Sərdar AMİN
Yəhya Kamal şeiri mükəmməlləşdirməyə bəlkə də ən çox cəhd edən türk şairidir. O, şeirə təkcə vergi, təbiətin, kainatın insandakı təəssüratı kimi yanaşmır, bu şirin süzüntüyə son dərəcə sənətkarlıq əlavə etmək istəyir. Bu mükəmməllik istəyi onun bir neçə şeirini yarımçıq qoyur, ona bir neçə şeirini illər sonra tamamlamaq şansı verir, onu bir neçə şairin misralarına düzəliş etməyə təhrik edir.
Bu silsilədə türk şeirinin əruz pəhləvanı olan Yəhya Kamalın həyatından, yaradıcılığından deyil, onun şeiriyyət dünyasındakı "mükəmməlliyə cəhd" iddiasından və bu detaldan yaranan maraqlı situasiyalara diqqət etməyə çalışdıq.
Yəhya Kamalda mükəmməlliyə canatma istəyini yaradan səbəblər
Əhməd Həmdi Tanpınar sənətdə "axtarmaq" və "tapmaq"ın fərqini düşünərkən Pikassonun "mən axtarmıram, tapıram" fikrini önə çəkir. Tanpınar Yəhya Kamalın da məhz "axtarmadığını", "tapdığını" vurğulayır.
Yəhya Kamalın mükəmməlliyə cəhdi heyran olanın məhkumluğunu deyil, heyran edənin ehtişamını önə çəkir. Amma bu konteksdə Yəhya Kamal kainatın iqtidarının vəsfkarı olsa da, gizli müxalifliklə fərdini ortaya qoymuş olur. Mükəmməlliyə cəhdlərinin bəzi şeirlərini "şikəst" qoyması da bəlkə bu müxalifliyə verilən "ulu cəza"dır.
Yəhya Kamal demək olar ki, dünyanı gəzmiş, əksər estetikaları və modern yenilikləri birinci mənbədən mənimsəmişdir. Onun Qərb şeiri ilə tanışlığı və divan ədəbiyyatını yaxşı bilməsi, eyni zamanda ruhuna hopan şeir tərbiyəsi uzun illər öz yolunu axtarmağa sövq edib.
Yəhya Kamal şeirdə mükəmməlliyə canatma cəhdinin yaranma səbəbini "Şeirdə 30 ilim" yazısında dolayısı ilə açıqlayır. Bu yazıdan bəlli olur ki, şairin 1903-cü ildə Parisə varması ədəbi şəxsiyyətinin formalaşmasında önəmli mövqe tutub. İlk olaraq Yəhya Viktor Hüqo sevgisi ilə "romantizmə rahat bir qapı tapmış olur". 1906-cı ildə Parisdən Londona yol aldıqda Pol Verlenin şeirlərini "oxuya, oxuya onları ürəyi ilə doğmalaşdırır" və "yeni bir türk dastanı" yazmağa qərar verir. Bu dastanı yaza bilmədiyini qeyd edən şair, bu çalışmalar əsnasında "özünə yeni bir şeir dili" tapdığını vurğulayır. Ardınca Şarl Bodlerlə tanış olan Yəhya Kamal "Verleni yeni bir zövqlə sevməyə başlayır". Bəlkə də "Yəhya Kamal əruzu"ndakı ruhayaxınlıq, şirinlik, yenilik müəllifin modern estetikalara əksər Şərq şairlərindən daha çox bələd olmasından irəli gəlir.
Yəhya Kamalı qidalandıran bu mütaliə zəncirinin ən önəmli halqalarından biri Heredia idi: "Ruhum bütün bu şairlərə nisbətdə çox geridə sayılan Xose Mariya Heredianın üzərində durmuşdu". Beləliklə, Yəhya Kamalın mükəmməlliyə canatma cəhdinin qaynağı Parnasizmin 3 böyük şairindən biri olan Heredia olur. Bu mütəəssirliklə vətəninə dönən şair yeni bir ədəbi hərəkat yaratmağa çalışır. Xəyalında qurduğu, sonralar "xülya" adlandırdığı bu hərəkatın adı "Nev-Yunani" idi.
Yəhya Kamalın "Bibl qadınları" və "Siciliya qızları" adlı tamamlanmamış şeirləri var. Hərçənd bu şeirlərin tamamlanmamış olduğunu da demək çətindir. Çünki Yəhya Kamal 1910-cu ilin əvvəllərində yazdığı bu şeirlər haqqında 1955-ci ildə Həsən Əli Yücələ danışarkən o mətnlərdən qurtulmaq istəyi hiss olunduğu vurğulanır. (H.Ə.Yücəl).
Şeirin yazılışından keçən 40 il ərzində oxucular bu şeirləri tamamlanmış şeirlər kimi oxumuş, sevmiş və qəbul etmişdi. Özündən başqa heç kəs tərəfindən demək olar ki, natamamlığı hiss olunmayan bu şeilərdə müəllifi qane etməyən məqam elə Yəhya Kamal yaradıcılığının sirridir.
Yəhya Kamal "Fransada şeir" yazısında Stefan Mallermeden söz açır və bu şəxsin onun yaradıcılığında cızdığı xətti vurğulayır. Təsadüfi deyil ki, Yəhya Kamal Bəyatlı şeirinin axıcılığı və şirinliyinin mini-manifesti sayıla biləcək fikir də məhz Mallermedən gəlib. Onun dediyi, "Fransızca ən gözəl danışan şəxs Luvr muzeyinin qapıçısıdır" sözləri Yəhya Kamalı uzun illər düşündürüb. Şair sonda bu deyimlə bağlı belə bir qənaətə gəlir: "O qapıçıdırsa, demək ali təbəqəyə aid deyil. Amma sıradan biri də deyil. Çünki gündə yüzlərlə fransızı və xarici şəxsi qəbul etmək, onunla anlaşmaq bacarığına malikdir".
Bu deyimdən örnək alan Bəyatlı öz yaradıcılığında ali mətləblərdən belə söz açarkən sadə, anlaşıqlı, orta təbəqənin dilində danışmağa qərar verir. Çünki bu dil nə intellektuallara yaddır, nə də savadsız təbəqənin yetişə bilmədiyi bir məqamdır. Eyni zamanda cəmiyyətin əksər hissəsini təşkil edən orta təbəqə məhz bu dildə danışır.
Mallerme Yəhya Kamal yaradıcılığına təkcə bu ifadəsilə deyil, təbii ki, külliyyatı ilə təsir etmişdi. Şair "öz Mallermesi" haqqında belə deyirdi "Mallermenin "tilmizlerine nefhettiği şiirin yeni bir telakkisine zihnimi pek ziyade kaptırmıştım".
Mallerme rəssam dostu olan Edqar Deqanın "Nə peşədir bu, bütün günümü lənətə gəlmiş bir sonatanı yazmağa xərcləmişəm, bir addım da ata bilməmişəm. Halbuki, başımda fikirlər yox deyildi. Doluydu..." sözlərinə "Amma Deqa, şeir fikirlərlə deyil, sözcüklərlə ərsəyə gəlir" cavabını verir. Tanpınar Mallermenin dostuna dediyi bu sözləri Bəyatlının tez-tez təkrarladığını yazır. Bəyatlı bu fikri "əsl şeir", "saf şeir", "xas şeir" adlandırdığı nəsnənin tərifi kimi görür və yazır: "Əvvəlki görüşlərə görə şair bir mövzunu qüsursuz anlatarsa, işini bitmiş sayardı. Halbuki, indiki estetikaya görə ritmin dil halına gəlməsi, yəni musiqili misra yaratması şeirin yeganə yoludur".
Yəhya Kamal sanki bu ritmin, daha doğrusu, ritmin misra üzərindəki hökmünün, daha doğrusu, misranın musiqi ilə vəhdətinin Şərq şeirindəki mövcudluğunu Mallermenin həmin fikrindən sonra tamam ayrı müstəvidə hiss edir. Bu hissin şoku ilə divan ədəbiyyatına, əruz şeirinə yeni nəfəslə qayıtmağa qərar verir.
"Fransız şeiri" yazısı Yəhya Kamalın bu cümləsi ilə bitir: "Bu xoşbəxtlik, yəni klassikanı incələmədən anlamağımız zəruri bir tarixi hadisənin, qədim estetikanın varlığından irəli gəlir".
Yəhya Kamal əruzun Şərq insanına ruhani yaxınlığını qəbul etsə də, klassik şairlər haqqında deyilən sinədəftərlik, şeirlər haqqında söylənilən "yazılmır, gəlir" fikirlərindən uzaqdır. Onun mükəmməllik axtarışları bu an yəqin ki, yerinə də düşür, çünki Bəyatlı şeirinin möhtəşəm musiqisini, ritmini, sözlərin "sədəf kimi düzlüşünü" kimsə inkar edə bilməz. Ona görə də müəllifin bu sirr haqqında əli ilə yazdığı aşağıdakı fikirləri də yetərincə ciddiyə almağa borcluyuq: "Mükəmməllik yaranmır, yaradılır. Bu quruluşu çalışaraq daha mükəməlliyə qaldırmaq mümkündür. Şeirin üzərində işləyərkən ona əsl lazım olan sözlər önə çıxır. Bununla yanaşı fərqlilik söz deyil, çünki söz təkcə şeirin yox, nəsrin də vəsaitidir. Halbuki şeir nəsrdən tamam başqa mahiyyətdədir. Musiqidən fərqli musiqidir, deyək. Şeirdə nəfəs və səs iki əsas ünsürdür. Misranın ayaqları yerdən qopmazsa, uçmazsa, yaxud, istər ən xəfif pərdədən olsun, istərsə, İsrafilin suru qədər gur olsun, bir səs kimi qulağa yatmazsa, o xalis şeir deyil".
Nəfəs və səsi "deyiliş" və "duyuluş" obrazında təqdim edən Bəyatlı "duyuluş"u şeir haqqında yazdığı başqa bir mətndə "mənbə" kimi də təqdim edir.
"Həyatda şeir adlanan unikal bir şey mövcuddur, mənbəyi məlumdur; hisslərimiz, kədərimiz, arzularımız, ehtiraslarımız. Sənəti də məlumdur; dil, vəzn, mərifət".
Yəhya Kamalın sənət qisminə aid etdiyi mərifət də onun mükəmməlliyə canatmasında ən diqqət çəkən məqamlardandır. Şeirin musiqiyə yaxınlaşmasında vəznə verdiyi önəmlə yanaşı qafiyə məsələsində də olduqca həssasdır: "Ən gözəl qafiyələr misra ilə səmimi mütəəzzi olmuş qafiyələrdir". Bəyatlı qafiyənin şeiri nəsrdən ayıran ən önəmli məqam olduğunu deyir:
"Qafiyəni mağaradanqalma bir gerilik sayanlara onu deyə bilərəm ki, bizim o yaşamdan yadigar saxladığımız ən gözəl gerilik elə qafiyədir. Şeirləri qafiyədə təcəlla edən millətlərin poeziyasından qafiyə qalxa bilməz. Şairin bədənində qafiyə quşda qanad kimidir".
Ardı var...
(Növbəti yazı: "Yəhya Kamalın mükəmməlləşdirdiyi misra və beytlər")
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!