Professor Akif Abbasovun yaradıcılığı çoxistiqamətlidir. Hər şeydən əvvəl müəllimdir, orta məktəbdə ingilis dili, ali məktəbdə pedaqogika fənnindən dərs deyib.
İkinci istiqamət elmi fəaliyyətidir. Akif Abbasov elmlər doktoru, professor, akademik olmaqla yanaşı, onun elmi rəhbərliyi və elmi məsləhətçiliyi ilə 35 nəfər elmlər doktoru və fəlsəfə doktoru yetişib. Elmlər doktoru (11 nəfər) və fəlsəfə doktoru (32 nəfər) proqramları üzrə çoxsaylı dissertasiyaların müdafiəsi zamanı rəsmi opponent kimi çıxış etmişdir.
Akif Abbasov 40-dan artıq kitab və kitabçanın, 200-dən artıq elmi məqalənin, çoxsaylı konfrans materiallarının müəllifidir.
O, yaradıcılığında diqqəti cəlb edən digər istiqamət lüğətçilik fəaliyyətidir. O, "İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət" [1999] və "Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti" [2006, 2019] tərtib edərək nəşrinə nail olmuşdur.
Akif Abbasov elmi yaradıcılıqda olduğu kimi, bədii yaradıcılıqda da eyni uğurla fəaliyyət göstərir. Bir yazıçı kimi də özünü təsdiq etmişdir. O, "Atatürk" "Yaxşı dost" pyeslərinin; "Aldanma sözlərə", "Samsundan başlanan yol", "Acı xatirələr" və "Sultan II Murad romanlarının müəllifidir.
Onun qələmindən "Lələşin ayaqqabısı", "Qız gəlin köçür", "Xəyanət", "Qaş düzəltdiyi yerdə", "Dədəmə oxşayırsan", "Gəl Məliyin dovğasına", "Gəlin", "Xallı kəpənək", "Müdirin ayağı", "Bir qıçlı öz atasıdır", "Dar günün dostu", "Geydirmə araq", "Banu və babası", "Pyeslər", "Əsərləri. 10 cilddə. 1-7-ci cildlər", "Roman, povest və hekayələr", "Atilla və babası", "Yumruq", "Yumurta", "Sənə quzu kəsim", "Pensiya pulu", "Hekayələr", "Uşaqlar üçün hekayələr", "Töhmət", "Taxta qaşıq" kimi hekayə kitabları çıxmışdır.
Atatürk mövzusu Akif Abbasov yaradıcılığını qırmızı xətlə kəsib keçir. O, türk dünyasının şərəfi və iftixarı, əfsanəvi sərkərdə, dövlət xadimi, Türkiyə Respublikasının yaradıcısı və ilk Prezidenti Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən bəhs edən 6 kitab qələmə almışdır. Onlardan "Samsundan başlanan yol" romanının, "Atatürk haqqında hekayələr"in (birinci və ikinci kitab), "Atatürk" pyesinin, "Böyük türk" (uşaqlar üçün hekayələr) və "Xallı kəpənək" hekayələr kitabının adları qeyd oluna bilər.
Babək Abbaszadə "Atatürk" pyesi əsasında libretto yazmış, bəstəkar, professor, Prezident təqaüdçüsü Oqtay Rəcəbov "Atatürk" operasını bəstələmişdir.
Bundan başqa, "Atatürk" pyesi türk dilinə çevrilmiş, 2015-ci ildə Ankarada nəşr edilmişdir [Akif Abbasov. Atatürk (piyes). Ankara: Özel Der Yayınları, 2015].
Akif Abbasovun yaradıcılığını məhsuldar edən həm də tərcüməçilik sahəsindəki fəaliyyətidir. O, ingilis, Amerika, İrlandiya, Kanada, Keniya, rus, Moldova, qırğız, türkmən, gürcü, osetin ədəbiyyatından diqqətəlayiq tərcümələr edir. Onun həm ingilis, həm də rus dilindən etdiyi bədii tərcümələr istər orijinala yaxınlıq və istərsə də bədiilik baxımından önəmlidir.
Tərcümələri dövri mətbuatda müntəzəm şəkildə dərc olunmuşdur. İngilis və rus dillərindən tərcümələri 11 kitabda toplanmış və nəşr edilmişdir. "Kristi Tökerin ölümü", "Yağış altında pişik", "Tiflissayağı boşanma", "Küçə tinində hadisə", "Andro və Sandro" (müəllif: G.Xuqayev), "Ali təhsilli arvad" (müəllif: T.Esenova), "Duel" (müəllif: M.Bayciyev), "Yolagəlməz qadın" (müəllif: U.S. Moem), "Yağış" (müəllif: U.S.Moem) və "Edvard Barnardın ruh düşkünlüyü" (müəllif: U.S.Moem) kimi pyes, povest və hekayələrdən ibarət tərcümə kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
İngilis yazıçısı Qrehem Qrinin "Canlılar yaşayan otaq" pyesini də London nəşrindən dilimizə Akif Abbasov çevirmişdir. Bundan başqa, onun tərcümə etdiyi 6 pyes ("Səhra", "Nənə gələndə", "Uğurlu skamya", "Buzda ehtiyatlı ol", "İstəkli adamlar üçün hədiyyə", "Duel", "Andro və Sandro" və s.) respublika radiosunda tanınmış aktyorların, Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında səslənmişdir. "Andro və Sandro" pyesi Həsən Əblucun rejissorluğu ilə radioda səslənmiş [1987], əsas rolları Sofa Bəsirzadə, İlham Namiq Kamal, Bürcəli Əsgərov, Məhluqə Sadıqova, Muxtar Avşarov ifa etmişlər.
Akif Abbasovun jurnalistlik fəaliyyəti də diqqət mərkəzində dayanır. O, 1967-68-ci illərdə Əli Bayramlı (hazırda Şirvan) şəhərində çıxan "İşıq" qəzeti redaksiyasında müxbir kimi fəaliyyətə başlamış, ilk jurnalistlik, ilk qələm təcrübəsini bu qəzetin redaksiyasında keçmişdir. Bir jurnalist kimi formalaşmasında həmin qəzetin yaradıcı heyətinin üzvlərindən Möhsün Xəlilovun (redaktor), Tapdıq Xudayevin, Sabir Gözəlovun, Çingiz Ələkbərzadənin, Fərmail Əsədovun, Tofiq Hüseynin, Vaqif Abbasovun rolu olmuşdur.
Akif Abbasov hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Elmi əsərləri"nin baş redaktoru, Bakı Qızlar Universitetinin "Elmi əsərləri"nin baş redaktorunun müavinidir. 2000-2006-cı illərdə həm də "Təhsil, mədəniyyət, incəsənət" jurnalının redaktoru olmuşdur. Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Elmi əsərləri" beynəlxalq qrift almışdır, ildə 6 nömrəsi işıq üzü görür.
Professor hazırda Ukrayna Milli Müdafiə Universitetinin orqanı olan "Viiskova osvita" jurnalının, Azərbaycanda nəşr olunan "Mütərcim" ədəbi-bədii və tərcümə jurnalının, "Humanitar fənlərin öyrənilməsinin aktual problemləri", "Pedaqogika", Naxçıvan Müəllimlər İnstitutunun "Elmi xəbərlər"inin, "Azərbaycanda xarici dillər" jurnallarının redaksiya heyətlərinin üzvüdür.
Akif müəllim Azərbaycan Respublikasının Təhsil İnstitutunun xətti ilə keçirilən respublika və beynəlxalq səviyyəli elmi konfransların materiallarının redaktə olunub çapa hazırlanmasında xüsusi fəallıq göstərir.
Professorun tərtibçilik istiqamətindəki fəaliyyəti də diqqəti cəlb edir. İyirmi çap vərəqi həcmində olan "Az söylə, söz söylə" (Şərqin şifahi və yazılı abidələrində tərbiyəvi fikirlər", həmçinin "Qız gəlin köçür" və s. nəşrlər də pedaqoji ictimaiyyətin stolüstü kitablarına çevrilmişdir.
Professorun elmi redaktorluq fəaliyyəti də önəmlidir. O, 150-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti, kitab və kitabçanın, metodik vəsaitin, tədris proqramının elmi redaktoru, bir çox bədii əsərin redaktoru, onlarla əsərin rəyçisi olmuş, çoxsaylı dissertasiyalara, avtoreferatlara rəy vermişdir.
Professor A.N.Abbasovun tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılması, ümumtəhsil və ali məktəblərdə pedaqoji prosesin səmərəli təşkili və idarə olunması, pedaqoji diaqnostika və pedaqoji ekspertiza, interaktiv metodların tətbiqi, təhsil alanların mənəvi və hüquq tərbiyəsi, gənc nəslin ailə həyatına və uğurlu nikaha mənəvi və psixoloji baxımdan hazırlanması, təlim və tərbiyə texnologiyalarından istifadə və s. problemlərinə həsr olunmuşdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!