Elnarə QARAGÖZOVA
Natiq Məmmədli imzası ədəbiyyatsevərlərə yaxşı tanış olan və sevilən imzadır. Onun "Ləyaqət düsturu" (hekayələr toplusu, 2012), "Körpüdə ümid" (roman, 2014), "Qəhrəmanım sənsən" (hekayələr toplusu, 2020), "Sev" (roman, 2021) kitabları işıq üzü görüb.
Natiq Məmmədlinin hekayələri mövzu rəngarəngliyi qədər dinamikası ilə də seçilir. Yazıçının hekayələri nəinki oxucu rəğbəti qazanıb, həm də yerli və beynəlxalq müsabiqələrdə ədəbiyyatımızı layiqincə təmsil edən bədii mətnlər kimi də ədəbiyyat tariximizə daxil olub. "Dolma" hekayəsi 2010-cu ildə Nəsimi Milli Ədəbiyyat mükafatına layiq görülüb. "Bekketə salam" hekayəsi 2014-cü ildə türkdilli ölkələrin yazarları arasında keçirilən Mahmud Kaşğarlı beynəlxalq hekayə müsabiqəsinin milli seçim turunda ikinci mükafatı qazanıb. Natiq Məmmədli ədəbi gündəmimizdə aktual olan mövzulara öz baxış bucağından yanaşmağı bacaran nasirdir. Onun "Şuşa dumanı" hekayəsi Vətən müharibəsindəki zəfərimizdən öncə qələmə alınıb və hekayədəki işğalda olan Şuşa obrazı həmin dövr ədəbiyyatında təzahür edən analoji təsvirlərdən fərqlənir, yazıçı məlum həsrətin tam fərqli rakursdan ifadəsini təqdim edir: "Qonum-qonşunun yığışdığı xudmani ad günündə eləcə dizlərini ovuşdura-ovuşdura qalmışdı, zoqqultudan masanın altında ayaqlarını qoymağa yer tapmırdı, barı durub gəzişməyə imkan olsaydı, sızıltıları bekara səngiyərdi. Axı hara gedəsən: nəzir-niyazla tapdığın gözünün ağı-qarası nəvənin beş yaşı ola, tifil sevincindən özünü qoymağa yer tapmaya, neçə ildən sonra bu qədər dost-tanışı bir yerdə görəsən, axırda da qayıdasan, siz oturun mən gəzişib gəlirəm, heç olan iş deyildi. Məclis də ki nə məclis - elə bil hamı sözü bir yerə qoyub ömürləri boyu məşq elədikləri bir pərdəli komediyanı növbəti dəfə oynayırdılar, hərə bir cürə artistlik edirdi, təki uşağın könlü xoş olsun. Uşaq neyləsin axı, bu qaçhaqaç dünyasına mayın 7-də göz açıb, sabahsa Şuşanın gedən günüdü... Loxması boğazında kilidlənən məğlub şəhərin sakinlərinin əllərindən nə gəlirdi artistlikdən savayı..."
Ömrünün professional məqamını jurnalistika ilə bağlayan Natiq Məmmədlinin obrazlar qalereyasında media, jurnalistika, qəzetçiliklə bağlı obrazlar özünəməxsus yer tutur. Yazıçının "Yiyəsiz baş" hekayəsi də bu qəbildəndir. Hekayədə əsas vurğulanan məqam jurnalist etikası, peşəkarlıq və "xəbər ovu" kəsişməsidir. Xəbərin məna yükü, ictimai önəmi, dəqiqlik, qərəzsizlik şouya, qeyri-dəqiq "sürətli" məlumata uduzanda, jurnalistika öz yerini, sözün əsl mənasında, "xəbərçiliyə" verir, "qulaqdan-qulağa" adlı oyundakı kimi məlumatın ilkin mahiyyəti silinir, küyə çevrilir. Hekayədə məhz bu cür antiqəhrəman "jurnalist"lə qarşılaşırıq: "Mənsə jurnalist idim. Yayın iki aylıq mənasız "quraqlığından" sonra nəhayət, avqustun əvvəlində insan başının tapılması xəbəri bütün manşetlərdə asılıb qalan müstəsna hadisəyə çevriləcəkdi. Əgər qabağa düşüb, şefimin sözü olmasın, xəbəri yaxşıca "qazıb" bütün reytinqləri dağıda bilsək, heç şübhəsiz, reklamçılar da öz məhsullarını tanıtmaq üçün məhz bizi seçəcəkdilər. Qadın alt paltarından tutmuş kişi corabları, uşaq bezindən tutmuş saqqız çeşidlərinə qədər cürbəcür reklamlar insan başının kəsilməsi xəbərini daha yaxşı "qazıyacaq" qəzetə axacaqdı. Qəzet demişkən, qovurduğu tumlarını qəzet kağızına büküb satan qoca kişi rəhmətə gedəndən və isti noxudu müştərilərinə qəzetdən düzəldilmiş üçkünc lülələrdə verən axırıncı "pivnoy" bağlanandan sonra bizim şefimiz də kağız qəzeti elektron formata dəyişməklə zamanın müasir çağırışlarına cavab verdi. İndi biz saytda işləyirik; bu, daha rahatdı, xəbərləri avtobusda, metroda, yol kənarında, bir sözlə, harda gəldi yazıb, elə həmən anda da sayta yerləşdiririk, əlavə məsrəfə ehtiyac qalmır". Əslində, hekayənin adındakı "yiyəsiz baş" ifadəsi mətndə təsvir olunan qətl hadisəsi ilə deyil, bu cür qeyri-peşəkar jurnalistlərlə bağlıdır. Peşəkarlığı xırda məişət məmnunluğuna dəyişəndə mükəmməl xəbər, məlumat hazırlamaq qabiliyyətinə malik jurnalist də öz mənəviyyatını qurban verərək, sadəcə ağlın, düşüncənin, istedadın tərk etdiyi "yiyəsiz başa" çevrilir.
Natiq Məmmədlinin "Körpüdə ümid" adlı debüt romanı baş qəhrəman olan Ümid adlı uşağın məsumluğu və Pirdəlinin "dəliliyi" prizmasından gerçəkliyin dərki kimi fəlsəfi bir məqamı bədii kontekstdə işıqlandırır. Müəllif uşaqla Pirdəlinin başqaları üçün əlçatmaz olanı görüb-eşitməsinə imkan verən dünyagörüşünün saflığını ruhuna maddi dünyanın kəsafəti hopmuş insanların çirklənmiş dünyagörüşü ilə qarşı-qarşıya qoyur. Romanda cəmiyyətin qanunlarına kor-koranə boyun əyərək öz fərdiyyətini itirən insanın maddi həyata uyaraq şüurun diktə etdiyi qanunlara tabe olmaqla mənəvi ilə, təhtəlşüurla əlaqəni itirməsi vurğulanır. Bu çərçivəyə, qılafa sığmayanlar cəmiyyət tərəfindən "dəli" elan edilir və rədd edilir. "Hünərin var hamı kimi yox, öz düşündüyün kimi yaşamağa cəhd elə... xırdaca bir cəhd... Bu torpaqdan güc alan adamların icad eləyib əsrlərdən bəri qoruduğu, adına adət-ənənə dedikləri qayda-qanunlara buynuz göstərmək bir yandan səni fərqli edəcək, o biri yandan isə hətta ən yaxın doğmalarının arasında belə təkləyəcək, əvvəl-axır kürəyini yerə vuracaq". Təhtəlşüurun qanunları ilə yaşayan, şüuru inkar edən Pirdəli obrazı bu sosial normaya müqavimət simvoluna çevrilir, dünyanın "normal" və "doğru" qavranılması arasındakı faciəvi ikitirəliyi vurğulayır.
Realizmlə magik realizmin qovuşağında dayanan "Körpüdə ümid" romanı idrakın mahiyyəti haqqında, maddi dəyərlərin hökmran olduğu dünyada ruhun saflığını qoruyub-saxlamaq barədə düşünməyə dəvət edir, bəzən həqiqəti görmək üçün şüur və eqo buxovlarını bir kənara ataraq dünyaya saf bir ruhla, "üçüncü göz"lə baxmağa çağırır. Natiq Məmmədlinin "Körpüdə ümid" romanı 2018-ci ildə Türkiyədə də işıq üzü görüb. "SahilKitab" nəşriyyat evi tərəfindən çap olunan kitabın redaktoru və türk dilinə uyğunlaşdıranı Qönçə Aydəmirdir. "Körpüdə ümid" romanı 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəsr nominasiyası üzrə "Qızıl kəlmə" mükafatını alıb.
Natiq Məmmədlinin 2021-ci ildə çap olunmuş, "Yalnız sevənlər anlar" epiqrafı ilə oxuculara təqdim edilən "Sev" romanı iki gəncin məhəbbət hekayəsi fonunda insanın mənəvi seçimlərinin təzadlı dünyagörüşləri, dini doqmalar, nəfs və savaşlar kontekstində necə formalaşdığının bədii planda həllini təqdim edir və əsərdə istənilən məqamda sevgini seçmənin, ona sayğı ilə yanaşmanın insanlığın gələcəyə miras kimi ötürə biləcəyi bəşəri dəyərlərdən ən önəmlisi olduğu vurğulanır. Romanın qəhrəmanları olan fərqli dinlərə və mədəniyyətlərə mənsub iki gənc - Səid və Müjdə sevgilərinin həyəcanını hiss etdikləri ilk andan daxili mənəvi çəkişmə, sevgi və vətən arasında seçim, ailəvi münaqişələr, cəmiyyətin gözləntiləri, dini qadağalar, milli kimlik kimi dərin konfliktlərlə üzləşirlər. Əsər 2018-ci ilin yanvar ayında Bakıda miqrasiya xidmətində işləyən əsas narratorun düşüncələri ilə başlayır. Ölkəsindən sığınacaq istəyən bir gənci qəbul edən, onun hekayətini diqqətlə sənədləşdirən qəhrəmanın daxili düşüncələri müraciət edən şəxsin vəziyyətinə rəğbət yönündədir. O, sığınacaq istəyən gənclərin işi ilə bağlı qərarı gözləyərkən müsahibənin təfərrüatlarını yaddaşında vərəqləyir, hər sözü, jesti təhlil edir və səylərinin nəticəsiz qalmayacağına, sevginin, ədalətin qalib gələcəyinə ümid edir. Məhz Sarı Qarayev adlı bu məmurun öz yazıçı dostuna Sədi və Müjdə sevgisini nəql etməsi ilə yeni, interkultural kontekstli bir sevgi romanı yaranır. Romandakı hadisələrin müxtəlif məkanlarda - Bakı, Banqkok və Şri-Lankada cərəyan etməsi mövzunun müxtəlif mədəniyyətlər və sosial kontekstlərdə açılmasına imkan verir. Natiq Məmmədli romanda "Yaxşı və Aşıq" məhəbbət dastanımızla paralellər aparır, lakin bu paralellər fərqli bədii priyomla gerçəkləşdirilir. Məhz adını Sarı Aşıqdan alan miqrasiya məmurunun - Sarı Qarayevin bu sevgi hekayətinin qəhrəmanları ilə rastlaşmasındakı təsadüfün sirri vasitəsilə Müjdə Səid məhəbbətinin sakura möcüzəsini buta verilmiş aşiqlərin dastanının mistik gücü ilə birləşdirir. Səidi öz Müjdəsinə məhz haqq aşiqi Sarı Aşıq real-irreal kontekstdə qovuşdurur: "- Mən məcbur oldum, Müjdə. Heç demə, Siqiriyadan sağ çıxmamalı idim. Əmr beləymiş. Bilirsən, o qalaya necə nifrət edirəm, elə məni öz nifrətimlə də boğub öldürmək istəyirdilər. Dadıma Sarı Aşıq yetdi. Elə səni tapmaq üçün də yolu mənə o göstərdi. - Nələr deyirsən? Nədən danışırsan, əzizim? - Ağlınla fikirləşmə, Müjdə, məntiqi bir kənara at, sən demə, məntiq çoxdan ölübmüş, sadəcə, heç kimin bundan xəbəri yoxdu. Qəlbinin səsini dinlə. Aşıq məni qalanın sirli yollarından keçirdi, sonra dedi ki, burnuma dəyən Sakura ətrinin dalınca düşüb getsəm, səni taparam. Və bir daha heç vaxt, heç vaxt yanından ayrılmayacağam".
Beləliklə, milli mifologiya və folkorumuzun haqq aşığı anlayışı, mistikası məhəbbətin ölümsüzlüyünü interkultural səviyyədə reallaşdırır. "İlıq yaz günəşinin Həkəri çayını cana gətirdiyi, dərələrdə güllü xalça sərdiyi xoş günlərin birində haqq aşığının ziyarətinə getməyi qərara aldım. Hamını qabaqlamaq üçün tələsirdim. Lakin demişdim axı, heç də hər şey bizim əvvəlcədən düşündüyümüz kimi getmir. Onlar artıq ordaydılar. Tək məni yox, dünyanın bütün sevənlərini qabaqlamışdılar. Səidlə Müjdə Sarı Aşığın viran qoyulmuş türbəsinin dayandığı təpəlikdən mənə əl edirdilər. Güllü yamacda atılıb-düşən mavi gözlü körpənin gülüşü isə Həkərinin büllur sularına qarışıb sevgiyə susamış diyarlara tərəf axırdı. Mən öz yazdıqlarıma inanıram. Sevgiyə söykənərək, ona inanaraq yazmaq tamam ayrı hisdir. Yalnız sevənlər anlar..."
Natiq Məmmədlinin "Sev" əsəri postmodern poetika, mistik realizm elementləri, realist həyat lövhələri, irfan-folklor obrazları və fəlsəfi qatlarla zəngin polifonik roman kimi müstəqillik dövrü ədəbiyyatımıza daxil olmuşdur.
Yaradıcılığı mövzu, janr, ədəbi cərəyan baxımından rəngarəng olan Natiq Məmmədli dramaturgiyada da öz qələmini sınamışdır. Natiq Məmmədli nəsrində təzahürlərini izlədiyimiz absurdizm onun dramaturgiyasında daha ardıcıl şəkildə izlənilir. Onun "Dumana bürünmüş" (2016), "Əmanət" (2017), "Müqəvva" (2018) pyesləri Azərbaycan absurd teatrının fonduna daxil olan dəyərli ədəbi nümunələrdir. Bu pyeslər içində "Dumana bürünmüş" pyesi xüsusilə seçilir. Müəllifin özü də müsahibələrinin birində bu pyesin yaradıcılığında özəl yeri və önəmini vurğulayır: "Bu pyes Şuşanın azad olunmasından yeddi-səkkiz il əvvəl yazılıb. Orada da insanlar Qalaya - Şuşaya qayıtmaq istəyirlər. Həmin insanlar qalalarını itirdikləri üçün özlərini də itiriblər. Qalaya qayıtmaq istəyən insanlar ora dumanla qayıdırlar. Duman, ümumiyyətlə, mənim çox sevdiyim bir elementdir. Bu element mənim çox köməyimə gəlir. Ədəbiyyatda duman elementi çox işlənib. Kafkanın əsərlərində Praqa dumanı var, rus ədəbiyyatında Peterburq dumanı var, ingilis ədəbiyyatında London dumanı var. Mənim ən çox sevdiyim duman öz dumanımızdır, Şuşa dumanıdır. Bu dumanın yaradıcı gücü digər dumanlardan heç də az deyil" (Yaradıcı insan özünü təkrar edirsə o dayanmalıdır: "Müstəqillik dövrü Azərbaycan yazıçısının yaranmaqda olan obrazı hələ ki sovet yazıçısı obrazına uduzur" /N.Məmmədli; söhbətləşdi: E.Qaragözova // Olaylar.-2024.- 5-18 aprel, №12.- S.15, 17.) Qeyd edək ki, bu pyes 2017-ci ildə "Səda" tədris teatrında Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinin ikinci kurs tələbələrinin iştirakı ilə səhnələşdirilib.
Natiq Məmmədlinin yaradıcılığı bir kaleydoskop kimi həm varlığa dair dərin fəlsəfi düşüncələri, həm də gündəlik həyatın realist eskizlərini əks etdirir. Onun əsərlərində realizm absurdizmlə, postmodernlə, magik realizmlə yanaşı təzahür edir, bədii palitrasındakı parlaq çalarlar müxtəlif yaş kateqoriyasına aid olan, fərqli peşə sahiblərinin daxili aləmini, hisslərini ustalıqla bədii mətnə çevirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!