Bədii mətnin sirlərini açan mətnlər - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Ən yaxşı hekayələrdə bədii mətnin yaranma (qurulma...) mexanizmi haqqında işarələr hökmən əksini tapır, sadəcə qalır əhvalat və hadisələrin içindən bunları deşifrə etmək... Buna görə dünya ədəbiyyatının ən yaxşı hekayə (nəsr...) ustalarının ədəbi mətnlərlə bağlı fikirləri həmişə orijinal səslənir. Onlar bu məsələlər barədə deyək ki, elmi iş yazmaq fikrində olmasalar da, ədəbiyyatla bağlı ən incə məqamlara onların müsahibə və esselərində toxunulur. Ağıllı tənqidçi və tədqiqatçılar da onlardan öyrənməyi man bilmirlər.

Yəni, bir bədii mətndəki "ədəbiyyat xəritəsi" ikili xarakter daşıyır. Bu xəritə konkret bədii mətn, onun analizi, mənası, mənalar silsiləsi, gerçəkliyi ötüb keçmə stixiyası haqqında dolğun işarələr göndərir: bir romanın adında olduğu kimi: aç, mənəm...; bu xəritə eyni zamanda janrların transformasiyasına dair nələrsə deyir. Bizdə hekayə, roman, povest, hətta esselər də şeirdən güc alaraq (ondan uzaqlaşa-uzaqlaşa...) nəsrləşir. Nağıl, dastan stixiyasını tam olaraq içində gizli saxlamaq üçün. Bu stixiya hekayədəki fiktivliyin cazibəsini birə-on artırır.

Başlayaq Əli Zərbəlinin "Hər şey dəyişəndə" kitabındakı "Kölgə, yaxud itmiş sözlərin izahlı lüğəti" hekayəsi ilə. Bu mətn bizim üçün bir çox baxımdan, həm də nəzəri əhəmiyyət kəsb edən nöqtələrlə maraqlıdır. Hekayəni oxuduqda belə bir sual yaranır: bədii mətn necə yaranır? Daha doğrusu, əhvalat, hekayət və bunların mənası üzərində bədii mətn necə formalaşır? Bunu izah etmək üçün icazənizlə bir sitata baxaq. Bunu biz elə məlum sualı cavablandırmaq üçün Anarın "Qatardan qalan adam" hekayəsi haqqında yazmışdıq. "Anarın "Qatardan qalan adam" hekayəsində mətndə bir-birinə sarıla-sarıla gələn əhvalatların, insanın şad-xürrəm halının qəfildən dönməsi, taledə olanların, qədərdə "nəzərdə tutulanlar"ın onun həyatını cəhənnəmə çevirməsi, belə olacağını heç zaman unamadığı psixoloji halətin - hamıyla birgə ölmək sevincinin (bəxtəvərliyinin) hekayənin məlum süjet xəttini "dağıdıb" şaxələndirməsi real və irrasional, şüur və şüursuzluğun sərhədində baş verir və insan ilk və son dəfə yaşadığı həyatı ciddiyə alır. Bu elə bir sərhəddir ki, insan bütün dəhşəti ilə geridə qalanların cazibə qüvvvəsini hiss edir. Bu hekayədə, müəllifin bütün əsərlərində olduğu kimi, sözlər hərəkəti, necə deyərlər, "çox yumşaq" şəkildə - "soft" biçimdə hiss etdirir (bir az dar çəkmələrini çıxardı...). Əlacsız məqamın insan üçün yaratdığı mühit ona burdan qurtula bilməyəcəyini bildirsə də, insan son gücünü toplayıb müqavimət göstərir. Anarın əksər əsərlərində olduğu kimi düzxətli effekti hiss etdirən süjet qəfildən parçalanır, başqa bir mühit yaradır, bu üslubun yaratdığı mühitlər arasındakı qovğa mətnin hər bir nöqtəsində çırpıntılar yaradır (ekzistensial poetika...)."

Bədii mətnin yaranması, bütövləşib tamlıq təəssüratını yaratması, ilk öncə, süjetqurma poetikasının incəlikləri ilə bağlıdır. Bədii mətn məlumdur ki, mənalar üzərində bərqərar olur, yəni yaranıb-formalaşır. "Bərqərar" sözünü ona görə işlətdik ki, bədii mətnin mənalar üzərində yaranması həm şüurlu, həm də qeyri-iradi prosesdir. Ənənəvi sual yaranır: görəsən, bədii mətn və onu formalaşdıran məna (mənalar sırası...) müəllifin beynində (ruhunda - !) əvvəlcədən mövcud olur, yaranıb-formalaşır, yoxsa, yazı prosesində qəfil hiss, duyğu, fikir və ideya kimi doğulur? Fikrimizcə, bədii mətnin yaranması məsələsi bu iki halın heç birinə ayrılıqda şamil edilə bilməz. Mənada rasional və irrasional nəsnələr qovuşuq halındadır. Onları bir-biri ilə sərhədini müəyyən etmək istəsən onu, yəni mətni heçə sayıb yenidən yaratmaq işinə girişməlisən. Ancaq bu mümkün deyildir.

Əli Zərbəlinin adını çəkdiyimiz hekayəsi, bu mənada, açıq və sirli, məlum və naməlum mənaların qovuşuğunun yaratdığı bir mətndir. Məna və onun formalaşdırdığı mətn xaraktercə təkrarsızdır, onun real gerçəklik və kosmosla əlaqələri bu və ya digər hekayənin arxasındakı aləmləri seyr etmək imkanını özündə ehtiva edir. Ancaq o başqa məsələ ki, biz bu açıq və qapalı pəncərələrdən baxmaq istəyirikmi? Həmin hekayədə də pəncərə obrazı var. Personaj Musayla Məmmədin (Məhəmməd yox, məhz Məmməd - !) davasını pəncərədən seyr edir (hekayəni yaradan mistik halə barədə danışmaq olar, davanı, qovğanı seyr edən adamın özüylə kölgəsi arasında nələrsə baş verirmi?). Bu adamlardan ikisi də eyni günün eyni saatında içinə dolan ilham duyğusundan hövlnak yazı masasının arxasına keçmiş və göz qapaqları bağlananadək yazmışlar. Onlardan biri nəql edir ki, sona yaxın on səhifə anlaşılmaz hərflərlə yazıldı, son cümlə yarımçıq qaldı. Digər personaj da, təxminən, eyni sözləri deyir. Bunların hər ikisinin yazdıqları elmi əsərin bir-birinin kopyası olması qəribə işdir. Ən dəhşətlisi isə, Musa, yaxud Məmməd etiraf edir ki, yazı prosesində birdən ağır zəhmətlə qələmə aldğım səhifələrin haçansa oxuduğum kitabların və üzünü köçürdüyüm əlyazmaların eyni olduğunu duydum və bütün yazdıqlarımı son tikəsinə qədər cırıb atdım. Ən yeni bir nəsnəyə, heç kəsin eşitmədiyi, dinləmədiyi, haqqında bircə söz belə bilmədiyi məsələnin mahiyyətinə çata bilmək üçün oxuduğun və bildiyin hər şeydən vaz keçilir. Və bu yenə də dar qəfəsin içində çırpınmaqdan başqa bir şey olmur. Təhkiyənin bir məqamında belə bir ştrix keçir: yalandır deyirlər ki, dünyada işlənməmiş forma və mətləb-mövzu yoxdur, var, iynəynən gor qaza-qaza indiyəcən kimsənin eşitmədiyi, bilmədiyi mətləbləri üzə çıxarmaq olar!.. Bu məsələ üstündə inad edə-edə hər ikisi eyni mövzunu eyni formada icra etmişlər...  

Hekayədə bir məqam da var: Musa öz versiyasını dedikdən sonra qarşı tərəfin reaksiyası belə olur: sən yazıçısan, uydurmaq sənin üçün nədir ki? Və özü başına gələn əhvalatı danışarkən belə başlayır: istəyirsən inan, istəyirsən inanma. Bədii mətn bu paraleldə, ancaq onların qovuşuğunda yaranır, həm də hər ikisini bərtərəf edərək.  

Bu mənada, Nərmin Kamalın hekayələri ayrıca araşdırmanın mövzusu ola bilər. Hansı baxımdan? Əlbəttə, hekayə yaradıcılığı, onun hekayə janrı ilə bağlı düşüncələri kontekstində. Ədəbiyyata, ədəbi mətnlərə baxışı fərqlidir. Rəşad Səfər və İlham Əzizin onunla müsahibəsində belə bir fikrini oxudum: heykəltaraşlar düşünür ki, hər bir daşın içində heykəl var, sadəcə onu yonub üzə çıxarmaq lazımdır. Bu mənada, hekayə, nəsr mətninə çevrilən hekayə də işlənməyi, "yonulmağı", nəsr cildinə düşməyi tələb edir. Nərminin seçdiyi detallar və onlarla hadisələrə yanaşma tərzi yuxarıda vurğuladığımız fərqi qoyur ortaya. "Müharibə qurtardı" hekayəsi həmin bir-birindən aralı, amma belə deyək, "bir-birinə" həsrət detal-cizgilərlə süslənib. Müharibənin, torpaq, bütövlük uğrunda savaşın faciələrini yazıçı ailəsindən ayrılan (paltosu yaddan çıxmışdı, onu da balkondan atırlar: paltosu eyvandan qara qağayı kimi uça-uça gəlib yerə qondu...) gəncin iztirabları ilə müvazi verir. Və heç nə demir. Yəni, bütün hekayələrin sonunda insanlar susurlar... Üç nöqtə hekayə janrını ən mükəmməl ifadə edən vasitədir. Onun özünün də janrla bağlı fikirləri diqqət çəkir: "...Mənim üçün yaxşı roman uzun hekayədir. Misal üçün, burada balaca bir ev şəkli çəksək, bu şəkli böyüdüb maket formasına salsaq, sonra onu torpaqda inşa etsək, şəklin bütün proporsiyaları böyüyəcək. Bir də var, böyük ev tikmək üçün sovet dövründə "Marlboro" qutularını bir-birinə yapışdırıb robot düzəldənlər kimi, çoxlu kiçik evləri bir-birinə yapışdırmaq. Bu, qurama romandır, cürbəcür hekayələrdən yığılmış mozaik romandır. Özüm də keçmişdə belə roman yazmışam. İndi sevdiyim roman odur ki, bir uzun hekayəsi var, möhkəm onurğa sütunu olan bir orqanizm kimi sistemi var." Nərminin "İtaətsiz otlar" hekayəsi haqqında yazmışdım, ondan sitat verirəm: "...Nərmin Kamal hər bir hekayəsində hər şeyi, bütün detal və obrazları, hərəkət və səssizliyi, onların bir-birinə keçidlərini, personajların danışıq və nəfəs ritmlərini çox aydın şəkildə təsvir edir. Bu hekayələrdə, məsələn, elə "İtaətsiz otlar"da elə işarə və vasitələrdən istifadə edir ki, məkanı, onun konturlarını, əşya və insanları aydın, az qala, son ştrix və nöqtəsinə qədər görə bilirsən. Adıçəkilən hekayədəki skripka, hekayənin sonundakı pəncələri ağ qara pişik, skripkadan çıxan incə səs və akkordların üstünə narın yağışın çilənməsi və sair bu sıradandır. Ancaq məsələ bu qədər sadə və primitiv deyildir. Nərmin Kamal gözəl və təkrarsız estetik aura yaradır, sanki həm də "mən hekayəni (prozanı - !) belə yazıram" niyyətini açıqlayır. Hər şey ən gövrək yerindən, az qala, qanadının qırıldığı yerdən təsvir edilir (təsvirdə bu dəhşətli ağrı arxa plana keçir...), bu zaman bu incə işarələr sənə səmanı, yerdəki əhvalat və gözəlliklərin, naqislik və dərdlərin səmadakı əksini göstərir. Sən onları görə, ən azından buna cəhd edə bilərsən..."

Yazının ikinci adı "Yağışa düşən quşlar" idi. Hər şey ən kövrək yerindən qırılanda ağrını sinirmək üçün yağışa tuş gələn quşların qanadlarını ağlayırsan. Gözüyumulu halda...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!