Dalğalı düşüncələr komutanının idrak tankeri - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

Yusif Nəğməkarın indiyə kimi 20-dən artıq kitabı nəşr olunub. Və görkəmli şair "Qılınc və qələm", R.Rza, M.Müşfiq və Ş.Əkbərzadə adına mükafatlar laureatıdır. 2015-ci ildə tarixi Çanaqqala Zəfərinin 100 illiyi ərəfəsində yazdığı "Çanaqqala - Türkə qala" poeması ilə müsabiqə qalibi olub, həmin vaxt "Azərbaycan Bayrağı" media mükafatına layiq görülüb, "İlin şairi" adını alıb. Y.Nəğməkarın, ümumən ədəbiyyatımızda təzə görünən çoxlu sayda poetik axtarışlarının məhsulu olan tapıntıları, dünyəvi siqlətə, bəşəri duyğulara malik əsərləri toplanmış şeir kitabları geniş ictimai maraq doğurmuş, nüfuzlu ədəbiyyatşünas alimlərimiz tərəfindən çox yüksək qiymətləndirilmişdir.

Onun poeziyaya gəlişi 1977-ci ildə "Ədəbiyyat və İncəsənət" qəzetinin 30 aprel tarixli sayında böyük novator şair Rəsul Rzanın "Təsadüf" adlı "Uğurlu yol"u ilə çap olunmuş "Oyuncaq mağazası" və "Ləpələr" şeirlərindən başlanmışdır. Sözə qısqanc R.Rza hər yazar haqqında "istedadlı" sözünü işlətməzdi. Yeri gəlmişkən, qeyd edək ki, R.Rzadan sonra Y.Nəğməkarın yaradıcılığı bizim digər filosof şairimizin - xalq şairi, akademik B.Vahabzadənin diqqətini cəlb edir. Bəxtiyar müəllim Y.Nəğməkarla Beyləqan şəhərinə səfər təəssüratı əsasında "Dünən, bu gün və sabah" şeirini yazır və onu "gənc şair qardaşım" deyə Y.Nəğməkara ithaf edir.

Zəngin yaradıcılıq yolu keçmiş Y.Nəğməkarın birinci kitabı "Sazın işığında" adlanır. Bu kitabda onun saza, sözə vurğunluğu ifadə olunur. İkinci kitabı - "Bilsəydim ayrılıqdır" isə R.Rza "üslub"unda "Vətən" şeiri ilə açılır.

Və böyük şairə həsr etdiyi "Rənglər" şeiri, "Dünya gecələyən yer" düşündürücü yazılardır. B.Vahabzadənin təhlil və təqdir etdiyi "Qanun" və "Nizami" şeirləri də bu kitabda yer alır.

1984-cü ildə yazdığı "Mənim təxəllüsüm" şair haqqında aydın təsəvvür yaradır:

 

Mənim bir əlimdə sivri qələmim,

Birində nəğməsi ulu sazım var.

Mənim bu aləmdə özgə aləmim,

Bu yazın içində başqa yazım var.

 

***

"Nəğməkar" sözünü təxəllüs etmək

Özümdən müştəbeh olmağım deyil.

 

Ünvanı bəllidir karsız köməyin,

Sözlə sürünənə söz qənim olsun...

Qaynayan çeşməyə bulaq deməyin

Varsa qəbahəti, qoy mənim olsun.

 

Ailə-məişət mövzusunda yazdığı "Bu evə oğul gərək" şeiri müəllifi zərif duyğular şairi kimi dəyərləndirməyə imkan verir. Kitabda anasının vəfatı ilə bağlı hər kəsi dərdli göz yaşlarına qərq edən "Gizlədin anamın paltarlarını", təbiətlə bağlı "Göy Göl lövhələri", "Dağlar" şeirləri vardır. Kitabın "Səndən özgəsini sevə bilmirəm" bölməsində lirik məhəbbət şeirləri yer alır:

 

Ağ kağızım oldu açılan səhər,

Ona göz yaşımla adını yazdım.

Eşqimlə bacara bilsəydim əgər,

Heç səni bu qədər arzulamazdım.

 

Sonra "Sevgilim", "Hey baxaram yollarına", "Hicrana dözmək olmaz" nəğmələri də könül oxşayandır. "Sibir duyğuları" silsiləsindən "Elə gülmə", "Tayqa gözəlinə" şeirləri ürəyəyatandır.

"Alın yazım" kitabı 2004-cü ildə çap olunub. Kitab xalq şairi B.Vahabzadənin Y.Nəğməkar haqqında "Sənətində şəxsiyyətini, şəxsiyyətində sənətini yaşadan şair" və "Mənim çox sevdiyim şair Yusif Nəğməkar haqqında söz" yazıları ilə açılır. Sonra müəllifin "Ön söz" yerinə yeni kəşf etdiyi "Ön ün" önləməsi gəlir. Kitab altı bölmədən və üç poemadan ibarətdir, 527 səhifədir. Bütün bölmələrdəki şeirlər mənalı, məzmunludur. "Yönü günəşə" adlı şeiri şairin doğulub boya-başa çatdığı Aşıqlı kəndinə həsr olunub. Arxasınca gələn "Bir körpə böyüdü" şeiri isə şairin körpəlik, uşaqlıq və yeniyetməlik çağını əks etdirir.

"Mənim millətimi hifz elə, Allah!..." bölməsində o vaxt hələ həllini gözləyən Qarabağ problemindən bəhs olunur. Şair "Ulu Tanrım, eşit mənim səsimi", "Mənim millətimi hifz elə, Allah!.." - deyə vəcdə gəlir. "Atlar yəhərlənsin gərək!" hayqıraraq xalqımızı ayağa qalxmağa, torpaqlarımızı yağı düşmənlərdən azad etməyə səsləyir. Haqqında ustad şairimiz B.Vahabzadənin də yazdığı məşhur "Xor" şeiri də buradadır:

 

Səs qanadlı gerçəkdi,

Sükut şirin bir yuxusa...

Amma nəğmələr içində

Xordan gözəl nəğmə yoxdur,

Xalq oxusa...

 

"Sən şeir yazmağı tərgit, Füzuli!" şeirində istedadsızların poeziyamızı korladıqlarını, xalqa xeyri olan bir iş görmək əvəzinə, misradüzərliklə vaxt keçirmək öz yerində, böyük ədəbiyyatın klassik meyarlarına məhəl qoymadan zövqləri korlayanları ittiham edir:

 

Ruhuma qış gəlib, xəbər yox yazdan,

İraq Bəxtiyardan, Məmməd Arazdan,

Çoxları qələmi atar bir azdan.

Sən şeir yazmağı tərgit, Füzuli!

 

"Ürəyim dərd dəyirmanı" bölməsində "Gözəllik müsabiqəsi" şeiri diqqət çəkir:

 

Allah bəndəsinə qiymət yazılır,

Tanrı yazısını pozmaq üçünmü?!

 

Və yaxud;

 

Kim deyə bilər ki, kimdir ən gözəl?!

Gözəllər hər biri gözəldən gözəl!..

 

Əlbəttə, bütün dünyada geniş yayılmış ənənəyə bu bir şair münasibətidir ki, hər halda poetik məna-məzmundan məhrum deyil.

"Yanıq Kərəmiyə oynama" şeiri toy şənliklərimizdə "Yanıq Kərəm" havasına oynayanlara kökü dərinlərdən gələn elə etirazdır ki, zəngin mənəvi, ideya-estetik dəyərlərə əsaslanır.

 

Hicran köhləninin yatıb yalına,

Ziyadxan oğlunun ağla halına,

Oyna bu dünyanın qeylü-qalına,

"Yanıq Kərəmi"yə oynama, qardaş!

Təbiəti sevən, onun qayğısına qalan şair "Gözəllik - həyat" şeirində yazır:

 

Bu yaşıl meşələr, yaşlı meşələr

Ana təbiətin ağ ciyəridir...

 

Və yaxud

 

Gözəllik əridər min ahımızı,

Təbiət özünü bağışlar bizə.

 

"Anasız ağılar" silsiləsindən kitabda "Yuxuma gəl, ay Ana", "Anamdan yadigar oxlov", "Bacım Adiləyə", "Anasız köçən gəlin" kimi çox təsirli şeirlər yer alır:

 

Adın nübardır, Ana,

Könlüm qübardır, Ana.

Sənə layla çalmaqdan

Dilim qabardır, Ana!..

 

Və yaxud

 

Ağımsan, bayatımsan,

Boyumda boy atmısan,

Yuxumda həyatımsan,

Yuxuma gəl, ay Ana!

 

"Qərənfil yaddaşımız" bölməsində çox təsirli "Səsin yurdu" şeirinə diqqət edək:

 

Təkcə

Qarabağlı körpələrin

çiyələk dodaqlarından

qopan səsini

çıxarın yadların qənşərinə.

Dözsə, o səs dözəcək

Namərd həmləsinin şərinə...

 

Və yaxud:

 

Səs ki var,

Gülləbatmazdı.

Elə səs

bütün fəsilləri

dalğalarında çiçəkləndirmiş

gülüzlü yazdı.

 

"Öpərdim gözlərindən" bölməsində lirik məhəbbət şeirləri yer alır. "Kişilər aldanır göz yaşlarına", "Səndən özgəsini sevə bilmirəm", "Qızlar, aldatmayın oğlanları siz", "Qızların ürəyi çiçəkləyəcək", "Sənin gözəlliyin nəyimə gərək?!", "Azərbaycan gözəlləri" və bu cür maraq doğuran şeirlər.

Y.Nəğməkar poema ustasıdır - xalq şairi R.Rzaya həsr olunmuş "Sizli", xalq artisti N.Musayevə həsr olunmuş "Ah-Naz-"Şahnaz", 1990-cı il 20 Yanvar qırğınına həsr olunmuş "Şər Şənbə" poemaları buna misaldır.

2007-ci ildə qələmə aldığı elat, tərəkəmə dünyasından bəhs edən "Zal ağacı" poemasını şair Cəbrayıl rayonu, Xələfli kəndindən didərgin düşən Zalov Zal Əziz oğluna və onun timsalında Qarabağdan - doğma yurd-yuvasından zorla çıxarılan soydaşlarımıza həsr edibdir. Poema önləmə ilə başlayır. "Aran-Dağ", "Çöl süfrəsi", "Sel", "Basqı", "Ağac davası", "Vətən yaralı qaldı", "Hikmət çırağı", "Xələfli - Dünya" bölmələrindən ibarətdir və son ünlə sonlanır. Bu əsər tərəkəmə həyatı ilə bağlı nümunəvi bir əsərdir - yüksək poetik bir dillə yazılıbdır. Şair səfalı, vəfalı dağlarımızdan ayrı düşən soydaşlarımızın kədərini, qəmini, nisgilini orijinal bir üsulla öz qəlbinin süzgəcindən keçirərək canlandırır, xalqımızın dərdini dağlara söyləyir:

 

Ey qınaqçı, qəlbi dağlar,

Harayınız qəlbi, dağlar.

Ağlar dərə, kaha-ağlar -

Gözlər, sizə əlim çatmır.

 

Bəyaz çən - döşə yorğanlar,

Quzey buz - şüşə yorğanlar,

Sel yuyan yanaq yarğanlar -

Üzlər, sizə əlim çatmır.

 

"Altımışıncı yuxu" kitabı 2015-ci ildə çap olunub - şairin 60 illik yubileyi ərəfəsində. Kitaba müxtəlif illərdə yazdığı şeirlər və "Çanaqqala - Türkə qala" poeması daxildir. "Su, yuxunu mənə danış...", "Səs xoşbəxti" şeirləri əsl poeziya nümunələridir. Birinci şeirin bəndlərindən birində deyilir:

 

Çapar qəm, beli bükülü

Çəp yəhərdə düz durmaqdan.

Üzümün suyu tökülüb

Göz yaşıma üz vurmaqdan.

 

İkinci şeirdə isə şair qəlbinin, duyğularının həssaslığı, zərifliyi "səslənir:"

 

İç səsimlə səslədiyim,

İç səsimin titrəyişi -

Kəc əsimlə süslədiyim,

Səsin gəldi qulağıma...

 

"Çanaqqala - Türkə qala" poeması tarixi Çanaqqala Zəfərinin 100 illiyi münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi olmuşdur. Əsərin "Egey" bölməsi qeyri-adi bir dillə yazıldığına, Çanaqqala (və Türkiyə) tarixinin qanlı olduğu qədər də şərəfli məqamlarını xatırlatdığına görə oxucunu tərpətməyə bilməz:

 

Su keçirdin dar boğazdan,

Keçməz namus, ar boğazdan.

Can çəkəndə car boğazdan

Baxma acı ögey-ögey,

Egey, Egey!

 

Yaxud:

 

Bəd minnət bel alığındır.

Qeylü-qal - səf qalığındır

Tavamdakı balığımdır -

Sümüyü boğazımda, hey! -

Egey, Egey!

 

"Nizami demiş..." kitabı eyniadlı lirik poemadır. Əsər böyük könül açıqlığı ilə qələmə alınıb. Millilik, elmilik, ziyalılıq, vətənpərvərlik və müasirlik ştrixləri ilə zəngindir:

Həmin milliliyin, elmiliyin, ziyalılığın... klassiki isə, heç şübhəsiz, Aşıq Ələsgər idi. Və yeni dövrün dahi xalq sənətkarına həsr etdiyi "Ələsgər zirvəsi" poema-dastanı Ələsgərşünaslığın dəyərli işlərindən biridir.

Y.Nəğməkar klassik şairlərimizin yolunu ləyaqətlə davam etdirərək bir-birindən ötə əsərlər yazmaqdadır. Onun son illərdə qələmə aldığı şeirlərindən birində deyilir:

 

Göl Allah səbridir.

Göl sükutu an kimidir,

Susqun qeyzə gəlməyi var.

Taleyi insan kimidir -

Doğulmağı, ölməyi var...

 

Hayqırıb köpürməz hədər,

Nəfsini çökdürər gilə.

Fövqəl təlatümə qədər

Göl Allah səbridir elə...

 

Poeziya Nəğməkarı növbəti şərqisini susqunluğu, öz sirrinə yorğanlığı, ləpə-ləpə həzin ötməyi, üstündən ötən illərə tələsməzlik şərti kəsməyi ilə özünə bənzəyən gölü güllük, çölü göllük, səssiz səsi bölük-bölük, dərdi sükutundan oxunan, nəğməsi neyin, udun sədası kimi əriyən göllərə həsr etmişdir. Bu şərqini yazan, bəstələyən şairə göl gözəlliyi, su ömrü arzulayırıq.

Y.Nəğməkarın bir xeyli sayda əsərləri var ki, bəstəkarlarımız onlara musiqilər yazmış, müğənni və xanəndələrimiz tərəfindən ifa olunaraq qəlbləri fəth etmişdir. Musiqi ilə nəfəs alan şair gözəl səs sənətçilərinə də şeirlər həsr etmişdir. Hamımızın sevimlisi, xalq artisti, ustad xanəndə mərhum Yaqub Məmmədovun "Mənsuriyyə"sini dinləyərkən yazdığı "Mənsuriyyə" şeirini yada salaq:

Bu nə səsdir,

Nə həvəsdir,

Səsimi əsir edən

Səs qəfəsdir,

Yaqub Əmi?!

 

Mat qoyub susdurmusan

Ecazınla aləmi.

Yandırıb dondurmusan

Qəlbimin əmanəti -

Əlimdəki qələmi...

 

"Mənsur" sözü ərəbcədən tərcümədə "Qalib", "Zəfər çalan" deməkdir. Sufi şair Mənsur Həllac Səkr halında, yəni ruhunu və nəfsini təmizləməklə Allahın böyüklüyünü dərk etmək üçün Məkkədə təvaf edərmiş, yəni zikr və dua edə-edə Kəbəni 7 dəfə fırlanarmış. Yaqub əminin Habil Kamanın qeyri-adi müşayiəti ilə oxuduğu "Mənsuriyyə"si də, bax, beləcə dinləyicilərin qəlbini ovsunlayır, onları mənən saflaşdırır, xoşbəxt edir. Klassik təbirlə desək, şair Y.Nəğməkar "Mənsuriyyə"ni yazmaqla çox çətin bir poeziya sınağına girib və sınaqdan qalibiyyətlə, zəfərlə çıxıbdır.

Yusifin bir şeiri də var. Və mən əziz qardaşım haqqındakı növbəti yazımı həmin şeirin son misraları ilə bitirmək istəyirəm:

 

Ey gəmili - gəmisiz sular,

Dumduru aydınlığında

Dəmadəm yoğur məni...

Bir tərəfdə "dayaz fikirlərin

   bulanıq sularında naviqatorsuz batan

gəmilər -

öz bəxtinə lövbər salıb

yatan gəmilər -

xilassız,

əlacsız,

gəmilər"...

Bir tərəfdə "Dalğalı

   düşüncələr komutanının

idrak tankeri"...

 

Başdan-başa bədii təsir və ifadə vasitələrilə süslənmiş düşündürücü, həm də nəğmə kimi səslənən qiymətli poeziya nümunəsi... Bir tərəfdə Səməd Vurğun, bir tərəfdə Rəsul Rza məktəbi... Və bu məktəblərin hər ikisinin təhsilini layiqincə almış Yusif Nəğməkar...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!