Muxtar Kazımoğlu portret cizgiləri - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

Muxtar müəllimi uzun illərdir tanıyıram, əsl alim və dürüst insan kimi. Onu və rəhmətlik Arif Əmrahoğlunu. Mən aspiranturaya qəbul olunanda o qədər insanın içində bu iki şəxsin yazdıqları həmişə yönverici xarakter daşıyırdı. Arifin narratologiya haqqında namizədlik dissertasiyası (kitab - Nəsrin poetikası - XIX əsrin ikinci yarısı), Muxtarın "Müasir Azərbaycan nəsrində psixologizm" kitabları...

Bir də: insan var, həm də, "uzaqlardan" görünür ki, prinsipləri var, yaxınlaşana qədər neçə-neçə qapılardan keçməli olursan, adam da var, xatırladığın an düz qarşında dayanır. Heç bir maskası-filanı yoxdur. Bu adamlar əksər hallarda həm də sadəlövh olurlar (xeyirxah adamların sadəlövhlüyü dünyanı yaxacaq). Bu "cüzi" insani keyfiyyətlər onların yazılarında, Muxtar müəllim demişkən dəst-xəttində də özünü göstərir. Arif Əmrahoğlunun əl xəttini kimsə oxuya bilməzdi (atasına yazdığı məktubu kənddə heç kim oxuya bilməmişdi), yazısı son dərəcə elmi və dürüst idi, həm də, insanlara yaxşılıq eləmək üçün fürsət gəzirdi. Muxtar da elədir: onun yazılarında elmdən kənar nəsə tapa bilməzsən. Elmdə boşluq olan sahələrdə ilk sözləri demək, bəlkə də tələffüz eləmək bu iki şəxsin adına yazılıbmış...

Bir də rəhmətlik Arif Acalov.

 

Qeyd etdiyimiz kimi, Muxtar Kazımoğlu ilk kitabından sonra elmi araşdırmaların istiqamətini dəyişdi. Folklor nümunələrini toplamaq ona bu mətnlər əsasında müşahidə etdiyi boşluqları doldurmaq istəyi yaratdı. Bu məqamda bir nüansı xüsusi ilə qeyd etmək lazım gəlir. Uzaq 90-cı illərdə araşdırmaların metodoloji əsasları haqqında düşüncələr mətnlərə (bədii, elmi, folklor və sair) konkret münasibətin olmasını tələb edirdi. Toplayıcı fəaliyyəti elədir ki, sən mətnlərin necə yaranması, yazılı mətnlə şifahi sənətin arasındakı fərqlərin nə demək olduğunu kəsdirməli olursan. Hər şey - ədəbiyyatın hər yönü, hər künc-bucağı şifahiliklə süslənib, bir millətin sağ qalması üçün şifahi qat yad dillərdə yazılan mətnlərə də sirayət edir, onlarda şəffaflıq yaradır, bu "güzgü"nü ağ kağızın üzərinə tutduqda əsrlər boyu keçdiyin yolların üstündəki izlər də açıq-aydın görünür. Və məlum olur ki, folklor təkcə sənin ağızlardan topladığın mətnlərlə məhdudlaşmır, musiqi, etnik rəqslər, digər sənət sahələrinin də folklor ərazisi var - məsələ bu sərhəd xətlərini aydınca görmək və məxsusi araşdırmalara start verməkdir. Şifahi sənət ədəbiyyatdan fərqli, öz qanunauyğunluqları və estetik cizgiləri olan bir nəhəng sahədir. Mərhum Yaşar Qarayev folklor şöbəsini Ədəbiyyat İnstitutundan ayırmaqla yaxşı elədi (bununla bağlı ilk məqalələri də o yazmışdı - nə qədər yazmaq olar, məsələn, Yusif Vəzir Çəmənzəminli və folkor...), yəni folklor, şifahi sənət yazılı ədəbiyyat hüdudlarında qaldıqca ortaya yalnız psevdo elmi nümunələr çıxır...

 

Sırf ədəbiyyatşünaslıq dairəsinə düşdünmü, başqa bir yerə, deyək ki, folklorşünaslığa keçidin çox çətin olar və bəzi hallarda mümkünsüzdür. 

Muxtar Kazımoğlu bu ayırıcı xəttin başında duran, araşdırmaları ilə məsələyə tam aydınlıq gətirən böyük alimlərdəndir.

Muxtarın kitablarında folklorun müxtəlif janrlarına müraciət edilir və nağıl, əfsanə, dastan və sair mətnlərin spesifik mövzular, poetika kateqoriyaları əsasında ciddi tədqiqat aparılır. Bu araşdırmalarda folklorşünaslıq elminin tələb etdiyi anlayışlardan kənaraçıxmalar demək olar ki, yoxdur - təhlillər janra və intonasiyaya görədir, dil sadə və elmidir. 

Yuxarıda adını zikr etdiyimiz Arif Əmrahoğlunun vaxtilə "Ulduz" jurnalında bir məqaləsi dərc edilmişdi: "Axundov gülüşü". Bu maraqlı və bəzi nüansları ilk dəfə dilə gətirən məqalə, eyni zamanda Muxtarın xalq gülüşü və yazılı ədəbiyyatda gülüşlə bağlı araşdırmaları, eyni zamanda mərhum Mais Əlizadənin "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı, eposun sirli məqamlarına həsr etdiyi dissertasiyası, bunlardan qabaq Kamal Abdullanın araşdırmaları... bizim üçün meyar rolunu oynadı. Muxtarın sistemli xarakter daşıyan məqalələri şifahi sənətlə yazılı ədəbiyyatı fərqləndirən, onların fərqli moduslarda gerçəkləşməsini tanıdan yazılar idi. Muxtarın təfsirində "Koroğlu", "Kitabi Dərə Qorqud", türklərin fal kitabı, nağıllar, qaravəllilər, bayatılar, əfsanə və digər mətnlər barədə yazdığı yazılar yönverici rol oynadı və artıq yuxarıda xatırlatdığımız filankəs və folklor tipli araşdırmaların qabağını kəsməyə kifayət etdi. Və bu, eyni zamanda folklorşünaslıqda, xüsusən, dastan mətnləri ilə bağlı çox fərqli və ciddi elmi araşdırmaların dünyaya gəlməsini şərtləndirdi. 

Muxtar Kazımoğlu məsələn, nağıllarla bağlı nələr deyir? Onun fikrincə, nağıl və dastanlarda geniş və qısa peyzaj təsvirlərinin olması yolverilməzdir (nağıl mətnində hər şey kaleydoskop prinsipinə əsaslanır, bir şeyi bircə dəfə gördün, ya görmədin, bitdi, getdi, həm də bu, bircə dəfə deyiləni əbədiləşdirməyə xidmət edir...), məsələ belədir ki, söyləyici auditoriya ilə danışır (yaxud üzünü toplayıcıya tutub danışır...), peyzaj, təbiət təsviri məsələdən yayınmaq, diqqəti dağıtmaqdır, əsas olan dinləyici auditoriyanı nəqlin maqnit sahəsində saxlamaqdır. Bir məsələ də var ki, söyləyici toplayıcıdan çox, auditoriya qarşısında daha sərbəstdir.

Onun araşdırmalarında təhkiyənin oxla müqayisəsi tam yerinə düşür, birxətli, yalnız irəliyə cuman və irəlini göstərən təhkiyə ox kimi süzüb gedir. Və bu da təsadüfi deyildir, hadisədən, söyləmə prosesindən yayınmaq mahiyyətə ziyan gətirər.

 

Nağıllarda təhkiyə elementləri, ümumən nağılı formalaşdıran nə varsa, müəyyən formullara tabe olur, müəllif tədqiqatında bunları yetərincə təhlil edib. Formul varsa, demək, əlavə və izafi təsvirlər mütləq şəkildə ixtisara düşür, ixtisar, hər şeyin formul içində verilməsi, təhkiyə oxunun sərbəst süzə bilməsi üçündür. Bundan fərqli olaraq dastanlarda, məsələn, Koroğlu və Dədə Qorqudda zahiri görkəmin təsviri maksimum elspressivliklə verilir, "qoşa badam sığmagan dar ağuzlum..." kimi epitetlər təyin və epitetin son həddidir. İfada və onun yazıya alınmasında da qaçılmaz fərqlər mövcuddur. Bu gün o mətnləri kitabdan oxuyanda əslində min bir rəngə çalan ifanın səsini eşidirik. Səs o mətnlərin ehtiva etdiyi mənaları canlandıran nəsnədir. Hər şeyin səsdən yaranması düşüncəsi//deyimi bizə dünyanın ilkini nişan verir. Bu mətnlər olmasaydı, həyat da olmazdı. Bu mətnlər dünyanın yaranması haqqında, yerlə göylərin bir, ayrılmaz olduğu zamanın içindən doğulan, daha çox gələcəyi işıqlandıran mətnlərdir.

 

Peyzaj və portretlərdən bəhs edərkən müəllif, əlbəttə, epos və nağıl qəlibləri haqda söz dedikdən sonra İsmayıl Şıxlının "Dəli Kür" romanının başlanğıcına, ekspozisiya hissəsinə müraciət edir. Yağışlar yağdığından damlarının üstü də yaşıllaşmış kənd evləri uzaqdan baxanda qəribə halə içində görünür. Təsvir erkən yazın nəfəsini hiss etdirir. Ancaq qəfil bir hadisə, Cahandar ağanın başqasının arvadını qaçırması Zərnigar xanımı pərişan edir (yəni bütün mənzərəni qəfil dəyişdirir). Bədii nəsr mətnində bu, şübhəsiz ki, kontrast yaratmağa xidmət edir. Unutmaq olmaz ki, mətn boyunca peyzaj ritmləri də dəyişir və başlanğıcdakı o erkən yaşıllaşma əsərin sonunda ən müxtəlif harmoniya və kontrast pasajları yaradır. Epik mətndən fərqli olaraq DƏLI KÜR-dəki təsvir çoxfunksiyalıdır, ancaq elə məsələn, dastan mətnindəki xəsis funksiyanı (ixtisarlar...) da özündə gizlədir. Bədii nəsr mətni nağıldan qaça-qaça özü də nağıla dönür (nağıl poetikasına dönür...) və bu irəli-geri hərəkətləri onların tam mənada başqalaşmasına səbəb olur. Şifahi mətnin yazılı ədəbiyyata təsiri qaçılmazdır, bu təsir o qədər güclü və məqsədyönlüdür ki, bu halda yalnız şifahi mətndən fərqli nələrsə yaratmaq olar.

 

Nağıl müasir dünyada söyləyicilərdən toplanır, hər bir söyləyicinin də özünəxas söyləm diskursu var, yəni "nağıl nə üçün bitib-tükənməzdir?" sualına belə cavab vetmək olar ki, o, hər söyləyici ağzında yenidən doğulur. Baxmayaraq ki, hər bir söyləyici formullara mütləq şəkildə əməl edir. Sabit formulları olan janr, nağıl və sair unudulmur, dünən dinlədiyimiz kimi qalır, halbuki yaddaşdan-yaddaşa köçmə bir xalqın mədəni dirçəlişinin təzahürüdür. Yaddaş nağılın yarandığı, nağılı yaradan mənbə ilə əlaqəlidir, bütün cəhdlər, yəni həmin mənbəyə çatmaq inadı eyni formulları dəfələrlə təkrarlamaq ehtiyacı yaradır, hər hansı nəsr mətni yaddaşda qalmaya bilər, unudarsan, hətta qəhrəman adlarını da, ancaq nağılları unutmaq mümkünsüzdür, təkcə xatırlatdığımız formullara görə yox, həm də etnik-mədəni sistemdəki hər şeyə görə.

Müəllif qeyd edir ki, kollektiv yaradıcılıq ümumi üslub yaradır və bu, pozulmadan, zaman-zaman davam edir. Yazılı bədii nəsrdə bu cəhət təbii ki, yolverilməzdir və mümkünsüzdür. Ancaq fərdi üslubda "təhlükəli" məsələlərdən biri bir yazıçıda üslub yekcinsliyidir. 60-cı illər nəsrini yaradan bəzi müəllifləri götürün, ard-arda yazılan povestlərə baxın, hər dəfə mövzu dəyişsə də, texnika sabit qalır (fəlsəfi düyün-mətləbin kompozisiya həlli - !), bu isə mətnlərin köhnəlməsinə səbəb olur, hətta bu silsilədə ən mükəmməl əsər belə unudulur. Yəni, böyük yazıçı hər bir mövzu-mətləb üçün yeni metod-texnika tapan yazıçıdır. Əks təqdirdə, hər bir əsər digərinin bu və ya digər şəkildə təkrarı olacaq və zamanla bu məsafə - orijinalın təkrara yapışması mütləq baş verəcək. 60-cıların mətnlərində bu hal təəssüf ki, müşahidə olunur. 

 

Nağıl, əfsanə, digər epik mətnlər bizim şüurumuzda, yaddaşımızda fırlanır, iki dünya arasındakı xətti apaydın cızıb bizə göstərir, yazılı bədii nümunələrdə şifahi sənətə bu mənada çatmaq ehtirası baş alıb gedir, bəlkə ən ultra müasir texnikayla yazılan romanların meydana çıxması da bu səbəbdəndir, elə Coysun Uliss romanı. 

Bu mətnlərin - nağıl, əfsanə və rəvayətlərin həm ilahi işıqla, həm də birbaşa insanla, onun bütün varoluşuyla bağlı olması qəribə təbəddülatlar yaradır. Əfsanələrdəki möcüzəli olay, kiminsə qəfildən daşa dönməsi kimi hadisələr insanın davranışlarına hopur, nağıl, əfsanə, epik və sair bu kimi mətnlərin sakral xarakteri əbədi işarələrdir, sual doğur: bu mətnləri kim yaradıb? Xalq, insanlar... məsələsi aydındır, onlar min illər danışılsa da, cüzi dəyişiblər, sakral xarakter yaranmır, doğulur, insan ruhunu bunsuz təsəvvür etmək çətindir. Reallığın, həqiqətin əslində əfsanələrdə olması fikri, deyimi də məşhurdur. Əfsanə mətnlərindəki çevrilmə, möcüzəli dönüş yazılı və digər mətnlərdə başqa səmtə gedə bilər. Yazılı mətndə bu dönüş tam fərqli funksiya daşıya bilər, götürün Kafkanın məşhur "Çevrilmə" novellasını. 

 

Günlərdir ac-susuz yol gedən adam bir dükana yetişir, onun sahibindən Allah rizası üçün yemək və su istəyir, rədd cavabında (təxmini: heç nəyin yoxdusa, yıxıl, öl... ) adam başını bir daşın üstünə qoyur ölür, keçinir. Onun ehtiyacını rədd edən adam isə sonradan, yəni sarsıldıqdan çox sonra dünyanın ən müdrik sufisinə çevrilir. Dünyada bütün mətnlər həm bir-birinə qovuşmaq arzusuyla yaxınlaşırlar, həm də bəlli nöqtədən sonra əks mənalara doğru uzaqlaşırlar.

 

***

Hər bir alimin əslində görmə bucağı maraq doğura bilər. Hər bir yazıda özünü axtarmaq. Bədii mətni, folklor, yaxud istənilən şifahi mətni neçə yöndən görə bilir, - bu mətnlərlə, xüsusən, şifahi mətnlərlə bağlı nəzəri formullar və onların diktə etdiyi baxış bucağı aydındır, mətnlərin dediyindən daha artığını bilmək, həm də kənar yozumlar olmadan. Həm yazılı, həm də şifahi mətnlərlə davranışda bunu etmək çətindir və belə olduğu üçündür ki, az qala əlli ildir, mətnlər eyni istiqamətdən təhlil edilir, tədqiqatçının ürək sözləri havada uçur...

Muxtar Kazımoğlunun yanaşma və təhlilləri niyə maraq doğurur? Hər şeydən öncə, tam olaraq mətndən gələn informasiya axınını düzgün müəyyənləşdirməklə. Xüsusən, şifahi sənətlə bağlı çox ciddi tədqiqatların nəticələrini nəzərə alaraq (onları yamsılamadan - !) folklor mətnindən axan şülüzləri təhlil etmək. Mənalandırmaq, yozmaq yox, məhz ciddi araşdırma aparmaq. Bu keyfiyyətlərə malik olan alim toplama adı ilə nəşr edilən nağıl və əfsanələrdəki yamaq yerlərini dərhal seçir, onların yazılı mətn olduğunu ilk cümlədən bilir.

Muxtar yaradıcılığı ilə bir çox sahədə qələm çalan fiqur deyil, hər hansı məsələyə (folklor mətni ilə bağlı) ən fərqli yönlərdən baxa bilən alimdir. Müasir elmdə fikrimizcə, bu, ən önəmli problemdir. Alim var, çox sayda elm sahəsinə (filologiyanın) səpələnməyi sevir, alim var - öz hücrəsinə. Muxtar Kazımoğlunun öz hücrəsi var, təmiz və işıqlı.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!