Şuşa... Bir şəhərin adı bu qədərmi çox hissi içində daşıyar? Bu qədərmi insan taleləri, bu qədərmi dərd, kədər, qürur və zəfər bir ada sığar? Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" poemasında bu sualların cavabını yalnız ağlımızla deyil, qəlbimizlə də hiss edirik.
Şuşa adlı...
Sevgili dərdim çıxır hər yerdə qarşıma,
sevgili kədərim çökür üz-gözümə,
sevgili gözyaşları axır gözlərimdən,
sevgili ağrılar ağrıdır ürəyimi,
sevgili sancılar doğrayır içimi,
sevgili ayrılıqlar sarılır boynuma,
sevgili, sevgili, sevgili...
hamısı Şuşa adlı.
Poema ədəbi əsər olmaqla bərabər, işğaldan azad olunmuş bir şəhərin - Şuşanın yaşadığı kədərin və çaldığı zəfərin poetik salnaməsidir. Müəllifin "Sevgili dərdim çıxır hər yerdə qarşıma" ifadəsi, həm fərdi duyğuların, həm də xalqın keçdiyi ağrılı yolun ümumiləşmiş səsidir.
Poemanın ən təsirli hissələrindən biri Şuşanın işğalı ilə bağlıdır. "Bir şəhər hər yerindən tərk edilirdi..." deyən şair, bu ayrılığı təkcə fiziki yox, mənəvi faciə kimi təqdim edir. Pəncərələrin "ayrılığa açılması", ümidlərin yollarda qalması - bunlar sadə təsvirlər deyil, illərlə xalqın sinəsinə çökmüş ağrıların sözə çevrilmiş halıdır.
Poemanın ilk bölməsində Şuşa tərk edilmiş bir şəhər kimi təsvir olunur. "Evlərin pəncərə gözləri ayrılığa açılırdı..." - bu sətirlərdə bir məkanın fiziki və mənəvi boşalması vurğulanır. Müəllif bu mənzərəni həm vizual, həm də ruhən yaşadır. O, oxucunu ayrılığın ilk anına aparır və bu ayrılığın insan ruhunun dərinliyinə hopmuş mənəvi bir faciə olduğunu göstərir.
Müəllifin "Heç bilmirdik bu yollar hara aparır..." deyə başladığı hissə isə bir millətin düşdüyü çaşqınlıq, iztirab və taleyə tabe olmadan yaşamaq iradəsindən xəbər verir. Bu yollarda "zaman qovurdu, ayrılıq qovurdu, ölüm qovurdu" - bu obrazlar məcazi olmaqla yanaşı, real təhdidlərin də simvoludur.
Müəllif poemanın bu hissəsində zamanla mübarizə aparan bir millətin əzmini göstərir. Onlar "vətənsiz yaşamağa gedirdilər", amma bu getmək bir məhvə yox, yenidən doğulmağa aparırdı. Və bu doğuluşun adı zəfər idi.
Müəllif qeyri-müəyyənliyi, çaşqınlığı, suallar içində boğulan ruh halını əks etdirir: "Biz hardaydıq? bilmirəm... Biz varıydıqmı? bilmirəm..." Bu sualların cavabı isə oxucunun içində doğur. Çünki hər bir Azərbaycan vətəndaşı bu yoxluğun içində yaşayıb və zəfərlə birgə "var olmağın" nə demək olduğunu hiss edib. Əsərin bu introspektiv tonu, əslində böyük zəfərlərin təkcə ordu ilə yox, həm də ruhla qazanıldığını göstərir. Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" əsəri bütöv millətə yazılmış sevgi, ağrı, vəfa və zəfər poemasıdır. Bu əsər Qarabağ həqiqətlərinin ədəbi dildə qələmə alınmış salnaməsi olmaqla yanaşı, həm də gələcək nəsillərə bir ruh məktubudur.
Əsərin irəliləyən hissələrində müəllif bizi Şuşaya aparan uzun, çətin yolların şahidi edir. "Heç bilmirdik bu yollar hara aparır", - deyə yazan şair, bu qeyri-müəyyənliyin içində xalqın qətiyyətlə yol getdiyini göstərir. Zaman, ölüm, ayrılıq - hamısı bu xalqın arxasınca düşmüşdü. Amma xalq bu yolları getdi. Çünki məqsəd - torpağa, vətənə qayıdış idi.
Poemada təsvir olunan bir səhnə xüsusilə diqqət çəkir: tərk edilən evin canlı varlıq kimi təqdim olunması. Bu, milli yaddaşın mərkəzində duran ev anlayışının poetik ifadəsidir. "Bizim ev ardımızca qaçmaq istəyirdi..." - deyə başlayan bu hissədə ev artıq bir bina deyil, bir ata, bir baba, bir ailə halına gəlir. Onun pəncərəsindən yaş süzülür, bacasından ah tüstülənir. Evin divarlarının çatlaması, onun əyilib ikiqat olması - bunlar xalqın taleyinin poemadakı simvolik təzahürüdür. Müəllif evin qopmaq istəməsini - yəni yaddaşın, kimliyin, kökün getmək istəməməsini təsvir edir. Bu isə bizi sadəcə nostalji ilə deyil, həm də sarsıdıcı bir realizmlə qarşılaşdırır. Evin bir insan kimi ağlaması - onun milli kimliyin, ailə varlığının bir rəmzinə çevrilməsi - poemadakı poetik ustalığa dəlalət edir.
Poemanın bir hissəsində təbiət obrazları insan ruhunu təmsil edir.
"Buludların üstündən keçirdik, buludluyduq. Yağışların içindən keçirdik, yağışlıydıq..."
- burada insan artıq təbiət hadisələrinə çevrilmişdir. O, bulud kimidir - doludur, lakin boşalmaq istəmir; yağış kimidir - davamlı ağlayır; payız və qış kimidir - solmuş, donmuş, sükuta qərq olmuş. Bu təsvirlər müəllifin yüksək poetik təfəkküründən doğur və eyni zamanda milli poetik yaddaşın gücünü göstərir.
"Şuşam, oyy..." - bu, həm də ümidin səsi, qayıdış arzusunun fəryadıdır. Poemada səslənən bu nida bir hayqırtıdır. O, həm poetik, həm də gerçək bir fəryaddır. Bu nida sadəcə şairin deyil, bütöv bir xalqın qəlbindən gələn səslə ahəng təşkil edir. Bu misralarla şair həm də tarixə iz salır. Onun ahı buxarlanıb göyə yüksələn dua, qayıdış istəyi və mübarizəyə çağırışdır.
"Şuşam ağrıyırdı, hər yerdə ağrıyırdı, içimdə bir Şuşa ağrıyırdı."
Bu ifadə bir fərdin deyil, bir xalqın ağrısıdır. Poemanın bu yerində müəllif artıq poetik yaddaşı kollektiv bir qəlbin sancısına çevirir. Bu ürəkdə Şuşa mənəvi yetimlik rəmzidir.
Şair poemada yalnız insanı deyil, təbiəti də ağladır. "Buludlar da içində ağladı, Şuşa da içində ağladı, ağaclar da, sular da içində ağladı." - bütün kainat bu ağrıya ortaq olur. Hətta ən sadə bir məişət detalı - "gedənlərin ardınca su səpən də olmadı" - bir ənənənin, bir mədəniyyətin qırılmasını göstərir. Bu, yurdun, torpağın, adətlərin, yaddaşın məhvə sürüklənməsidir.
Poemanın bu hissəsində müəllif dostla fəlsəfi bir dialoqa girir:
"Şuşa yetim qaldı, dedim, Biz də Şuşadan yetim qaldıq, dedi." - bu qarşılıqlı yetimlik - vətənin insandan, insanın vətəndən qoparılması əsərin mərkəzində duran kədərli həqiqətdir. "Biz Şuşasız öləcəyik, dedim, Biz artıq ölüyük, dedi". Bu sətirlər artıq fiziki yoxluğu, mənəvi ölmüşlüyü - ruhsuzluğu, yurd itkisini təsirli şəkildə ifadə edir. İtirilmiş vətən, itməyə başlamış insan deməkdir.
"Zamana dur, dedim, zaman dayanmadı" misrası xalqın zamanla apardığı çarəsiz savaşı göstərir. İnsan keçmişdə qalmaq istəsə də, zaman irəli gedir. Amma arxada qalan Şuşa, onun insanı zamanla bərabər getmir - ruh orada qalır, bədənsə bu tərəfdə. Bu hissə poemanın fəlsəfi dərinliyindən də xəbər verir.
"Həsrətə bit, dedim, həsrət bitmədi" oxucunu ümidsizliklə, hətta tale ilə barışmış vəziyyətlə üz-üzə qoyur. Amma bu barış təslimiyyətlə yanaşı zamanın gətirdiyi ağır, lakin dərin bir qənaətdir. Şair burada fərdi hisslərini ümummilli hissə çevirir: "Bir şəhərin ağrısı, zamanın ağrısıydı... sabahların ağrısını çəkdik..."
Burada Şuşa artıq keçmişlə tən gələcəyin də ağrısına çevrilir. Bu itki həm də gələcəyi olmayan bir xalq olmağın təhlükəsidir.
Poemanın sonunda şair gözlənilməz, lakin güclü bir dönüş edir:
"Biz dönəcəyik..." - müəllif bu qərarlı üslubu ilə həm özünü, həm oxucunu inandırır. "Yenidən yollarda yüyürmək, sevilmək, sevmək, yaşamaq, var olmaq, doğulmaq" - kimi ifadələr azadlığın və qayıdışın sözlü elçiləridir. Burada artıq söhbət yalnız Şuşaya fiziki dönüşdən getmir. Bu, həm də ruhun, kimliyin, xalqın özünə dönüşüdür.
Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" poeması tarixi şahidlik, kollektiv yaddaşın bədii manifesti, millətin ürəyindən qopan fəryad və səssiz qələbəyə ünvanlanan duadır. Bu poema oxucunu təkcə ağlatmır, həm də oyadır. O, unutmağın qarşısını alır, yaşatmağa sövq edir. "Çünki biz dönəcəyik - bu dəfə yalnız torpağa deyil, həm də öz ruhumuza". Bu parçada itki mövzusunu sadəcə bir şəhərin yoxluğu kimi yox, mədəniyyətin, yaddaşın, ruhun və əcdadların da yoxluğu kimi təqdim edir: "Qəbirlər sağ, ağaclar sağ, evlər sağ qaldımı?" sualı sadəcə keçmişin fiziki dağıntısını mühakimə etmir, həm də xatirələrin, kökün və kimliyin sağ qalma ehtimalını saf-çürük edir. Və müəllif cavabı da verir: "Yoxsa, qəbirləri də öldürdülərmi?" Bu ritorik sual qəbir daşlarının məhvini, əcdadın unudulması və xalqın köksüzləşməsi qorxusunu dilə gətirir. Bu məqamda Şuşa vətən ruhudur.
"Şuşanı da götürmək istədim, amma qollarımın arasından yağış kimi axdı" misrası Şuşanın sadəcə fiziki olaraq yox, mənəvi olaraq da tutulmaz hala gəlməsini göstərir. Vətəni saxlamaq, qorumaq istəyirsən, lakin onu saxlamağa gücün çatmır. Bu, xilaskar arzunun və acizliyin eyni anda yaşanmasıdır. Və bu mənəvi bölünmə oxucunun ruhunda sarsıdıcı bir təsir buraxır.
Əsərin bu yerində ana obrazı peyda olur. Bu obraz təkcə bioloji bir ana deyil, o, xalqın anası, torpağın, millətin analarıdır. "Səni Allaha əmanət verirəm, Şuşam" cümləsi həm dua, həm də bir ümidsizlik etirafıdır. Ana daha bir şey edə bilmir, dualarla torpağını Tanrıya tapşırdığı məqama çatır. Bu həm inancla yaşamaq, həm də müqəddəsləşdirmək anlamı daşıyır...
"Anam Şuşaydı, Analar Şuşa olmuşdu..." misrasında vətənin insanla birləşməsi, qadın obrazında şəxsiləşməsi var. Analar - yəni, doğan, qoruyan, yaşadan qüvvə - artıq Şuşa adını daşıyır. Və Şuşa təkcə Cıdır düzündə, Qala divarlarında deyil, Bakıdakı qürbət evində, Almaniyadakı bir pəncərədə, Amerikadakı bir ürəkdə, Türkiyədə bir universitet dəhlizində yaşayır. Bu sürgün edilmiş vətənin parçalanmış xəritəsidir. Amma eyni zamanda da vəhdətə inamdır - hər bir fərd öz içində Şuşanı yaşatdığı üçün o əbədi sağ qalır.
Poema xalq yaddaşının poetik arxividir. O, keçmişi yalnız ağlamaq üçün xatırlamır, həyata, ümidə və doğma torpağa qayıdışa inamla yaşadır.
Əmanət verilən Şuşa - qorunan dəyərdir. Gəlməyən qatar - gələcəyin səsini hələ də eşidən qulaqlardır. Şuşa - həm yaddır, həm içimizdir. Və hər birimiz, öz içimizdəki Şuşaya qayıtmaqla bu əmanətə sahib çıxırıq.
Bəzən təkcə torpaq, yurd deyil, həm də qəlb yarasıdır Vətən. Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" poeması da bu yaradan doğan sözlərin, sətirlərin həqiqətidir. Bu poetik mətndə təkcə müəllifin yox, bütöv bir xalqın həsrəti, göz yaşları, itkiləri, duaları və nəhayət, zəfəri dilə gəlir.
Poema bir poetik nəğmə kimi başlayır: "Şuşa adlı... sevgili dərdim..." - burada artıq oxucu anlayır ki, bu, bir millətin bütünlüklə keçirdiyi ayrılığın, dağılmanın, parçalanmanın poetik salnaməsidir. Hər kəlmə, hər misra bir yaddaş daşıyıcısıdır - pəncərələrdən axan ayrılıqlar, evlərin dilə gəlib ağlaması, bacalardan yüksələn ahlar...
Bu şeir təkcə estetik məqsədlərlə yazılmayıb. O, həm də tarixi bir sənəddir - insanların zamanla yaşadıqları ağrıların, gözlədikləri qatarların, dönməyən dostların, dağılan ailələrin, vətəndən didərgin düşən evlərin poetik ifadəsidir.
Elçin İsgəndərzadə sətirlərlə bizə göstərir ki, vətəni tərk etmək yalnız fiziki ayrılıq deyil. Bu, həm də içindən bir parçanı qoparıb atmaqdır. "Biz də uzaqda qalırdıq - bizim evə, bizim yerə, bizim göyə, bizim olan hər şeyə..." - deyə müəllif, ayrılığın nə qədər dərindən hiss olunduğunu oxucunun ruhuna hopdurur.
Poemanın sonlarına doğru isə ton dəyişir. Həsrət zəfərlə tamamlanır. Qayıdış, sevincli göz yaşları, qucaqlanan bir Şuşa var. Qucaq açan bir Vətən var. "Şuşa azad idi... biz azad Şuşaya gedirdik..." - bu mənəvi qələbənin, tarixi ədalətin bərpasının ifadəsidir.
Poemanın sonundakı fəlsəfi suallar - "Biz varıydıqmı?", "Biz hardaydıq?" - oxucunun öz içində axtarış aparmasına səbəb olur. Müəllifin bu sualları cavabsız qoyması təsadüfi deyil. Çünki bu cavab - oxucunun öz vicdanında, tarix qarşısındakı yaddaşındadır.
"Mənim Şuşa dastanım" - Elçin İsgəndərzadənin bu xalqın ruhunu duyan bir qələm sahibi olduğunu göstərir. Bu poema otuz illik ayrılıqdan sonra qazanılan zəfərin sözə çevrilmiş qürurudur.
Şuşa - artıq kədər deyil, zəfərin özüdür. Lakin o zəfərin haradan gəldiyini unutmaq olmaz. Elə müəllifin bu əsəri də məhz unutdurmamaq üçündür.
"Mənim Şuşa dastanım" bir şairin, xalqın, şəhidlərin, qayıda bilməyənlərin, gözləyə-gözləyə ölənlərin və nəhayət, Vətənə qovuşub "Şuşam, qurbanın olum" deyənlərin səsidir.
Poema, bir növ, ədəbiyyatın və tarixin qovuşağında yazılmış poetik zəfər salnaməsidir. Elçin İsgəndərzadə sözün gücü ilə bizə sübut edir ki, vətən təkcə torpaq deyil, həm də duyğudur, xatirədir, gözdəki yaş, sinədəki nisgildir. Şuşa indi bir şəhər və bir dastandır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!