Bir əsr yaddaşlardan silinməyən ustad sənətkarımız - Fikrət Sadıq - Gülxani PƏNAH

Qələmini söz sənətinin müxtəlif janrlarında sınamış, bir-birindən mənalı, oxunaqlı əsərlər yaradan Fikrət Sadıq heç kimi təkrar etməyən, öz orijinallığı ilə seçilən əsərləri ilə Azərbaycan ədəbiyyatının öncülləri sırasındadır. 

O, yaradıcılığında müasir həyatla səsləşən mövzulara daha çox müraciət edirdi. Mövzu və janr etibarı ilə zəngin və rəngarəng olan yaradıcılığını nəzərdən keçirdikdə iki aspekt diqqətimizi daha çox cəlb edir. Birinci cəhət, xalqımızın zəhmətkeş təbəqəsinin, ulularımızın müsbət mənəvi keyfiyyətlərinin tərənnümüdürsə, ikinci cəhət, insani duyğulardan uzaq olan yaltaqlığın, paxıllığın, kasıblığın, ehtiyacın, cəmiyyəti içindən yeyib-tökən rüşvətxorluğun, pulun və digər mənfi halların özünəməxsus orijinal bir şəkildə tənqididir. 

Sadə və həyati mövzuları mənalandırmaq, ona fərdi yaradıcılıq prizmasından yanaşmaqla lirik vüsət aşılamaq, müasirlik Fikrət Sadıq yaradıcılığının mühüm cəhətləridir. Yaradıcılığında xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişi, bəşəri mövzular, xalqımızın son onilliklərdə həm mədəni, həm siyasi, həm ictimai sahədə əldə etdiyi möhtəşəm yeniliklər, mənəvi-psixoloji aləmi, Azərbaycan dilinə, mədəniyyətinə, əxlaq kodeksinə, torpağına, onun təbiətinə, milli-mənəvi dəyərlərinə hörmət əsas mövzudur. 

F.Sadıq məhz bu sahədə, bəlkə də dövrünün bütün ziyalılarını qabaqlamış, dil məsələlərini daima diqqət mərkəzində saxlamış, yazdığı əsərlərində dilimizin saflığı naminə mübarizə aparan qələm sahibi idi. Onun əsərlərinin dili sadə, canlı və təbiidir. O, poetik ovqatı qafiyə və vəznlə ölçmür. Onun yaratdığı əsərlərdə bədii ümumiləşdirmə güclüdür. 

Yaratdığı əsərlər zamanın səsinə səs verən əsərlərdir. 37-ci illərin repressiyasının dəhşətli nəticələri, imperialist qüvvələrin Azərbaycanda gedən milli-azadlıq hərəkatını boğmaq cəhdləri, bu yolda şəhidlər verən Azərbaycan xalqının mübarizliyi, əzmkarlığı, ikiyə parçalanmış Azərbaycanın dərdinin üstünə gələn Qarabağ, Qərbi Azərbaycan dərdi, torpaq həsrəti, yurd göynərtisi, didərginlik taleyi yaşayan soydaşlarımızın düşdüyü sarsıdıcı-psixoloji vəziyyət, ictimai bəlalardan olan rüşvətxorluq, haramçılıq böyük cəsarətlə təsvir edilir. 

"Vətənin əl boyda daşı", "20 ildən sonra", "Ömrün bir günü", "On üç şam", "Ana əli", "Arzu bulağı" və s. poemaları, "Yaşıl xatirələr" silsilə şeirləri və digər əsərləri onun sənətkarlıq imkanlarını güzgü kimi özündə əks etdirir. 

 

*** 

Fikrət Sadıq şeirlərində xalqına sadiq insandır. Alnıaçıq, üzüağ şair "xalqının şair" övladı olmasıyla fəxr edir: 

 

Fələkdən sinə dağlıyam, 

Bəndi-bərəsi bağlıyam. 

Xalqımın şair oğluyam, 

Quru dilmancı deyiləm. 

 

"Deyiləm"

 

F.Sadıq şeirlərində vətənin, xalqın birliyi məsələsini ön plana çəkir. Şair fikir və duyğularını Bütöv, Azad və Bölünməz Vətən üstündə kökləyir. 

 

***

Azərbaycan F.Sadıq üçün dünyadır. Hansı kitabda, harda Azərbaycan mövzusu var, orda Fikrət Sadıq duyulur. F.Sadıq qəlbindəki Azərbaycanın böyüklüyünü duyduğundan 1962-ci ildə ədəbiyyatşünas alim Qulamhüseyn Beqdelinin xahişi ilə qüdrətli şairimiz Şəhriyarın farsca yazdığı "Azərbaycan" şeirini ana dilimizə tərcümə etmişdir. 1995-ci ildə "Öyrətmən" nəşriyyatı səhvən 8-ci sinif ədəbiyyat dərsliklərində şeirin tərcüməçisi kimi hörmətli şairimiz Balaş Azəroğlunu göstərib. Əlbəttə, bunun bir texniki səhv olduğunu bilirik. 1966-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı Şəhriyarın seçilmiş əsərlərini nəşr etdirərkən, tərcümənin Fikrət Sadığa aid olduğunu (Şəhriyar. Seçilmiş əsərləri, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı. səh. 271-272) yazıb. Hələ 1996-cı ilin 28 noyabrında Fikrət Sadıq mətbuatda gedən bu yanlışlığa görə etirazını bildirib: "Əvvəla, bu dərsliyin müəllifi bilməlidir ki, bu tərcümə sonralar 1966-dan 1996-yadək azı on dəfə dərc olunub. Hətta İranda nəşr olunan "Varlıq" dərgisində də! O tərcümə barədə Qulamhüseyn Beqdeli və Cavad Heyət cənabları da söz deyiblər. Bu tərcüməyə görə mən İrana - Şəhriyar konfransına getmişəm. Təbrizdə böyük Şəhriyarın məqbərəsində həmin tərcüməni oxumuşam. Nəhayət, bu şeir 1988-ci ildə, xalqın - o vaxt Lenin indi - Azadlıq adlanan meydana axışmasında beyt-beyt yazılıb, divarlara vurulurdu. Sonralar "Koroğlu" musiqi dəstəsində çox gözəl bir mahnıya çevrildi. Az qala, bütün Azərbaycan ziyalıları bu tərcümənin mənə məxsus olduğunu bildiyi halda, təəccüb eləyirəm ki, bu dərsliyin müəllifləri niyə bilməyiblər? Bu tərcüməni mən "Yazıçı" nəşriyyatında dərc olunmuş "Dünya öz işindədir" (bu kitaba görə Dövlət Mükafatına layiq görülmüşəm) kitabında "Qərib at, qəribə at" poemasında epiqraf vermişəm". 

Tərcüməçilik çox çətin peşədir. İllah da ki, şair olasan. Və o şeiri tərcümə edəndə poetikanı gözləyəsən, şeirin ruhunu qoruyub saxlaya biləsən. Şəhriyar kimi böyük bir sənətkarımızın yaradıcılığının qayəsini təşkil edən "Azərbaycan" şeiri Fikrət Sadıq kimi şeirə, sənətə, sözə sərraf gözüylə baxan bir şair tərəfindən əlbəttə, belə gözəlliklə tərcümə olunmalıydı: 

 

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan, 

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan. 

 

Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram, 

Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan... 

...Övladların nə vaxtadək tərki-vətən olacaqdır? 

Əl-ələ ver, üsyan elə, bir də oyan, Azərbaycan! 

 

Bəsdir fəraq odlarından kül ələndi başımıza, 

Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan! 

 

Şəhriyarın ürəyi də səninkitək yaralıdır, 

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan! 

 

Bu misralardakı təbiilik, doğmalıq, vətən məhəbbətidir ki, Fikrət Sadığı özünə çəkib və bu gözəlliklə, bu axıcılıqla, sənətkarlıqla Şəhriyarın duyğularında öz istəyi ilə səsləşən motivləri ustalıqla dilimizə tərcümə edib, o taylı-bu taylı Azərbaycan şairlərinin fikirlərindən, arzularından bir-birini xəbərdar edib. 

 

***

F.Sadıq yaradıcılığında dövlətçilik, birlik prinsiplərini poetik bir dillə təbliğ edir. Azərbaycan - Türk dünyasının keçmişi və dünəniylə fəxr edən şair bu günü üçün də narahatdır. Sabahına xoş ümidlərlə baxmaq üçün bu gün düşünməli olduğumuzu unutmamağa çağırır. "Tanrı türkü qorusun!" kəlamı şeiri üçün başlıq götürülsə də, şairin narahat dünyasından xəbər verir. O yazır: "Eramızdan yüzillərlə əvvəllərdən türk dövlətlərinin bayraqlarında Aypara çəkilib. Bütöv Ayın lap dörddə biri. Türklər o qədər təvazö sahibi olublar ki, bütöv Ayı bayraqlarına çəkməyiblər. Çox olublar: tayfa-tayfa, qəbilə-qəbilə, dövlət-dövlət və para-para. Bundan da elə Aypara doğur. Nə Oğuz, nə Mete, nə Atilla, nə Çingizxan, nə Osman, nə Atatürk bayraqlarına bütöv Ay çəkməyiblər. Bütöv Ay - bütün türklərin birləşməsindən sonra çəkiləcək bayrağımıza. Hələ ki, Ayparalar yaşadır bizi. Bəzi qüdrətli dövlətlərə paxıllığım tutur. Məsələn, Yaponiya. Onların bayrağında bütöv günəş var. Yəqin orda millət də, dövlət də bütövdür. Bizim kimi dağınıq deyil. Bizi Ayparalar zəfərdən-zəfərə, yüzillikdən-yüzilliyə aparır. 

Gün o gün olsun ki, türklər minillik arzularına çatsınlar. Onda Ayparamız bədirlənmiş Ay olar! İnşallah!" 

Fikrət Sadıq "Hələ qisası qalır Zəngəzurun" - deyərək nalə çəkirdi, qəzəb dolu bir səslə hayqırırdı, bəlkə də heyfindən içi od tutub yanırdı, Fikrət Sadığın sinəsində bir baca açmışdı bu torpaq dərdi, bu vətən dərdi... Yoxsa "Türk özünü qorumur, Tanrı Türkü qorusun" - misrasında bu qədər misraaltı mənalarla dolu səsi duyulmazdı: 

 

Dili, dini bir olan əqidəcə bir gərək, 

Bu millət bir olunca, bizlərə səbir gərək. 

İyirmi yüz il azmış, bəlkə iyirmi bir gərək?! 

Gəlsin, Türkün açılan yarasını sarısın, - 

Türk özünü qorumur. Tanrı türkü qorusun! 

 

***

Əlbəttə, onun yaradıcılığı Azərbaycan ədəbi tənqidinin, sənətşünasların diqqət mərkəzində olmuşdur. Yeni nəşr olunan hər bir kitabı, mətbuatda dərc olunan əsərləri haqqında ədəbi tənqid, sənətsevərlər, şairlər, yazıçılar ictimaiyyət yüksək qiymətini vermişdir. Rəsul Rza, Bəkir Nəbiyev, Mirvarid Dilbazi, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Elçin, Ağamusa Axundov, Məmməd Araz, Qabil, Anar və onlarla sənətsevərlər Fikrət Sadıq yaradıcılığı haqqında dəyərli fikirlər söyləmiş, resenziyalar, məqalələr, kitablarına Ön sözlər yazmışlar. 

Şair bütün ömrünü yaradıcılığına bağlamış, otuzdan çox kitab nəşr etdirmişdir. O nəsr sahəsində də qələmini sınamış, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə", "Sinif-sinif oyunu" və s. hekayələrini yazmışdır. 

 

Fikrət Sadıq qələmini publisistika sahəsində də sınamış, uğurlu nəticələr əldə etmişdir. Belə ki, onun yazdığı bu ədəbi-bədii publisist yazıları ədəbiyyatımızın düzgun inkişafı məsələlərilə, bir çox sənətkarların ədəbi-bədii yaradıcılığı haqqında dəyərli fikirlərilə zəngindir. "Məmməd Arazdan yeddi söz", "Müşfiqin işığında yol getmək olar", "Adını de, səni tanıyım", "Ümmandan damla", "Rəsul Rza", "Vətənə qayıt", "Balaş Azəroğlu", "Xəlil Rza kimdir?", "Söz haqqında söz", "Təbiəti qoruyun" kimi çoxlu sayda publisist yazıların müəllifidir. 

 

"İçərişəhər", "Naxçıvan-50", "Süleyman Rüstəm" sənədli filmlərinin, "Cırtdanın yeni sərgüzəştləri" cizgi filminin ssenarilərini yazmışdır. 

Şairin əsərləri dünyanın bir çox dillərinə də tərcümə edilmişdir. "Raneniye doma" (1970), "Veçernaya pesnya" (1974), "Semisvetni klubok" (1981), "Nadejda ot zemli do neba" (1995), "Belaya tropa" (1995), Ukrayna, rus, belarus, eston, litva, qazax, özbək, macar və digər dillərdə tərcümə olunmuş şeirlərin müəllifidir. 

 

Ədəbiyyatımızın inkişafında xidmətləri yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi", "Əməkdə igidliyə görə" medalı ilə təltif edilmiş, "Dünya öz işindədir" kitabına görə Dövlət mükafatına layiq görülmüşdür. Rəsul Rza və Məmməd Araz Ədəbi mükafatlarının laureatıdır. Sənət, ədəbiyyat onun həyatı idi. Yazıçını yaşadan onun kitablarıdır. Otuzdan çox kitabın müəllifi Fikrət Sadığın həyatı, yaradıcılığı hələ oxunmamış kitablar içərisindədir. Yazılacaq, oxunacaq, əldən-ələ gəzəcək. O hörmətli şairimiz Adil Cəmillə müsahibələrindən birində deyir: "Kitab nəşr olunmayanda elə bilirəm, yazıçı-oxucu "körpüsü" qırılır". O əsərlər ki, insani duyğular üzərində köklənir həmişə, hər zaman insan qəlbinə yaxın olduğundan öz müasirliyini itirmir. 

 

Fikrət Sadıq yaradıcılığını bütünlüklə tədqiq etmək, müxtəlif janrlarda yazdığı əsərləri ümumiləşdirib qiymətini vermək, onun zəngin yaradıcılıq yolunu açmaq, araşdırmaq, müasir Azərbaycan ədəbiyyatının, poeziyasının inkişafında onun yerini, rolunu düzgün qiymətləndirmək müasir ədəbiyyatşünaslığın vəzifələrindəndir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!