Mətanət VAHİD
İndi uşaq ədəbiyyatı oxucuları Alfa nəsli uşaqlarıdır, onları metaforik olaraq "smartfonların övladları" da adlandırırlar. Alfa nəslinin ən böyüyü hələ yeniyetmədir və sirr deyil ki, onlar bir çox cəhətləri ilə özlərindən əvvəlki nəsillərdən fərqlənən "xüsusi" uşaqlardır. Məktəbə, dərsliyə, ümumiyyətlə kitaba münasibətləri nəinki birmənalı deyil, əksəriyyəti süni intellektin hökmran olduğu bu dünyada nəyisə kağızdan oxumağı gerilik əlaməti sayır.
Yəqin ki, uşaq yazarları ədəbiyyatı məhz indiki nəslin yalnız onlara xas olan bu cəhətlərini nəzərə alaraq yaratmalıdırlar. Bu isə müəllifdən daha böyük məsuliyyət tələb edir. İndiki uşaq və yeniyetmələr bir linkdən başqasına sürəkli keçid edən "araşdırıcı"lardır. Əlindəki qacetin ekranından gün ərzində onlarca məlumat əldə edə bilərək dünyagörüşünü formalaşdıra bilir. Kitab oxumadıqları üçün onlar heç də geridüşüncəli və ya savadsız deyillər, sadəcə, məlumat əldəetmə üsulları fərqlidir. Alfa nəsli uşaqları kitabdan oxuyacağını videoformatda izləməyin tərəfdarıdır. Daha öncəki nəsillər üçün "kitab qoxusu"nu hiss edərək mütaliə daha xoş idisə, Z və Alfa nəsilləri rahatca qulaqlıqda dinləyə biləcəyi audiokitabları üstün tutur. Elə isə bu uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!
Son illər ölkəmizdə uşaq ədəbiyyatı sahəsində canlanmanın, bu sahəyə marağın artması ilə yanaşı, ona qarşı tələblər də yüksəlib. Nəşriyyatların sayı çoxaldıqca çap imkanları da artır. Zahirən nəfis tərtibatlı, gözoxşayan elə kitablar var ki, məzmunu ilə tanışlıq məyusluq doğurur. Kitab bolluğu nə qədər çox olursa olsun, məktəb də, valideyn də ilk növbədə, bir növ, tarixin sınağından çıxmış klassik əsərlərə müraciət edir. Belə olduğu təqdirdə dövrümüzün uşaq mətnləri artıq bir addım geridə qalır. Çağdaş uşaq ədəbiyyatı daim yenilənən, yeniləşən proses olmalı və mütləq şəkildə uşaqların inkişafı ilə həmahəngləşməli, ayaqlaşmalıdır. Hər bir uşaq yazarı öz yaradıcılığı vasitəsilə bu canlı prosesə az-çox istiqamət verməyi bacarmalı, ona heç olmasa öz rəngini qatacaq qədər təsir edə bilməlidir. Uşaq yazarı klassik müəlliflərlə eyni mövzunu oxşar məzmunda yazmaqla rəqabətdə uğur qazana bilməz. Bunun yolu, ilk növbədə, mövzu və problematika seçimində aktuallığı nəzərə almaqdırsa, ikincisi, mövzunu çağdaşlıqla işləməkdir.
Uşaq mətnləri uşağın şəxsiyyət kimi formalaşmasına, özünə inam hissinin yaranmasına əhəmiyyətli təsir edir. Janrından asılı olmayaraq uşaq ədəbiyyatının funksiyalarından biri də əyləncəli və maraqlı olması ilə yanaşı, həm də öyrədiciliyidir. Bununla belə, uşaq mətnlərində deklamasiya yolu ilə tərbiyələndirmə, maarifləndirmə yolverilməzdir. Çünki uşaqlar öyrədilmə prosesinin fərqində olanda öyrənməyə daha az meyil edirlər. Ona görə uşaq ədəbiyyatının bir vəzifəsi də təsvir yolu ilə, başqa sözlə, nümunə vasitəsilə maarifləndirməkdir.
Təbaşirə bulaşmışdı
Dilarənin saçı, üzü.
Arxayınca gəzirdi o,
Xəbərsizdi bundan özü.
Qəh-qəh çəkib gülüşdülər
Yoldaşları onu görcək.
Biri dedi: Üzün ağdır,
Üstünə də təbaşir çək.
Biri dedi: Nə gözəldir,
Nə qəşəngdir bu görkəmin,
Ağappaqsan, "Qar qız" olsun
Qoy bu gündən adın sənin.
Biri isə nə söz deyib,
Nə üzünə güldü onun.
Yaylığını çıxardaraq
Üz-gözünü sildi onun.
Əli Kərimin "Dilarə" adlı bu sadə uşaq şeiri axıcı, yaddaqalan olmaqla yanaşı, kiçik, lakin əhatəli təsviri ilə aydın mənzərə yaradır. Uşaqlar üçün tərbiyəvi əhəmiyyət daşıyan mətn məhz belə olmalıdır. Estetik dəyərə malik bədii mətn günəşə barmağını tuşlayıb, "baxın, bu, günəşdir, dünyanı işıqlandırır" demir, qaranlığın bağrının günəş şüasi ilə söküldüyünü göstərir. Təəssüf ki, bizim uşaq ədəbiyyatının əsas problemlərindən biri göstərmək, təsvir əvəzinə, danışmağın\nəqletmənin üstünlük təşkil etməsidir. Uşaq məzəmməti, danlağı, deklamasiyanı sevmir, ona təsir etməyin ən doğru mexanizmi nümunədir. Uşaqlara davamlı şəkildə "tərbiyəli olun" deməkdənsə doğru tərbiyə nümunəsi sərgiləmək ən düzgün seçimdir. Onlar üçün yazılan mətnlər də belə nümunələr üzərində qurulanda uğurlu alınır.
Məktəbəqədər yaş gələcək mütaliə qabiliyyətinin inkişafında ilk addım olsa da, bu yaşda uşaqlar özləri oxumaqdan daha çox, böyüklərin oxuduğu mətnləri dinləyirlər. Sonrakı yaş qruplarında isə uşaq özü sərbəst oxumağı öyrənməklə yanaşı, həm də mətnlə bağlı müstəqil fikir yürütməyə başlayır. Bədii əsər qəhrəmanlarına bağlılıq uşaqlarda elə ilk yaş qrupundan başlayır - azyaşlı tanıdığı qəhrəmanı xəyalən özünün dostu, hətta ailə üzvü kimi də qəbul edə bilər, ondan nümunə götürər və s. Bu baxımdan uşaq ədəbiyyatının üzərinə böyük məsuliyyət düşür. Mənfi obraz balaca oxucuya elə təqdim olunmalıdır ki, uşaq onun mənfiliyinin özü fərqində olsun. Yəni uşaqların beyninə sözbəsöz nəyin yaxşı, nəyin pis olduğunu yeritmək zamanı çox arxada qalıb. Əgər oxuduğu mətn əlindəki qacetdən daha maraqlı olarsa, uşaq könüllü şəkildə mütaliəni seçər. Məcburiyyətdən oxuduğunu isə öyrənsə də, sevməz.
Məncə, bu barədə ən acınacaqlı vəziyyət vətən mövzusunda yazılan əsərlərlə bağlıdır. Problem bundadır ki, müəllif qarşısına uşağa vətənpərvərlik tərbiyəsini aşılamaq məqsədi qoyur deyə, emosiyalar mətnə yaradıcı yanaşmanı arxa plana itələyir. Bunu bilərəkdən etməsələr də, uşaq ədəbiyyatı mütəxəssislərinin müəlliflərdən bu həssas mövzuya həssas münasibət gözləməyə, hətta tələb etməyə ixtiyarı var.
Bədii ədəbiyyatın estetik əhəmiyyəti tərbiyəviliyi qədər önəmlidir. Uşağın təkcə nəyi öyrəndiyi deyil, necə öyrəndiyi də böyük əhəmiyyət kəsb edir. Nitqin düzgün inkişafı, doğru söz və ifadələrin seçilməsi kimi mühüm məsələlər evdə valideyndən, bağça və məktəbdə müəllimdən öyrənilməkdən daha çox, bədii ədəbiyyatdan mənimsənilən bilgilərdir. Başqa sözlə, uşaqlar üçün yazılan əsərlər məzmun və ideya ilə yanaşı, nəzəri cəhətdən də təhlilə cəlb edilməli, mətnin psixoloji əsasları ilə birgə estetik tərəfləri, yəni uşaqlara təkcə nəyi deyil, həmçinin necə öyrətdiyi də müzakirə olunmalıdır. Bütün hallarda, bədii ədəbiyyatın əsas alətinin söz olduğu unudulmamalıdır. Söz bədii tutumdan xali olduqda mətn bədii əsər olaraq dəyərləndirilə bilmir. Çağdaş uşaq ədəbiyyatında isə müharibə mövzusunda yazılmış nümunələr əksər hallarda uşağın qəlbinə toxunmur, sadəcə, ağlına xitab edir.
Nümunə üçün deyək ki, uşaq yazarı Çinarə Köçərlinin Qarabağ müharibəsi və qələbəmizlə bağlı "44 gün Qarabağda", "44 gün Qarabağda. Şuşa fəthi", "Qorxmaz bir macəra" kitablarında publisistik ton bədiiliyi xeyli üstələyir. Hekayə adı ilə təqdim olunan bu mətnlərdən birinə müraciət edək: "Qubadlı rayonunda şəhər döyüşləri gedirdi. Nicat və döyüş yoldaşlarına müxtəlif mövqe və yüksəkliklərdə döyüş əmri verilmişdi. Ağır döyüş əməliyyatında qəhrəman döyüşçülər düşmənin xeyli itki verməsinə nail olmuşdu. Düşmənin şəxsi heyəti, canlı qüvvəsi məhv edilmişdi. Hərbi texnikası sıradan çıxmış, ordumuz tərəfindən xeyli silah-sursat ələ keçirilmişdi. Qorxaq düşmən meydandan qaçarkən cəsur Azərbaycan oğulları qələbə sevincini yaşayırdılar. İgid Azərbaycan oğullarından ibarət taqım verilən tapşırığın öhdəsindən layiqincə gəlmişdi. Göstərilən yüksəkliyi qısa zaman ərzində düşməndən azad etmişdi. İndi əsas əməli etməyin vaxtı çatmışdı. Şanlı, şərəfli üçrəngli bayrağımızı azad edilmiş yüksəkliyə sancmağın zamanı idi." Bu, bircə abzaslıq nümunədir, uşaqlar üçün nəzərdə tutulmuş bu kitabın, əslində, uşaqlarla, elə bədii sözlə də əlaqəsi çox azdır.
"Dostumun zirvəsi" hekayəsinə baxaq: "Döyüşün çətinlikləri onu əsla yormurdu. Əksinə, hər yeni qalibiyyət əhvalına xoş təsir edir, dostları ilə birlikdə sevinirdi. Ta ki dostu İqbalın düşmən gülləsinə tuş gəlməsinə qədər. Bu hadisə İsraili çox sarıtmışdı. Özünə heç cürə gələ bilmirdi. Digər dostu Əkbərin: "İndi daha da güclü olmalıyıq. İndi sarsılmaq zamanı deyil. Düşməni həm də İqbal üçün məhv etməyə çalışalıyıq" sözlərindən sonra yenidən özündə güc topladı. Torpaqların alınmasında, xüsusən Talış yüksəkliyində davamlı igidliklər göstərdi." Uşaqlar üçün nəzərdə tutulmuş "44 gün Qarabağda" adlı hekayələr kitabının hər iki cildinin ümumi üslubu, dili sonadək bu tonda davam edir. Bu mətnlərin əksərində bədii situasiya, bədii element yoxdur, hadisə yerindən reportaj kimi nəqletmə, xatırlatma isə mətni tamamilə ədəbi estetikadan uzaq salır. Nəticədə, uşaqlar üçün yazılmış hekayələr yox, milli qəhrəmanlar, şəhidlər haqqında oçerklər, xatirə yazıları oxuyuruq. Burada təhkiyəçinin uşaq olması da vəziyyəti publisistik ahəngdən xilas edə bilmir. Hekayənin özünə xas xüsusiyyətləri olduğunu nəzərə alaraq, Çinarə Köçərlinin bu kitablarındakı bütün mətnləri janr etibarilə hekayə adlandırmağa çətinlik çəkirik. Bir müəllifin hekayə adı ilə təqdim olunmuş mətnləri əsasında bəhs etdiymiz bu hal, təəssüf ki, vətənpərvərlik mövzusunda yazılmış əsərlərimizin əksəriyyəti üçün keçərlidir. Xüsusən son bir neçə ildə 44 günlük müharibə və qələbəmizi əks etdirən uşaq mətnləri müharibə əhvali-ruhiyyəsi və qələbə sevincindən çox, hay-küyü, şüarçılıq və aşırı pafosu ilə öndə olduğundan heç bir təəssürat yaratmır və yadda qalmır.
"Ə.Cəmilin bir sıra müharibə mövzulu əsərləri uzun illərdir ki, məktəb dərsliklərindən düşmür. Buna səbəb bu uşaq əsərlərinin portret və lirik mahiyyətli obrazlılığı, həmçinin, məzmun və məna baxımından böyük tərbiyəvi əhəmiyyət daşıması ilə izah oluna bilər. "Şaxta baba" və "Can nənə, bir nağıl de!" əsərləri bu baxımdan xüsusi qeyd olunmalıdır." Uşaq ədəbiyyatı mütəxəssisi Füzuli Əsgərlinin bu fikirlərini ümumiləşdirib sözlə uşaq ruhuna toxuna bilən bütün nümunələrə aid etmək olar. Uşaq yalnız onu sözün sehrinə qərq edən, əhvalatdan daha artıq təəssüratı ilə təsir gücünə malik olan əsərləri yaddaşının bir küncündə qoruya bilir.
Vətəni sevdirmək üçün onun yolunda ölümə getməyi təbliğ etmək, pafoslu şüarlar səsləndirmək ədəbiyyatın vəzifəsi deyil. Küçədə konfet yeyən uşağın kağızı zibil qabına atması, zibil qabı tapmayanda onu hələlik cibinə qoyması kimi bir detalın təsviri belə, həm əxlaq nümayişi, həm də qorumaq anlamında vətənpərvərlik təbliğidir. Axı onsuz da kitab oxumağı sevməyən Alfa nəsli uşaqlarının diqqətini şüarçı, deklamativ mətnlərlə cəlb etməyə necə ümid etmək olar?!
Sahənin mütəxəssisi filologiya elmləri doktoru Elnarə Akimovanın da "Uşaq ədəbiyyatının praktik imkanları: mətn və onun bədii təsir gücü" məqaləsində qeyd etdiyi kimi, uşaq ədəbiyyatı yaratmağın məsuliyyəti başqadır - müəlliflər uşaqlar üçün nəzərdə tutduğu əsərləri onların psixolologiyasına və mütaliədən gözləntilərinə dərindən bələd olmadan ərsəyə gətirirlər. Mütəxəssisin fikrinə şərik olaraq qeyd edək ki, vətənpərvərlik, xüsusən də uşaq ədəbiyyatında manipulyasiya ediləcək mövzu deyil: "Vətənpərvərlik duyğuları bu cür ritorik, şablon deyim şəklində uşağa təqdim olunmamalıdır. Ən azı ona görə ki, bu gün doğulan uşaqlar gözlərini açan kimi qulaqlarını yağır edən bu cümlələri çox eşidirlər... Biz, sadəcə, onlarda mövzuya həssaslıq, sözə isə konkret fikir və emosional tutum aşılamalıyıq, müharibənin şəklini çəkməliyik sözlə, yaşanan ağrıları misra-misra yaratmalıyıq onların gözləri önündə." Bu fikirlərə sözardı olaraq qeyd edək ki, uşaq ədəbiyyatı onlara qələbəmizin necə çətinliklərlə ərsəyə gəldiyini anlatmağın, qəhrəmanları tanıtmağın məhz bədii sözdən keçən yolunu tapmalıdır.
Xüsusən müharibə ağrısını yaşamış, alovu üzünü qarsmış yazıçı, şair üçün predmetin estetik yönünə fokuslanmaq yüksək peşəkarlıq tələb edir. Uşaqlar ədəbiyyatı yalnız ideya və məzmun olaraq öyrənməməlidirlər, bədii mətn onlara etik və estetik olanı bir arada, bütöv, tam olaraq təqdim edə bilməlidir. Bunun üçün uşaq ədəbiyyatı müəlliflərinin əsərlərini çap mərhələsinə qədər mütəxəssisə təqdim edib rəy alması, ciddi redaktorlarla işləməsi vacibdir. Bu təcrübəni tətbiq edən yazarların işi təqdirolunasıdır. Çünki uşaqların seçim imkanı, demək olar ki, yoxdur. Onlar qarşılarına qoyulan mətni oxuyub mənimsədikcə sənətlə bağlı anlayışları da formalaşır. Bu gün uşaq ədəbiyyatı yarlıkı ilə çap olunan, uşaqların kitabxanasını bəzəyən dizaynı, illüstrasiyaları ilə göz oxşayan xeyli rəngarəng kitablar var ki, onların haqqında "bu, həqiqətən, bədii ədəbiyyatdırmı?" sualını verməli oluruq.
"Uşaq niyə mütaliə etməlidir?" sualına cavab arayarkən həmişə qeyd edirik ki, bədii mətn onlara xəyallarının üfüqlərini genişləndirmək imkanı yaradır. Mütaliə uşaqların həyata baxdığı çərçivədən başqaları ilə yanaşı, həm də özü ilə tanış olduğu bir pəncərədir. Bədii ədəbiyyat uşağa yalnız yaxşı olanı təqdim etmək, "yaxşı budur", "bu, yaxşıdır" şəklində təlqinlərlə öyrətməməlidir. Yaş xüsusiyyətlərini nəzərə almaqla, xeyirlə şər, pislə yaxşı arasındakı fərqi müəyyənləşdirib müsbət olanı seçməyi uşağın ixtiyarına buraxmaq lazımdır. Müəllif yaxşını, güclünü, haqlını uşağa elə sevdirməlidir ki, balaca oxucu ona nəyin təlqin edildiyinin fərqində olmadan sevsin, seçimin onun özünə məxsus olduğunu dərk etsin.
Bu gün uşaqlar mütaliə etməyi çox sevməməklərinə rəğmən əksərən dünyagörüşlü, erudisiyalıdırlar. Buna görə onların kitabda gördüyü dünya yaşadıqları reallıqdan kəskin fərqlənməməlidir - dinamikası, enerjisi etibarilə yaxın olmalıdır. Estetik davranışın formalaşaması üçün isə biz böyüklər onların yaş xüsusiyyətlərinə uyğun vərdişlər formalaşdırmağa çalışmalıyıq. Uşağın hələ yaxşını pisdən ayrımaq kimi bir təcrübəsi yoxdur; o, hansı kitabı oxuyacağı barədə seçimə, demək olar, malik deyil. Tərtibat, şəkillər uşağı aldada bilir və belə bir kitabda təqdim olunan mətni yaxşı olaraq qəbul edir. Böyüdükdən, müəyyən bir intellektual bazaya malik olduqdan sonra oxucu seçim imkanına malikdir, uşaqlar isə yalnız onlara təqdim ediləni oxuya bilirlər. Odur ki, valideyn və məktəb bədii mətn seçimində, yazar isə mütaliə üçün nəyi təqdim etdiyi məsələsində həssas davranmalıdır.
Uşaq mətnlərində müəllif qədər redaktorun da üzərinə böyük məsuliyyət düşür. Onun işi yalnız mətnə texniki düzəlişlər etməkdən ibarət olmamalıdır; əsərin nə dərəcədə uşaq mətni olduğu, müəllif məramının nə dərəcədə reallaşdığı barədə yekun qənaəti verməlidir. İndiki plüralizm şəraitində kim nəyi necə istəyir, yazır və çap etdirir. Amma müəllif işin məsuliyyətini dərk edərək məqsədini bir daha nəzərdən keçirməlidir: seçimi uşaqların oxuyub sevəcəyi, fayda görəcəyi mətn yazmaqdır, yoxsa kitabı çox satılan yazıçı olmaq. Fikrimizcə, uşaq ədəbiyyatı bu sahənin ən güzəştsiz istiqaməti olmalıdır. Çünki uşaq ədəbiyyatı yaratmaq gələcəyi yaratmaq deməkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!