"Ədəbiyyat qəzeti" filologiya elmləri doktoru, professor Vüsalə Musalının professor Vilayət Cəfərovun 85 illik yubileyinə yazdığı məqaləni təqdim edir.
Dost! Tərcümeyi-hal soruşma məndən,
Sanma sevinclərim, əzablarımdır.
Tərcümeyi-halım, nə danım səndən,
İrili-xırdalı kitablarımdır...
Əli Tudə
"Tərcümeyi-halımı soruşma məndən..." - deyə yazırdı şair Əli Tudə. Bəli, bəzən bir insanın ömür yolu haqqında danışmaq üçün sadəcə doğum və ölüm tarixləri yetərli olmur. Alim həyatı yazdığı, tərcümə etdiyi, araşdırdığı, çap etdirdiyi əsərlərdə yaşayır. Elm dünyasında adını ərəb ədəbiyyatının yorulmaz tədqiqatçısı kimi yazdırmış filologiya elmləri doktoru, professor Vilayət Cəfərov da məhz belə şəxsiyyətlərdəndir. Onun zəngin elmi irsi, Şərq poeziyasının klassik və neoklassik qatlarına enən tədqiqatları, tərcüməçilik fəaliyyəti və pedaqoji xidməti, Azərbaycan şərqşünaslığında silinməz izlər buraxmışdır.
Şərqşünas-ərəbşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor Vilayət Abbasqulu oğlu Cəfərov 15 may 1940-cı ildə Azərbaycanın Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. İlk təhsilini Tovuz şəhərindəki A.S.Puşkin adına orta məktəbdə almışdır. Əmək fəaliyyətinə 1960-cı ildə "Orcenikidzeneft"də qaz köməkçisi olaraq başlamışdır.
1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır. V.Cəfərov universiteti bitirdikdən sonra 1965-1967-ci illərdə Yəməndə, 1978-1981-ci illərdə isə İraqda tərcüməçi kimi fəaliyyət göstərmişdir. Bu dövr onun ərəb dilini və mədəniyyətini dərindən öyrənməsinə imkan yaratmışdır.
Vilayət Cəfərov 1971-ci ildə "Cəmil Sidqi əz-Zəhavinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2002-ci ildə isə "İraqda neoklassik poeziya" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. Onun elmi yaradıcılığı Şərq ədəbiyyatını, xüsusən də ərəb poeziyasını əhatə etmişdir.
V.Cəfərov 1967-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsində fəaliyyətinə davam etmişdir. Uzun illər Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Həmçinin Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Vilayət Cəfərov AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Dünya ədəbiyyatı" ixtisası üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komissiyasının sədri kimi də fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun rəhbərliyi altında 10-a yaxın dissertasiya müdafiə olunmuşdur.
Cəfərovun ədəbiyyat və elmi fəaliyyətlərindəki müstəsna yeri, AMEA Rəyasət Heyətinin onu bir neçə dəfə təltif etməsi ilə təsdiqlənmişdir. Şərqşünaslıq İnstitutunun 50 illiyi münasibətilə ona verilən AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı, onun bu sahəyə etdiyi əvəzsiz töhfələri qiymətləndirmək məqsədi ilə təqdim edilib. Azərbaycanın təhsil sahəsindəki töhfələrinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Vilayət Cəfərovun iki övladı var: Xəyal Cəfərov və Günay Verdiyeva. Hər ikisi də öz sahələrində uğurlu karyera sahibidirlər. Xəyal Cəfərov SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktorudur. F.ü.f.d., dosent Günay Verdiyeva isə AMEA Şərqşünaslıq İnstitutunun İran Filologiyası şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
Vilayət Cəfərov 21 fevral 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Professor Vilayət Cəfərov çağdaş Azərbaycan ədəbiyyatşünaslığında ərəb ədəbiyyatının tədqiqi və tərcüməçilik sahəsində xidmət göstərmiş alim və tərcüməçidir. Onun elmi yaradıcılığı ərəb ədəbiyyatının klassik və müasir dövrlərinin dərindən öyrənilməsinə, Azərbaycan-ərəb ədəbi əlaqələrinin təhlilinə və mühacirət ədəbiyyatının elmi təhlilinə həsr olunmuşdur.
Vilayət Cəfərovun elmi yaradıcılığı, ərəb ədəbiyyatının müasir və klassik dövrlərini əhatə edən çoxşaxəli tədqiqatları ilə diqqət çəkir. Onun elmi tədqiqatlarında əsasən aşağıdakı istiqamətlər ön plana çıxır:
1. Ərəb poeziyasının tarixi və inkişafı, klassik və neoklassik dövr poeziyasının elmi təhlili.
2. Ədəbi əlaqələr: Azərbaycan və ərəb ədəbiyyatları arasındakı qarşılıqlı təsirlərin öyrənilməsi.
3. Tərcümə fəaliyyəti: Ərəb ədəbiyyatının Azərbaycan mühitində təqdimi.
4. Mühacirət ədəbiyyatı: Mühacir şair və yazıçıların yaradıcılığının tədqiqi.
Vilayət Cəfərovun elmi fəaliyyətində ərəb ədəbiyyatının tədqiqi mühüm yer tutur. Onun bu sahədəki əsas əsərlərindən biri "Cəmil Sidqi əz-Zəhavi" (1984) adlı monoqrafiyadır. Cəmil Sidqi Zəhavi (1863-1936) İraqın görkəmli şairi, pedaqoqu və filosofudur. O, qadın hüquqlarının müdafiəçisi kimi tanınmış və müasir ərəb poeziyasının ən böyük nümayəndələrindən biri hesab olunur. V.Cəfərov, "Cəmil Sidqi əz-Zəhavi" sərlövhəli monoqrafiyasında ərəb poeziyasının modernizmlə klassik üslub arasında keçid mərhələsini təhlil edir.
V.Cəfərovun digər mühüm əsərlərindən biri "İraqda neoklassik poeziya" (1998) adlı kitabıdır. Məlum olduğu kimi, İraqda neoklassik poeziya, XIX əsrin sonu və XX əsrin əvvəllərində yaranmış, ənənəvi ərəb poeziyasının forma və mövzu xüsusiyyətlərini qoruyaraq, modern üslub və ideyalarla zənginləşmişdir. "İraqda neoklassik poeziya" monoqrafiyasında V.Cəfərov İraq poeziyasının neoklassik dövrünü dərindən təhlil edir, şairlərin klassik ənənələrə bağlılığı və müasir meyillərlə sintezini araşdırır. Bu tədqiqat ərəb ədəbiyyatının müasir dövrünü anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Vilayət Cəfərovun "İraq-Türkiyə poetik əlaqələri" adlı kitabı təxminən, bir əsr ərzində İraq və Türkiyə arasında poetik əlaqələrin inkişafını araşdırır. Kitabın əsas mövzusu, mühacirətdə olan iki məşhur şair - iraqlı Əbdül Vəhab əl-Bəyati və Türkiyədən gələn Nazim Hikmətin Moskva mühacirətində qurduqları dostluq əlaqələri və bunun İraq-Türkiyə poetik münasibətlərinə təsiridir. Kitabda XIX əsrin ikinci yarısından başlayaraq İraq və Türkiyə arasında poetik əlaqələrin tarixi müfəssəl şəkildə şərh olunur. Müəllif, Osmanlı imperiyasının tərkibində olduğu dövrlərdə bu əlaqələrin inkişafına diqqət yetirir. Bu müddətdə Midhət Paşa kimi ictimai-siyasi xadimlərin və Cəmil Sidqi Zəhavi, Məruf ər-Rusafi kimi şairlərin rolu xüsusi vurğulanır. Kitabdakı əsas məqamlardan biri, Əbdül Vəhab əl-Bəyati ilə Nazim Hikmətin Moskva mühacirətində qurduğu dostluqdur. Kitabda, həmçinin İraq-Türkiyə poetik əlaqələrinin tarixi inkişafı, Osmanlı dövründən müasir dövrə qədər olan proseslər və bu əlaqələrin siyasi təsirləri haqqında məlumat verilir.
Azərbaycan-Ərəb ədəbi əlaqələrinin öyrənilməsi də V.Cəfərovun yaradıcılığında xüsusi yer tutur. Ədəbi əlaqə, müxtəlif xalqların və ya mədəniyyətlərin ədəbiyyatlarının bir-birinə təsir etməsi, qarşılıqlı əlaqədə olması və bu əlaqələr nəticəsində yeni ədəbi əsərlərin yaranması deməkdir. Bu əlaqələr vasitəsilə müxtəlif ədəbi ənənələr, üslublar, mövzular və janrlar qarşılıqlı şəkildə zənginləşir və inkişaf edir. Ədəbi əlaqələr əsasən tərcümə, ortaq mövzularda yazılan əsərlər, ədəbi təsirlənmələr və mədəni mübadilələr yolu ilə qurulur. Məsələn, Azərbaycan-ərəb ədəbi əlaqələrində Azərbaycan şairlərinin ərəb poeziyasından təsirlənməsi və ya ərəb şairlərinin Azərbaycan ədəbiyyatına maraq göstərməsi bu əlaqələrin nümunəsidir. Ədəbi əlaqələr sayəsində xalqlar bir-birinin ədəbi irsini daha yaxından tanıyır, yeni poetik formalar və ifadə vasitələri qazanır və nəticədə milli ədəbiyyatlar beynəlxalq səviyyədə daha da zənginləşir. Bu baxımdan Azərbaycan-ərəb ədəbi əlaqələri səciyyəvi xarakter daşıyır. Əsrlər boyu bu iki mədəniyyət arasında yaranan ədəbi əlaqələr həm poeziyanın, həm də elmi-fəlsəfi fikrin inkişafında mühüm rol oynamışdır. Azərbaycan şairlərinin ərəb poeziyasından ilham alması və ərəb ədəbiyyatının Azərbaycan mədəniyyətinə təsiri, bu əlaqələrin gücünü və əhəmiyyətini göstərir. Bu istiqamətdə V.Cəfərovun "Azərbaycan-ərəb ədəbi əlaqələri" (1998) adlı məqaləsi diqqətəlayiqdir. Burada müəllif, Azərbaycan və ərəb ədəbiyyatları arasındakı qarşılıqlı təsirləri və ədəbi ənənələrin mübadiləsini araşdırır. Vilayət Cəfərov ərəb poeziyasının Azərbaycan ədəbiyyatına təsirini təhlil edərək, bu əlaqələrin tarixi və müasir aspektlərini peşəkarcasına ortaya qoyur.
Vilayət Cəfərovun "Əli Qılıncı Zülfüqar" (2000) adlı əsəri, İslam tarixinin ən mühüm və simvolik simalarından biri olan Əli ibn Əbu-Talibin məşhur Zülfüqar qılıncının tarixi və mədəni əhəmiyyəti haqqında bir araşdırmadır. Qılıncın "ikiuclu" olması, təkcə onun fiziki xüsusiyyətinə işarə etməklə kifayətlənmir; həm də onun simvolik mənası vardır. Zülfüqar, bir tərəfdən, Hz.Əlinin döyüş gücünü və cəsarətini təmsil edərkən, digər tərəfdən, onun müdrikliyini və ədalətini də ifadə edir. Beləliklə, Hz.Əlinin rəhbərliyi altında Zülfüqar, həm silah, həm də haqqın qorunması və ədalətin təmin edilməsi üçün istifadə edilən bir simvol kimi məşhurlaşmışdır. Kitabda, Zülfüqar adının bu qılınca necə və niyə verildiyi, onun tarixi kontekstdəki rolu və Əli ibn Əbu-Talibin şəxsiyyətinin simvolu olaraq bu qılıncın necə formalaşdığı diqqətlə araşdırılmışdır. V.Cəfərov, əsərin Ön sözündə, bu araşdırmanın əsasını ərəb mənbələrindəki Zülfüqarla bağlı məlumatların təşkil etdiyini və bu məlumatların təhlilinə əsaslandığını qeyd edir. Müəllifin kitabı hazırlamaqda məqsədi yalnız tarixi bir hadisəni araşdırmaqla məhdudlaşmır; o, Birinci Qarabağ müharibəsi zamanı gənclərə Əli ibn Əbu-Talibin şücaətini, ədalətini, qeyrətini və döyüş bacarıqlarını təbliğ etməyi qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə kitab, gənclərə bir yolgöstərici olaraq Hz. Əlinin dəyərlərini aşılamanın vacibliyini ön plana çıxarır.
Vilayət Cəfərovun yaradıcılığında mühüm yer tutan istiqamətlərdən biri də ərəb mühacir ədəbiyyatıdır. "Qürbətdə yaranan dostluq" adlı əsərində o, mühacir şairlərin həyatını və ədəbi fəaliyyətini təhlil edir. Bu əsərdə mühacir həyatının sosial və mənəvi aspektləri, onların yaradıcılıq imkanlarına təsiri geniş şəkildə işıqlandırılır. Mühacir ədəbiyyatının bədii və ideoloji çalarlarını dərinliklə təhlil edən V.Cəfərov, milli kimlik və vətənpərvərlik mövzularının əhəmiyyətini vurğulamışdır.
Vilayət Cəfərovun yaradıcılığında tərcüməçilik mühüm istiqamətlərdən biridir. Onun tərcümə etdiyi "Curcu Zeydan. Fərqanə gəlini" əsəri Azərbaycan oxucusunu ərəb ədəbiyyatının zəngin irsi ilə tanış etmişdir. "Ərusu-Fərqanə", yəni "Fərqanə Gəlini", məşhur ərəb yazıçısı Curcu Zeydanın əsərlərindən biridir. Bu roman, Curcu Zeydanın 1908-ci ildə qələmə aldığı tarixi-romantik bir əsərdir. Əsərin tərcüməsində müəllifin poetik üsluba sadiq qalması və ərəb mədəniyyətinə hörmətlə yanaşması təqdirəlayiqdir.
Antologiyalar; müəyyən mövzu, dövr və ya ədəbi cərəyan üzrə seçilmiş əsərləri bir araya gətirən toplulardır və ədəbiyyatın inkişafında mühüm rol oynayır. Onlar ədəbi irsin qorunmasına, tədris və tədqiqat prosesinə töhfə verir, mədəni inteqrasiya yaradır. Fərqli dövrlərin və üslubların zənginliyini əks etdirən antologiyalar, oxuculara ədəbiyyatın rəngarəngliyini bir yerdə təqdim edir. "Ağ günlərin sorağında: İraq ədəbiyyatından nümunələr" antologiyası 1983-cü ildə Vilayət Cəfərov tərəfindən hazırlanmışdır. Bu toplu, İraq ədəbiyyatının seçmə nümunələrini Azərbaycan oxucusuna təqdim edir. Əsərdə azadlıq mübarizəsi, vətənpərvərlik, müharibə travmaları və insan taleyi kimi mövzular ön plandadır. Vilayət Cəfərovun bu antologiyadakı tərcümələri orijinalın poetik ruhunu qoruyaraq Azərbaycan dilində yüksək səviyyədə təqdim edilmişdir. Antologiya, İraq ədəbiyyatının zənginliyini və çoxşaxəliliyini Azərbaycan oxucusuna çatdırmaqdadır.
Vilayət Cəfərovun tərcümə etdiyi əsərlər arasında müxtəlif Ərəb ölkələrindən olan müəlliflərin əsərləri də yer alır. Bunların arasında Süleyman Musa (İordaniya) tərəfindən yazılmış "Miras" və Adil Əbu Sənəb (Suriya) tərəfindən qələmə alınmış "Açar" hekayələri vardır. Bu əsərlər, ərəb ədəbiyyatının sosial və mənəvi mövzularını Azərbaycan dilində uğurla oxucuya çatdıran tərcümələrdəndir.
V.Cəfərovun iştirak etdiyi konfranslara nəzər saldıqda onun elmi fəaliyyətinin geniş spektrini və müxtəlif mövzuları əhatə etdiyini görürük. Alimin iştirak etdiyi elmi simpozium və konfranslarda təqdim etdiyi məruzələr tematik baxımdan aşağıdakı istiqamətlər üzrə sistemləşdirilə bilər:
Birinci istiqamət - ədəbi əlaqələr və mədəni inteqrasiya ilə bağlıdır. Bu çərçivədə təqdim etdiyi "Azərbaycan-İraq ədəbi əlaqələri", "Azərbaycan-ərəb ədəbi əlaqələri", "Azərbaycanın ərəb dünyası ilə mədəni əlaqələri" kimi məruzələrində Vilayət Cəfərov iki regionun - Azərbaycan və ərəb aləminin - ədəbi və mədəni münasibətlərini tarixi aspektdə təhlil etmiş, bu əlaqələrin qarşılıqlı təsirini və çağdaş dövrdəki aktuallığını elmi əsaslarla şərh etmişdir.
İkinci istiqamət - ədəbiyyatda klassik ənənələr və müasirlik problemi ilə bağlıdır. "Şərq-Qərb ədəbi əlaqələri", "Ədəbiyyatda klassik ənənələr və müasirlik", "Şərq poeziyasında novatorluq ənənələri" kimi məruzələrində, klassik poetik formaların müasir ədəbiyyatda yaşama potensialını və yeni poetik axtarışların bu zəmin üzərində formalaşmasını araşdırmışdır.
Üçüncü istiqamət isə - neoklassik poeziyanın spesifik xüsusiyyətlərinə həsr olunmuşdur. Bu sahədə alim İraq ədəbiyyatında neoklassik cərəyanın təşəkkülü, forma və məzmun xüsusiyyətləri, maarifçilik ideyaları ilə zənginliyi kimi məsələlərə diqqət yetirmişdir. "İraq ədəbiyyatında neoklassik poeziyanın xüsusiyyətləri", "İraq neoklassik şeirində maarifçilik ideyaları", "İslam İraq neoklassik şairlərinin yaradıcılığında" kimi məruzələrində Cəfərov, bu ədəbi istiqamətin klassik ərəb poeziyasına bağlılığı ilə yanaşı, müasirliklə uzlaşma imkanlarını da aydın şəkildə ortaya qoymuşdur.
Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının görkəmli simalarından biri kimi zəngin elmi irs qoyub getmişdir. Onun erkən vəfatından sonra bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi işində professor Vilayət Cəfərovun xidmətləri xüsusilə önəmlidir. Vilayət Cəfərov Aida xanımın elmi və insani keyfiyyətlərini təkcə nekroloqlarda deyil, həm də dərin təhlillərlə zəngin elmi və publisistik məqalələrində yaşatmışdır. Onun tərtib etdiyi xatirə yazıları, nəşrə hazırladığı məqalələr və verdiyi şərhlər İmanquliyeva irsinin sistemləşdirilməsində və elmi dövriyyəyə daxil edilməsində mühüm rol oynamışdır.
Vilayət Cəfərovun rəhbərliyi ilə formalaşan elmi məktəb Azərbaycan ərəb filologiyasında xüsusi yer tutur. O, klassik və müasir ərəb ədəbiyyatını, ərəb məhcər ədəbiyyatını və Şərq-Qərb ədəbi əlaqələrini dərindən araşdıraraq sahəyə yeni yanaşmalar gətirmişdir. Cəfərovun rəhbərliyi ilə Səbinə Səlimova, Fatma Məcidova, Anar Eyvazov, Səadət İbrahimova, Xuraman Əliyeva, Kamil Şərifov, Mirkərim Hüseyni kimi gənc tədqiqatçılar uğurlu dissertasiyalar müdafiə etmişlər. Onun vəfatından sonra da bu məktəb öz varlığını davam etdirərək, Şahanə Şahbazova və Əzizə İsmayılova kimi yetirmələrinin uğurları ilə zənginləşmişdir. Bu elmi məktəb, ərəb filologiyasının aktual problemlərinə dair araşdırmaları ilə bu gün də yaşayır.
Vilayət Cəfərovun zəngin elmi irsi arasında nəşr olunmamış, lakin elmi dəyəri və mövzu aktuallığı ilə seçilən bir sıra əsərləri də mövcuddur. Vilayət Cəfərovun işıq üzü görməmiş əsərləri sırasında "Professor Aida İmanquliyeva", Əmin Ər-Reyhaninin "Müluk əl-Ərəb" əsərindən bir bölümdən ibarət tərcümə-təhlil yazısı, "Harun ər-Rəşid və oğullarının ərəb ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətləri" mövzusunda araşdırması, eləcə də "Ərəb tarixi romanında Bərməkilər" adlı tədqiqatı yer alır.
Tovuz əsrlərdir ki, sazın-sözün beşiyi, aşıq sənətinin qaynar ocağı kimi tanınıb. Bu bölgədə saz bir alət deyil, həyatın özüdür. Tovuzda H. Bozalqanlı, Aşıq Əsəd, Aşıq Vəli, Mikayıl Azaflı, Aşıq Səməd Köhnəqalalı, Aşıq Yolçu Məhərrəmov, Aşıq Gülarə Azaflı kimi onlarca ustad sənətkar yetişib. Elə Vilayət Cəfərovun da şeirlərində bu ruh aydın hiss olunur - o, sözə bir aşıq səmimiyyəti ilə yanaşır, şeirə sazın nəfəsini gətirir. Onun poeziyası Tovuzun zəngin sənət mühitindən qidalanır, sazla yoğrulmuş xalq ruhunu yaşadır. V.Cəfərovun akademik Z.Bünyadovun xatirəsinə yazdığı "Deyildir" şeir və "Əli qılıncı Zülfüqar" kitabındakı "Hz. Əli" şeirinu nümunə kimi göstərmək olar.
Vilayət Cəfərovun elmi fəaliyyəti, xüsusən ərəb ədəbiyyatına dair apardığı araşdırmalarla önə çıxır. Onun ərəb ədəbiyyatının müxtəlif sahələrindəki tədqiqatları, bu ədəbiyyatın dil, üslub və mövzu baxımından dərindən təhlilinə töhfə vermişdir. Professorun tərcüməçilik fəaliyyəti də mühüm rol oynamış, Azərbaycanda ərəb ədəbiyyatının müxtəlif nümunələrini tanıtdırmışdır. Vilayət Cəfərov yalnız kitabları, tədqiqatları ilə tanınmamış, həm də özünün elmi məktəbini yaradaraq, bu sahədə çalışan bir çox gənc tədqiqatçını yetişdirmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!