Çukurova Ədəbiyyatçılar Dərnəyinin dünya türklərini bir araya gətirən 10-cu yubiley festivalı 22-28 aprel 2025-ci il tarixdə Almatıda düzənləndi. 10-cu festivalın Qazaxıstanda keçirilməsi barədə qərar hələ ötən il Qırğızıstanda (İssık-Kulda) düzənlənən 9-cu festivalda qəbul edilmişdi. Bir-birini əvəzləyən bu festivalların formatı dəyişsə də, heç vaxt qutsal mahiyyəti dəyişmədi, sıralarını daha da genişləndirdi. Qeyd edim ki, ilk festivaladək İstanbulda, Ankarada, İzmirdə, Antalyada, Çanaqqalada, Spartada, Samsunda, Yozqatda, Sivasda, Somada, Bursada və Türkiyənin digər şəhərlərində dünyanın müxtəlif ölkələrindən gələn türk insanları ilə şeir, sənət və musiqi şölənlərində qrup şəklində iştirak etmişdik.
Uzun illər Türkiyə bələdiyyələri ədəbi-mədəni tədbirlərin keçirilməsinə böyük dəstək verir, otel, yemək, hətta yol xərclərini belə qarşılayırdılar. Türkiyənin, türk dünyasının inkişafını istəməyən Amerika və batının Türkiyəyə qarşı iqtisadi basqısı dəfələrlə lirənin devalvasiyası ilə nəticələndi. Bələdiyyə başqanları ciddi maliyyə problemləri üzündən əvvəlki dəstəyi vermək gücündə olmadı. Olsun. İnsanlar öz hesablarına olsa belə, bu görüşlərə cani-könüldən qatıldılar.
Bir məqamı da xatırladım ki, Türkiyədə aidiyyəti dövlət qurumunun səhlənkarlığı səbəbindən pasportunda problem yaşayan ÇED başkanımız Halise xanım Almatıya iki gün gec gəlmək zorunda qalmışdır.
Festivalın düzənlənməsində əsas yük çox istedadlı şair, publisist, tərcüməçi "Dünya Ədəbiyyatı" jurnalının baş redaktoru, ÇED onursal başqanı Erjan Alaştuqanın çiyinlərinə düşmüşdü. Təşkilatçılıq işinin nə qədər çətin və məsuliyyətli olduğunu çoxumuz bilirik. Buna hələ dəyərli Onursal Başqanımız Joldişbek Monoldorovun təşəbbüsü ilə Qırğızıstanda düzənlənən 9-cu festival zamanı şahid olmuşduq. Tədbirlərin keçirilməsində bəzi dostların könüllü olaraq, Erjan Alaştuqana dəstək olmaları çox qürurverici idi.
Qeyd etdiyim kimi, 10-cu yubiley festivalı Qızıl Ordadan Alaş Ordayadək uzun yol keçmiş bugünkü Qazaxıstanın tarixi şəhərində - Almatıda keçirildi. Bu, post-sovet türk respublikaları arasında, Qırğızıstandan sonra, keçirilən ikinci festival idi. Azərbaycandan 31, Türkiyədən 29 nəfər tədbirə qatılmışdı. Ümumilikdə, 150 nəfərlik heyətlə düzənlənən festival kiçik texniki problemlərlə üzləşsə də, unudulmaz xatirələrlə tarixə çevrildi.
Haşiyə: Türküstan respublikalarının yunan Kiprinə səfir təyin etmələri iştirakçıların festivalöncəsi əhval-ruhiyyəsinə təsirsiz ötüşməmişdir. Hətta bu konuda feysbuk səhifəmdə açıqlama ilə çıxış da etmişdim.
Bu gün də, Türk Dünyasının birlik və bərabərliyinə sanki kölgə salırmış kimi görünən olayın siyasi bir gediş olduğu qənaətindəyəm. Siyasi olaylar o qədər sürətlə dəyişir ki, nəyin doğru, nəyin yanlış olduğunu hesablamağa vaxt belə çatmır. Mən tam əminliklə deyə bilərəm ki, bu olay uzaq məqsədlərə hesablanmış siyasi gedişdir. Şimali Kıbrıs Türk Cümhuriyyətini bugünədək Türkiyədən başqa heç bir dövlət tanımayıb. Türküstan respublikalarının Kıbrısın yunan kəsimini tanıması prosesi 1992-ci ildə baş verib. Bugünkü elçilik mübadiləsi isə, sabah öz qardaşlarının - türk kəsiminin tanınmasına yol açmağa yaxşı zəmin-fürsətdir. Təbii, bu, Batının, Amerikanın xoşuna gəlməyəcək. Onlara cavabımız: "bu, necə ola bilər ki, yunanları tanıdıq, indi doğma qardaşımızı tanımayaq?! Ay con, ay sem, ay cin, sizin ədalət prinsiplərinizin "min bir gecə nağılları"ndan fərqi nədir?" Həyasızlığa baxın ki, BMT-nin təşəbbüsü ilə 2004-cü ildə Kıbrısda keçirilən referendumda adanın yunan hissəsi ayrılmağa səs versə də, bu, Amerika və Batını qane etməmişdir. Nə qədər çalışsalar da, mən əminəm ki, ada rəsmi olaraq iki dövlətə çevriləcək. Şimali Kıbrıs Türk Cümhuriyyətini bütün dünya tanıyacaq.
Gəlin, türk dövlətlərinin yunan Kiprini tanıma tarixinə nəzər salaq:
Azərbaycan - 1992-ci il 2 aprel
Qırğızıstan - 1992-ci il 20 fevral
Qazaxıstan - 1993-cü il 2aprel
Özbəkistan - 97-ci il 30 may
Türkmənistan - 2007-ci il 13 noyabr.
Şübhəsiz, siyasi sürəcin zamana uyğun hesablanması və pərdəarxası olayların səbəblərini ancaq dövlət başçıları dəqiq bilir. Bugün haqqında söhbət açdığımız konu barədə Türkiyə və Azərbaycan prezidentləri fikir bildirməyibsə, demək ki, perspektivdə yaxşı nəsə planlaşdırılır...
Festivalın, demək olar ki, bütün tədbirləri Qazaxıstan Respublikasının Milli Kitabxanasının böyük zalında keçirildi. Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq, festivala əliboş gedə bilməzdim. Qazaxıstan təmsilçimiz, 10-cu festivalın təşkilat rəhbəri, əziz qardaşım Erjan Alaştuqanın xahişi ilə Nizami, Füzuli və Nəsiminin toplularını əldə eləyib, hədiyyə olaraq, Qazaxıstanın Milli kitabxanasına verməliydim. Bu topluları tapmaq və əldə etmək üçün bir neçə gün axtarışlarımı davam etdirdim. Heç kəs məndən inciməsin, açıq söyləyəcəm, az qala bütün maddi-mədəni irs nümunələrimizi dünyada öz adına saxtalaşdıran ermənilərlə eyni cərgədə addımlayan içimizdə lövbər salmış hələ çox zatlar var. Toplularla bağlı plan və məramımı söylədim, təəssüflər olsun ki, ölkə başçısının sərəncamı ilə nəfis şəkildə nəşr olunmuş adıçəkilən toplular üçün əlahəzrət nəşriyyat, yaxud mətbəə mənsubu mənə elə qiymət oxudu ki, gərək həmin toplular üçün üç aylıq maaşımı gözləyəydim. Ani olaraq, əziz dostum, hörmətli Mədəniyyət nazirimiz Adil Kərimli yadıma düşdü. Əlaqə saxladım, axşam idi, dedi, "sabah həll etməyə çalışacam". Bəli, növbəti gün mənə zəng gəldi ki, toplular hazırdı, gəlib götürə bilərlər. Cənab nazirimizə bu lütfündən dolayı sonsuz minnətdarlığımı bildirirəm. Çıxışımda həmin topluların Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin hədiyyəsi olaraq Qazaxıstan Milli Dövlət Kitabxanasına verildiyını xüsusi qeyd etdim.
10-cu yubiley festivalı Qazaxıstanın əlamətdar yubileylərinə: Qazax xalq qəhrəmanı Muxali Bahadırın 855, Qazax dövlətçiliyinin 800 və Abayın 180 illiyinə həsr olunmuşdur.
Qazax xalqının tarixi keçmişi barədə, eləcə də Abay haqqında Azərbaycan oxucusunun məlumatlı olması şəksizdir.
Festivalda qazax xalqının milli qəhrəmanı, Azərbaycanın da tərkibində olduğu Cəlairilər dövlətinin, cəlairilər nəslinin nümayəndəsi olan Muxali Bahadır haqqında maraqlı tədqiqatların nəticəsi olaraq, ona həsr olunmuş poeziya nümunələrini dinləmək və oxumaq çox xoş idi. Festival iştirakçılarının hər birinin bu yubileylərə görə təsis edilmiş medallarla, sertifikat və diplomlarla təltif olunması gözəl nümunə idi. Təşkilati işlərin, diplom və medalların hazırlanmasında, Qazaxıstan Respublikasının böyük iş adamı, Azərbaycanda da sevilib tanınan Erbol Beysenovun misilsiz xidmətlərini xüsusilə qeyd etmək istəyirəm. Onun Azərbaycan heyətinə öz evində musiqiçilərin iştirakı ilə xüsusi ziyafət verməsi, bir neçə gün sonra böyük şadlıq evində Azərbaycan və Türkiyə heyətinə 100 nəfərlik musiqili məclis qurması, eləcə də dönüş günü restorandakı ziyafət unudulmaz anlarla yadda qaldı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!