Uzun zamandır beynimdə dolanan bir sənətkarın fikir, zəka seleksiyası, fundamental elmi təfəkkür bazası, bədii ehkam və dissipativ təxəyyül arenası, ümumən təbiətində cəmləşmiş mistik ehtişam cazibəsi gecənin gecə yarısı məni qarşısına aldı. Beləcə, qeyri-ixtiyari, mistik hisslərimə bağlı virtual həmlə ilə görkəmli ədəbiyyatşünas-alim (mənim nəzərimdə akademik!) Rüstəm Kamal qardaşımın idrak dəryasına qovuşdum. Baxdım ki, Rüstəm qardaşım özünəxas təbəssümü ilə gülümsəyərək, sual və təlqin nəzərləri ilə gecənin zəhrini yaran irreal təfsirdə üzümə baxır...
Başladım Rüstəm qardaşımla səmimi telepatik ünsiyyətə və şirin söhbətə. Çox şeylərdən danışdıq. Ancaq nədən danışdıqsa, fikirlərimizi sənət dili ilə ifadə etdik. Getdikcə, həmişə olduğu kimi Rüstəmin söhbətlərindən həzz almağa başladım. Axı, Rüstəm gözlənilməz və həzz verən təhkiyələrlə cümlələri süsləyir, fikirlərin özünü belə hərarətli, emosional, canlı, obrazlı ifadə uslubunda qurur; özünün təmkinli manerası, müdrik ifadələri, orijinal fikirləri, fəlsəfi baxışları və məntiqi mülahizələri ilə qarşısında hansı auditoriya olur-olsun, öz təsiri altına almağı bacarır. Söhbətləşdikcə, fikir məni apardı o yerə ki, o yerdə hər şey ülvidir. Bu hərarətli, emosional, güclü məntiqə malik söhbəti dinlədikcə, bir anlıq düşündüm və özüm-özümü belə bir sual qarşısına çıxardım: "Bu bir təsadüf deyil ki, Rüstəm özünə Kamal təxəllüsü götürüb. Məhz, ehtiramla andığım mərhum atasının adının Kamal olması da bir təsadüf deyildır. Hər halda başqa bir ad da ola bilərdi. Ancaq görünür, bunun özü də mistikanın gerçəyi canlandıran bir təzahürdür. Kamaldan törəyən oğulun kamalı ilə bağlıdır bu ad və ona görə də Rüstəm qeyri-ixtiyari özünə Kamal təxəllüsünü götürüb və bütün səciyyələr göstərir ki, tam doğru seçim edib. Rüstəmin kamalı dərindir, fəlsəfi mündəricəsi amalına və əməlinə, həyata və sənətə baxışlarına uyğundur.
Ümumiyyətlə, adla bağlı mənim fəlsəfəm belədir ki, ad insana təsadüfdən gəlmir. Bu təbəddülatın özünün də bir mistik semantikası var. O da var ki, nahaq yerə ulu dədələrimiz adqoyma mərasimini hər kəsin əməlinə və amalına, şücaətinə və göstərdiyi hünərinə, qazandığı adına görə, uyğun bir zaman yetişdikdən sonra keçirmirlər.
Elə insanlar var, onlar təkcə birbaşa ünsiyyətlə deyil, hətta kürəyi ilə hiss edirlər. Uzaqdan-uzağa, duyğuları ilə insanların ruhuna ruh qatırlar. İstər-istəməzlik deyilən bir fəhmlə nə düşünürlərsə, düz düşünürlər; fərqli düşünürlər; ideal düşünürlər; orijinal düşünürlər. Belə insanlar İlahi qüvvənin energetikasının təmsilçiləridir. Belə insanların ruhunda yaşayan mistik duyum güclüdür. Rüstəm Kamal bu qəbildən sənətkarlardandır. Rüstəm Kamal kimi insanlar əlahiddə istedad sahibi olan insanlardır. O insanlar üçün doğrudan, həqiqətdən, ədalətdən, gerçəkdən, yüksək amallardan başqa heç bir şey maraqlı deyildir. İstedadsızlardan fərqli olaraq kimsənin kədərinə sevinməzlər; lakin hər kəsin sevincini öz sevinci kimi qəbul edərlər... xeyirxahdırlar... heç nədə gözləri olmaz; nəfsi bütöv - gözü tox olurlar. İntiqam, qisas deyilən neqativ ovqat təsirinə düşməz, elə mənfur əməllərə boyun əyməzlər; yüngül, ucuz işlərdən yan qaçarlar. Mənasız vərdişlərə aludə olmazlar; kimsəyə tələ qurmazlar və s.
İstedadlı adamlar düşündüyünü danışar, ikili təməldən uzaq, birmənalı yaşamağı, davranmağı sevərlər. Rüstəm Kamal belə şəxsiyyətlərdəndir. Onun ürəyi körpə uşaq ürəyi kimi, körpə uşaq qəlbi kimidir. Küsəndə belə uşaq kimi küsür - adi bir xoş münasibətə hər şeyi unudur, barışanda da uşaq həssasiyyəti ilə barışır - içində kin saxlamır.
Rüstəmin intiusiyası İlahi qüvvəyə bağlıdır - o, hər şeyi vəhylə hesablayır və ən doğru olanı da intiusiyanın ötürdüyü enerjinin impulslarıdır. Çünki o hisslər ilahi qüvvədən qaynaqlanır, təfəkkür isə hər şeyi sonradan hesabladığına görə, ölçüb-biçir və insanı özünün istədiyi səmtə yönəldə bilir. O səmtdə yanlış istiqamət də qaçılmazdır. Çünki şeytan da boş durmur, məhz insan götür-qoy edərkən, müdaxilələri ilə yanılda bilir. Odur ki, Rüstəmin intiusiyası onu həmişə motivə edir və yanılmağa qoymur...
Mən Rüstəm Kamalın obrazını bir kəlmə ilə belə səciyyələndirirəm - Rüstəm Kamal mənin üçün həmişə müqəddəs hesab etdiyim Kür çayıdır. Niyə çay, həm də Kür çayı? Birincisi, çayın suyu axar olur - axar su kir götürməz; təmiz və pak olar. Rüstəm ləkəsiz və pakdır. Kür çayına gəldikdə isə, Kür emosional, coşqun çaydır. Rüstəm Kamal da nə qədər sakit, rahat, mülayim, təmkinli olsa belə, coşqun təbli və emosional təbiətlidir. Ancaq o, coşqunluğu, emosionallığı ilə yanaşı, həm də bədii mündəricəsi, dərin fəlsəfəsi, çoxsaylı fikir inqriyidentləri ilə diqqət çəkəndir.
Kür çayı kükrəyərkən eşqi, ilhamı, təbi və vəhyi ilə coşub-daşır. Elə coşur, elə daşır ki, yan-yörəsini ağuşuna alıb aparır. Bax, Rüstəm də çıxışlarında o cür coşur, o cür daşır - Kürün kükrəməsinə bənzəyir Rüstəmin çıxışları. İlhamının gücüylə təfəkkürən və təxəyyülən varmadığı ənginlik qalmır. Mövzu ətrafında fikirlərini formalaşdırdıqca və sıraladıqca heç kəsin toxunmadığı cəhətlərə toxunur; ən əsası da odur ki, heç kəsin ifadə edə bilməyəcəyi epitetdə danışır. Girişdən finala qədər bir sap boyunca düzülmüş muncuq kimi düzür sözləri. İfadələri zəngin, poetik, cümlələri sadə, məzmunlu. Bircə kəlməsi, bircə durğu işarəsi belə artıq ola bilməz; ölçülü, biçili...
Bir də, Rüstəm çıxış etmək üçün heç vaxt hazırlaşmır. Onun fikirləri anında, bədahətən doğulur və anında ifadəsini tapır. Məhz ona görə də Rüstəmin çıxışları hər kəsin çıxışından fərqli olur. Danışdıqca, adama elə gəlir ki, Molla Vəli Vidadinin öz təbirində şeirlərini dinləyirsən; Molla Pənah Vaqifin ağayana manerası ilə qarşı-qarşıyasan; Səməd Vurğunun bədahəti ilə üz-üzəsən... bu fikirlər xətri yerlər-göylər qədər əziz olan bir dost üçün söylənən tərifli sözlər, mədhlər kimi anlaşılmasın. Yəqin ki, ədəbiyyat aləmində Rüstəm Kamalı yaxından tanıyan hər kəs mənə haqq qazandırar, çünki onun müxtəlif tədbirlərdə, görüşlərdə, toplantılarda, hətta ən kiçik çıxışında belə məntiqli və məzmunlu, akademik yüklü fikirləri ətrafı öz sehri ilə necə tilsimlədiyini etiraf edərlər. Rüstəmin çıxışlarından sonra uzun müddət təsirdən ayrıla bilmirsən və adekvat olmayan orijinallığa heyran qalırsan.
Belə düşünənlər ola bilər ki, Rüstəm özü daha məzmunlu fikir ifadə edə biləcək qüdrətdə olduğu halda, nə üçün İftixar Rüstəmi mədh edir? Səbəb yalnız birdir: bu, Rüstəmin haqqıdır və mən bilə-bilə ki, bu onun haqqıdır, bu haqqı ona verməsəm, onun çevrəsində olan, ona qardaşım deyən adam kimi özümü günahkar hesab edərəm. Əslində biz - cəmiyyət, xalqımızın, millətimizin ləyaqət sahibi insanlarını, xüsusən də, seçilmiş nümayəndələrimizi dəyərləndirməli və onun haqqını verməkdən çəkinməməliyik! Biz, gördüyümüzü, şahidi olduğumuzu, gerçəyi söyləməyə, əyrini-əyri, düzü-düz deməyə mükəlləfik. Və gerçəyi demək, yazmaq inamdan və imandandır!..
Rüstəm Kamal haqqında danışmaqla bitməz...
Fikirlərimi bir hüduda gətirirkən görkəmli ədəbiyyatşünas alim, çox dəyərli qardaşım Rüstəm Kamalın 60 yaşı öncəsi, bu münasibətlə 2021-ci ildə yazdığın bir parça şeirlə kiçicik poetik tabloda rəsmini belə təsvir edə bilmişdim:
İpək kimi ürəyin var -
Halal duzun, çörəyin var.
Nur axtaran səni tapar...
Tanrı uzun ömür versin
Kamal oğlu Rüstəm Kamal.
Sən eşqi haqdan alırsan -
Könüllərə nur salırsan,
Sözünlə zəfər çalırsan...
Şəffaf məntiq, aydın amal
Kamal oğlu Rüstəm Kamal.
Hər dostunun sirdaşısan -
Sən hər kəsin qardaşısan.
İftixarın candaşısan...
İradəmdir: qeydinə qal
Kamal oğlu Rüstəm Kamal.
Bu dünyanın qəmi çoxdur -
İstəyəndə dəmi çoxdur.
Ha cəmləsən, cəmi yoxdur...
Qəmdən dəmə yolunu sal
Kamal oğlu Rüstəm Kamal.
Bu gün sənin yaş günündür -
Hər günündən baş günündür.
Yaşınla savaş günündür...
Zəfər qazan, qələbə çal
Kamal oğlu Rüstəm Kamal.
Altımış yaşın gələcək...
Yüz altımışını görək
Alimlər alimi Rüstəm!..
Hər yaşından min ləzzət al
Kamal oğlu Rüstəm Kamal.
09.04.2025. Saat 01.52
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!