Bu il görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibəti ilə Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəznindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qüdrətli söz ustadının "Özümüzü kəsən qılınc" əsəri Azərbaycan və türk dillərində çap olunmuşdur. Kitabın Azərbaycanca varinatının redaktoru Fərid Hüseyn, türkcə redaktoru isə Ahmet Yakup Erçılıçdır. Kitabı türk dilinə Yavuz Bülent Bakilər uyğunlaşdırıb. Nəşrin layihə rəhbəri və Ön sözün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovadır. Aktotı xanımın kitaba yazdığı Ön sözü oxuculara təqdim edirik.
*****************************************************************************************
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 21 fevral tarixində imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Xalq şairi, görkəmli ədib, Türk dünyasının böyük oğlu Bəxtiyar Vahabzadənin 100 illik yubileyi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yüksək səviyyədə qeyd ediləcək.
Bu il həm də Türk ədəbiyyatının inkişafında, türkçülüyün təbliğində misilsiz xidmətləri olan Hüseyn Nihal Atsızın anadan olmasının 120-ci ildönümüdür.
Türk dünyasının iki görkəmli şəxsiyyətinin xatirəsinə ehtiram olaraq Türk Mədəniyyəti və İrsi Fondu Bəxtiyar Vahabzadənin Hüseyn Nihal Atsıza həsr olunmuş "Özümüzü kəsən qılınc" ("Göytürklər") əsərini Azərbaycan dilində və Türkiyə türkcəsində nəşr etmək qərarına gəlib. Bu pyes türklərin qüdrətli əcdadları göytürklərin mürəkkəb və keşməkeşli tarixindən bəhs edir.
Bu əsər təkcə bədii yaradıcılıq nümunəsi deyil, həm də Türk xalqının keçdiyi tarixi yolu, mübarizə amalı, azadlığın dəyəri və dövlətə, millətin birliyinə sədaqət barədə fəlsəfi düşüncələrdən ibarət qiymətli bir mənəvi xəzinədir.
Əsərin süjeti bizi Birinci Göytürk xaqanlığı dövrünə - şöhrət, savaş və gücün simvoluna çevrilmiş bir epoxaya aparır. Pyesin qəhrəmanı Gur Şad iradə, fədakarlıq və ali ideallara sədaqət rəmzidir. Onun taleyindəki dramatik hadisələr vacib bir həqiqəti üzə çıxarır: bəzən ədalət naminə qaldırdığımız qılınc özümüzü də kəsə bilər. Yalnız daxili ziddiyyətləri aşmaqla həqiqi birlik yaranır.
"Özümüzü kəsən qılınc" ("Göytürklər") pyesi həmçinin müasir dövrün görkəmli şəxsiyyətlərinin bu əsərə göstərdiyi ali diqqət sayəsində xüsusi əhəmiyyət qazanmışdır. Belə ki, 1998-ci ilin aprel ayında bu dram Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilmiş və tamaşanı ailə üzvləri ilə birlikdə izləyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Onun tarixdən dərs çıxarmağın əhəmiyyəti ilə bağlı söylədiyi dərin məzmunlu fikirlər bu gün də öz aktuallığını saxlayır. O, təəssüflə qeyd edirdi ki, müəyyən tarixi dövrdə Türk tarixinə maraq süni şəkildə məhdudlaşdırılmış, həqiqi faktlar isə tez-tez açıq müzakirədən kənarda qalmışdır. Eyni zamanda o, həqiqət naminə vurğulayırdı ki, qədim köklərə qayıdış hər şeydən əvvəl öz tarixini və mədəniyyətini dərindən dərk etməyin əsas yoludur, milli özünüdərk və ulu əcdadlarımızın xatirəsinə ehtiramın ayrılmaz tərkib hissəsidir. Keçmişə məhz bu cür düşünülmüş və ehtiramlı yanaşma sayəsində bu gün Türk dünyasının tarixinə maraq yenidən canlanır və bu münasibət bir çox insanın şüurunda və qəlbində öz əks-sədasını tapır.
Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ədəbiyyatında xüsusi yer tutan görkəmli sənətkardır. Onun şeirləri Qazaxıstanda və Qırğızıstanda, Türkiyədə və Özbəkistanda, habelə digər ölkələrdə səslənir - Vətən sevgisi, mərdlik və ləyaqətlə dolu bir səs kimi duyulur! B.Vahabzadəni haqlı olaraq qəlbin, vicdanın və yaddaşın şairi adlandırırlar. Heç də təəccüblü deyil ki, onun yaradıcılığı həm oxucular, həm də mədəniyyətə, sözə və həqiqi ədəbi istedada dəyər verən dövlət xadimləri tərəfindən dərin ehtiramla qarşılanır.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu bu gün Türk dünyasının zəngin mədəni irsinin öyrənilməsi, qorunması və təbliği ilə məşğul olan aparıcı beynəlxalq təşkilatlardan biridir.
Türk Mədəniyyəti və İrsi Fondu görkəmli şairlərin, yazıçıların və mütəfəkkirlərin əsərlərinin, eləcə də Türk tarixinin, ədəbiyyatının və mənəviyyatının dərindən dərk olunmasına xidmət edən elmi əsərlərin nəşrinə xüsusi diqqət və dəstək göstərir. Fond tərəfindən təsis olunmuş "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk ədəbiyyatının inciləri" və "Türk dünyasının elmi inciləri" adlı kitab seriyaları mütəmadi olaraq işıq üzü görür. Xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" ("Göytürklər") əsəri "Türk ədəbiyyatının inciləri" seriyasından Fondun növbəti nəşridir.
Əziz oxucular!
Qoy bu kitab Sizin üçün bir ibrətə, bir xatırlatmaya çevrilsin: çünki yalnız həqiqi tariximizi tanımaqla biz öz gücümüzü dərk etmiş oluruq! Qoy Xalq şairi Bəxtiyar Vahabzadənin hər birimizin qəlbinə xitab edən sözləri ləyaqətlə, tarixi yaddaşı qoruyub-saxlamaqla və ona inamla irəliləmək üçün Sizlərə ilham versin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!