İsa HƏBİBBƏYLİ
Tanınmış şair Elçin İsgəndərzadə Azərbaycan ədəbiyyatında geniş dünyagörüşü, ictimai baxışları, intellektual ədəbi fikirləri ilə səciyyələnən fərqli yaradıcı simadır. Dərin kökləri etibarilə doğma xalqına və ölkəsinə ürəkdən bağlı olan Elçin İsgəndərzadənin yaradıcılığında Vətən anlayışı dünyada özünəməxsus yeri və mövqeyi olan ecazkar bir diyar olmaqla bərabər, həm də dünya ilə birlikdə nəfəs alan, inkişaf edən bənzərsiz bir ölkədir. Doğma torpaqdan planetin doğma bir parçası səviyyəsində söz açmaq da Elçin İsgəndərzadənin geniş dünyagörüşünün əks-sədasıdır. Elçin İsgəndərzadə ölkəni, vətəni, insanı intellektual bir yüksəklikdən və dərinlikdən baxıb mənalandıran şairdir. O, ictimai baxışlarını obrazlı şəkildə ifadə edərək ədəbiyyat düşüncəsinə çevirməyi bacarır. Beləliklə, Elçin İsgəndərzadə intellektual baxışlara malik vətəndaş şairdir. Həm də elmlər doktoru səviyyəsində Azərbaycan elmini təmsil edən Elçin İsgəndərzadənin bədii yaradıcılığı tərənnümdən çox, dərk və şərh poeziyasıdır. Nəsihətçilikdən uzaq olan Elçin İsgəndərzadə dünyanı, vətəni və insanı dərkolunmuş şəkildə poetik cəhətdən mənalandıraraq şərh edir. İntellektual poetik mənalandırma onun şeirlərində bədii düşüncənin dərinliyini və genişliyini müəyyən edir. Həyata və insana intellektual münasibətin poeziyada əks etdirilməsi Elçin İsgəndərzadənin şair-alim obrazını meydana qoyur. Lakin o, bütün hallarda ictimai baxışlarını da, elmi-intellektual fikirlərini də şeirlə poetik cəhətdən ifadə etməyin nümunəsini göstərir. Onun intellektual şeirlərində ədəbiyyatın payı, poeziyanın rolu elmin iştirakından çoxdur. Elm Elçin İsgəndərzadənin həyatı və cəmiyyəti qavramaq vasitəsi, şeir isə varlığı dərkolunmuş şəkildə vəsf etmək istedadının ifadəsidir.
Geniş elmi-ədəbi baxışlara malik olan Elçin İsgəndərzadənin mövzu dairəsi genişdir. Dünya ölkələri və planetar hadisələr haqqındakı şeirləri və poemaları onun ədəbi baxışlarının genişliyinin bədii ifadəsindən yoğrulmuşdur. Türk dünyasına həsr edilmiş əsərlərində o, özünün Turançı baxışlarını məharətlə poetikləşdirir. Onun Turan dünyasına ümumi poetik baxışlarında türk dünyasının birliyi və həmrəyliyi ideyası ortaq tale və birgə gələcək mənasında vəsf olunur.
Bununla belə, Elçin İsgəndərzadə şair kimi, hər şeydən əvvəl, azərbaycançıdır. Azərbaycançılıq onun bədii yaradıcılığının qan damarıdır. Elçin İsgəndərzadə dünyaya, o cümlədən də türk dünyasına Azərbaycanın gözü ilə baxır. Onun xarici ölkələrə səfər təəssüratları əsasında yazdığı şeirlərdə də həmin ölkələrin təbiəti, şəhərləri və insanlarının poetik cəhətdən mənalandırılması ilə bərabər, Azərbaycan havası vardır. O, həmçinin Azərbaycanı da dünya ədəbi-ictimai proseslərinin axarında tərənnüm edir. Bu, şairin yeni Azərbaycan, ölkəmizin müasir inkişafı haqqında fərqli poetik söz deməsinə imkan yaradır. Elçin İsgəndərzadənin "Lorka və siyah ay", "Salvador Dali üçün Madriqal", "Rəssamın pəncərəsi" kimi poemalarında Avropa ölkələrinin poetik coğrafiyası, dünyanın görkəmli simalarının bədii obrazları ilə bərabər, bənzər məqamlarda bədii baxımdan Azərbaycanla müqayisələr öz əksini tapmışdır. Dünyanın harasında olmasından asılı olmayaraq, həmişə Azərbaycan havasında yaşamaq, doğma xalqı, onun bu günü və gələcəyi haqqında müqayisəli poetik söz demək Elçin İsgəndərzadənin beynəlxalq mövzularda yazdığı əsərlərin canını, ruhunu təşkil edir. O, dünya ölkələri və dünyanın tanınmış simaları haqqında vətənpərvər bir Azərbaycan şairi kimi yazmaqla Azərbaycan üçün yazdığını ifadə edir.
Əksinə, Elçin İsgəndərzadənin Azərbaycan mövzusunda yazdıqlarında da doğma ölkənin böyük sevgi ilə tərənnümündən başqa, həm də xalqımızı və ölkəmizi dünyaya tanıtmaq qayəsi öz əksini tapmışdır. Bu baxımdan onun Xalq şairi Məmməd Araz, əfsanəvi rəssam Səttar Bəhlulzadə, Xalq rəssamı Toğrul Nərimanbəyov, romantik sənətkar Hüseyn Cavid əfəndi haqqındakı poemaları Azərbaycanı xalqımıza, yeni nəsillərə bir daha sevdirən və eyni zamanda dünyaya yaxından tanıtmağa xidmət edən uğurlu bədii əsərlərdir. Bundan başqa, Elçin İsgəndərzadənin təsvirlərində şair ilhamından başqa, rəssam kimi yaddaqalan təbiət notları da təqdim etmək və obrazların portret cizgilərini çəkmək istedadı da aşkar görünür. Dünyanın və Azərbaycanın məşhur rəssamları haqqındakı əsərlərində o, şair-sənətşünas kimi çıxış edir, poetik təhlillər vasitəsilə hər rəssamın özünəməxsus obrazını canlandırır.
Elçin İsgəndərzadənin Şuşa haqqında yazdığı şeirlər və esselər şairin Vətən və torpaq şeirlərinin ana xəttini təşkil edir. Bu, Azərbaycanda doxsanıncı illərdə ədəbiyyata gələn nəslin, o cümlədən də həmin ədəbi nəslin əsas nümayəndələrindən biri olan Elçin İsgəndərzadənin şəxsi taleyindən və özünəməxsus yaradıcılıq missiyasından irəli gəlir. Hər ədəbi nəslin palitrasında fərqli bir Vətən idealı olduğu kimi, Azərbaycan ədəbiyyatında doxsanıncılar ədəbi nəslini uğurla təmsil edən Elçin İsgəndərzadənin də öz Qarabağı və özünəməxsus Şuşası vardır. Bu cəhətdən "Mənim Şuşa dastanım" adlı poeması həmin mövzuda yazılan bədii əsərlər içərisində Şuşada doğulan şairin - Elçin İsgəndərzadənin həsrəti, ağrıları və ümidlərinin, eyni zamanda Zəfərdən doğan qeyri-adi sevincinin ifadəsi kimi orijinal sənət əsəri olaraq fərqlənir. Şuşada dünyaya gələn ədəbiyyat adamının Şuşanın itirilməsini görməyə məcbur olması Elçin İsgəndərzadənin poeziyasında yanar təndirin üstünə odun atmaq kimi qızmar şeirlərin yaranmasını şərtləndirir. Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" poemasındakı Şuşa nisgilindən söz açan poetik parçalar, ilk növbədə, qızmar düşüncəli ağrılı poeziya nümunələridir:
Şuşa adlı,
Sevgili dərdim çıxır hər yerdə qarşıma,
Sevgili kədərim çökür üz-gözümə,
Sevgili göz yaşları axır gözlərimdən,
Sevgili ağrılar ağrıdır ürəyimi,
Sevgili sancılar dağlayır içimi,
Sevgili ayrılıqlar sarılır boynuma,
...Hamısı Şuşa adlı.
Elçin İsgəndərzadə Şuşa itkisini yaşadıqdan sonra insanın içinə hopmuş nisgilin poeziyasını da təbii vasitələrlə yaratmışdır. Sərbəst vəzndə yazılmış bu poemanın bir çox məqamlarında Şuşa nisgili xalq şeiri üslubunda, bayatı, gəraylı notları vasitəsilə səsləndirilmişdir. Elçin İsgəndərzadə xalq şeiri formalarından yaradıcı şəkildə faydalanmaqla Şuşa dərdini ümumxalq nisgili səviyyəsində mənalandırmağa nail ola bilmişdir. Ümumiyyətlə, Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" poemasındakı "mən" anlayışını el-oba, xalq, ölkə anlayışı səviyyəsinə yüksəldə bilmişdir. Bu mənada, "Mənim Şuşa dastanım" poemasını "Bizim Şuşa dastanımız" da adlandırmaq olar. Yaxud "Mənim Şuşa dastanım" poeması sadəcə, "Şuşa dastanı" adlandırılsa da, eyni səviyyədə təkcə şuşalıların deyil, geniş mənada Azərbaycan xalqının Şuşanaməsi səviyyəsində ümumiləşə bilər. Fikrimcə, bu cür bədii ümumiləşdirmə bir qəlbin həyəcanlarından, taleyindən keçən Şuşa həqiqətlərindən Vətən anlayışının ifadəsinə çevrildiyi üçün bir xalqın ağrısı və sevinci kimi təbii səslənir. Bu mənada, "Mənim Şuşa dastanım" poeması üçün seçilmiş "Mən və Şuşa" mövzusu tam olaraq "Biz və Vətən" miqyasına yüksəldilə bilir. Fikrimcə, belə orijinal bədii ümumiləşdirmə istedadı Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" poemasının mühüm yaradıcılıq nailiyyəti hesab olunmalıdır. Poemadan gətirdiyimiz aşağıdakı poetik parça Elçin İsgəndərzadənin bədii ümumiləşdirmə düşüncəsinin miqyasını təsəvvür etməyə imkan yaradır:
Bir şəhərin ağrısı
Zamanın ağrısıydı,
Zamanın ağrısını çəkdik.
Bir şəhərin ağrısı
Sabahların ağrısıydı,
Sabahların ağrısını çəkdik.
Bir şəhərin ağrısı
Yolların ağrısıydı!
Yolların ağrısını çəkdik.
Ağrıları rəsm kimi çəkdik taleyimizə,
Şeir kimi çəkdik gözlərimizə,
Musiqi kimi çəkdik duyğularımıza.
Bir şəhəri çəkdik ayrılıqlara.
"Mənim Şuşa dastanım" poemasında adındakı "dastan" sözü də təsadüfi olmayıb, əsərin ideya-məzmun və bədii forması ilə əlaqədar seçilmiş real anlayışdır. Əvvəla, "Mənim Şuşa dastanım" poemasında Azərbaycan dastanları üçün xarakterik olan təhkiyə üsulundan bacarıqla və yaradıcılıqla istifadə olunmuşdur. İkincisi isə, poema janrında, yəni şeirlə yazılmış bu əsərdə kifayət qədər dastanvari epik səhnələr vardır. Elçin İsgəndərzadə poema janrı üçün də xarakterik olan epik səhnələri bir qədər mübaliğəli, sonra isə xeyli dərəcədə təntənəli səviyyədə təqdim etməklə ideya-məzmunun cızdığı təfərrüatları "dastanvari" şəkildə canlandırmağı bacarmışdır. Nəhayət, əsərdə poema janrına xas olan liro-epik xüsusiyyət şeirlə nəsrin növbələşməsi əsasında yaranan dastanlardakı kimi bir-birini mütənasib şəkildə əvəz etməkdən başqa, həm də ağrının və kədərin, həyəcanın və sevginin şiddətini artıran bədii vasitə kimi poemaya "dastanvarilik" gətirmişdir. Dastanlarda epik tərəf daha geniş və qüvvətli olduğu halda, "Mənim Şuşa dastanım"da lirik-psixoloji ovqatın üstün mövqedə olması poemanın orijinallığını müəyyən edir.
Deməli, Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" poeması xalqımızın yaşadığı Şuşa həsrəti və nisgilindən Qarabağ Zəfərinəqədərki bütün ağrıları və sevincləri özündə əks etdirən, bədii cəhətdən ümumiləşdirilmiş orijinal bədii əsərdir. Bu, bir şairin, bir qəlbin timsalında bir xalqın ağrılarının, sevinc və ümidinin, inam və sevgisinin poetik monoloqudur. "Mənim Şuşa dastanım" Azərbaycan yazılı ədəbiyyatının Şuşanaməsidir. Elçin İsgəndərzadə özü də əksər dastanlarda olduğu kimi, "Mənim Şuşa dastanım" poemasının həm müəllifi və həm də əsas qəhrəmanıdır. Əhəmiyyətli cəhət ondan ibarətdir ki, Elçin İsgəndərzadə poemada müəllif, təhkiyəçi kimi də, poemanın əsas obrazı ampluasında da həyatda olduğundan daha çox ədəbiyyat havasında görünür. Beləliklə, o, yaşadıqlarını yazan və yazdıqlarını yaşayan müəllif-qəhrəman kimi ümumiləşir.
Poemada Şuşanın düşməndən azad edilməsindən sonrakı həyat səhnələrinin təsviri və tərənnümü "Mənim Şuşa dastanım" poemasının əsas səhifələrini təşkil edir. Şairin işğal dövründə dağıdılmış Şuşada uşaqlıq xatirələrini, evlərini, itirilmiş dostlarını axtararkən keçirdiyi həyəcanlar dastanlarda ifadə olunan "lələ köçüb, yurdu qalıb" ifadəsinin doğurduğu ağır, çətin, gərgin təəssüratları poetik cəhətdən mənalandırmağa xidmət edir. "Təkcə yaddaşımızı itirmədik" deyən Elçin İsgəndərzadənin Azad Şuşada gördüyü dəhşətin mənzərələri təbii olaraq poemanın hissləri kimi yazılmış "Atam üçün rekviyem"i, "Ağdam camesində yazılan şeir", "Şəhid övladının sevinci", "Şuşadakı evimizin uçuqlarına noktürün", "İdealın Qəmər nənənin əziz ruhuna", "İsa bulağında nənənin qucağında çəkdirdiyim foto"ya, "Bir Şuşa ağrısı", sevgilisi şəhid olan qızın dilindən yazılmış "Əllərim uçur göyə", "Şəhid evimizə elegiya", "Bir evin taleyi" və sair kimi ağrılı şeirlərin vasitəsilə bütün reallıqları ilə canlandırılmışdır. Bunlar əslini, özəlliklərini, övladlarını və gözəlliklərini itirmiş Şuşanın işğaldan sonrakı poetik mənzərəsidir. Elçin İsgəndərzadə müxtəlif illərdə bu mövzuda yazdığı şeirləri və poemalarından parçaları da "Şuşa həsrətli şeirlər" silsiləsi kimi poemaya lirik ricətlər kimi daxil etməklə acılı-ağrılı poetik təəssüratları daha da dərinləşdirmişdir. Bu şeirlər həm də şairin Şuşa dastanının bütövlüyünü təmin edir. Və həmin bütövlük poemanın "Mənim Şuşa dastanım" adlandırılmasını bir daha müəyyən edir.
"Mənim Şuşa dastanım" həyatda da dastanlarda olduğu kimi qələbə ilə bitir. Elçin İsgəndərzadənin final üçün təqdim etdiyi yekun səhnələrdə Şuşa-Qarabağ Zəfəri Böyük Qayıdış ideyaları ilə birlikdə tərənnüm olunur. Poemanın ağrılar və ümidlər üstündə köklənmiş ideya-məzmunu dastan təntənəsi ilə başa çatır:
Biz qayıtdıq -
Arzuların zirvəsində qayıtdıq.
Baharların
Neçə gözəl nəğməsində qayıtdıq.
...Ümidlərin qanadında yollarımız bərkidi,
Yumruq kimi əllərimiz-qollarımız bərkidi.
Biz qayıtdıq -
Vətən kimi, torpaq kimi qayıtdıq,
Ağacından ayrı düşmüş yarpaq kimi qayıtdıq.
"Mənim Şuşa dastanım"da bir neçə şeir var ki, onlardan hər biri final funksiyası daşıyır. Fikrimcə, Azad Şuşanı tərənnüm edən "Şuşam" şeiri poemadakı mətləbləri və müəllif ideyasını daha çox tamamlayır. Xüsusən, "mübarək" rədifi üstündə qurulması bu şeirin final intonasiyasını daha da qüvvətləndirir:
Şuşam, Şuşam, ay Şuşam,
Bu növrağın mübarək!
Hər tərəfə yayılan
Səs-sorağın mübarək!
Durnalarla qayıdan,
Dünyalarla qayıdan,
Ayla-nurla qayıdan
Çılçırağın mübarək...
...Təmtərağın mübarək!
...Çölün, dağın mübarək!
...Yol-yolağın mübarək!
...Bu növrağın mübarək!
Bununla belə, "Mənim Şuşa dastanım" poemasının mənalı epiloqu "Havalansın Xanın səsi, Qarabağın şikəstəsi" kimi məşhur mahnıdakı cəmi iki misra ilə ifadə olunmuşdur.
Beləliklə, Elçin İsgəndərzadənin Şuşanaməsi Şuşa həsrətindən Qarabağ Zəfərinə, Böyük Qayıdış hərəkatınadək keçilmiş yolun, yaşanan həyəcanların və nəhayət, qələbə sevincinin poetik mənasını açıb göstərən intellektual poeziya salnaməsidir.
Bu poemadakı lirik ricətləri və haşiyələri xatırladan şeirlər Qarabağ və Şuşa haqqında obrazlı və düşündürücü poetik monoloqlardır. Bu, Elçin İsgəndərzadənin yeni tarixi dövrün nisgildən sevincə, məğlubiyyət məyusluğundan Zəfərin doğurduğu qeyri-adi qüruraqədərki ictimai-ədəbi düşüncələri əks etdirən mənzum Qarabağnaməsidir. Nəhayət, bu, Böyük Qayıdış hərəkatının müasir poeziyasından ibarətdir.
Hazırda Elçin İsgəndərzadə Azərbaycan Yazıçılar Birliyi Qarabağ şöbəsinin rəhbəri kimi yeni tarixi dövrün bütöv və geniş Azərbaycannaməsinin yaradılması yollarında özünün düşünən və düşündürən poeziyası ilə fəal iştirak edir və onun ümidə, işığa poetik məna verən şeirləri böyük sabahlara doğru inamla yol gedir, vətənin bütövlüyünə nəğmələr qoşmaqla davam edir.
Uğurlar olsun!
28 may 2025-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!