Abşeron sahillərində peyda olan Poseydon və məhəbbət savaşı - Kənan Hacı

İlqar Fəhminin özü və sözü haqqında

Onunla ara-sıra şeir-qəzəl məclislərində rastlaşırdıq, amma yaxından tanış deyildik. Bədii ədəbiyyata hədsiz marağım olsa da, hələ ki, qəzetçilik məni daha çox cəlb edirdi. Həm də xarakter etibarilə introvert tip olmağım mənim insanlarla ünsiyyət qurmağıma bəzən ciddi şəkildə mane olurdu. İş elə gətirdi ki, 2004-cü ildə ədəbi yönümlü bir qəzetdə birlikdə çalışmalı olduq. Onu yaxından tanımağım üçün fürsət yarandı və bu tanışlıq nə gizlədim, mənim ədəbi taleyimdə yaxşı mənada bir iz buraxdı.

Sonra biləcəkdim ki, onun da atası mənim atam kimi Neft daşlarında çalışıb, çox güman ki, bir-birlərini tanıyırmışlar. Çünki qırx beş il fasiləsiz olaraq dənizdə çalışan atam ömrünü möcüzələr adasına həsr edənlərin əksəriyyətini tanıyırdı. Əlbəttə, söhbət gözəl yazıçı, şair, ssenarist İlqar Fəhmidən gedir. Onun yaradıcılığını mənə doğmalaşdıran ən başlıca cəhət bizim eyni mühitə mənsub olmağımızdır. Mübaliğəsiz demək olar ki, İlqar Fəhminin "Bakı tarixindən kollaj" əsəri Bakı haqqında yazılmış ən gözəl kitabdır, həzin bir saqadır. Bu qədim şəhərin keçmişi ilə bu gününü müqayisə edərkən yazıçı elə bənzərsiz təşbehlər yaradır ki, köhnə Bakı, bu şəhərin əyri-üyrü küçələri, darısqal dalanları, məşhur məhəllələri  bütün xırda cizgilərinə qədər oxucunun gözü önündə canlanır. Müəllif Bakının az qala, hər daşı altından bir xatirə çıxarıb onu məzəli formada, incə yumorla, idiomatik ifadələrlə, elə şəhərin öz dialektində, bakılılara doğma və şirin ləhcədə təqdim edir. Elə zənn edirsən ki, şəhər müdrik baba kimi mütəkkəyə dirsəklənib kəhrəba təsbehini çevirə-çevirə sənə öz cavanlığından danışır. İlqar əsərin altıncı fraqmenti əsasında sonralar ayrıca bir pyes yazdı - "Tut ağacı". Bakının spesifik xüsusiyyətləri, urbanizasiyanın qaçılmazlığı fonunda insanların öz keçmişinə, adət-ənənələrinə, milli kökə bağlılığı bir və bir neçə hadisənin fonunda göstərilir. Və Bakının konseptual portreti təqdim olunur. Hər şeyə rəğmən şəhər öz simasını dəyişir, amma biz o ağzı dualı nənələrimizi,  sözübütöv kişiləri unuda bilmirik. Köhnə Bakı nostalgiyası İlqar Fəhminin az qala, bütün əsərlərini təqib edir və bu nostalji hiss yaxşı mənada oxucuya da yoluxur. Hamımızın geniş pəncərələrdən baxdığımız şəhəri yazıçı termometr çubuğunun içindəymiş kimi atmosfer durumu olaraq hiss edir. Bakının gerçək üzünü onun türklər demiş, "arka sokakları"nda görürük.

İlqar Fəhminin "Aktrisa" romanını çap olunmazdan öncə, hələ əlyazma halında oxuyanlardan biri də mənəm. O vaxt bu romanla bağlı qeydlərimi də yazmışdım, həmin qeydlər indi də arxivimdə qalır. Özüylə də bu romanla bağlı söhbətlərimiz olmuşdu, hələ o vaxt qeydlərimdə yazmışdım ki, mən bu romanı oxumadım, bir film kimi izlədim. Nə xoş ki, sonralar "Aktrisa" Azərbaycan kinosunun ən uğurlu və yaddaqalan filmlərindən oldu. "Aktrisa"dan söz düşmüşkən bir məqamı da qeyd edim. Bu günlərdə türk yazarı və psixoloqu Azra Sarızeybek Kohenin "Fi, Çi və Pi" romanının motivləri əsasında çəkilmiş altı seriyalı eyni adlı filmi izlədim. Müəllifinə çox böyük uğur qazandıran romanın ardından çəkilmiş film də milyonlarla insan tərəfindən izlənildi və böyük marağa səbəb oldu. Baxanlar bilir, filmdə hadisələr məşhur psixoloq Can Manayın konservatoriya tələbəsi Duruya vurulması və bu qarşılıqsız sevgi fonunda cərəyan edir. Qızın sevgilisi var və cütlük Can Manayın qonşuluğundakı bağ evində yaşayırlar. Can Manay evindəki monitordan qızın həyatını izləyir. Bu məqam mənə İlqar Fəhminin "Aktrisa" romanından bir səhnəni xatırlatdı ki, roman məhz bu səhnənin üzərində qurulub. Yazıçı asudə şəraitdə əsərini yazmaq üçün şəhərdən bağa köçür və bağ qonşuluğunda yaşayan aktrisa onun həyatını büsbütün axarından çıxarır. Sonralar bu əsər ekranlaşdırıldı və Azərbaycan kinosunun ən çox sevilən filmlərindən oldu.

İlqar gözlənilməz süjetlərin ustasıdır. Dünya nəsrində bu gün yaranan əsərlərin bəzilərində elə süjetlərlə rastlaşıram ki, düşünürəm, İlqar bu ədəbi fəndlərdən hələ neçə illər öncə istifadə edib. "Akvalanq" romanı sadə və sadə olduğu qədər də mürəkkəb süjet xəttinə malik bir əsərdir. Roman Abşeron çimərliklərində dəniz Tanrısı Poseydonla rastlaşan evli qadının dilindən nəql olunur. Miflər insanların öz həyatlarına məna qatmağa müəyyən mənada yardım edir. Yunan mifologiyasından çıxıb gəlmiş Poseydon qadının darıxdırıcı həyatına bir əyləncə qatır, onun hisslərini ələ alır, onu xəyanətə təhrik edir. O, ərini sevir, ancaq başı rəsm çəkməyə qarışmış Azad sanki onu unudub, tabloda öz yerini almağa çalışan mələklərin əsirinə çevrilib. Qadın isə sevgi, diqqət, nəvaziş istəyir. Yazıçı romanda həyatın sənətə, sənətin həyata necə toxunduğunu və bu toxunuşun bəzən yaradıcı, bəzənsə öldürücü olduğunu əyani şəkildə göstərə bilib. Qadın dənizdə çimərkən medalyon tapır və həmin medalyonun içində öz şəklinin olduğunu görür. Hər şey də bundan sonra başlayır, o, artıq tora düşüb. Poseydonla görüş bu məkanda baş verir. Qadının xəyalları dənizin dalğaları kimi ləpələnir, onu uzaqlara aparıb çıxarır. O, özünü Poseydonun sevgilisi kimi aparır. Mif sanki öz oxşarını müasir versiyada yaradır. Yazıçının sınırsız təxəyyülü oxucunu dənizin göylə birləşdiyi üfüq xəttinə qədər aparır. Abşeron mühitinin zəngin koloriti, sadə kənd adamlarının səmimiyyəti, həzin lirizm, yazıçının ironik, məzəli üslubu, gərginliyi azaldan yumoru, obrazların psixoloji cizgilərinin açılması, daxili aləmin zənginliyi oxucuda unudulmaz təəssüratlar yaradır.

Təhkiyədən tam imtina üzərində qurulmuş "Evtanaziya" kinoromanı da hisslərin ölməzliyi haqqındadır. Bəstəkar Kamran və aktrisa Nərgizin sevgi savaşı və sonda hər ikisinin məğlubiyyəti... Rəssam Dilarənin bu savaşda özünü qurban verməsi... Məhəbbət üçbucağı...

İlqar Fəhmi yaradıcılığın bütün sahələrinə baş vurmuş və uğur qazanmış qələm adamıdır. Qəzəl, hekayə, povest, roman, ssenari, pyes, esse... Hələ mən onun dünya ədəbiyyatından etdiyi tərcümələri demirəm. Geniş erudisiyası, yaradıcı entuziazmı ona bir-birindən maraqlı əsərlər yazdırıb. Onun beyni daim mövzularla doludur. Hərdən düşünürsən ki, o, səninlə söhbət edərkən belə beynində hansısa əsərin süjetini qurur. İlqar Fəhmi bizə Tanrının verdiyi Vaxtı ən çox dəyərləndirən və günləri, saatları, dəqiqələri sözlərə çevirən bir yazıçıdır.

Uzun illər bundan öncə ona "Ruh külçəsi" adlı bir şeir həsr etmişdim. Həmin şeiri o vaxt özünə oxumuşdum. Bu yazıda şeirdən bir bəndi xatırlatmaq istəyirəm:

Sözün nazını çəkdin, sənə öz sirrini açdı,

bu səxavət dənizi çağladı, daşdı.

Eşqin açarı bir qapı açdı üzünə,

ruhun çəməni gördün necə ətrilə dil açdı? 

Sözün cəfasını çəkənləri həmişə uğur müjdələyir. Həyatımın qara zolağa düşdüyü günlərin birində düşündüm ki, bir gün xəstələnib yatağa düşsəm, əlyazmalarım itib-batacaq. O anda ilk ağlımdan keçən İlqar Fəhmi oldu. Götürüb bir vəsiyyətnamə yazdım ki, başıma bir iş gəlsə, əlyazmalarımı İlqar Fəhmiyə etibar edirəm. Bunu bir dəfə köşə yazılarımdan birində də xatırlatmışam. O yazını oxuyanlardan bir neçəsi soruşdu ki, niyə məhz o? Məncə, bu yazıda o sualın cavabı var.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!