Makovelski. Polyak əsilli Azərbaycan filosofu - Firuz MUSTAFA

O, Azərbaycan fəlsəfə elminin təşəkkül və inkişafında müstəsna rol oynayıb.

O, bütün dünyada Şərq və Qərb fəlsəfəsinin tədqiqi sahəsində ən böyük alimlərdən biri hesab olunur.

Akademiklərdən - Heydər Hüseynov, Firudin Köçərli, Ziyəddin Göyüşov, Aslan Aslanov onun yetirmələri idi.

O, özünü məhz Azərbaycan alimi hesab edirdi.

Akademik Aleksandr Osipoviç Makovelski. Antik fəlsəfə, məntiq və psixologiya üzrə dünyanın tanınmış alimi.

Makovelski 2 iyul 1884-ci ildə Qrodno şəhərində polyak ailəsində anadan olmuşdur. Xatırlatmaq istərdim ki, orta əsrlərdə bu şəhər Litva knyazlığının paytaxtı olub. 1921-ci ildə Riqa sülh sazişinə əsasən şəhər Polşanın tərkibinə daxil olub, İkinci Cahan müharibəsinin sonlarında (1944-cü ildə) isə şəhər Belarusun tərkibinə keçib. 

Aleksandr Osipoviç Qrodnoda klassik gimnaziyanı bitirdikdən sonra Kazan Universitetinin tarix-filoloji fakültəsində təhsil alıb. O, 1908-ci ildən pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.

Makovelskinin həyat və fəaliyyətinin mühüm bir mərhələsi Azərbaycanla bağlı olub. O, 1946-ci ildən SSRİ Elmlər Akademiyasının tarix və fəlsəfə bölməsinin müxbir üzvü (tarix-fəlsəfə üzrə) olmuş,1949-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Alimin fundamental əsərləri antik fəlsəfə, məntiq və Yaxın Şərq xalqlarının fəlsəfə tarixinə həsr edilmişdir.

Makovelski 16 dekabr 1969-cu ildə Bakı şəhərində vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edilmişdir.

...Desəm ki, Makovelski mənim adını eşitdiyim ilk filosoflardan biri olub, təəccüblənməyin. Bunun öz tarixi var. Məsələ burasındadır ki, qonşumuz, tanınmış pedaqoq Qasım Köçəri oğlunun yolu hərdən Bakıya düşürdü və oradan qayıtdıqdan sonra o, öz təəssüratlarını həvəslə həmkarlarına və şagirdlərinə danışırdı. Qasım müəllimin Osip Makovelski ad-soyadlı bir alim haqda söylədikləri onu dinləyənlər arasında xüsusi maraq kəsb edirdi. O vaxt mən orta məktəbin aşağı sinfində oxuyurdum. Qasım Köçəri oğlu bizim qohum və qonşu idi. Onun oğlu - tanınmış filosof Firudin Köçərli o vaxtlar Fəlsəfə İnstitutunun direktoru idi. Sən demə, Firudin müəllimdən əvvəl həmin instituta (sektora) məhz akademik Makovelski rəhbərlik edibmiş. Müəllimimiz arada Makovelski haqqında, bu böyük alimin sadəliyini, böyüklüyünü təsdiq edən çox maraqlı əhvalat və epizodlar danışırdı. Bu qocaman pedaqoqların - Aleksandr Osipoviç ilə Qasım Köçəri oğlunun arasında bir dostluq yaranmışdı.

Xatırımdadır, bir gün Bakıya növbəti səfərindən kəndə qayıdan qocaman müəllimimizin əlində çox yaraşıqlı bir əsa gördük. Əsanın üzərindəki sədəfli-zərli işləmələr elə uzaqdan adamın diqqətini cəlb edirdi. Qasım müəllim həmin əsanı ona Makovelskinin hədiyyə etdiyini qürurla söyləyirdi. Bəli, elə deyilişi, səslənməsi belə, özlüyündə maraq doğuran bu "Makovelski" adı mənə elə o vaxtlardan tanış idi. Sonralar mən bu böyük alimin elmi irsi ilə tanış oldum. Deyim ki, onun antik fəlsəfəyə dair tədqiqatları və orijinaldan tərcümələri bu gün də öz dəyərini saxlamaqdadır. Mən özüm vaxtilə "Avesta" ilə bağlı yazdığım silsilə məqalələrdə bir neçə dəfə onun əsərlərindən iqtibas gətirmişəm (məsələn, böyük alim yazırdı:"...Avestanın bizə gəlib çatmış bütün kitabları (Vendidad, Yasna, Vispered və Bundehiş) qədim Azərbaycan ədəbiyyatının nümunələrindəndir").

Aleksandr Osipoviçin ölümündən onillər keçir. Doğrusu, mən bu böyük alimin Bakıda indiyəcən hansısa vərəsəsinin qalması barədə məlumatsız idim. Bir dəfə mərhum şairimiz İlyas Tapdıqla məşhur "əjdaha" heykəlinin yanında yerləşən və o heykəldən heç də az məşhur olmayan "alimlər evi"nin qabağında gəzişərkən müsahibim, yaxınlıqdakı skamyada əyləşib nəzərlərini uzaqlara dikmiş nurani, ahıl bir qadını göstərib məndən soruşdu: "Bilirsən, o qadın kimdir?" Mən qadını tanımadığımı bildirdim. Şair gülümsəyib dedi: "Bu xanım sənin məşhur həmkarın, filosof Makovelskinin nəvəsi Olqa xanımdır. Mənim qonşumdur. Musiqiçidir. Çox mədəni xanımdır. İstəsən, səni tanış edə bilərəm".

Tanışlıqdan sonra mən Makovelski haqqında onun nəvəsinin xatirələrini qələmə almaq istədiyimi bildirdim. Olqa Alekseyevna Yujanina-Makovelskaya ilə vədələşib bir neçə gündən sonra onun mənzilində görüşdük.

Bu mənzildə hər şey qədimlikdən xəbər verir: mebellər də, kitab rəfi də, rəfdəki kitablar da... Burada vaxtilə böyük alim yaşayıb. Azərbaycan (və eləcə də dünya) fəlsəfi fikrinin görkəmli tədqiqatçısı bu mizin arxasında əyləşib, bu döşəmənin üstə gəzişib, bu kresloda əyləşib.

- Olya xanım, babanızı necə xatırlayırsınız?

O, xeyli fikrə gedib aram-aram öz yaddaşını təzələməyə çalışır.

- Babam çox vicdanlı, zəhmətkeş, sadə, təvazökar adam idi. Öz arvadını, yəni mənim nənəmi sonsuz bir məhəbbətlə sevirdi. Ümumiyyətlə, onlar bir-birinin vurğunu idilər. Gecə-gündüz işləyirdi. Özünü Azərbaycan alimi hesab edirdi. Əsl vətəndaş idi.

- O, daim, bütün yaradıcılığı boyu dövlətin, partiyanın himayəsində olub, mükafatlara, təltiflərə layiq görülüb...

- Bəli, onunla yaxın təmasda olan adamlara həmişə belə gəlib. Amma əsl mahiyyətdə belə deyil. Bəlkə də indi çoxlarına qəribə gələ bilər; babam heç kommunist partiyasının üzvü də deyildi. Ona dəfələrlə bu barədə demişdilər, partiyaya keçməsini təklif etmişdilər, amma o, həmişə bu təklifdən yayınmışdı. Cavanlıqda deyirdi ki, özümü hələ kommunist olmağa hazır bilmirəm, qocalanda isə artıq bunun gec olduğunu bildirirdi... Sizə bir məsələni bildirmək istəyirəm, Aleksandr Osipoviç gəncliyində Rusiyada sovet hakimiyyətinin qurulmasını faciə hesab etmişdi. Bunun da öz səbəbi vardı. Makovelski hələ lap gənc yaşlarından bir fəlsəfə tədqiqatçısı kimi məşhur idi. Artıq 1914-cü ildə fundamental "Sokrataqədərkilər" əsərinin birinci cildi işıq üzü görmüşdü. Bu zaman alimin cəmi-cümlətanı otuz yaşı vardı. 1915-ci ildə ikinci cild çapdan çıxdı. Bu əsərin işiq üzü görməsi Rusiya və Avropa elmi ictimaiyyəti üçün böyük bir hadisə oldu. "Sokrataqədərkilər" əsərinin hər iki cildi çapdan çıxdıqdan sonra mətbuatda çoxsaylı rəylər, resenziyalar dərc olundu. Elmi ictimaiyyət, alimlər, filosoflar qiymətli əsərin ərsəyə gəlməsini müsbət rəylərlə və böyük razılıqla qarşılamışdılar. 1918-ci ildə "Sokrataqədərki fəlsəfə" əsəri, yəni tarixi-təndiqi mənbələrin xülasəsi kitab halında işıq üzü gördü, 1919-cu ildə isə "Sokrataqədərkilər"in üçüncü cildi çap olundu. Təsəvvür edin ki, bütün bunlar vətəndaş müharibəsinin qızğın dövründə Kazan şəhərində yazılmış və çap olunmuşdur. Dediyim odur ki, Aleksandr Osipoviç bütün həyatını elmə bağlamışdı və ona elə gəlirdi ki, sovet hakimiyyəti bəşər mədəniyyətinin mövcud dəyərlərinin üstündən xətt çəkəcək.

Mən Olqa xanımın dediklərinə əlavə edirəm:

- Aleksandr Osipoviçi kommunistlər öldürmədi, o, sovet hakimiyyəti illərində geniş elmi fəaliyyətlə məşğul oldu. Nəinki rus və Azərbaycan, hətta bütün dünya fəlsəfi elmi bundan qazandı.

- Elədir. Babam 1920-ci ildə müxtəlif şəhərlərdəki universitetlərdən, o cümlədən, Bakı Universitetindən dəvət almışdı. O, azərbaycanlıları çox sevirdi, elə buna görə də tərəddüd etmədən Bakını seçdi, Bakıda yaşamağa qərar verdi.

Haşiyə. Makovelski 1920-ci ildən ta 1960-cı ilə qədər indiki Bakı Dövlət Universitetində müəllimlik edib. Eyni vaxtda Politexnik, Pedaqoji və Müəllimlərin Təkmilləşdirilməsi institutlarında mühazirələr oxumuşdur.  Ümumiyyətlə, Makovelski təhsil ocaqlarında bir neçə predmetdən mühazirələr oxumuşdur: fəlsəfə tarixi, sosial-siyasi nəzəriyyə tarixi, məntiq, psixologiya, məntiq tarixi, estetika, etika, pedaqogika. O, müstəsna yaddaşa və məntiqə malik bir insan idi.

Olqa xanımla söhbətimiz davam edir:

- Makovelskinin Azərbaycanda ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsində də əvəzsiz xidmətləri olmuşdur; Nizami və Vazeh haqda qiymətli tədqiqatların müəllifidir. O, bizim ölkədə yeni elmi sahənin əsasını qoymuşdur - bu, "Azərbaycan fəlsəfəsinin tarixi" adlanır.

- Bəli, artıq sizə dediyim kimi, o, Azərbaycanı və azərbaycanlıları çox sevirdi. Elə bu məmləkətdə yaşayıb-işləmək istəyi də bu sevgidən qaynaqlanmışdı.

- Onun bizdə çoxlu yetirmələri - ardıcılları və şagirdləri olub.

- Mən onların, Makovelskinin yetirmələrinin, demək olar ki, hamısını həyatda görmüşəm. Heydər Hüseynov, Şükufə Mirzəyeva, Möhbalı Qasımov, Firudin Köçərli, Aslan Aslanov, Ziyəddin Göyüşov, Əddin Şakirzadə onun tələbələri olmuşdur. Heydər Hüseynovun ölümü babama çox təsir etmişdi, o, uzun müddət özünə gələ bilmədi. İndi mən sizə bir şəkil göstərəcəm, görün oradakı adamlardan kimisə tanıyırsınızmı?

O, söhbətini davam etdirir:

- İndi sizə bir foto göstərəcəm... Bu şəkil min doqquz yüz altmış dördüncü ildə çəkilib. Babamın səksən illiyinə onun dostları və tələbələri bizim mənzilə toplanıblar. Bax, babam burada, ortada əyləşib.

Mən fotoya diqqətlə baxıb deyirəm:

- İcazə verin, buradakıların bir qismi barədə mən danışım. Bax, burada, kresloda əyləşmiş Aleksandr Osipoviçın arxasında dayanan adamların bəzilərini mən şəxsən tanıyıram. Akademik Firudin Köçərli, akademiyanın müxbir üzvləri: Məqsəd Səttarov və Ziyəddin Göyüşov. Vaxtilə, onlar məndən imtahan götürüblər, müəllimim olublar. İndi onların heç biri həyatda yoxdur. Allah hamısına rəhmət eləsin.

- Heyif, hamısı gözəl, istedadlı adamlar idi...

- Onun əlyazmalarını saxlayırsınızmı?

- 1980-ci illərin birinci yarısında babamın vaxtilə işlədiyi instituta Moskvadan Fəlsəfə İnstitutuna çox görkəmli bir alim dəvət olunmuşdu: Zahid Orucov... Direktor idi. Tanıyırsız yəqin...

- Bəli. Dialektik məntiq üzrə dünyada tanınmış mütəxəssisdir.

- O mənə bir dəfə zəng vurub babamın nəşr olunmamış əsərlərinin taleyi ilə maraqlandı. Mən onun əlyazmalarını aparıb instituta verdim. Sonrasından xəbərim olmadı.

- Mən bu məsələ ilə maraqlanaram.

(P.S. Maraqlandım. Öyrəndim ki, böyük alimin əsərləri yığılıb, səhifələnib, nəşrə hazırdır, sadəcə, çap üçün vəsait çatışmazlığına görə "yatıb qalmaqdadır").

...Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, Olqa Alekseyevna Yujanina-Makovelskaya Azərbaycandakı polyak icmasının sədri olub. Tanınmış skripka ifaçısıdır. Ölkəmizdə onun çoxlu şagirdləri var.

Mən Olqa Alekseyevna ilə xudahafizləşirəm...

Haşiyə. Azərbaycanın böyük ziyalıları, akademik Mirəsədulla Mirqasımov, Mirzə İbrahimov, Səməd Vurğun, Yusif Məmmədəliyev Makovelskinin yaxın dostları olub. O, Üzeyir bəyin və Qara Qarayevin musiqisini çox sevir, Sabirin və Rəsul Rzanın şeirlərini oxumaqdan həzz alır, Azərbaycan folklorunu yüksək qiymətləndirirdi. Nizami poeziyası haqqında saatlarla danışardı. "Avesta"nın məhz Azərbaycan ərazisində yarandığını da ilk dəfə o iddia etmişdir.

Makovelski görkəmli Azərbaycan filosofu Heydər Hüseynovun müəllimi və onun rusca yazılmış məşhur "XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən" kitabının redaktoru olub. M.C.Bağırovun Makovelskidən ümumiyyətlə xoşu gəlmirdi. Çünki Aleksandr Osipoviç ictimaiyyət arasında böyük nüfuz sahibi idi. O vaxt Heydər Hüseynovla birlikdə böyük alimi də "vurmaq" üçün tiranın əlinə fürsət düşmüşdü. Hətta indinin özündə belə, bir çoxları Bağırovun bu kitabla bağlı qəzəbinin səbəbini müxtəlif yerə yozur, nağıllar uydurur. Əslində isə səbəb "sadə" idi. Belə ki, 1949-cu ildə Stalin mükafatı alimə Bağırovun "başının üstündən", yəni onun razılığı olmadan verilmişdi. H.Hüseynov həmin dövrdə Partiya Tarixi İnstitutunun direktoru işləyirdi. Aleksandr Osipoviç öz sevimli tələbəsinin "günah"larının səbəbi haqqında söhbət gedərkən dəfələrlə demişdi: "Heydəri yox, məni ittiham edin. O əsəri mən redaktə etmişəm..." Yadımdadır, tez-tez Fəlsəfə İnstitutuna gələn Sara xanım da (Heydər Hüseynovun qızı) öz atasının müəllimi haqqında həmişə ehtiramla danışardı.

Bildiyimiz kimi, Heydər Hüseynov təzyiqlərə dözməyərək 1950-ci ildə intihar etmişdi. Onun dəfnində iştirak edən Firudin Köçərli Universitetin həmkarlar təşkilatı sədrliyindən, Ziyəddin Göyüşov komsomol komitəsi katibliyindən, İrşad Əliyev aspiranturadan qovulmuşdu. Sonralar adlı-sanlı alimlər kimi tanınan bu simaların hamısı Makovelskinin tələbələri idi...

İşdən azad edilən, aramsız təhdid olunan bu böyük alim, bir müddət Türkmənistanda çalışmış, yalnız qanlı-qadalı "Bağırov erası" başa çatdıqdan sonra Azərbaycana qayıtmışdır.

Heç şübhəsiz ki, dünya fəlsəfə tarixinin titanlarından, zirvələrindən biri də Aleksandr Osipoviç Makovelski olub. Hesab edirəm ki, bu böyük alimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görüləcək.

Və nəhayət. Bu yazını işləyərkən, Makovelski ilə, habelə onun şəxsi həyatı ilə bağlı bir sıra materiallarla, sənədlərlə tanış oldum. Öyrəndim ki, böyük alim 1908-ci ildə Vanda Romanovna Zalevskaya ilə ailə qurmuş, onlar 60 il birgə həyat sürmüşlər. 1909-cu ildə onların Sofya adlı qızları dünyaya gəlib. Mənim müsahibim Olqa Alekseyevna məhz Sofyanın qızıdır. Olqa xanımın öz nənəsindən misal gətirdiyi bir şeir diqqətimi çəkdi. Orada belə misralar vardı:

 

Həyat - əyləncə yox, cəhddir, istəkdir,

Daş-kəsəkli yoldur - gedir Günəşə.

Polad iradəli aqil insanlar

Dözər, tab gətirər yanar atəşə.

 

Aleksandr Osipoviç Makovelski məhz bu cür polad iradəli və... zərif qəlbli bir insan olub. O, polyak əsilli Azərbaycan alimi idi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!