Yol gedirəm, ürəyimdə Mustafa Çəmənliylə danışıram, onun dilinin şakəri olan bəzi sözləri təkrar edirəm, aramızdakı söhbətlərdən biri yadıma düşür, fikir məni yaddaşımın dolanbaclarında fırladır, labirintində azdırır, bu dəm telefonum ərköyün uşaq kimi çığırır, deyir, "məni götür!" Baxıram, zəng eləyən kim olsa yaxşıdı? Bizim Mustafa Çəmənli! Əminəm ki, burda mistik bir bağ var. Telepatik duyum dövrəyə girib, eyni dalğaya köklənmişik. Yadıma Səməd Vurğunun misraları düşür:
Gözüm gözünüzdən uzaq olsa da,
Könüldən-könülə yollar görünür.
Bu da könül yolunun sübutu!
Salamdan sonra nə desə yaxşıdı? "Otaqda oturmuşdum. Bilirsən də, mən tək otururam. Fikirləşməyə vaxtım olur. Beynimdən keçdin. Dedim, zəng eləməsəm, danışmasam, nə biləcək ki, o, mənim beynimdən keçib..." Söhbətimiz elə bu minvalla davam elədi. Şirin-şirin danışırdıq, birdən hiss elədi ki, yol gedirəm, dedi: "Qoy bunu da deyim, yol gedirsən, sənə mane olmuyum..." Bir baməzə xatirəsini bölüşdü, ikimiz də güldük. Sağollaşmazdan əvvəl dedi ki, sən mənim cavan həmkarımsan də, gərək səni mən axtaram. Bu sözdəki kinayəni də, gileyi də, ərki də, sevgini də, qayğını da hiss eləyirəm. O, məni yenə qabaqlamışdı.
Fürsət tapıb deyirəm: "Mustafa müəllim, siz də mənim ürəyimdən keçirdiz..." Bəlkə də, bu etirafımı nəzakət xatirinə verilmiş cavab kimi qəbul elədi. Mən inandırmağa çalışmadım, bilirəm ki, günlərdi beynimdə Mustafa Çəmənli obrazı yazıya çevrilmə anını gözləyir. Alışmağa bir qığılcım lazımdı. Bulud dolub, şimşəyini gözləyir yağsın. Sən demə, mənim elə bu zəngə ehtiyacım varmış. Buna görə deyirəm: könül körpüsündə mistik güc var.
Məni heyran eləyən Mustafa müəllimin həssaslığıdı. Onu tanıyanlar bilir ki, Mustafa Çəmənli son dərəcə həssas adamdır. Məncə, bu həssaslıq onun fitri istedadıdır. Ağacdan düşən yarpağa da, görüşəndə əlini sıxdığı adamın barmaqlarına da, həmsöhbətinin sözünə də, vaxtına da son dərəcə həssaslıqla yanaşır. Adətən, söhbətinə "Yox" deyib başlayar. Məsələn: "Yox, birdən elə bilərsən mən özümü tərifləmək üçün bunu deyirəm..." "Yox, adamın gərək abrı-həyası olsun də...", "Yox, sən Allah, səhv başa düşülməsin..." Bu inkar "yox"larının hamısı Mustafa Çəmənlinin xarakterini, əxlaqını təsdiqləyir. Amma bu duyğulu, həssas adamın nitqində bir də ən çox işlətdiyi "üzr istəyirəm" sözü yer alıb. Ünsiyyət qurduğu adamın yaşına-başına baxmaz, sözünün ortasında, axırında "üzr istəyirəm" möhürünü vurar. "Üzr istəyirəm, mən axı həm də muğamları yaxşı bilirəm. Yox, özümü sənə tərifləmək fikrim yoxdu...", "Vaxtını alıram, üzr istəyirəm, qoy bunu da deyim... " Mustafa müəllimə baxanda əmin oluram ki, hər bir insanın Mustafa Çəmənli qədər əxlaqlı, abırlı, həssas olmaq qədər imkanı var. Yəni mənim aləmimdə Mustafa Çəmənli bu üstün insani keyfiyyətlərin, dərininə getsən, dibidi, yoxuşuna qalxsan, zirvəsi. Oyanası-buyanası yoxdur. Məncə, cərəyan şiddəti (A) Andre Mari Amperin, "Arrov paradoksu" Kennet Arrovun şərəfinə adlandırıldığı kimi, insanın həssaslıq duyğusu proyeksiyasını da (M) Mustafa Çəmənlinin adıyla bağlamaq ədalətli qərar olardı.
Hələ bu günə qədər Mustafa Çəmənlinin kimisə söydüyünü, azarladığını, kimisə adına, şöhrətinə, vəzifəsinə görə qısqandığını eşitməmişəm. Bu mötəbərin özünəməxsus mövzuları var: musiqi, muğamlar. "Yox, sən nə danışırsan, Xan əmidə belə şey ola bilməzdı..." Nümunəvi misallar çəkməyi, xatirəsini danışdığı adamın şəxsiyyətini sevdirmək məqsədilə onun haqqında danışır.
"Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri işlədiyi illərə qayıtmağı sevir. Təbii ki, keçdiyi bu yolda hər dünəni bir ömürlük xatirəyə çevrilib. Onu da deyim ki, Mustafa müəllim hafizəsindən, yaddaş arxivindən şikayətçi deyil. "Üzr istəyirəm, mən, axı "Gənclik" nəşriyyatında da baş redaktor işləmişəm axı. Bu adamları şəxsən görmüşəm..." Bu adamın sözü-söhbəti tükənər? Mövzusu bitər? Adam papağını günə yandırmayıb. Ona görə də zəngin daxili dünyası var.
Hələ bir dəfə eşitməmişəm ki, Mustafa müəllim deyə: "Filankəsə ad verdilər, döşünə nişan taxdılar, məni görən yoxdu". O deyir: "Yaşayırıqsa, bacardığımız kimi xidmət eləməliyik. Yazılan qalır. Bir gün yazdığın sabah kiməsə lazım olacaq."
Bu fikirlə, bu məqsədlə təxminən, 60-dan çox kitaba gözünün nurunu, ürəyinin odunu verib. Bir mənbəni dəqiqləşdirmək üçün onun izinə düşür, axtarır tapır, dəqiqləşdirir, sonra mövzudakı yerinə qoyur. Yeri gəlmişkən, bunu da deyim ki, Mustafa müəllimə zəng eləyib, axtardığını soruşsan, onu tapıb sənə verməyənə qədər rahat olmaz. Bir mənbə, bir ünvan, nə bilim, bir hadisəni dəqiqləşdirmək istəyərsən, üz tutarsan Mustafa müəllimə, "bilmirəm", "məndə yoxdur" deyib keçməz, "bu dəqiqə baxaram" deyər. Vaxtını, səbrini araşdırmağa sərf eləyər, mümkündürsə, onu mütləq sənə çatdırar.
Düzünü deyim ki, Mustafa müəllimi nə vaxtdan, necə tanıdığımı, ilk ünsiyyətimizin necə başladığını xatırlamıram. Mənə elə gəlir ki, gözümü açıb Mustafa müəllimi görmüşəm; adam əmisini, dayısını necə görürsə, elə. Yox, özümü tərifləmirəm, üzr istəyirəm, bunu ona görə deyirəm ki, yəni mən bu kişini içdən tanıyıram. Bilirəm ki, abırlı olduğundan bir çox uğur köhləni onun yanından yorğa keçib, birinin də yüyənindən tutub yəhərinə qalxmayıb.
Bir dəfə muğama marağının necə yarandığını soruşdum, lap başdan danışdı. "Mənim iki dünyam" adlı kitabında eyniadlı bir xatirəsi var, dediklərini orda belə yazıb: "Ağlım söz kəsəndə babam Teymur oğlu Məhəmməd Ağdam bazarından mənim üçün purijinli patefon, bir də çoxlu qrammafon valları almışdı. Bu o vaxtlar idi ki, hər evdə radio olmazdı. Bəlkə buna görə də patefonun qapağını qaldırıb valı diskin üzərinə qoyub, onu səsləndirərkən elə bilirdim ki, böyük bir dünyam var: musiqili, nəğməli bir dünyam!"
Axırda da dedi ki, mənim çox yaxşı səsim vardı, xanəndə olmaq istəyirdim, amma çıxıb adamların qarşısında oxumağa utandım... Hərdən heç kim olmayanda özüm üçün oxuyuram.
Mustafa müəllim pilləkən qalxan qadının arxasınca heç vaxt ayağını pilləyə qoymaz, liftə qadın girəndə, dayanıb onun mənzil başına çatmasını gözləyər. Qarşılaşanda, görüşəndə qadına birinci əl uzatmaz. Bunu da qarşısındakı adama hiss elətdirməz. Yəni, bu qədər həssas davranar.
Açar qəzeti, ya jurnalı, vərəqləyər, görər ki, hansısa unudulmuş mərhum haqqında vəfalı, vicdanlı bir müəllif isti bir xatırtlama yazıb, müəllifi tanıdı-tanımadı, telefon nömrəsini tapacaq, mərhumun doğması kimi ona minnətdarlıq edəcək. Hələ şəxsən tanışlığı olubsa, bir xatirə də danışıb müəllifin əhvalını oyadacaq, ovqatına şəkər qatacaq. Bu məqamda onu da deyim ki, Mustafa müəllim danışmağı çox sevir. Onunla istənilən mövzunu açmaq olar. Adam canlı kitabxanadı. Eşidib-bildiklərindən, görüb- gəldiklərinə qədər, xatirə cildləri yaddaşının rəflərində sıralanıb. Heç vaxt boş danışmaz, təbii ki, danışanda "üzr istəyirəm, vaxtını aldım" deyər, amma sən başa düşürsən ki, bu, vaxt almaq deyil, qazanmaqdır. Çünki bu söhbətlərdən qidalanırsan, öyrənirsən, üfüqlərin genişlənir. Ümumiyyətlə, Mustafa müəllim çalışır ki, bildiklərini kimlərəsə ötürsün; ya bunu kitabların vərəqlərində yayır, ya da simsarının yaddaşına qoyur. Bunu da həssaslıqla eləyir.
Mustafa Çəmənli, sözün həqiqi, geniş mənasında yazıçıdır. O, bir abzası düzəltmək üçün üfürə-üfürə seçdiyi sözlərdən dəstə bağlayır. Onu səhifəyə elə yerləşdirir ki, nə vərəq inciyir, nə abzas. Mustafa müəllim, əsasən, tarixi mövzuları işləyir, xüsusən də xanlıq, bəylik dövrlərini... Qarabağ xanları... "Xallı gürzə", "Ölüm mələyi" romanları dəfələrlə çap olunub. Əsərlərinin dilinin koloriti, saflığı, musiqisi oxucunu mövzuya bağlayır. Necə? - Həssaslıqla. Onun sətirləri həyalıdır, sözləri ismətlidir, mövzusu abırlıdır. Qəhrəmanları namusludur. Mətni oxuyanda hiss eləyirsən ki, müəllif oxucusunu düşünüb. Özündən heç bir tarixi hadisə uydurub azdırmır, hansısa tarixi hadisəni sənə xoş gəlsin deyə sürtüb parıldatmır, malalayıb gizlətmir, təhrif eləmir. Araşdırıb biçənəkdəki çiçəklərin içindən lazım olan gülü dərir, sənə uzadır. Bu, həssaslıq deyilsə, bəs nədir?
"Ürəyimdən kimlər keçdi" adlı xatirələr kitabı var, orda elə adamların elə xatirələrini yada salıb ki, oxuyanda o kişilərə rəğbətin artır. Sənə şəxsiyyətləri sevdirir. "Söz həmişə diridir" adlı tərtib etdiyi kitabda sənət adamlarının xatirələri, sözləri toplanıb. Niyə? - Unudulmasınlar. Dəyərləri, dəyərliləri qorumaq nə gözəl xidmətdir! Məşhur xanəndələrin sənət dünyalarından yazdığı kitablar muğam sənətinin sirlərini, incəliklərini qoruyub saxlayır. "Leyli və Məcnun" - 100 il səhnədə" sənədli bədii ensiklopediyası fundamental bir işdir. Bir əsrlik səhnə tarixini yığmaq kollektiv əməyin işidir, amma Mustafa Çəmənli bunu təkbaşına, sənətə, sənətkara olan sevgisiylə eləyib.
Hər dəqiqəsi bir kitab olan Mustafa Çəmənlinin bütün kitablarını burda sadalamağa, dəyərlərini ayrı-ayrı təqdim etməyə istedadım çatmaz, amma deməyim budur ki, Mustafa müəllim fitilini yandırdığı ömrünün ağ işığında oturub, əlinə aldığı qələmlə bu məmləkətin mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına faydalı olan əsərlər yazıb. Bu kitabların hər biri ayrı-ayrılıqda mənbədir - qiymətli mənbə.
Bu qənaətimi Mustafa müəllimə deyəndə, deyir: "Elə deyib məni utandırma". Bir kitabxanalıq kitaba müəllif olan, bir elmi-tədqiqat institutunun işini təkbaşına görən adama gördüyü işin hələ gözlə görünən dəyərini deyirsən, ahıl yaşında utanır, təriflənmək istəmir, sözdən yayınır. Bu adama necə heyran olmayasan?
Şəxsiyyəti ilə yaradıcılığını, yaradıcılığıyla şəxsiyyətini tamamlayan Mustafa Çəmənli bizim üçün qənimət adamdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!