XX əsrin 60-cı illərindən ədəbiyyatımıza gələn Çingiz Əlioğlu Çağdaş Azərbaycan poeziyasında avanqard təfəkkürü ilə seçilən nümayəndələrdən biridir. Şair yaradıcılığı boyu cürətli, eksperimental axtarışlar etmiş, fərdi üslubu, fərqli deyim tərzi və assosiativ təfəkkürü ilə diqqət çəkmişdir. Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Çingiz Əlioğlu yaradıcılığa “Xatirələr” şeiri ilə başlamış, “Nikbinlik” (1968), “Narlı gecə” (1974), “Vağzallar və yollar” (1974), “Soraqladı sevgi məni” (1978), “Ömür ağacı” (1980), “Alnından ay doğan adam” (1983), “Günəşli dayanacaqlar” (1984), “Görüşdən ayrılığa” (1988), “Tanrını tanı” (1992), “Gün keçdi” (1993), “Sevib unutduqlarım” (1996), “Gicgaha sıxılan güllə” (1996), “Sevgi oyunları” (2000), “Gecə və Bahar” (2001), “Ruhumun həndəsəsi” (2003), “Şairlik bir sənət deyilmiş, qardaş” (2004), “Avand” 2004), “Fraqmentlər” (2006), “Atlantlar” (2006), “Çərçivə” (2010), “Qapı” (2014), “Qonşunun iti” (2015) adlı kitablara müəlliflik etmişdir. Şairin yaradıcılığında ənənəvi şeir formalarından çox modernizmin estetik prinsiplərinə cavab verən şeirləri üstünlük təşkil edir. Bədii-estetik manevrlər, alliterasiya bolluğu, assosiativ təfəkkür tərzi, poetic kontrasları, surrealistic gəzişmələr, eləcə də minimalistika müəllifin təfəkkür tərzini fərqli qılan yaradıcı arqumentlərdir.
Çingiz Əlioğlu minimalist şeirlərini “Yığcamlar” adlandırır. Bu ona görədir ki, “yığcam”ların “kökündə, məğzində cürbəcür təşbeh və bənzətmə kombinasiyalarının əllaməliyi yoxdur”. Bu cür şeirlərdə poeziyanın minimum fəzasında tam azadlıq var. Bu azadlıq minimalist şeirləri “sərt qəlib məhdudiyyətlərinə tabe olan sonetlər, akroşeir, poetik tavtoloji mətnlər və eləcə də lap elə qoşma və gəraylıdan”fərqləndirir; “müxtəsər olan hər şey həqiqidir, çünki ürəkdən gəlir”. Həm də belə bir qədim maksima var: “fikirlər genişliyində sözlərə darısqallıq mövcud olmalıdır”. Minimalist şeirlərdə artıq ifadələrə, süni epitetlərə, “antropomorf metaforalara” qəti yer yoxdur. Təsirli bir quruluşun, yüksək ifadələrin rəddi minimalizmin əsasını yaradır. Minimalist şeirlər ənənəvi poetik ətalətdən uzaq şeirlərdir.
Yaxşı şeir
Heç vaxt
Çox olmur
şeirlə
heç vədə
qarın tox olmur...
“Minimalist şeir nöqteyi-nəzərincə bütün açıq-saçıq bağlayıcılardan (“kimi”, “tək”, “bənzər” və s.) gen-bol istifadə, aşmamağa çalışan sərxoşun yapışmaqçün hər şeyə əl atmaq cəhdi gülüncdür”. Belə istifadələr oxucu təsəvvürünü mümkün qədər sarsıda biləcək vasitələrdir. Bəzən tək misra belə bitkin təsəvvür yarada bilir.
korun övladı oldu, uşaq işıq işartısı.
Yaxud:
qar üstdə çinar xəzəli
bir sürü qar izləri...
Tamın bir hissəsi kimi səslənən mini-misralarda böyük məna lakonizmə sıxlaşdırılıb. Minimalist poeziyanın lakonikliyi onu aforizmin imitasiyasına yaxınlaşdırır.
Basyönün fikrinə görə, əşya və hadisələrin ilk öncə “daxili gözəlliyini” və ya “ruhunu” ürəkdən duyub, sonra sadə sözlərlə ifadə etmək gərəkdir”. Minimalizm daha çox ümumi kontekstə diqqət yetirir. Milli ədəbiyyatda da bu janr, yəni az sözlə çox fikir ifadə etmək texnikası bizim şairlərin yaradıcılıqlarında da istifadə olunub. Məsələn, Çingiz Əlioğlunun fikrincə, Fikrət Qocanın “Gecə yaman uzundur” misrası bütöv poemanı əvəz edə biləcək mono misra kimi səslənir.
Qərb modern anlayışı kimi xarakterizə olunan, monoşeir, təkmisra kimi bünövrə daşlarından hörülmüş minimalist şeirlər Çingiz Əlioğlu poeziyasında özünəməxsus yer tutur. Şairin “Çərçivə”, “Qapı”, Avand”, “Qonşunun iti”, “Ruhumun həndəsəsi” kitabları minimalist şeirlər toplusudur.
Həyat bir şahmatsa qismət matımdır
Mən məğlub olanda əslim oluram.
Hər günüm sabaha ultimatumdur,
Hər sabah dünənə təslim oluram...
***
Mən səni ən gözəl sözdən toxudum
Üzbəüz gələndə eh qoca hərif
Çaşdırıb hərfini yanlış oxudum.
Minimalist tərzdə yazılan, az sözdən dünyanı, yaşamı, həyatı ifadə edən misralarda binar ziddiyyətlər, insanın özünüdərki, yaşam kadrosu verbalizə edilib. Minimalist şeirlər “yığcam maksim”lərlə dünyanı, həyatı, yaşamı metafizik və “fizik” (real) seyri, fərdin ətraf aləmdə itib-batmayan, batmaq istəməyən ruhunu ifadə edir. Bu sətirlərin alt qatında şair həyat fəlsəfəsilə yaşayır. Bu şeirlər “tək bir misra – və eyni zamanda tamhüquqlu bitkin bir nəzm nümunəsi...” (V.Y.Bryusov) kimi qiymətlidir.
Çingiz Əlioğlunun minimalist şeirlərində avanqard qəhrəmana xas aqressiya görünür. Bu aqresiyya yarımçıq qalmış arzularla, cəmiyyətin sosial problemlərilə “qidalanır”, böyüyür. Bu aqresiyanın, üsyanın mərkəz nöqtəsini tapmaq elə də çətin deyil. Bədii ədəbiyyatın predmeti nə olursa olsun, birbaşa və ya dolayısı yolla insana bağlıdır. Minimalist şeirlər də “Şərq dünyaduyumuna – təbii uyarlıqla bütün canlı və cansızların birləşdiyi, əlaqədə olduğu bir hissənin insan təşkil etdiyi aləmə” üz tutur. Çünki “hər bir təsvir obyekti öz ideya-bədii başlanğıcını insanın ona fəlsəfi baxışından götürür, estetik münasibətə nəzərən mahiyyət qazanır”. Çingiz Əlioğlunun da minimalist şeirləri səsini dünyaya duyurmaq istəyən, cəmiyyətdən, həyatdan, gördüklərindən şikayətçi fərdlərin iç səsləridir. Çingiz Əlioğlunun “yığcamlar”ı insan xislətini açmaq üçün mükəmməl vasitədir. Minimalist şeir - az və öz olmağın ünvanıdır.
İstər gözünü göyə
İstəyirsən yerə dik, -
Yenə mömin deyilsən
Yeretiksən, yeretik.
***
Bu dünyada hər adam
Bir şey ilə baş qatır.
Qata-qata qatıra
Dönür adamlar baxır.
Qatır olanda nolar,
Azacıq fərqləri var:
Xırdaları adidir
İriləri baş qatır.
***
allah da qocadır sevin qocanı
yetimin istəyi huşundan çıxır
varlının gur yanan ocaq tüstüsü
kasıbın təpəsi tuşundan çıxır.
Minimalist şeirlərdə “zaman o qədər qısadır ki, təsvir yox, adlandırma vacibdir. Qalan hər şey oxucunun təsəvvüründən, xəyal gücündən asılıdır”.
Yenə də sənsizəm... və s. və ilaxır...
Saat axır, həftə axır, il axır...
***
dəniz
bu dəniz
təmiz olmur heç vaxt
çirklidir təmiz...
Çingiz Əlioğlu “Fraqmentlər” (esselər, düşüncələr, müsahibələr) adlı kitabında “Minimalist şeir və yaxud Yığcamlar barədə” yazdığı məqalədə rus şairi Aleksey Andreyevin “yıxıldım-ulduzları gördüm” minimalist şeirindən istifadə etməklə minimalist şeirin eləcə də oxucu təsəvvürünün mahiyyətini açmışdır. “...Aleksey Andreyevin “yarımçıq körpü effekti”ni xatırladan bir ifadəsi, zənnimizcə, bu şeir formasının tərifini dəqiq müəyyən edir: “təsəvvürünüzə gətirin ki, çay kənarında gəzinirsiniz və qarşınıza tikintisi başa çatmamış körpü çıxır – bu, sadəcə dirəklər, dayaqlar dözümüdür və gedib ancaq çayın ortasına çatır. Təbii ki, belə olan halda sizin o taya əliniz yetməz – körpü hələ ki, yoxdur; di gəl siz təsəvvürünüzdə körpünü ani olaraq qura bilər və onun qarşı tərəfdə haraya dirənəcəyini, demək ki, dəqiq müəyyən edirsiniz. Müasir minimalist şeir, bax, belə işləyir”. Fikrin bu məqamında M.Baxtinin şairlə oxucunun həqiqi görüşü adlı estetik hadisəni yada salmaq gərəkdir ki, “bu görüşün umulduğu səviyyədə baş tutması hər iki tərəfin eyni mədəni, intellektual “sahəyə” malik olmasından asılıdır”. Belə ki, minimalist şeir də intellektual poeziyanın bir janrıdır. Çingiz Əlioğlu poeziyası intellektual poeziyadır.
Çingiz Əlioğlunun minimalist şeirləri forma-struktur cəhətdən də diqqət çəkir. Şeirlərində rus ədəbiyyatından götürülmə epiqrafla oxucuya ipucu verir. Şair şeirin ruhunu oxucuya öncədən duyurmağa çalışır.
“Yaxşılıq etmə ki, pislik görməyəsən”.
Rus atalar sözü
İnsan xeyirxahlığı
Büllur şüşə, boş qabdır.
İçində acı şirə
Göz yaşıdır, gülabdır.
Və yaxud:
“Hərəkət yoxdur dedi, saqqallı qoca”...
A.S.Puşkin
Səndən hərəkət,
Məndən bərəkət,-
Dedi...
Nə bir rükət
Namaz qıldı,
Nə ürək etdi
Nə əlinə kitab aldı.
Hərəkət etdi, -
Qıs-qıvraq
Toqqasını bərkidib
Hərki-hərkilikdə
Rekete getdi...
Bu şeirlərdə həyat xəritəsi konturlanır. Çingiz Əlioğlu poetik kontrastlarla yaşamın alt qatını üzə çıxardır.
Hərdən elə sandım ki,
Həyat adlı hörgüyə
Yapışmayan yad daşam
Demə heç vaxt yatmayan
Mürgüsüz bir yaddaşam...
***
Boşalmış bədən satılır...
Ruhun tərk etdiyi can
İcarəyə verilir...
***
Yaxşı – pisin olması,
Pis – yaxşının pis olmasıdır.
Nəticə – dördün ikiyə nisbəti
Yaxşılar – təkəmseyrək
İsbata ehtiyac olmayan tənlik.
Pislərin tingliyi.
Tünlükdür, tünlük...
Çingiz Əlioğlunun minimalist şeirlərini konseptual şeirlər kimi qəbul etsək görərik ki, bu şeirlərin əsas obrazı tənha insan obrazıdır. Şair mini-şeirləri ilə təhnalaşan insan bədəninin illustrasiyasını çəkir.
Tən-ha-lıq
LiQqa kimi çəkir HA,
TƏNimi TƏN-HA-LIQ...
İnsanın emosional vəziyyətlərindən biri olan tənhalıq sosial izolyasiya nəticəsində yaranaraq iki şəkildə - özünə qapanma və yaradıcılıqla sonlanan pozitiv tənhalıq və özünü cəmiyyətdən təcrid edən neqativ tənhalıq formalarında təzahür edir. Cəmiyyət tərəfindən anlaşılmamaq insanları tənhalığa gətirir. “Bu baxımdan sənət adamları cəmiyyət üçün marjinallaşır, fərqlilikləri anlaşılmır, duyulmur. Bu zaman tənhalıq insanı özünə çəkilməyə, hər hansı bir şəkildə ifadə olunmaq istəyi isə sənətlə həmdəm olmağa sövq edir”.
Tanı öz yerini
Şairim tanı
Qanmayan danır səni
Tanrı ki danmır
Tanrı tanır səni
Anır anında
Dirinə sahib duran yox
Ölünü anrı buraxmır
Tanrı dərgahında
Məzarın hazırdı
Hər an yanında...
Mətniçi istinadlar minimalist poeziyanın xarakterik cizgilərindən biridir. Sanki şair mətn daxilində zaman maşını ilə keçmişə qayıdır, yaşanmış təcrübəni indiki zamana daşıyaraq hadisələri cari zamana uyğun yeni biçimdə qurmağa çalışır.
“İnsan-düşünən qamışdır” –
Bunu Paskal deyib...
“Düşüncəsizlər
Düşünənlərə hər an qəmişdir!” –
Bunu da mən deyirəm.
Minimalist şeirlər həm də “söz, ağıl oyunudu, qafiyə qaydaları haqda ev tapşırığı”dır”. Bu cür söz oyununda paronimlərdən də geniş istifadə olunur. Paronimlərlə oyun mətnə estetik effekt verir.
Bədəvi ərəblə, bir əldə badə,
Verdi bir ömrü badə
“Lambada Badam”!
***
dünən axşam
bir şer qaraladım
ağlamam qaldı
səhər durub
bir də baxdım
gülmək tutdu məni
ağlamam qaldı.
Çingiz Əlioğlunun minimalist şeirləri yeni düşüncə tərzi ortaya qoyur. O, az sözlə İnsan konsepsiyasını, həyat kredosunu poetikləşdirən etüdlər cızır. Şairin poetik mətnlərində poetik tamlıq, avaz və vurğu bütövlüyü, deyim ekspressiyası və poetik-fəlsəfi məna həmişəyaşardır. Çingiz Əlioğlunun avanqard poeziyası bu günün mənzərələrini özündə görükdürərək öz aktuallığını daimi qoruyub saxlayan poetik nümunələrdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!