun?! Bayquşun sizinlə nə işi, öz həyatıdı, yaşayır... Bəy quşudu ee bu, bəy quşu! Necə qıyıb, güllə ata bilərsən ona, ay baba?!."

Daha sonra babasını dilə tutan nəvə ona bayquşun müdrikliyindən, səbrindən söz açır: "Bilirsən, babacan, dəcəl balaları analarının ağuşuna birdən atlanır deyin, cırnaqları anasının gözünə batıb kor edər, o da müdrik səbrlə dözər, ağrıyıb-acımaz, sevər öz çağalarını... bax, elə ona görə də miflərdə adına "Ana bayquş" deyirlər..."

Bundan əlavə bir neçə yerdə də nəvənin bayquşa haqq qazandırmasının şahidi oluruq. Ancaq qarovulçu nəvəsi ilə müəyyən məqamlarda razılaşsa da, yenə də, heç cürə fikrindən daşınmır. Bu, onun cavabında açıqca görünür: "Düzdü, "Bayquş necədirsə, şöhrəti də elədir" məsəlini mən də eşitmişəm. Amma, a bala, neynəyəsən ki, bayquş xarabalığı seyrangaha dəyişməz, viranəliyə köç salar... Burdan da, bağın yiyəsi, dirəşib. Daşlamağınan, qovmağınan gedəndi, ya ağlı olan da bayquşa güllə atar?!."

Qoca qarovulçunun əsl məramı isə nəvəsinə öyüdündə yer alır. O, müasirliyə meyl edən, köhnə stereotipləri qəbul etməyən nəvəsinə belə deyir: "Zaman dəyişir inanc, vərdiş, etiqad və ... onu yaradan insanlarsa dəyişmir..."

Nə qədər acı olsa da, qarovulçunun bu sözlərində reallıq əks olunur. Doğrudan da belədir. İnsan övladı özlüyündə dəyişməyə, başqalaşmağa meyl etsə də, onu əhatə edən mühitin təsiri çox böyük olur. Bəzən iradəsi zəif olan insanlar mübarizəyə tab gətirmir və cəhalətin məngənəsində məhv ölüb gedirlər.

Beləliklə, hekayədə bayquş qanlı müharibələr, istismar və haqsızlığı, qarovulçu isə ədalət, sülh və əmin-amanlığı simvolizə edir.

Hadisələrdə hər xırda detalı da dəqiqliklə təsvir edən, süjetdə dolğunluğa, rəvanlığa diqqətdə saxlayan yazıçı İmamverdi İsmayılov atalar sözü və məsəllərə də yerli-yerində müraciət etməyi unutmur, öz dünyagörüşünə, zövqünə uyğun şəkildə, məharətlə yararlanır. Məsələn, "İş tərsinə gətirəndə, xəşil diş sındırar", "Heç bayquşun da dar olmasın qəfəsi!", "İt tayadan düşməmiş", "El yeriyir, elə bil, qırx eşşəyin sağınnan gəlir", "Dəmiri isti-isti", "Bayquş başını tək istər və qidası ayağına gələr", "Boş söhbət dananı qurda verər", "Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq", "Bayquş necədirsə, şöhrəti də elədir", "İpin ucu qırıldı, kələfi pozuldu" və s. Göründüyü kimi, atalar sözü və məsəllər əsərin ruhuna uyğun, cərəyan edəcək hadisələrin hansı məcraya yönələcəyinə rəvac verən bədii vasitələr kimi əks olunur.

Məhz bu xüsusiyyət bir daha İmamverdi İsmayılovun, ustad bir yazıçı kimi, xalq ədəbiyyatı incilərinə, onun tarixi keçmişinə dərindən bələdliyindən irəli gəlir.

Və çox istərdim ki, bizim alimlərimiz, ədəbiyyatşünaslarımız, folklorşunaslarımız bu əsəri ciddi tədqiqat kimi araşdırsınlar, onunu fəlsəfi mənasını geniş təhlil etsinlər. Yazıçı İmamverdi İsmayılovun bütün əsərlərində olduğu kimi "Bayquş və Qarovulçu" hekayəsi də bizə bunu deməyə əsas verir...

Bir daha əminliklə vurğulayıram ki, əsl ədəbiyyatın belə əsərlərə çox böyük ehtiyacı var!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!