Görkəmli füzulişünas alim Sabir Xəlil oğlu Əliyev 15 may 1935-ci ildə Gürcüstan SSR Qarayazı (indiki Qardabani) rayonunun Qaracalar kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənddə alan S.Əliyev 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olmuş, 1960-cı ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1961-62-ci illərdə yenə ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb, ərəb dili tərcüməçiliyi şöbəsini də fərqlənmə ilə bitirib. 7 ildən artıq (1960-cı ilin sentyabrından 1967-ci ilin dekabrınadək) Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. Eyni zamanda AMEA N.Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunun aspiranturasında təhsilini davam etdirib və akademik H.Araslının rəhbərliyi altında "Azərbaycan klassik şeirinin şəkilləri" mövzusunda namizədlik dissertasiyasını yazıb başa çatdırıb. 1990-cı ildə isə "Füzulinin ədəbi-nəzəri görüşləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1967-ci ildən ömrünün sonuna kimi Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki GDPU) işləyib, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 2007-ci il mayın 14-də dünyasını dəyişib, doğma kəndi Qaracalarda dəfn olunub.
S.Əliyevin bütün elmi fəaliyyəti, demək olar ki, türk dünyasının ən böyük şairi M.Füzulinin yaradıcılığı ilə bağlıdır. Azərbaycan klassik şeirinin şəkilləri haqqında namizədlik dissertasiyası müdafiə etdikdən sonra bütün diqqətini "türk şairlərinin babası" (F.B.Köçərli) M.Füzuli poetikasına yönəltmişdir. İkinci ali təhsil kimi, Şərqşünaslıq fakültəsində təhsil alması da şərq dillərindəki klassik mənbələrə bələd olmaq arzusuyla yanaşı, Füzulinin ərəb və farsdilli yaradıcılığını daha dərindən öyrənmək, dahi sənətkarın bəhrələndiyi elmi-dini qaynaqlara nüfuz etmək istəyindən doğmuşdu. Deməliyik ki, Sabir müəllimin hələ sağlığında dövri mətbuatda çıxan hər bir məqalə və yaxud müsahibəsi oxucular arasında geniş müzakirələr doğurar, qızğın polemikalara səbəb olardı.
Tanınmış alimin "Füzulinin poetikası", "Füzuli (ədəbi-nəzəri düşüncələri)", "Füzuli ədəbi estetikası", 4 cildlik "Füzuli qəzəlləri şərhi", "Füzuli sözü" və b. əsərləri Füzulişünaslıq sahəsində yeni söz və uğurlu addım kimi dəyərləndirilə bilər. O, Füzulinin mənzum əsərlərinin sadə və anlaşıqlı nəsr dilinə çevrilməsiylə də məşğul olmuş, bu sahədə çox gərəkli işlər görmüşdür. Belə ki, 1991-ci ildə "Leyli və Məcnun" məsnəvisini nəsrə çevirmiş, müqəddimə və şərhlər yazaraq "Maarif" nəşriyyatında çap etdirmişdir. "Bəng və Badə" poemasını da, eynilə, nəsrləşdirərək 1993-cü ildə nəşrinə nail olmuşdur.
1986-cı ildə çapdan çıxmış "Füzulinin poetikası" monoqrafiyası əhatə etdiyi mövzu-mündəricə və qarşısına qoyduğu həlli vacib problemlər baxımından çox əhatəli və zəngindir. Kitabda şeirin mənşəyi, mövzusu və məqsədi, həqiqət güzgüsü, bədii yalan, məzmun və forma, sadəlik və aydınlıq, orijinallıq və təqlidçilik, mədh və həcv, şeirdə elmilik və obrazlılıq, bədii obrazın real əsası, təsvir mütənasibliyi, elmi fikir və həyati təcrübə və s. ədəbi-nəzəri problemlər geniş təhlil olunmuşdur.
"Azərbaycanda ədəbi-nəzəri fikrin təkamül və inkişaf tarixini sistemli şəkildə öyrənmək üçün ayrı-ayrı şair və yazıçıların, xüsusilə də Füzuli kimi alim-şairlərin elmi qənaətlərini nəzərə almağın" vacibliyini vurğulayan tədqiqatçı alim özünə qədər "Füzulinin ədəbi-nəzəri görüşləri haqqında ciddi və əhatəli bir əsər yazılmadığını" vaxtında anlamış və bu işə girişmişdi.
Füzulinin şeirin mənşəyi məsələsinə münasibətini ayrıca araşdıran S.Əliyev, özünəqədərki bir çox tədqiqatçılardan fərqli olaraq, dahi sənətkarın əsərlərində realist-materialist məqamlar axtarıb tapmağa çalışmır, onu öz dövrünün oğlu kimi araşdırıb öyrənməyə üstünlük verir. Şairin divanlarına yazdığı dibaçələrdəki və ayrı-ayrı əsərlərində, yeri gəldikcə, söylədiyi fikirləri ümumiləşdirən alim bu qənaətə gəlir ki, "Füzuli istedadı şairliyin əsası saymaqla yanaşı, istedadın özünün fitriliyi fikrini də irəli sürür". "Şairlik istedadını "Allahın lütfü" sayan Füzuliyə görə, şeirin mənşəyi vəhdət, münşisi Allah, hamisi peyğəmbər (s.ə.s.), vəzifəsi tərbiyə, məqsədi isə Allahı və hz. Məhəmmədi tanıtmaq, şərh və mədh etməkdir". Əlbəttə ki, böyük şair şeirin-sənətin məqsədinin yalnız bundan ibarət olmadığını bilirdi. Məsələn, məşhur "Fəzliyə nəsihət"ində dolayısıyla şeiri hikmət, hikməti isə dünyanı nizama salmaq vasitəsi hesab etdiyini dilə gətirirdi.
S.Əliyevə görə, Füzuli şeirdən, birinci növbədə, yüksək ictimai məzmun, parlaq məqsəd, sərt həqiqət tələb edir, şairin qarşısında cəmiyyəti məşğul edən məsələlərə cavab vermək tələbini qoyur.
Yeri gəlmişkən, burada Füzulinin "Leyli və Məcnun" məsnəvisindəki məşhur beytinə də münasibət bildirir, Füzulinin özünəqədərki türkdilli "Leyli və Məcnun"lardan xəbərinin olub-olmaması məsələsini də araşdırır. Bütün bunlardan sonra S.Əliyev öz qənaətini ortaya qoyur: "Deməli, "ətrakda" "Leyli-Məcnun" dastanının yoxluğu şairin yox, oxucunun məlumat dairəsidir. Axı Rum zərifləri Füzuli deyildi, onlar Füzuli səviyyəsində düşünə və Füzuli dairəsində məlumatlı ola bilməzdilər".
Füzulişünas alimin burada daha ilginc bir məsələyə də münasibəti maraq doğurmaya bilməz. Belə ki, o, həm Nizami, həm də Füzulinin eyniadlı dastanında "ərəb əfsanəsinin fars məxəzindən xəbər verən "dehqani-fəsihi-farsizad" ifadəsinin işlənməsinə diqqət çəkir və onun güney İranın Xuzistan bölgəsində doğulmuş, ancaq ərəbcə yazıb-yaradan və ilk epik "Leyli-Məcnun" müəllifi olan Əbu Nüvası nəzərdə tutduğunu müəyyənləşdirir.
"Düzlüklə artmışdır sözün qiyməti" deyən Füzulinin şeirdən tələb etdiyi əsas keyfiyyətlərdən birinin həqiqət, həyatilik və inandırıcılıq olduğunu qeyd edən müəllif ümumən dahi şairimizin yaradıcılığını "həqiqət güzgüsü" kimi səciyyələndirir. Prof. S.Əliyevin Füzuli yaradıcılığında ən çox qabardıb önəm verdiyi məsələlərdən biri də "bədii yalan" fenomenidir. Qurani-kərimdən qaynaqlanan, N.Gəncəvinin oğlu Məhəmmədə nəsihət şəklində dediyi "Şeirə və şeir fənninə aludə olma, çünki onun ən gözəli ən yalan olanıdır" və Füzulinin "Aldanma ki, şair sözü, əlbəttə, yalandır" cümləsiylə davam edən bədii yalan dedikdə, poetik sözün obrazlı xassəsi, məcazi təbiəti, idrak üsuluna münasibət və ümumən sənətin rəmzi mahiyyətinin nəzərdə tutulduğunu göstərir.
Füzuli estetikasında məzmun və forma kateqoriyalarının işlənmə məqamlarını da ayrıca araşdıran alim onun bu barədəki mülahizələrinin bir sistem təşkil etdiyini və bu gün də öz əhəmiyyətini itirmədiyini bildirir. O, dahi sənətkarın forma və məzmun məsələsində də iki qaynağa - klassik poetikaya və öz bədii təcrübəsinə arxalandığını vurğulayır. Maraqlıdır ki, S.Əliyev Füzuli poetikasında məzmun və forma anlayışlarının nə qədər müxtəlif və rəngarəng ad-istilahlarla ifadə edildiyini də müəyyənləşdirir: mərifət və zib, məzmun və ibarət, məna və sövt, can və tən, məna və təzyin, məni və süxən, cism və ərəz, məzmun və ləfz, gövhər və sədəf, dürr və can, məni və surət, məani və ibarət, dərun və birun, sirət və surət, maarif və nəzm, zat və əlfaz, elm və şeir, kəmal və cəmal, kəmal və surət və s.
Tanınmış alim türk diliylə əruz vəzninin barışmasında, daha doğrusu, ana dilimizin əruz vəzninə uyğunlaşdırılmasında da böyük xidmətlərindən söz açır, türk dilində "nəzmi-nazik" - incə şeir yaratmaq üçün var gücü və bütün istedadını sərf etdiyini bildirir.
"Qəlb şairinin" öz yaradıcılığında orijinallıq və təqlidçilik məsələsinə xüsusi fikir verməsi, "köhnə fikrin təzə ifadəsini, məlum mətləbin yeni bəyanını" da təkrarçılıq və yeknəsəklikdən qaçmağın bir yolu kimi görməsi S.Əliyevin diqqətindən yayınmır. Hətta ədəbi təxəllüs seçimində də orijinallığı gözləyən, heç kəsə bənzəmək istəməyən bir şair üçün bunu tamamilə təbii sayır.
Bu yerdə, o, klassik ədəbi örnəkləri romantizm və realizm kimi iki əks cəbhəyə bölən marksist-leninçi ədəbiyyatşünaslıq metodologiyasına qarşı çıxır, "Füzuli romantizmindən realizmin istisnası şəraitində danışmağı özülsüz heykəl təsəvvür etməyə bərabər" sayır. Füzuli təxəyyülünün istinad nöqtəsini bütün hallarda real həyat hesab edən tədqiqatçı alim onun bir beytində də, bir şeirində də, bütün yaradıcılığında da eyni səviyyədə - bədii təfəkkürün ən uca zirvəsində durduğunu təsdiqləyir.
S.Əliyevin fikrincə, "şeirin alimi, elmin isə şairi" olan Füzuli poetikasında bədii təsvir mütənasibliyi, yaxud poetik müvazinə qanununun ayrıca yeri və önəmi vardır. Dahi sənətkarın mətninə yol tapmış bəzi hərf və ifadə qüsurlarının müəyyən edilməsi və aradan qaldırılmasında bədii müvazinə qanununun köməyindən yararlanmağın ən doğru yol olduğunu gətirdiyi nümunələrlə sübut edir. "Füzuli şeirində qeydi-adi diqqətlə gözlənilmiş və ideal səviyyədə reallaşdırılmış müvazinə qanunu şairin üslubuna dəqiqlik və elmilik aşılamaqdan başqa, bu şeirin "əyər-əskiyini" düzəltmək, mətn zədələrini sağaltmaq üçün misilsiz bir məhək rolunu da oynayır".
Görkəmli füzulişünas alim S.Əliyevin 1996-cı ildə nəşr olunmuş "Füzuli (nəzəri-bədii düşüncələri)" adlı kitabı, demək olar ki, "Füzulinin poetikası" kitabının davamı kimi ortaya çıxmışdır. Füzulini XVI əsrin dahi Azərbaycan şairi olmaqla yanaşı, həm də qüdrətli ədəbiyyatşünas alim, filosof tənqidçi kimi öyrənməyi məqsədəuyğun hesab edən alimin fikrincə, o, müxtəlif bədii və elmi əsərlərində irəli sürdüyü sanballı nəzəri fikirlərlə ədəbi inkişafa böyük təkan vermiş, bədii və elmi fikrimizin inkişafında müstəsna rol oynamışdır.
"Qəlb şairinin" türk dilində "nəzmi-nazik" yaratmağın çətinliyindən gileylənməsinə toxunan alim, onun, "ərəb-fars örnəyinin və böyük tarixi-ədəbi təcrübənin nəcib dərslərindən istifadə ilə nəhəng istedadı və arasıkəsilməz fədakar zəhməti sayəsində Azərbaycan ədəbi dilinə sığal verib bahar havası gətirdiyini" söyləyir.
S.Əliyev həmişə yeni və dərin fikrin ideal bədii formada ifadəsini təbliğ edən, ömrü boyu fikir və üslub sahəsində "tərzi-mücəddidə" (novatorluq) tərəfdarı olan Füzulinin öz ədəbi təcrübəsində bu nəzəri mövqeyinə tamamilə sadiq qaldığını qeyd edir. Sübut üçün dahi şairin orta yüzillərin üç böyük dilində bədii ədəbiyyatın nəzm və nəsr sahələrindəki bütün ədəbi şəkilləri, lirika formalarını, vəzn növlərini işlətdiyini, nadir məharət göstərib ərəb əlifbasının 33 hərfindən 31-ni qafiyə məqamında işə qoşduğunu, elmi və fəlsəfi əsərlər yazdığını, özünün dediyi kimi, "həzarpişə bir kargər" (universal usta) olaraq tanındığını qeyd edir. Eyni zamanda onun təkcə Azərbaycan-türk divanında əruz vəzninin 10 bəhrini və bunların da 24 növünü və ya 100-dən çox variantını işlətdiyini diqqətə çatdırır.
Füzulişünas alim "istər bədii yaradıcılığında, istərsə də nəzəri baxışlarında sənətin bütün növlərinə qeyri-adi bir bələdlik və məhəbbət müşahidə olunan" Füzulinin musiqiyə hədsiz bir rəğbət və aşinalılıq göstərməsinə ayrıca önəm verir. Öz sözləriylə desək, meysiz-məzəsiz, mahnısız-musiqisiz keçən günləri Füzuli ömürdən saymır, bəzi "siyasətçi dindarların ifrat kədər fasiləsinə çevirdikləri Ramazan ayının şairi qeyri-adi təlaş və sıxıntıya saldığını" vurğulayır və orucluq ayı ilə bağlı 2 qəzəlindən bəzi örnəklər verir. Bütün bunlardan sonra, doğrudan da, "türkcə, farsca və ərəbcə yazdığı mənzum əsərlərdə əruzun 30-dan çox cazibədar ölçüsünü işlədən, şeirləri əsil nəğmə təsiri buraxan, şairliyi ritmlər və havalar dünyasına köklənən, çalğı alətlərinin "danışan dili" haqqında ayrıca poema yazan Füzulidən musiqiyə daha hansı münasibəti gözləmək olardı?.."
Həmin kitabdakı ən aktual məqalələrdən biri "Azərbaycan nəsrinin orijinal abidəsi" adlanır. Adından da göründüyü kimi, söhbət S.Əliyevin "milli bədii nəsrimizin orijinal uğurlu bünövrəsi və ilk böyük abidəsi", "Azərbaycan nəsrinin ilk qaranquşu", "həcmcə Füzulinin ən böyük əsəri, mənaca isə şah əsərlərinin heç birindən geri qalmayan qüdrətli nəsr nümunəsi" adlandırdığı "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağçası")dan gedir. "Hədiqətüs-süəda"nın tərcümə, yoxsa, orijinal əsər olması haqqında S.Ə.Şirvani, F.B.Köçərli, H.Araslı, Ə.Dəmirçizadə, F.Qasımzadə, Ə.Səfərli, Ə.Məmmədov, B.Nəbiyev, M.Cumbur, M.Sultanov, Ə.Cəfər, H.Əfəndiyev kimi müxtəlif tədqiqatçıların müxtəlif fikirlərini diqqətlə incələyən alim onu tərcümə saymağı "elmi həqiqəti kölgələmək, Füzuli irsini paralayıb, ədəbiyyatımızı da möhtəşəm bir örnəkdən məhrum etmək" kimi dəyərləndirir. Doğrudan da, "əsərdə 2300 misradan ibarət 540 (14-ü ərəbcə, 526-sı türkcə) orijinal şeir parçasının olması nə deməkdir? Füzuli başqasının əsərinə öz şeirlərini niyə əlavə etməli, nəyə görə onları başqa bir şairə bağışlamalıydı?" suallarına cavab tapmaq çətindir.
"Hədiqətüs-süəda"nın dili haqqında da sovetlər dönəmindən başlayaraq ziddiyyətli fikirlər ortaya çıxmışdır. Dini-mənqəbəvi məzmun daşıdığına və ərəb-fars tərkiblərinin sıx-sıx işləndiyinə görə əsərin guya dəbdəbəli saray üslubunda, yüksək təbəqələrin anlayacağı bir dildə qələmə alındığını deyənlər də olmuşdur. S.Əliyev bu məsələyə də öz etirazını bildirir, "Hədiqə"nin dilini "xalis ədəbi dil örnəyi, kütləvi danışıq diliylə toxtamış yazı dilinin qovşağı, rəvan, sığallı, dəqiq dil nümunəsi" kimi səciyyələndirir. Doğrudan da, sadə xalq kütlələrinin, dindar çoxluğun oxuyub-dinləməsi, şairin öz sözlərilə desək, "təfhimi-əvam" üçün yazılan bir məqtəl örnəyi necə dəbdəbəli saray dilinə aid edilə bilər?! Sadəcə, Füzulinin həm şeir, həm də nəsr dili sadə və aydın olmaqla yanaşı, həm də qeyri-adi dərəcədə obrazlı, rəngarəng və çoxqatlıdır. Buna görə də müəyyən hazırlığı olmayan oxucu bu aydın və adi sözlərin altındakı nazik mətləbi, dərin fikri ayırd etməkdə çətinlik çəkir. Təsadüfi deyil ki, bu yerdə S.Əliyev "söz üzərində ağlasığmaz hökmranlıq eləyən şairin hər misrasında dilə və onun vahidlərinə dahiyanə alim münasibətindən" danışmağı vacib sayır.
Füzulinin hər hansı bir sözün müxtəlif və çoxçalarlı mənalarından məharətlə yararlanması, istər türk, istərsə də ərəb-fars sözlərinin ən uzaq məna çalarlarını belə, gözdən qaçırmaması füzulisevər, hazırlıqlı oxuculara bəllidir. Maraqlıdır ki, o da Füzulini "sözdə mövcud və mümkün olan bütün mənaları işə cəlb etməkdə, unudulan və ya kölgələnən mənaları oyadıb işə qoşmaqda ustad bir sənətkar" kimi xarakterizə edir. S.Əliyevin sarsılmaz inamına görə, Füzuli külli sayda ərəb və fars alınmalarını, ədəbi dil "birovuzlarını" ustalıqla tənzim etmiş, onları ana dilimizin qanun-qaydalarına uyuşdurub işlətmiş və fikirlərinin ifadəsinə maksimum kolorit gətirmişdir. O, hətta bəzi məqamlarda "Hədiqə"nin dilinin "anlaşıqlıq əmsalına", sadəlik və aydınlıq dərəcəsinə, "dəqiqlik və sığallıq faizinə" görə 3-4 əsr sonranın nəsr dilini, məsələn, "Aldanmış kəvakib"in, yaxud Seyid Əzimin hekayələrinin dilini ötüb keçdiyini qətiyyətlə söyləyir.
Tanınmış alimin "Rind və Zahid" əsərindəki mənzum parçaların vəzni və şəkillərindən bəhs edən məqaləsində həmin əsərin məşhur türk mətnşünası K.Ə.Kürkçüoğlunun tərtib etdiyi elmi-tənqidi mətni əsasında klassik nəsr poetikasının bəzi məsələləri haqqında maraqlı fikirlər sərgiləyir. Ümumən "bir neçə xırda-para qüsur nəzərə alınmazsa, ən məşhur və mötəbər əlyazmalara əsaslanan, dürüstlük cəhətdən yararlı olub, heç bir şübhə doğurmayan" mətndəki bütün mənzum parçaları formal-struktur baxımından diqqətlə təhlil edib incələyir. Beləliklə, nəsri-müsəccənin yeganə şəklinə qarşı "Rindü Zahid"də nəzmin 6 şəkli (misra, beyt, dübeyti, rübai, qitə və məsnəvi) və əruzun 11 ölçüsünün işləndiyini müəyyən edir. Əsərdəki 140 mənzum parçada həzəc bəhrinin 2 növü, rəməl bəhrinin 4 növü, müzare, müctəss, xəfif və səri bəhrlərinin hərəsinin 1 növü və rübai vəzni tətbiq edildiyini göstərir.
Füzulişünaslıq sahəsində danılmaz xidmətləri olan S.Əliyevin "Füzulinin Leylisi" (21 "Leyli və Məcnun"da bir məsələ) adlı məqaləsi haqqında ayrıca danışmağa dəyər. Burada, özünün dediyi kimi, "Leyli və Məcnun" süjetində ən maraqlı və həlledici məqamlardan biri - Leyli ilə İbni Səlamın zifaf gecəsindəki görüş səhnəsi 21 eyni məzmunlu məsnəvidə diqqətlə incələnir. Nizamidən başlayaraq, Ə.X.Dəhləvi, Ə.B.Şirazi, Ə.Cami, XV əsr şairlərindən A.Hatifi, M.Şirazi, H.Həmdi, Ədirnəli Şahidi, Ə.Nəvai, Ə.Rizvan, XVI yüzil şairləri: Cəlili, H.Təbrizi, Sevdai, S.Cəlalzadə, XVII əsr fars şairi Həbibi, XVIII əsr türkmən şairi N.Q.Əndəlib, XIX yüzil Azərbaycan şairi İ.B.Nakam və b., eləcə də Azərbaycan xalq dastanı "Leyli və Məcnun"da Leylinin öz halal ərindən necə qorunması və onunla necə davranması səhnəsi tutuşdurulub müqayisə edilir. Nizami poemasında Leyli qılınc, qətl və intihar hədəsi, Hatifidə - vurub yıxma və təhqir, Məktəbidə - itələmə və hədələmə, Həmdi və Şahididə - şillə, qətl və intihar hədəsi, Nəvaidə - zəhərli qılınc və intihar niyyəti, Rizvanda - üsyankarlıq, Cəlilidə - şillə, Həqiridə - saymazlıq, Sevdaidə - yumruq, L.Həmdi və C.Salihdə - şillə, Xəlifədə - yumruq, Ətai, Həbibi, Əndəlib və Nakamda - bıçaq, intihar və qətl hədəsi, xalqda - möhlət və s. kimi üsullarla özünü qorumaq və Məcnunun vüsalına qovuşmaq yolunu seçir. Onlardan fərqli olaraq, Füzulinin Leylisi öz əsrinin və ictimai mühitinin tipik qadını kimi hərəkət edir, bəkarət və paklığını qorumaq üçün hiyləyə əl atmaqdan, yalan danışmaqdan başqa çıxış yolu tapmır. Özü də bu yalan həm də doğrudur, çünki "cinn" ilə "məcnun" sözləri eyni kökdəndir. Həssas təbiətli alimin haqlı qənaətinə görə, "heç kəs mövhum qüvvə olan "cinni" ilə "Məcnun" adının eyni kökdən olması və əsərdə eyni mənada işlənməsi fərqinə varmamışdır. Göründüyü kimi, "cinni" sözünün məna və mənşəyi, təşkil və törəmələri özlüyündə məlum olsa da, bu şəkli müəmmadan ilk dəfə məhz Füzuli istifadə etmişdir". Maraqlıdır ki, S.Əliyev Füzuli Leylisinin bu "doğru" yalanını adıçəkilən bütün başqa şairlərin Leylilərinin qeyri-real və inandırıcı olmayan hərəkətlərindən üstün tutur və bunu Füzulinin sənətkarlıq qüdrəti və səriştəsi ilə bağlı izah edir.
Füzuli yaradıcılığı və şəxsiyyətinə dərin hörmət və sevgiylə yanaşan S.Əliyevin haqqında danışdığımız kitabında "Füzulinin üç dünyası" adlı kiçik, ancaq çox dəyərli bir məqaləsi də vardır. Burada o, Füzulinin dünyanı üç ölçüdə dərk və təsdiq etdiyini göstərir: bütün bəşəriyyət, islam aləmi və türk dünyası. Bir sözlə, "Füzuli filosof kimi ən çox dünyaçı, şəxsiyyət kimi ən çox islamçı, şair kimi isə ən çox türkçüdür". Eyni zamanda Füzulinin nə Xəyyam kimi "kəmetiqad", nə Firdovsi kimi şovinist, nə Xətai kimi mütəəssib, nə də başqaları kimi kosmopolit olduğunu, əksinə, ümumən bəşərə məxsus işıqlı və ağlabatan nə varsa, hamısına rəğbət bəslədiyini diqqətə çatdırır.
"Füzulinin bir sözü" adlı kiçik bir məqaləsində isə şairin məşhur "Söz" rədifli qəzəlinin üçüncü beytindəki bir sözə, daha doğrusu, bir şəkilçiyə (-ca şəkilçisi) etirazını bildirir. Əlyazma və çap mətnlərinin çoxunda aşağıdakı kimi gördüyümüz
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz
- beytindəki məna və məzmun çatışmazlığına diqqət çəkən S.Əliyev yalnız AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan M-205-11217 şifrəli qədim bir əlyazma nüsxəsində "tutduqca" sözünün yerində "tutduqda" kəlməsi olduğunu bildirir. Hər iki variantı tutuşdurub müqayisə edən alim məhz ikinci sözün mətnə "daha rəvan girdiyini" və şairin fikrini "dəqiq və yayınmasız ifadə etdiyini" sübut edir.
"Füzuli mətnində yabançı notlar" adlı məqaləsində isə Türkiyə və Azərbaycanda nəşr olunmuş Füzuli divanında səhvən getmiş bəzi misra və beytlərə diqqəti çəkir, onların gələcək nəşrlərdə mütləq düzəldilməsinin vacibliyini qeyd edir. "Rişteyi-canım yetər, et bir gireh" misrasındakı son iki sözün yanlış oxunduğunu, "pürgireh" ifadəsinin doğru variant olduğunu isbatlayır. Füzuli mətnlərinə yol tapmış bu kimi yad-özgə söz-ifadələrin həssas mətnşünası uzaqdan çağırdığını deyən S.Əliyevə görə: "Füzuli şeir vahidi həndəsi teorem kimidir, - artıq söz götürmür, qızıl kimidir, - aşınıb itirmir, insan gözəlliyi kimidir, - əyər-əysiyi yoxdur əndamında. Füzuli öz sözündən başlayır. Bu sözün qalıqsız-əlavəsiz ədəbi mətnini ortaya qoymaq elmi vəzifələrimizdən birincisidir".
Onun 1987-ci ildə "Hədiqətüs-süəda"nın ilk elmi-tənqidi nəşrini həyata keçirən İstanbul Universitetinin professoru Şeyma Güngörə açıq məktub şəklində yazdığı "
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!