Təsəvvür elə, bir səhər yuxudan oyananda anlayırsan ki, bədənin yox olub, amma sən varsan. Bütün duyğuların, yaddaşın, zəkan yerindədir, lakin bədənin yoxdur. Bəs, sən hardasan? Əlbəttə, sən artıq, real dünyada deyil, rəqəmsal dünyada mövcudsan. Yəni, sən indi təbiətdə fizioloji xüsusiyyətləri olan canlı varlıq yox, rəqəmsal məkanda düşünə, görə, hiss edə bilən bir proqramsan.
Bizim üçün ağlasığmaz görünən bu ssenari dünyada, xüsusən də, Qərb ədəbiyyatında elmi-fantastikanın əsas mövzusudur. Sözsüz ki, elmi-texnoloji tərəqqi ədəbiyyata, fəlsəfəyə, incəsənətə birbaşa təsir edir və bu təsirin nəticəsində yeni ədəbi-fəlsəfi meyillər, axınlar yaranır. Haqqında söz açdığım ədəbi-fəlsəfi cərəyan "transhumanizm" adlanır.
Transhumanizm fəlsəfəsi
Transhumanizm fəlsəfəsi - insanın fiziki quruluşunu dəyişməklə onu bioloji məhdudiyyətlərdən azad etmək ideyasına əsaslanır. Bu yanaşmaya görə, texnologiyanın inkişafı nəticəsində bədənin zəifliyi, qocalma və ölüm kimi "məcburi sonlar" başa çatacaq, insan öz mövcudluğunu qeyri-maddi məkanda davam etdirə biləcək.
Transhumanistlərin fikrincə, beyin, bir növ informasiya emal edən sistem olduğundan, onun strukturunu və funksiyalarını "skan" etməklə kompüterdə yenidən yaratmaq mümkündür. Bu da, öz növbəsində, "rəqəmsallaşmış şüur" anlayışını ortaya çıxarır - yəni, beyin bir simulyasiya daxilində yenidən işləyə bilər.
Transhumanizm, insan varlığının bioloji və şüuri məhdudiyyətlərini aşmağa yönəlmiş fəlsəfi hərəkat və müasir cəmiyyətin ruhunu əks etdirən bir düşüncə axınıdır. Bu axın insanın öz təbiətindən və mövcud fiziki sərhədlərindən kənara çıxmasının mümkünlüyünü iddia edir. Təbii ki, bu fəlsəfənin qeyd etdiyimiz yüksək ideallara doğru irəliləyən yolu, yalnız elmin, texnologiyanın gücündən asılıdır. Bu baxımdan, transhumanizmin fəlsəfi təməlini anlamaq üçün, ilk növbədə, "humanizm" anlayışına müraciət etməliyik. Klassik humanizm, insanı iradə və ağıl sahibi olaraq, təbiətdə öz yolunu müəyyənləşdirən bir varlıq kimi təsnif edir. Lakin transhumanizm bu qavrayışı daha da irəli aparır, insanın yalnız bioloji təbiətindən deyil, həmçinin şüurunun sərhədlərindən də kənaraçıxma imkanlarını nəzərdən keçirir. Başqa sözlə desək, klassik humanizm insanı öz şüuru çərçivəsində araşdırırsa, transhumanizm insanın varlığını bioloji beyindən kənara, rəqəmsal aləmə daşımağa çalışır.
Transhumanist ideyaları ilə məşhurlaşan süni intellekt nəzəriyyəçisi, riyaziyyatçı, Avstraliya yazıçısı Qreq Eqan hazırda Qərb ədəbiyyatında elmi-fantastikanın öncüllərindəndir. Eqan öz əsərlərində rəqəmsal dünyada əbədi mövcudluq, orijinal kimlik, şüurun transformasiyası kimi məsələləri araşdırır.
Gözlənildiyi kimi, Eqanın əsərləri ağır, akademik dil, kvant mexanikası, süni şüur kimi mürəkkəb və abstrakt mövzularla əhatə olunduğundan, geniş auditoriyaya xitab etmir. Bu səbəbdən Eqanın fantastika və intellekt okeanını xatırladan romanları hələ ki, film investorlarının diqqətini cəlb etməyib. Üstəlik, yazıçı öz kimliyini gizli saxlayır və media ilə ünsiyyətdən qaçır.
Qreq Eqan şüurun yalnız bioloji bədənlə məhdudlaşmadığını, əksinə, daha geniş və qeyri-cismani bir reallıqda, simulyasiyalar və virtual mühitlərdə belə, mövcud olmasının mümkünlüyünü iddia edir. Bu nəzəriyyə transhumanizmin ən radikal qoludur.
Qreq Eqanın ontoloji (varlıq) təsvirləri şüurun rəqəmsallaşması və bədənsizləşməsi ideyasına əsaslanır.
"Dəyişikliklər şəhəri" adlı romanında Eqan, şüurun simulyasiyasını və virtual reallıq anlayışını daha çox fəlsəfi perspektivdən araşdırıb.
"Diaspor" əsərində isə yazıçı bədənsiz insanların yaranması və bu varlıqların kimliyi, şəxsiyyəti, varoluş formaları haqqında təsəvvürləri canlandırır. Əsərdə qoyulan əsas sual budur:
"Bu transformasiyanın sonucunda insan orijinal kimliyində qalacaq, yoxsa, texnologiya ilə birləşən təbii şüur insanın mahiyyətini təhrif edəcək?"
Eqanın bu düşüncələri, sadəcə bioloji mahiyyətin fövqünə yüksəlməklə bağlı deyil. O, bütövlükdə insanın kimlik anlayışının, mənlik hissinin və şəxsi təcrübəsinin köklü şəkildə dəyişəcəyini vurğulayır.
Eqanın qənaətinə görə texnologiyanın dinamik inkişafı insan təcrübəsinin və kimliyinin formasını dəyişdirəcək. Bəs bu dəyişikliklərin etik və metafizik nəticələri necə olacaq?
Eqanın "sərt elmi-fantastika"ya aid edilən əsərlərində məsələnin etik tərəfi daha çox şəxsiyyət və identiklik hüququna fokuslanır. Texnologiya - xüsusilə də şüurun rəqəmsallaşdırılması - insan şəxsiyyətini "kopyalayıb" müxtəlif platformalara yerləşdirə bilər. Bu zaman belə suallar ortaya çıxır: Rəqəmsal şüur insan haqlarına malik olacaqmı? Eyni şəxsiyyətin bir neçə surəti varsa, onların hər birinin hüquqları eynidirmi?
İkinci məsələ, bərabərlik və texnoloji ədalət konsepsiyasıdır. Texnoloji transformasiyaya çıxış imkanı olanlar "yeni insan" səviyyəsinə yüksələcək, digərləri isə "köhnə" fiziki bədənlərdə qalacaq. Bu da, öz növbəsində, sosial təbəqələşməni, sinfi uçurumları daha da dərinləşdirə bilər.
Üçüncü və ən əsas məsələ ölüm və ölümsüzlük anlayışının dəyişməsidir. Əgər şüur rəqəmsal olaraq saxlanıla və ya bədənlər arasında köçürülə bilərsə, ölüm etik cəhətdən necə qiymətləndiriləcək? Özünü silmək ("delete") cəhdi "intihar" sayılacaqmı?
Yeri gəlmişkən, Eqanın rəqəmsal qəhrəmanları bioloji insana xas duyğulara malikdirlər. Onlar sevə, nifrət edə, ağrıya, hətta intihar edə bilirlər. Məsələn, rəqəmsal insanın yaddaşından hansısa məlumat silinəndə, o fiziki ağrı duya bilir. Rəqəmsal şüurlar özlərini istədikləri dizaynda yenidən proqramlaşdıra, istədikləri formatda yeni virtual şüurlar yarada bilirlər.
Məsələnin metafizik müstəvidə həllinə gəldikdə, Qreq Eqana görə, rəqəmsal aləmə köçürülmə zamanı ilk olaraq, "mən" anlayışının bölünməsi baş verəcək. Bu zaman ortaya yeni sual çıxacaq: Əgər bir insanın bir neçə surəti eyni vaxtda mövcuddursa, onlardan hansı "gerçək mən" sayılmalıdır? Bu situasiya özünü dərketmə və subyektivlik haqqında metafizik suallar doğurur.
İkinci problem bədənlə şüurun münasibətidir. Klassik fəlsəfəyə görə bədən şüurun məskunlaşdığı yer sayılır. Lakin şüurun rəqəmsallaşdırılması bu münasibəti pozur. Bu zaman bədənin aqibəti necə olacaq? O, lazımsız bir qəlib kimi kənara atılacaq, yoxsa, identikliyin bir hissəsi olaraq, hansısa formada mövcudluğuna davam edəcək?
Digər bir sual isə reallıq və illüziyanın sərhədləri ilə bağlıdır. Simulyasiyalar içində yaşayan rəqəmsal varlıqlar üçün "reallıq" anlayışı özündə nələri ehtiva edəcək? Qreq Eqanın əsərlərində tez-tez qaldırılan bu məsələ, oxucunu ontoloji baxımdan "var olmağın" mənasını yenidən düşünməyə vadar edir.
Bütün bu və toxunmadığım digər suallar Qreq Eqanın "Dəyişikliklər şəhəri", "Diaspor" və " Şildin nərdivanı" kimi romanlarında bədii formada işıqlandırılır. Eqan bu əsərlərində texnologiyanın, sadəcə bir vasitə olmaqdan çıxıb, daha çox fəlsəfi və ekzistensial inqilab yaratdığını göstərir. Ümumiyyətlə, Q. Eqan yeni həyatın dizayneri kimi hazır reseptlər vermir, o, yalnız olacaqları təsvir edərək, açıq sualları oxucunun ümidinə buraxır. Məsələ burasındadır ki, Eqanın təklif etdiyi həll yolları texniki cəhətdən mümkün olsa belə, hər biri özlüyündə çoxlu sayda ontoloji, etik, psixoloji suallar doğurur. Ona görə də Eqan oxucuya konkret olaraq, "bəli, çıxış yolu budur" - şəklində qəti imperativlər təqdim etmir. O, düşüncələrini "əgər bu yolu seçsən, qarşılaşacağın mənəvi nəticələr belə olacaq" variantları ilə sərgiləyir.
Etik və ontoloji məsələlər transhumanist ədəbiyyatı maraqlandıran başlıca mövzulardır. Çünki şüurun rəqəmsallaşması, bədənsiz həyat kimi ideyalar insanın indiyə qədər dərk etdiyi kimlik və şəxsiyyət anlayışını köklü şəkildə dəyişir. Rəqəmsal şüur, eyni şəxsiyyətin bir neçə nüsxəsinin mövcudluğuna da gətirib çıxara bilər, bu isə insanın özünü dərk etməsi və yaşam təcrübəsi ilə bağlı fundamental suallar yaradır.
"Dəyişikliklər şəhəri" romanında bu texnoloji fikir "surətlər" (kopyalar) vasitəsilə təsvir edilir. Bu surətlər insan beyninin tam "kopyası"dır . Yəni, o qədər dəqiqdirlər ki, onlar orijinal insanın yaddaşını, hisslərini və düşüncə tərzini olduğu kimi əks etdirirlər.
Lakin Eqan burada bir paradoks yaradır: Tutaq ki, siz kompüterdə "oyanmısınız", bədəniniz yoxdur. Üstəlik, özünüzü heç vaxt bədəni olmamış kimi hiss edirsinizsə, bu, hələ də gerçək "siz"sinizmi?
Bəzi filosoflar - məsələn, Daniel Dennett - şüuru funksional bir sistem kimi qəbul edir. Onun fikrincə, şüur müəyyən proseslər sistemidir və bu proseslər fərqli daşıyıcılarda - istər bioloji beyində, istərsə də süni sistemdə - baş verə bilər. Bu baxımdan, surətlərin özünü insan kimi hiss etməsi və düşünməsi onların "canlı" hesab olunması üçün kifayətdir.
Amma bu məsələ təkcə elmi yox, həm də ontoloji (mövcudluqla bağlı) və etik müzakirələr doğurur:
Kompüterdə yaşayan surət insan hesab oluna bilərmi? Onun hüquqları varmı?
Onu "delete" etmək - "qətlə yetirmək" deməkdirmi?
Fantastik yazıçı Q. Eqan həm də bu suallar üzərində baş sındırır.
Beləliklə, Qreq Eqan "Dəyişikliklər şəhəri"ndə bizə Alternativ Reallığı və Yeni Ontologiyanı təqdim edir.
Eqanın romanda qurduğu "Dəyişikliklər şəhəri" hər hansı bir serverə, real dünya şəbəkəsinə və ya xarici qaynağa bağlı deyil. Buradakı simulyativ mühit təkcə mövcudluğunu davam etdirmir, o, həm də özü-özünü yaradır. Bu ideya, romanı fəlsəfənin təməl problemlərinə (gerçəklik və mövcudluğa) qədər dartıb aparır. Ona görə də romanın sirli qəhrəmanı Pol Darem "Dəyişikliklər şəhəri"ni yaradarkən belə bir fikir irəli sürür:
"Reallıq - yalnız var olan deyil, özünü mövcud hesab edən sistemlər də real ola bilər".
Eqanın qəhrəmanının bu fikri fransız filosofu Jan Bodrillardın "hiperreallıq" nəzəriyyəsini xatırladır. Bodrillard deyir: "Bəzən süni reallıq (reality simulation) real olanı əvəz edir və hətta o, özünü daha "gerçəkçi" hiss etdirə bilər".
Bu halda növbəti maraqlı bir sual yaranır: Bu nəzəriyyə doğrudursa, bizim "reallıq" hesab etdiyimiz dünya nə dərəcədə orijinaldır?
Transhumanist yazarların əsərlərində eyni şəxsin bir neçə surətinin mövcud olması - bəzən müxtəlif düşüncə yolları ilə, bəzən də müxtəlif həyat təcrübələri ilə - "mən" anlayışını sarsıdır.
Ümumiyyətlə, diqqətçəkən məqam odur ki, transhumanist yazıçılar elmi fantastikanı fəlsəfə ilə bərabər inkişaf etdirirlər.
İngilis filosof Derek Parfit deyir ki, əgər yaddaş və təcrübə ardıcıllığı qorunursa, "şəxsiyyət"in fiziki və ya sabit bir daşıyıcıya ehtiyacı yoxdur. Başqa sözlə, siz mahiyyətcə, bədəniniz və ya hər hansı hüceyrəniz olmadan da "siz" ola bilərsiniz.
Son olaraq, deyə bilərik ki, transhumanizm gələcəyin fəlsəfəsi və qaçılmaz reallığı olmağa çox yaxındır. Müasir texnologiya bizi reaktiv sürətlə bioloji həyatın sonuna, kiberdünyaların başlanğıcına doğru aparır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!