Allahın adı ilə, yaxud Vaqif Səmədoğlunun üçkünc "həmail"i - Rüstəm KAMAL

Rüstəm KAMAL

Poeziyanın sakral cövhəri olmasa, onun mövcudluğu çətinləşər, düşüncəsindəyəm. Poeziya bu duyumu özündə kəşf etməsə, özünü gerçəkləşdirməsi mümkünsüzdür. Poeziya tarixi və din tarixi müxtəlif hadisələrdən təşkil olunsa da, ümumi kökünü hiss etmək olar.

Etiraf edək ki, keçmişin sinkretik sənət növləri kimi, poeziya həmişə dinin "xidmətində" olub. İlk şeirlər himnlərdir, loqaedlərdir. Alkey və Safo öz lirikasını bir çox hallarda məşuqlara deyil, Allahlara bağışlayırdılar. Bütün xalqların ədəbiyyatında sakral varlıqları öymə janrlarına rast gəlirik. Dədə Qorqud alqışları ("yum verəyim, xanım!"), İncil nəğmələri, german eposu formasına görə poeziya deyilmi!

Orta əsrlər poeziyasının sakral sfera il əlaqəsi çox ciddi və konkret idi. Təsəvvüf - irfan düşüncəsi ilə süslənmiş poeziya insanlarda inamı bir az da möhkəmləndirirdi, ona mistik, intim məna verirdi. Təsəvvüf poeziyası, sadəcə, dini süjetlərin, yaxud ənənəvi duaların qrammatik motivlərinin təsviri deyil, mistik təcrübə idi. Poeziya müqəddəslik təcrübəsinə toxunmaq idi. Və həmin təcrübənin sonda heç də dini təcrübəyə çevrilməsi anlamına gəlmir.

İstənilən poeziya sözün geniş mənasında duadır. Allahla olmasa da, öz ruhu ilə, öz içi ilə söhbətdir. Dua kimi, şeir də nitq aktıdır, sözün əmələ keçməsidir. Bəlkə ona görə də sovet şairinin içinin qaranlığından Nura çıxışı zəif idi, poeziyası depressivdir. Şair öz dərdi-qəmi ilə Allahsız baş-başa qalırdı...

Doğrudur, duanı poeziyaya gətirmək də təhlükəlidir, çünki poeziyanın özü emosional - obraz hadisəsidir - balans pozula bilər. Onda ortaya suallar çıxır: şar niyə "dua" yazır? "Dua" şairin yaradıcılıq səlahiyyətinə nə dərəcədə aiddir?

Əgər bir şairə dua etmək lazımdırsa, hazır dua mətnlərindən rahat istifadə edə bilər. Tanrıya şükranlıq, təşəkkür etmək istəyirsənsə, ənənəvi, kanonik dua mətni şeiri əvəz edə bilər.

V.Səmədoğlunun meditativ poeziyasında, dua lirikasında "Allah" arxetipi əsas yer tutur. Psixoloqların fikrincə, "Allah" anlayışının özü insanın irriasional təbiətinin vacib psixoloji funksiyasıdır. Fövqəlqüdrətli, müqəddəs varlıq ideyası insanın şüurunda həmişə mövcud olub, ona görə də təhtəlşüur səviyyəsində, arxetip kimi, arxaik "ilkin obraz" kimi bütün fəaliyyət və yaşam sferalarına yansıyırdı.

Vaqif Səmədoğlu üçün "Allah" mifik addır, özündə qutsal obrazı, həm də Yaradılış süjetini birləşdirən mistik-magik addır. "Allah/Tanrı" adının çağırılması poeziya ilə duanın qarşılıqlı əlaqəsinin göstəricisidir. Allahın adı onun şeirlərində həm də özünün varlığının təsdiqidir.

Ona nə qədər ritorik sualları, şübhələri - sorumları olsa da, şair şüuraltı yenə də Onun varlığına inanırdı. Bəzən Onunla əlaqəni itirsə də, yenə poeziya dili Ona qayıdırdı.

Allah-Tanrı arxetipi mənəvi-əxlaqi kateqoriyadır, Vaqif Səmədoğlunun sakral dəyərlər sistemində Allah yalnız xeyrin, ədalətin təcəssümü deyil. Dünyada Xeyrin təntənəsinə inanmayan şair belə bir pessimist qənaətə gəlmişdi ki, "Nə qədər bəşəriyyət var, Yer üzündə ideal, xoşbəxt cəmiyyət olmayacaq. Bu, bəşəriyyətin sonu demək olardı. Yəni Yaradanı yalnız xeyir kimi qəbul eləmək, yalnız xeyirlə, yaxud əksinə, yalnız şərlə yaşamaq həyatın sonudur. Xeyirlə şər həmişə bərabər gedir. Ancaq indi dünyada şər üstələyib..." (N.Babayeva-Vəkilovanın "Mən sənin yuxunam..." kitabından).

Vaqif Səmədoğlu "dua"larını bir şeirin strukturuna daxil edir, bəzən də kanonik duanın bədii-estetik imitasiyası kimi söyləyir. "Dua" janrı Vaqif Səmədoğlunun orijinal özünüifadə üsullarından biridir, dünyagörüşünün, inanc modelinin poetik ifadəsidir. Dilimizin şifahi söz məkanında yaşayan "dua" janrı Vaqif Səmədoğlu şeirində metafizik janr kimi ortaya çıxırdı.

Yoxsa, sənin də

Könlünə dəymişəm, Allah,

Sərxoş olduğum vaxt?

Bütün dualarım

Geriyə dönür bir-bir.

Ölənə,

Evindən köçənə

Yazılmış məktublar kimi...

Keç günahımdan, Allah...

 

Təkrirlər "dua" bu mətnin ovsun kimi qavranılmasına imkan verir, ünsiyyətin intensivliyini qaldırırdı. Təkrirlərin növlərindən biri də reduplikasiyadır, yəni təkrar olunan sözün sintaktik mövqeyi dəyişməz qalır. Bu şeirdə "Allah" adının təkrarlanması bu sıradandır.

 

İlahi, vaxtdır,

Tanışlıq ver bizə,

Vaxtdır, görün gözə...

Sabah daha gec olacaq.

Özünə də güc olacaq

Bizə çarə qılmağa.

Dünya tamam boşalacaq,

Burda bir yer qalmayacaq

Sənə yuva salmağa.

İlahi, vaxtdır, görün.

Qalmaq istəyirsənsə,

İlahi, vaxtdır, görün.

Olmaq istəyirsənsə...

 

Sözün magik gücünün artırılmasını şeirin bütövlükdə təkrir üzərində qurulması şərtləndirir. "İlahi, vaxtdır, görün" deyiminin mətndə üç dəfə - əvvəldə, ortada və sonda tələffüzü ovsun effekti yaradır.

Onun "dua" mətnlərinin məsamələrində tənhalığın rüzgarı dolaşır. Əgər Tanrı təkdirsə, Onun bəndəsi də təkdir. İnsan dünyaya tək gəlir, dünyadan da tək gedir. Təklik, tənhalıq onun alın yazısıdır. Xalq yazıçısı Anar haqlı olaraq yazır ki, "Vaqif Səmədoğlu poeziyası tənhalıq poeziyasıdır. Şair tənhalığı ins-cinssiz səhrada tək qalmış adamın təkliyi deyil, insanlar içində, insan tünlüyündə, insan bolluğunda duyulan yalqızlıqdır". Bu tənhalıq səhrasında, "tənhalığın səhra sükutunda" onun yeganə həmsöhbəti, sirr yoldaşı Allahdır.

 

Bəlkə dualarımı

Yolda vururlar?!

Yaralı dualar

Yetə bilirmi hüzuruna,

Ulu Tanrı?

Kimin var, Ulu Tanrı,

Məndən savayı bu dünyada?

Kimim var səndən başqa

Bu aləmdə mənim?

Sən tək, mən tək,

Ulu Tanrı...

 

Vaqif Səmədoğlu Allaha dualarında çox sadə, təbii və ünsiyyətcildir. Allahla söhbəti ərkyana, səmimi dialoqdur. Əslində, onun şeiri iki tənhanın - şairin və Allahın dialoq cəhdidir, Allahın səsini eşitmək üçün yazırdı.

 

Ömür sənə yaraşır,

Mənə ölüm də bəsdi.

Allah, keç günahımdan,

Qospodi, prosti...

 

Şair Allaha ünvanlanan bir şeirində isə məşhur bayatını dekonstruksiya edir, onu ovsuna, duaya çevirir.

 

Lələnin harayından,

El yatmaz harayından.

Gündə bir kərpic düşür

Ömrümün sarayından.

 

Vaqif Səmədoğlu duasını "bayatı üzərində" belə oxuyur:

 

Allah

Gündə bir kərpic düşür

Ömrümün sarayından.

Allah

Gündə bir kərpic düşür

Ömrümün

Allah

Gündə bir kərpic

Allah

Gündə bir

Allah

Gündə

Allah.

 

İndi isə bu şeiri ovsun mətnləri müqayisə edək. Bu "qısaltma" üsulu xəstəliyin, təhlükənin və ya kiminsə pis əməlinin tədricən azalmasını imitasiya edir. V.Dal məşhur izahlı lüğətində yazırdı ki, rusların xalq təbabətində üçkünc şəklində yazılmış bu tipli dualardan geniş istifadə olunurdu. İ.P.Saxarovun ovsun kitabında "ifritlərin sehr nəğməsi" də təxminən, bu formadadır. Latış həmailində - duasında oxşar formadan istifadə olunur:

Abracadabra

Bracadabra

Racadabra

Acadabra

Cadabra

Adabra

Dabra

Abra

Bra

Ra

A

 

Yaxud "hərfi həmail" mətni də belədir:

 

A.

A.B.

A.B.R.

A.B.R.A.

A.B.R.A.K.

A.B.R.A.K.A.

A.B.R.A.K.A.D.

A.B.R.A.K.A.D.A.

A.B.R.A.K.A.D.A.B

A.B.R.A.K.A.D.A.B.R.A.

A.B.R.A.K.A.D.

A.B.R.A.K.A.

A.B.R.A.K.

A.B.R.A.

A.B.R.

A.B.

A.

 

Bu mətn isə əslində kabbalist ənənədə geniş yayılmış ovsunlardan biridir, adətən "qısaldılan", "atılan" müəyyən sayda təkrarlanan sözlərdən təskil olunur. "Abrakadabra"nı tədricən yoxa çıxan xəstəliyin dinamik modeli kimi qəbul etmək olar. Bu ovsunun açar sözü qədim yəhudi dilində abreq ad habra - "göndər öz ildırımını, hələ o öldürməmiş" deyimidir (Makovskiy M.M. Sravnitelğnıy slovarğ mifoloqiçeskoy simvoliki v indoevropeyskix əzıkax: Obraz mira i mir obrazov. M.1996.). Bu magik sözün haldey mənşəli olmasına inananlar da var: "Abhada Ke Dabra" - "qızdırmaya qarşı söz kimi, cürü" (Uollis Badj Grnest "Amuletı i sueveriə". M.2001.).

XX əsr rus şairi Vasili Kamenskinin "Mən" şeiri (1914) tipik üçkünc həmail - duanı xatırladır.

 

İzluçistaya

Luçistaya

Qustaya

Ustaya

Staya

Taya

Aya

Ya

 

("Pogziə russkoqo futurizma")

 

Göründüyü kimi, Vaqif Səmədoğlunun "bayatı dekonstruksiyası" xristian, slavyan həmaillərini - dualarını xatırladır. V.Səmədoğlu qədim kahinlərdən fərqli olaraq, hər misranın, sözün "qısaltması" yolu ilə gedir. Hər dəfə, hər misrada sözün biri "kəsilib atılır". Sakral-magik mətnin effektviliyi naminə - "Allah" sözü poetik konstruksiyanın sonunda saxlanılır.

"Allah" adının təkrarlanması mətnin təlqinediciliyini (suqqestivliyini) gücləndirir. Və sonda şair Onunla baş-başa qalır - "vəhdəti-vücud" olur...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!