Sərhədpozan - Südabə AĞABALAYEVA

Südabə AĞABALAYEVA

O qədər sərhəd pozub - bir durna qatarında....

O qədər sədlər aşıb - fikir qanadlarında...

Niyəsi bilinməz, neçəsi bəllənməz.

Necəsinə inandıran inandırıb - taleyinə şair ömrü yazanda:

 

Böyük fikir qanadıyla

Uçulmaza uçmaq olar.

 

Uçulmazın keçilməzi olmayıbmı, görəsən?

Harda soruşasan, necə soruşasan?

Musa Yaqub, budu ha, ömrünün yaxası vaxtın əlində, vaxt bir az qabaqda, bir az geridə - elə bir ilahi yerdə durub ki... 

Bir də ki, şairdən nə soruşasan, şair - bu dünyada verəcəyi hər cavabı şeirində deyəndi.

 

Vətən adlı, torpaq adlı

Bir sevginin sərhədini

Keçmək olmur, aşmaq olmur.

 

Əslində, bütün sərhədləri insan fikirləşib, insan qoyub; dövlət sərhədi, hava sərhədi, suya sərhəd, qoruğa sərhəd... Bir də var, insanın öz içində özünə qoyduğu sərhəd. Özündən keçmək olmur. Özündən qaçmaq olmur. Özündən keçəndə qanunlar gücdən düşür. "Vətən adlı bir sevginin sərhədi" də ona görə keçilməzdi yəqin:

 

Gərək öz kökündə qaynasın qanın,

Gedib özgəsinə tapınmaq olmur.

 

Kök də kök ola, ha! Musa Yaqubun sənəti, sözü, həyatı haqqında onu tanıyanların, ruhu-fikri birlərin, demək olar ki, böyük əksəriyyəti şairin halal ocağının istisini-tüstüsünü görüb, dünyaya "bir çiçək, bir ləçək, göy məqamında" yaşayan şairin gözüylə baxıb:

 

Belə nur məqamda, büllur məqamda

Bu dünya nə gözəl olur, Allahım!

***

Musa Yaqub şeiri çox məqamlarda çox oxucusunun hisslərinə tərcümanlıq edib, oxucu fərqinə varmayıb ki, fikrin gözəlliyidi onu tutan, "nifrətini əridib tamahını öldürən" mənzərənin, anın poeziyasıdı, yoxsa, hisslərini şeirə çevirən, duyğularını poeziya incisi edən şairin sənətkar istedadıdı onu "özgə"nin şeirini "özününküləşdirməy"ə sövq edən...

Sərhəd pozmaqda pərgar olan Musa Yaqub bu məqamda sərhədləri dəqiq cızır:

 

O cığırları ki, mən tanıyıram,

Heç kəs mənim kimi tanımaz ancaq.

O çiçəkləri ki, mən qoxlamışam,

O hicran, o kədər yolları üstə

Heç kəs mənim kimi ağlamayacaq,

O dərdi könlündə saxlamayacaq.

 

***

...Şəhər fəsil gözəlliyini niyə nimdaş göstərir? Nə yazında nazlanır, nə qışında bəyazlanır. Şəhər o ilahi məqamları da şeir dilində, şeir sehrində çatdıra bilmir, olsa-olsa, prozaik ifadəyə çevirib, təsəlliyə döndərir: "Nə yaxşı ki, İsmayıllıda bir Buynuz kəndi və orda da Musa Yaqub ocağı var". Mübahisə edə bilmərəm, amma mənə elə gəlir ki, Sabir Rüstəmxanlı bu sözləri yazanda Babadağ ziyarətində olmamışdı, yəqin şəhərdəki qayğıları macal verməmişdi Musa Yaqubun "gəl gedək o nura tərəf - qaya kimi bərkiməyə, zirvə olub ucalmağa, cığır-cığır burulmağa, bulaq kimi durulmağa ..." çağırışına qoşulmağa... Musa Yaqub şəxsən Sabirə səslənməmişdi bu təkliflə, Musa Yaqub çoxdandı zirvə-dərə, dağ-meşə sərhədini elədən-beləyə, belədən-eləyə, yağır eləyirdi; "yaylaq sularında təmizlənə, çiçək baxışıyla əzizlənə-əzizlənə" sərhədpozanlığındaydı. Babadağı - zirvə boyda daş kitabı oxuyub-öyrənmək çağırışı şairin insanlığa xitabıydı:

 

Gedək ömrə gərək olan

Bir savabı diriltməyə.

 

O zirvəni görənəcən, o zirvədən baxanacan mən də elə bilirdim, şeirimizdə-sözümüzdə tutiyaya dönmüş kövrəklik, saflıq və möhtəşəmlik Buynuzdandı Musa Yaqub şeirində. O zirvəyə gedən yolu addım-addım qalxıb-enəni Musa Yaqub şeirlərinin tamını duyuram, poeziyasının sirrini bilirəm. Babadağa qalxanda "zirvə olmaq" eşqinə düşmədim, o dağ səltənətində, o müdhiş nəhənglikdə, ağ-mavi ənginlikdə, aşağıda qıvrılan,  iki  barmaq enində görünən çayların "zavallı" görkəmində mən İnsanı gördüm. Dünyanın bütün həvəsləri, maraqları, cəhdlər, canatmalar, iddialar, hikkələr, küskünlüklər, insanın insan kimi yaşamasına əngəl olan hər cür xırdalıqlar cılızlaşıb gözdən düşəndə, "qəzəb deyilən şey, qəsd deyilən şey yoxdu bu dünyada, əfsanə sözdü" fikrini, xoş anlarında  yanında görmək istədiyin doğman kimi qarşılayırsan. İnanırsan: belə möhtəşəm təbiətin insana təsiri o olar ki:

 

İnsan alt-üst edər çox qərarını,

Günahlar yolundan qayıtmaq olar.

 

Qəribədir, hər yan daş, hər tərəf sərt bir əzəmətdə və Musa Yaqubun misraları zəriflik pıçıldayırdı yaddaşıma:

 

Bu saat kobudluq mənə toxunsa,

Sınıb çilik-çilik olar ürəyim.

 

İndi, üstündən neçə illər keçəndən sonra da mən o anları xatırlayanda şükran duyğularımçın 

 

Sağ ol, ey qismətim, möhlət verənim,

Bir az ömür sürüb xeyli yaşadım 

 

- misralarından  dolu söz tapmamışam, heyrətim hələ də Musa Yaqubun

 

Bu dağlar, dərələr bizimkimidi?

Bu göy də, bu yer də bizimkimidi?

Yəni biz də varıq,

dünya da varmı?

Bu baxan gözlər də bizimkidirmi?

İlahi, biz necə bəxtəvərmişik! 

 

- misralarına sığınıb qalıb.

Mövzusundan asılı olmayaraq, Musa Yaqub oxucusu ilə o dildə danışır ki, "Bu cür yalnız Musa Yaqub danışa bilər" fikri dərhal özünü göstərir. Bu "söhbət"də sadəlik heç vaxt dayazlıq, bəsitlik sözlərini yada salmır, bu sadəlik adamı yoldan eləyir, öz cazibəsinə salır, çünki şair qəlbinin səsidir və bu səs-söz auditoriya rəyinə, oxucu reaksiyasına hesablanmır.

 

Gah deyirəm, qoy olsun, nə gərəyim,

Namərd sözdən sızıldadı kürəyim.

Ah, ürəyim, mənim şair ürəyim,

Şər axınla barışanda nə deyim?

 

Onun şeirlərində soyuqluq yoxdur. Bunu yalnız səmimiyyətin adına yazmaq düz olmazdı. Misralarda sözlərin bir-birilə qarşılıqlı münasibətindən danışmamaq olmur. Musa Yaqubun şair məharəti maraq, məşğuliyyət və mənafeləri düzgün uzlaşdırılmış qrupun, komandanın başçısının məharətini xatırladır. Bəli, bu qrup, komanda nəinki "bir dam altında" işləyə, yaşaya bilir, bu qrupun üzvləri arasında sözlə izah olunmayacaq bağlılıq var. Musanın şeirlərində sözlər bir-birini itələmir, yadlıq-ögeylik yoxdur aralarında, sözlər bir-birinə söykəkdi, sözlər bir-birini sevir:

 

Bir xəfif, xeyirxah bahar yelində,

Çiçək açılanda nə deyir? - Heç nə.

Şehotu çəməndə səhər şehində

Bəxtəvər olanda nə deyir? - Heç nə.

Bax, mən də eləyəm, ay iki gözüm.

 

Bir-birinə söykək sözlərlə Musa Yaqub təzadlı lövhələr, fikirlər verməkdə də ustadır.

 

Ulduz tək üstümə səpələn, ay qar,

Belə soyuqluqla isinmək olar.

 

Həyat ziddiyyətləri, insan xisləti, cəmiyyətdəki naqisliklər də beləcə, təzadlarla açılır.

 

Dünən haram alıb əlimdən özü,

Bu gün bayraq edir halalı, düzü.

 

Amma ən maraqlısı odur ki, həyatdan baş aça bilməyən, "Hələ ki, qoruyur yalan yamanı, Zamanın tənbehi, görkü görünmür" - deyib dad edən şair, yerdən əlini üzüb gözünü göyə diksə də, - İlahi, mən hara gəlib çıxmışam?! - onun heç bir şeirində təslimçilik ovqatı yoxdur, bədbinlik bürüyəndə, peşmanlıq üstələyəndə də şair özünü tarazlamağa güc tapır.

 

Mən çəkmişəm cəfanı,

Mən görmüşəm səfanı,

Qaldırmışam çiynimə,

Aparıram dərdimi;

demək, mənəm dünyanın

Ən güclü pəhləvanı.

 

Əksər həmkarlarından fərqli olaraq, Musa Yaqub həyatımızın, cəmiyyətin narahat məqamlarında, tərəzinin gözünü əyən vəziyyətin yaranmasında özünü kənara çəkmir, sığortalamır, günahını mərdanə bir tövrlə etiraf edir və bu etirafdan sonra "Burax məni, çıxım gedim azadlığa" bezginliyinə qaçmaq deyə bilmirsən, əksinə, düşünürsən ki, "söz sözə gələndə sən nəfsi qıran, mən dünya malına göz yumub duran, amma ayrılıqda daşı da yaran, bir tamah sənindir, bir tamah mənim" - deyən şairin getməyində, bəlkə mən də günahkaram?! Çünki "dünyanın ən güclü pəhləvanı" "salimliyi" üçün dərman bilmir, şair cəzasını öz içində çəkir. Səbrin bir adı da bu deyilmi? Kimin xatirinə, nəyin naminə?

...Ömür yoldaşımın, balalarımın

Xətrinə içirəm səbr kasamdan.

Əvvəl zorla içdim həmin zəhərdən,

İndi özbaşına içirəm hərdən.

 

Qəzalarının yoluna sərhəd olan səbrini keçə bilməyən sərhədpozanımızı "mən zülüm içirəm, zəhər içirəm səbr kasamdan" sitəmi gör nə hala salır:

 

Səbr kasasıdır mənim ürəyim,

Səbri ölüb, quru kasası qalıb.

 

Tale Musa Yaquba elə bir Dost, Həmdəm, Arxa verib ki, hər kəsə qismət olmayan bu xoşbəxtlik Musa Yaqubun şair adına bir ad qoşub və həm də, açığı, bir az da mane olur bu ad: təbiət şairi.  Təbiətdən yazmaq hələ təbiət şairi olmaq deyil. Təbiətlə dost olmaq təkcə onun gözəlliyinə vurğunluq, möcüzəsinə heyranlıq, məharətinə sığınmaq, qəzəbindən incimək deyil. Təbiət də gərək səndə özünü görə bir az da olsa. 

 

Otaqda yazmıram bu şeirimi mən,

Yapışıb payızın titrək əlindən,

Əvvəl payızlandım o budaq kimi,

Sonra bu şeirimi gətirdim dilə.

 

Bax, onda "yüzlərin içində tənha könlü bir qanadlı söz istəyəndə" insan təsəlli - "cənnət" tapa bilir. Musa Yaqub kimi:

 

Məni deyirsənsə, gördüm cənnəti...

Köçürdüm könlümə mən təbiəti.

 

Amma... hər kəsin çox həvəslə Musa Yaqub sözünə sinonim kimi dilə gətirdiyi "təbiət şairi" ifadəsi onun yaradıcılığının miqyasını kiçildir. Hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatında Musa Yaqub poeziyası təkcə fakt kimi təsdiqlənməyib. Bu poeziya yoxluğu ilə yerində boşluq qoya biləcək səviyyədə mövqeyi ilə, Azərbaycan dilinin gözəlliyinə sərgi ola biləcək poetik zənginliyilə mötəbər mövqeyini çoxdan qazanıb. Dilin axıcı ahəngi, fikrin gözəl ifadəsi, aşıq poeziyasının misilsiz nümunələri ilə səsləşməsi, el deyimləri səviyyəsində ayrılan çoxlu ifadələrin aforizm statusu ilə dilimizə - nitqimizə daxil olması bu şeirlərin xalq arasında geniş yayılmasını şərtləndirən amillərdəndir. "Bu dünyanın qara daşı göyərməz", "Kor görən düz oldu, biz görən yalan, səsimiz yayıldı kar tərəfindən" və s. onlarla belə ifadələr folklor yaddaşına köçüb artıq.

Aşıq Ələsgərin məşhur "Sənin ərin ölsün, mənim arvadım, düşsün aramıza vay, gülə-gülə" "arzusu" gör Musa Yaqub qələmində hansı qiyafədə "interpretasiya" olunur:

 

Mənim könlüm yansın, sənin çırağın

Etdiyim bu ahu-zar tərəfindən.

 

Yaxud Qaracaoğlanın zərb-məsələ dönmüş deyimini "bizim günlərin Qaracaoğlanı" necə təzələyir:

 

Bir sirr əsiriyəm, bir söz dustağı,

Ağ salıb gözümə yalanın ağı.

Açımmı sandığı, töküm pambığı? - 

Açsam, öldürərlər, açmasam, ölləm.

 

***

Biz dost əllərini sıxdıq həmişə,

Mən namərd əlinə öyrənməmişəm.

Mən güllə səsinə, bomba felinə,

Mən hiylə dilinə öyrənməmişəm.

 

Amma bu da hələ "kimsən?" sualına cavab vermir. Cavab verməsə də, şairin sözünü təsdiq edir:

 

Ölçü-biçilərin itdiyi yerdə,

Dövrün ilan yolu getdiyi yerdə

İlandan qaçana oxşayıram mən,

Yalandan qaçana oxşayıram mən.

***

Müasir genetika elmi bu gün maraqlı tədqiqatların nəticələrini ümumiləşdirir. Sən demə, insanların heç bir sosial-dini, irqi-siyasi müxtəlifliyi onların genetik kodunu bir nöqtəyə apardığına mane olmur. Bütün insanların genetik kodu Adəmə aparır. Musa Yaqub bunu genetikanın tədqiqatları olmadan da deyirdi:

 

Bütün "izim"lərdən əvvəl yaranmış

Mənim inandığım "adəmizm"dir.

Sən Allah, qayıdaq o "adəmizmə",

Siz Allah, qayıdaq ilk məhəbbətə.

 

Musa Yaqub poeziyası insanı, onun duyğularını, təbiətə, gözəlliyə, təmizliyə kökləyir. Bu poeziya heç vaxt janrın kəmiyyət ölçüləri ilə qiymətləndirilməyib və buna ehtiyac da yoxdur. Onun yaradıcılığının çəkisi nə cildlərlə, nə poemalarla, nə şeirlərinin mövzu rəngarəngliyi ilə ölçülməməlidir. Musa Yaqubun qələmindən çıxan hər poetik nümunənin də öz rəngi var, sözlərin də və bu rəng ovqatı müəyyən edir.

 

Bənövşə nə dinər, nə haray salar,

Amma bu nəğmənin yoxdur əvəzi.

Flora, belədir sənin nəğmən də.

Uzaq xatirələr ayıldar həzin

Sənin zanbaq səsin, bənövşə səsin.

 

Bu rənglər həm də Musa Yaqubun qəlb şairliyindən, ruh şairliyindən danışır. Deyəsən, bu rənglərin olduğunu ilk əvvəl şairin özü duyub:

 

Əgər hünərin var, o rəngi saxla,

O rəngdə qaynaşan ahəngi saxla.

 

Başa düşüb ki, bu rəngi hər rəngə bir bozluq qatan şəhərdə qoruya bilməyəcək, bu qarışıq-bulanıq rəng içində ovqat da boğular - şeirin ovqatı. Elə odu ki, bir vaxt mühit havasına gəldiyi şəhərdə təngnəfəs olunca, dünyanın, ədəbiyyatın bir QAYIDIŞ ağrısına məlhəm olmağa dönüb. O qədər olub ki, şəhərdə kənd xiffəti, dağ həsrəti, bulaq göynəyi çəkə-çəkə, peşman - ikili hisslərin əlində qovrula-qovrula ömür yanıb. "Gedim-getməyim, qayıdım-qayıtmayım" tərəddüdünü keçən olub, ötən olub, amma dönəni...

 

Bu sevda qovdu məni,

Gözümü külə verdi.

Yanğımın yeri qaldı,

Külümü yelə verdi.

 

Musa Yaqub başa düşdü ki, şəhər ona şairlik verməyib, şairliyi gətirib onu şəhərə. O, şəhərdə tez başa düşdü ki:

 

Min yerə üz tutaram,

Bir yeri mənim olmaz.

 

Şair müdrikliyiydimi, kəndli fəhmiydimi, bir hiss ona pıçıldayırdı ki, qayıt kəndə. "Axtaran insanın hər addımbaşı böyüyən, kiçilən yolları varsa, duruluğa qarşı, saflığa qarşı dünyanın keçilən yolları varsa... mütləq o yol gəlib bura çıxacaq".

Beləliklə, Musa Yaqub kənd-şəhər-kənd, yoxsa, kənd-şəhər yolundan birincisini seçdi və çoxuna keçilməz gələn bir sərhədi də keçdi.

 

Dostlar nə o gücdə, nə o dözümdə,

Üzlər gördüm, əlim qaldı üzümdə.

Adını özümdə, haqqı sözümdə

Belə qarışıqda saxlayanım var.

 

***

...Bu dünyanın  çox yolu var; aman yolu, güman yolu, bir ilahi iman yolu...

Bu qədər yol saya-saya, Musa Yaqub deyir ki, mən eşqdən savayı bir yol bilmirəm. 

 

Nə var sevgidən özgə -

Başqa şeylər hədərdir.

Dünyanın ömrü eşqin

Yaşamağı qədərdir.

 

Əslində, bu qənaətə gələn nə birinci şairdir Musa Yaqub, nə də sonuncu. "Məhəbbət dəftərçəsi" olmayan şair də yoxdur. Şair var, elə bu "dəftər"lə şöhrətlənir, adam var, şairini bu dəftərdən o yana nə görür, nə tanıyır... Amma... Musa Yaqub sevgi şairi də deyil. Çünki... şair ruhu başdan-ayağa sevgidi, şeirsə sevgidə münasibət arayır. Şair "sevgiyə münasibət yoxdur, sevgi özü münasibətdir..." qənaəti ilə haqlıdır. Di gəl, Musa Yaqubun şeirindəki sevgidəki ağayana şahanəlik çox fərqlidir.

 

Mən sənin könlündə ölən sevgini

Bir qəfil sehr ilə dirildəcəyəm.

Qul tək ayağına düşüb yenidən

Səni şah taxtına qaldıracağam.

 

Musa Yaqub sevgisinin yaddaşı çox güclüdür, nə zamanı qarışdırır, nə gümana uyur.

 

Bahar çəməninə baxma, ürəyim,

Meyvəli budaqla gül açmaq olmaz.

 

Görüb-götürmüş bu sevgi bu sərhədpozanı ehtiyatın kəməndinə gör necə də bənd edib. Çox da deyir "ölürəm bir dəli sevgidən ötrü", arada "olar-olmaz" dirəkləri dikəlir.

 

At deyirsən, atmaq olmur, ilahi,

Hicran başqa, atmaq dərdi başqadır.

 

Musa Yaqubun lirikası təmiz, ilıq, bir az da qəmgin hisslərlə doludur. Onun lirik məni ağıldan bir addım qabaqda, hissdən bir addım geridə durub, gələni xəbərdar edir, gedəni gözləyir.

 

Gələnini gözləməyə de, nə var,

Gedənini gözləməkdi intizar.

 

Deyirlər, sevgi köhnəlib. Bu günün sevgisi reallığı qəbul edir. Görəsən, nədir reallıq: hesablanmış mənafelər, xudbin həvəslər, hissləri yeyinləşdirən texnika?

Yox, elə dünənin də, bu günün də, sabahın da reallığı birdir:

 

İki qəlbin işığında yol gedən

Zülmət çağı dağlar aşa, yorulmaz.

Əlini ver, ömür dostum, əlini,

Əl ki əldən bərk yapışa, yorulmaz.

 

***

Musa Yaqubun dost mehri, doğma qayğısı, xalq məhəbbəti,  ədəbiyyatda mövqe sarıdan, şöhrətdən-şövkətdən sıxıntısı olmadı heç. Musa Yaqub Azərbaycan poeziyasında, türk düşüncəsinin etnik yaddaşında da "ekoloji mədəniyyət"in səviyyəsini bəlirləyən adlar sırasında əmin-arxayın qərar tuta bildi. Bütövlükdə bu yaradıcılığın, necə deyərlər, "müsbət energetikası", inandırmaq bacarığı və hissi - emosional təsir gücü  mənəvi mədəniyyətin  həqiqi dəyərlərini diri saxlamağa xidmət nümunəsi kimi dərk oluna bilirsə, o zaman...

 

Sağ ol, təmiz ömür, var ol, təmiz yol - 

Ey mavi zümzümə, ax, daim var ol...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!