Ömrün təhkiyəsi - Məti OSMANOĞLU

50 il əvvəl 106 nömrəli avtobusda başlayan söhbətin davamı

Hər yeni kitabla ünsiyyətə girərkən, yalnız o kitabdakı yazıları deyil, həm də bir ömrü, bir insanın düşüncə dünyasını vərəqləməyə başladığımı zənn edirəm. Sətirlərin arasında müəllifin gerçəkliyə, həyata və sənətə baxışı, dünyagörüşü ilə yanaşı, şəxsiyyətinin cizgiləri də canlanır. Müəllifin portretinin sözlərin kölgəsində təsəvvürə gətirilməsi cəhdinin müasir filologiyanın aparıcı prinsiplərinə nə qədər uyğun olduğunu deyə bilmərəm, ancaq bunun təbii oxucu ehtiyacından irəli gəldiyini qəribliyə salmaq olmaz. Xüsusilə, illər öncə tanış olduğun, rəğbət bəslədiyin bir alimin yeni kitabını oxuyursansa, zamanın özü də kitabla birgə vərəqlənir... 

"Yaydan çıxıb irəliyə doğru hərəkət edən oxun geriyə dönməsi mümkün olmadığı kimi, nağıl və dastanlarda da hadisənin geriyə dönməsi, yəni axırdan əvvələ danışılması mümkün deyil". 

Yetmiş yaşını qeyd etməyə hazırlaşdığımız akademik Muxtar Kazımoğlu bunu şifahi ədəbiyyatın epik janrları haqqında deyib. Bəs nağılı və dastanı yaradan insanın ömür yolunun axırdan əvvələ oxunması mümkündürmü? İnsan ömrünün poetikası nağıl və dastan estetikasının qanunlarını tanıyırmı? Ömrün təhkiyəsi nağıl və dastan poetikasına tabe olurmu?..

M.Kazımoğlunun elmi yaradıcılıq yolunun başlanğıcı haqqında düşünərkən, yaddaşım mənə 1975-ci ilin sentyabrından soraq verir. Azərbaycan Dövlət Universitetinin (indi BDU) filologiya fakültəsində tələbə adını daşımağın sevincini təzəcə yaşayırdım. Bir neçə gün idi dərslərə başlamışdıq. Şəhərin mərkəzindən Montin qəsəbəsinə gedən 106 nömrəli avtobusun arxa hissəsindəki tutacağa söykənib, böyük şəhərin basabası içində öz düşüncələrimin təkliyinə dalmışdım. Kənddən şəhərə təzə gəlmiş bir yeniyetmə nə düşünə bilərdisə, yəqin ki, mən də onu düşünürdüm. Birdən tanımadığım bir oğlan əlimdəki kitaba baxmaq istədiyini söylədi. Kitabı ona verdim. Bu, Moldova şairi Yemelyan Bukovun Səməd Vurğuna həsr etdiyi "Səməd" poeması idi. Söhbətimiz kitabla, Səməd Vurğunla başladı. Nə danışdığımızın təfərrüatları indi xatirimdə deyil, amma o gəncin özünə inamlı səsi yadımda qaldı. Bir neçə gün sonra onunla - fakültəmizin dördüncü kurs tələbəsi Muxtar İmanovla universitetdə yenidən rastlaşdıq (dördüncü kurs tələbələri təcrübədə olduqları üçün sentyabr ayında universitetə hər gün gəlmirdilər).

Yol üstündə başlayan tanışlığımız illərin içindən və zamanın sınağından keçib bu günə qədər gəldi. "Şifahi sənət və yazılı ədəbiyyat" kitabının M.Kazımoğlunun özü haqqında, elmi düşüncə yolunun hansı mərhələlərdən keçdiyi barədə hesabatı olduğunu düşünürəm (deyəsən, bu yazı da mənim hesabatım olacaq...) - haşiyələrində karandaşla qeydlər edərək "asta" oxuduğum bu sanballı kitab müəllifin elmi dünyagörüşünü ortaya qoymaqla yanaşı, mənim nəzərimdə köhnə dostumun düşüncə tərzinin, estetik dünyasının, elmə və həyata baxışının təkamülü barədə də dolğun təsəvvür yaradır. 

M.Kazımoğlunun elmi yaradıcılığının ən mühüm tərəfi dünya filoloji düşüncəsində aktual olan konseptual yanaşmaları Azərbaycan filologiyasının predmetinə çevirməsi, eyni zamanda Azərbaycan ədəbiyyatını ümumbəşəri elmi kontekstdə nəzərdən keçirməsidir. Onun əsərlərində tək-tək faktların sadalanmasına və təsvirinə deyil, faktların ümumiləşdirilməsi, faktların tabe olduğu qanunauyğunluqların müəyyənləşdirilməsi yolu ilə bədii düşüncənin sistem halında təhlilinə üstünlük verilir. Bu yanaşmada fakt özlüyündə deyil, bütöv bir sistemin parçası kimi dəyərləndirilir; nəticədə, hər bir konkret fakt vahid strukturun açılmasına xidmət edir və daha dərin məna qatlarını ortaya qoyur. 

Bu metodoloji baxışın səciyyəvi nümunəsi olan "Şifahi və yazılı ədəbiyyatda təhkiyə" məqaləsi, bədii sözün mahiyyətinə aydınlıq gətirən vasitə kimi təhkiyəni mərkəzə çəkməklə, həm diqqəti şifahi və yazılı ədəbiyyat mətnlərindəki struktur fərqlərinə yönəldir, həm də bu fərqlərin alt qatlarında "gizlənmiş" mədəni və yaddaş modellərini üzə çıxarır. Alim kollektiv yaddaşla fərdi yaddaş arasında olan qarşılıqlı əlaqəni həm nəzəri, həm də funksional müstəvidə izah etməklə yanaşı, onların mədəniyyətin formalaşmasındakı fərqli rollarını da əyani şəkildə göstərir.

Buradakı bir incəlik də odur ki, M.Kazımoğlunun elmi əsərləri bədii düşüncənin ilk baxışda gözlə görünməyən alt qatını, "qaranlıq motivləri" üzə çıxarmağa yönəldiyi üçün irəli sürülən arqumentlərin sübutu riyazi dəqiqliyə söykənən formulların ortaya qoyulmasını tələb edir və düşünürəm ki, müəllifin sistemliliyə əsaslanan yanaşması bu çətin məsələnin həllini təmin edir. 

Bir mühüm məqamı da xatırlamaq yerinə düşər: M.Kazımoğlunun ilk irihəcmli elmi tədqiqatı - "Müasir Azərbaycan nəsrində psixologizm" əsəri də bədii mətndə insanın görünməyən tərəfinin, iç dünyasının üzə çıxarılmasına həsr olunmuşdu... 

"Poetik sənət və onun ritualla bağlılığı" məqaləsində şifahi söz sənəti və yazılı ədəbiyyatın poetik sistemi arasında oxşar və fərqli cəhətlərin müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verən M.Kazımoğlu poetik sistem istilahının hansı məqsəd daşıdığını ayrıca izah edir: "Bu istilahı işlətməklə diqqətə çatdırmaq istəyirik ki, folklor və yazılı ədəbiyyat əlaqələri zahiri uyğunluqlardan daha çox, daxili mahiyyət və bu mahiyyəti özündə ehtiva edən bədii sistem əsasında öyrənilməlidir". Muxtar Kazımoğlunun poetik sistem anlayışına xüsusi vurğu etməsi, əslində çox mühüm bir metodoloji yanaşmanın təməlini təşkil edir. O, folklorla yazılı ədəbiyyat arasındakı əlaqələrin yalnız formal (zahiri) oxşarlıqlar əsasında deyil, bu sənət sahələrinin daxili strukturu, yəni poetik sistemi üzərindən tədqiq edilməli olduğunu bildirir. Klassik divan ədəbiyyatının anlayışı ilə desək, cisim ilə canın bir arada götürülməsi isə məsələyə sırf məzmun, süjet və ya obraz bənzərlikləri ilə deyil, onların arxasında dayanan dünya duyumu, estetik prinsiplər, təfəkkür tərzi və sosial-ritual funksiyalar kontekstində yanaşmaq deməkdir. Burada poetik sistem anlayışı, sadəcə, bədii söz yaradıcılığının texnikasını deyil, sənət nümunələrinin formalaşmasında iştirak edən bütün komponentlərin - struktur, janr, funksional məqsəd, ideya, estetik meyarlar, ritualla bağlılıq və s. vəhdətini əhatə edir. Yəni poetik sistem ədəbi mətni həm mətinin daxilindən, həm də mətndənxaric kontekstdən anlamağın açarı kimi götürülür. 

M.Kazımoğlunun diqqət yönəltdiyi ciddi məqamlardan biri budur ki, insanlığın ilkin çağlarında yaranan və insanların gerçəklik kimi inandıqları miflər, eləcə də bədii yaradıcılıq məhsulu kimi yaradılan obrazlar yoxa çıxmır, yaddaşın yol yoldaşına çevrilir və tarixin müxtəlif mərhələlərində bədii mətnlərdə müxtəlif formalarda təzahür edir. "Nizami davamçısı olan sənətkarların poemalarında qarşılaşdığımız epik formullar məhz folklor mənşəlidir" - qənaətində olan müəllifə görə, "Kitabi-Dədə Qorqud" "...əcdadların şanlı keçmişindən, qəhrəmanlıq sərgüzəştlərindən bəhs edən bir dastan kimi hər hansı bir fərdin yox, bütöv bir xalqın təsəvvürlər sistemini əks etdirərək" Nizami, Füzuli kimi böyük söz ustalarının yaradıcılığında bədii sözün tükənməz enerji mənbəyi kimi çıxış edir. Onu da deyək ki, folklordan bu cür bəhrələnmə çox vaxt müəllifin özündən xəbərsiz baş verə bilər. Çağdaş ədəbiyyata və müasir bədii düşüncəyə poetik sistem prizmasından baxdıqda isə, diqqəti cəlb edən əsas təmayüllərdən biri arxaik düşüncə tərzinin, yəni ilkin dünyagörüşünün müasir bədii təfəkkürdə bir başlanğıc nöqtəsi kimi çıxış etməsidir. Müasir yazıçılar hadisə və predmetləri mifoloji modellər vasitəsilə təqdim etməyə meyillidirlər. Bu zaman arxaik şüurun bədii refleksiyası yalnız keçmişə yönəlmiş nostalji və ya keçmişin xatırlanması deyil, həm də bu günün mənzərəsini dərk etməyin alternativ və çoxqatlı yollarından biri kimi özünü göstərir.

"Mifoloji düşüncə və çağdaş ədəbiyyat" məqaləsində M.Kazımoğlu arxaik düşüncə tərzini öz yaradıcılığında sadəcə forma yox, həm də məzmun baxımından fəal şəkildə tətbiq edən Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı, Məmməd İsmayıl, Ramiz Rövşən, Kamal Abdulla kimi sənətkarların əsərlərinə istinad edir. Bu yazıçıların, mifoloji elementlərin yalnız dekorativ funksiya daşımayan, əksinə, bədii ideyanın təqdimində əsas struktur amili kimi çıxış edən əsərlərində insanın daxili aləmi, zaman və məkan anlayışı, həyat və ölüm, yaddaş və unudulma kimi fundamental mövzular arxaik motivlər vasitəsilə poetik şəkildə yenidən qurulur...

M.Kazımoğlunun folklorun ayrıca bir sahəsi hesab etdiyi şifahi ədəbiyyat canlı, kollektiv yaddaşa əsaslandığına, ifa zamanı yenidən "doğulduğuna" görə həmişə müasirdir və onun öyrənilməsi, ona qayıdış, ona maraq həmişə aktualdır. Şifahi nitq prosesində gerçəkləşən ədəbiyyat nümunələrini bir sistem halına gətirən onların quruluşu, simvolik dili, rituallarla bağlılığıdır. Fərdi təfəkkürün məhsulu olan yazılı ədəbiyyatın kökləri isə çox vaxt öz qaynağını folklorun estetik və semantik laylarından götürür. Dastanlarda, xalq nağıllarında və mərasim ayinlərində rast gəlinən struktur - üçlük prinsipi ("atalar üçdən deyib" inancı kimi), motivlərin təkrarı, qəhrəmanlıq kodları və s. sonradan fərqli funksional və estetik çərçivədə yazılı ədəbiyyatda da görünür.

M.Kazımoğlunun vurğuladığı kimi, folklorun poetik sisteminin sıx bağlı olduğu rituallar ədəbi nümunələrə təkcə dini amil kimi deyil, sosial və mədəni davranış formaları kimi də sirayət edir. Yazılı ədəbiyyat isə bu ritualları simvolik dillə yenidən işləyir, yazıçının fərdi təhlili ilə təqdim edir. Beləliklə, yazılı ədəbiyyat folklorun poetik sistemindən təkcə bəhrələnmir, həm də onu fərdiləşdirərək yenidən qurur, bəzən də söküb yenidən yığır. 

M.Kazımoğlunun "Şifahi sənət və yazılı ədəbiyyat" kitabının ana missiyası bizi ədəbiyyatşünaslıqda daha dərinə enməyə: ədəbiyyatın yalnız nəticələrinə - yəni hazır mətnə yox, onun meydanagəlmə prosesinə, məqsədinə və fəlsəfəsinə baxmağa çağırır. Kitabda təqdim olunan və nəzəri cəhətdən əsaslandırılan poetik sistem müəyyən mənada bir körpü rolunu oynayır - həm folklorun kollektiv yaradıcılıq əsasını, həm də yazılı ədəbiyyatın fərdi mahiyyətini bir arada anlamağa şərait yaradır. M.Kazımoğlunun bu yanaşma ilə folklorşünaslıq və ədəbiyyatşünaslıq arasında salmağa çalışdığı körpü olmadan milli ədəbiyyatın genetik təhlili də tam mümkün deyil.

M.Kazımoğlu öz oxucusunu bu körpüdən keçirmək üçün yazılı ədəbiyyatda müəllifin, şifahi ədəbiyyatda isə ifaçının və söyləyicinin rolunu əsas fərqləndirici faktor kimi önə çıxarır. Şifahi ədəbiyyatda ifaçının və söyləyicinin rolunun öyrənilməsi müasir filologiyanın "performativlik" (performativity) və "yaradıcı subyekt" kimi anlayışları ilə səsləşərək, şifahi mədəniyyəti yalnız tarixi yaddaşın bir qaynağı kimi deyil, canlı, dinamik və interaktiv bir yaradıcılıq məkanı kimi təqdim edir. 

Aydınlıq üçün deyim ki, şifahi mədəniyyətə sadəcə keçmişi qoruyub saxlayan bir "arxiv" sənədi və ya muzey eksponatı kimi yox, daim yaranmaqda olan, hər dəfə söyləndikcə yenidən qurulan və canlanan bir proses kimi baxan filoloji yanaşmalar var. M.Kazımoğlunun irəli sürdüyü mülahizə və arqumentlər həmin yanaşmaların da Azərbaycan elminin gündəliyinə gətirilməsinə təkan vermiş olur. Narratologiyada (təhkiyəşünaslıqda) fəal işlədilən "performativlik" istilahının mənası belə izah edilə bilər ki, mətndə və ya danışıqda işlədilən sözlər, ifadələr, nağıl və miflər hər dəfə söyləndikdə yeni bir forma alır, fərqli təsəvvürlər yaradır, yeni fikir və duyğular oyadır. Ədəbiyyatda performativlik mətnin yazıldığı və ya səsləndirildiyi an bir aktın baş verməsidir: məsələn, estetik təsirin, çağırışın və ya hissi-emosional vəziyyətin yaranmasıdır. Yəni yaddaşın yaşatdığı mədəni irs yalnız mexaniki şəkildə ötürülmür, yenidən icra olunur, ifa zamanı canlı təsir göstərir.

"Yaradıcı subyekt" isə bu prosesdə passiv daşıyıcı yox, mövcud mədəni irsi hər dəfə aktiv şəkildə yeni formada yaradan iştirakçı kimi çıxış edir. Yəni burada söhbət şifahi söz sənətinin sadəcə "danışılan", "xatırlanan" yox, yaşanılan və yaradılan bir qaynaq olmağından gedir. 

M.Kazımoğlu bu məsələdə Amerika alimi, professor Albert Lordun "eposun söyləyicisi eposun yaradıcısıdır" fikrinə polemika mövqeyindən yanaşsa da, onun dünya ədəbiyyatşünaslığında aktual olan konseptual yanaşmanı Azərbaycan elmi diskursuna daxil etməsi təqdirəlayiq təşəbbüs kimi qiymətləndirilməlidir.  

M.Kazımoğlu söyləyici-yaradıcı məsələsini "Üslub" məqaləsində də müzakirəyə çıxarır. Onun mövqeyi belədir ki, "folklor mətninin auditoriyaya şifahi ötürülmə prosesini fərdi üslubun yaranma prosesi adlandıra bilmərik. Folklor mətni "novator" fərdin yox, bəlli qəliblərə əsaslanan fərdlərin, "kollektiv"in yaradıcılıq məhsulu olduğuna görə şifahi sənətdə üslub məsələsini də məhz bu kontekstdə araşdırmaq lazım gəlir". Alimin gəldiyi qənaət budur ki, ..."kollektiv yaradıcılıq zaman-zaman ümumi bir üslub formalaşdırır"...

Bədii mətndə zaman və məkan bütövlüyünün araşdırılması da Azərbaycan filologiyasında hələlik geniş şəkildə işlənilməmiş, nəzəri cəhətdən kifayət qədər dərinləşdirilməmiş məsələlərdən biri hesab edilə bilər. Bu baxımdan, M.Kazımoğlunun "Zaman və məkan" məqaləsi diqqətəlayiq elmi nəticələr ortaya qoyur.

Bədii mətndə zamanla məkanın vəhdəti oxucu-tamaşaçı ilə müəllif-söyləyici arasında ünsiyyətin şərtlərini müəyyən edən əsas anlayışlardan biri kimi çıxış edir. Yalnız obrazların hərəkət trayektoriyası və hadisələrin ardıcıllığı baxımından deyil, həm də fərdi düşüncənin, həyat tərzinin zaman anlayışı ilə hansı səviyyədə bağlı olduğu məsələsi, xüsusilə folklorun dərin, bəzən gizli qalmış qatlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edir.

M.Kazımoğlunun mövzuya yanaşmasına əsasən, mərasim nəğmələrində zamanın iki əsas səviyyəsi nəzərə alınmalıdır:

- nəğməni yaradan ibtidai insanların zaman haqqında təsəvvürü;

- nəğməni ifa edənin, yəni müasir ifaçının zamanı.

Alim fikrini əsaslandırmaq üçün doğuluş və həyatvericilik rəmzi olan Günəşin mərasim folklorundakı obraz funksiyasını təhlil edir. Onun qənaətinə görə, bu rəmzin folklorda xüsusi yer tutmasının başlıca səbəblərindən biri ibtidai insanların şüurunda zamanın Günəşin ritminə əsaslanaraq formalaşmasıdır. Bu isə zamanın yalnız fiziki göstərici kimi deyil, həm də mədəni, mifoloji və rituallaşmış təcrübə kimi yaşanmasının göstəricisidir.

Buradan təbii olaraq bir sual doğur: öz qədimliyini saxlayan hər hansı mərasim bu gün həyata keçirilərkən mərasim nəğməsinin ifaçısının zamanı necə müəyyənləşdirilməlidir? M.Kazımoğlu bu sualın cavabını yaranma tarixi ilkin dövrlərə gedib çıxan "Qodu-qodu" mərasimində və onun tərkib hissəsi olan "Qodu-qodu" nəğməsində axtarır.

Zaman və məkan münasibətlərinin folklor kontekstində təhlili əvvəldə bəhs etdiyimiz "performativlik" (performativity) anlayışı ilə səsləşir. M.Kazımoğlunun da vurğuladığı kimi, mərasim nəğməsinin yaranma dövrünü ifa prosesindən, yəni ifaçının zamanından təcrid olunmuş şəkildə araşdırmaq mümkün deyil: "Hansı dövrdə yaranmasından asılı olmayaraq hər hansı mərasim keçirildiyi dövrün faktına çevrilir və həmin dövrün həyati maraqlarının reallaşması məqsədinə xidmət edir".

M.Kazımoğlunun diqqət yönəltdiyi vacib məqamlardan biri odur ki, mərasim və onun tərkib hissəsi olan nəğmə hər dəfə icra edildikdə indiki zamanda baş verən bir prosesə çevrilir, eyni zamanda gələcəkdə reallaşması arzulanan nəticəyə yönəlir. Niyyətin tutulması - yəni mərasim zamanı dilənən istək və arzular indiki zamanın hadisəsi, niyyətin hasil olması isə gələcək zamanın ümid və perspektividir. Beləliklə, mərasim nəğmələri üç zamanı: nəğmənin yarandığı ilkin və ya ibtidai zamanı, mərasimin icra olunduğu indiki zamanı və insanın istək və arzularının gerçəkləşəcəyinə inandığı gələcək zamanı bir araya gətirmiş olur. 

M.Kazımoğlunun fikrincə, mərasim nəğmələrində və xalq mahnılarında indiki zamanın, nağıl, dastan, əfsanə və rəvayətlərdə isə keçmiş zamanın üstünlük təşkil etməsi təsadüfi deyil. O, bu fərqin səbəbini epik növə daxil olan janrların tədricən mərasim kontekstindən uzaqlaşması ilə izah edir. Əslində, bu yanaşma A.N.Veselovskinin tarixi poetika nəzəriyyəsi ilə səsləşir.

A.N.Veselovski ədəbi növlərin mənşəyindən bəhs edərkən sübut etməyə çalışırdı ki, ədəbiyyatın əsas növləri - epos, lirika və dram ibtidai insanların mərasim xorlarından doğmuşdur. Bu ilkin mərasimlər söz (şeir), musiqi və bədən hərəkətlərinin vəhdətində cərəyan etmiş və zaman keçdikcə bədii yaradıcılığın başlıca formalarının yaranmasına zəmin yaratmışdır. Onun fikrincə, ədəbi növlər mərasim səciyyəsi daşıyan "xorun protoplazması"ndan - yəni ən ilkin bədii təcrübə qatından tədricən inkişaf edərək ədəbiyyatın strukturlaşmış formalarına çevrilmişdir.

Burada diqqət yönəltməli olduğumuz başlıca nəticə odur ki, istər yazılı, istərsə də şifahi ədəbiyyatın epik janrlarında hadisələr, demək olar ki, mütləq şəkildə keçmiş zamanda təqdim olunur. Hətta yazılı ədəbiyyatda epik əsər müəllifi müasir dövrün hadisələrindən bəhs etdikdə belə, onları keçmiş zamana köçürməyi üstün tutur. Bu fakt epik növün nağıl, dastan kimi janrlarının mərasim "indi"sindən uzaqlaşaraq tarixi təxəyyülə meyil etdiyini göstərir. 

M.Kazımoğlunun "Zaman və məkan" məqaləsində "xronotop" termini bilavasitə işlədilməsə də, müəllifin M.Baxtinin "Romanda zaman və xronotop formaları" adlı əsərinə istinad etməsi, folklor mətni çərçivəsində zaman və məkan münasibətlərinin xronotop konsepti ilə şərhinə imkan yaradır. Beləliklə, folklor mətnlərində zamanın semantik dəyəri və məkanla qarşılıqlı münasibəti həm funksional, həm də təsviredici baxımdan dəyərləndirilir...

M.Kazımoğlunun zamanla bağlı qaldırdığı ciddi məsələlərdən biri folklor mətnləri ilə tarix arasında münasibətlərə yanaşmadır. Azərbaycan elmi təcrübəsində folklor mətnlərində, xüsusilə dastanlarda tarix axtarmaq, dastan qəhrəmanlarını tarixi şəxsiyyətlərlə eyniləşdirmək uzun illər davam edən bir yanaşma olub və qalıqları hələ də zehinlərdən silinməyib. Bu meyil bir çox hallarda mətnin poetik quruluşunu və funksional mahiyyətini kölgədə qoyur, tədqiqatçını folklor nümunələrinə tarixi sənəd kimi yanaşmağa təhrik edir. M.Kazımoğlunun folklor mətnlərində zaman və məkan anlayışlarına dair araşdırmaları bu tendensiyanın özünü doğrultmadığını sübut etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədqiqatçı göstərir ki, folklorun poetik təbiəti zaman anlayışını xronoloji ardıcıllıq prinsipindən fərqli şəkildə qavramağa şərait yaradır. Folklorda zaman yalnız hadisələrin ardıcıllığı deyil, dərin məna daşıyan simvolik qat kimi çıxış edir. M.Kazımoğlunun tədqiqatında folklor mətnində zamanın müxtəlif funksional aspektlərini izah edən "süjet zamanı", "ifa zamanı", "mifoloji zaman", "bioloji zaman", "bioqrafik zaman" kimi anlayışlar xatırladılır. Müəllif haqlı olaraq vurğulayır ki, folklorun mətn strukturuna "tarixi zaman" anlayışı uyğun gəlmir. Bunun səbəbi folklor mətnlərinin reallığın faktiki inikasını deyil, kollektiv təxəyyülün və dəyərlər sisteminin bədii ifadəsini verməsidir. 

Bu yanaşma rus folklorşünası V.Y.Proppun nəzəri mülahizələrini Azərbaycan folklorunun materialları əsasında, strukturalizm kontekstində davam və inkişaf etdirir. V.Y.Propp "Folklor və gerçəklik" (1963) əsərində göstərirdi ki, folklor mətnləri, o cümlədən dastanlar özlüyündə tarixi hadisələri əks etdirmir, xalqın yaddaşında və təxəyyülündə formalaşmış gerçəklik modelini təqdim edir: "...tarixçilər və bir sıra folklorçular qəribə bir inadkarlıqla tarixilik deyəndə, yalnız tarixi hadisələrin və şəxsiyyətlərin təsvirini, daha doğrusu, eposda olmayan bir şeyi başa düşürlər". Onun fikrincə, adları eposa düşən tarixi şəxsiyyətlər epos poetikasına tabe olur və epik personajlara çevrilirlər... 

Strukturalist poetika prinsiplərindən çıxış edən M.Kazımoğlu öz nəzəri mülahizələrini "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının təhlili ilə əsaslandırır. Bu dastanlar zahirən tarixdə baş vermiş konkret hadisələrlə səsləşsə də, müəyyən bir dövrün tarixi xronikası deyil, xalqın kollektiv yaddaşında formalaşmış idealların, sosial münasibətlərin və dünyagörüşünün bədii ifadəsidir. M.Kazımoğlunun araşdırmalarının ən böyük məziyyəti də folklor mətnlərini tarix kitabı kimi yox, bədii yaddaş kitabı kimi oxumasıdır. 

Folklorun poetik məntiqi isə Koroğlunu tarixi şəxsiyyət kimi deyil, ikili təbiətə malik epik qəhrəman kimi tanıyır. Koroğlunun ənənəvi qəhrəmanlıq xüsusiyyətləri ilə yanaşı, ironik, zarafatcıl, ifşaedici davranışları da var. Bu onun üzərinə xalq mədəniyyətindəki "müqəddəsin gülüş vasitəsilə tənqidi" funksiyasını qoyur. 

Özündə yaddaşın mifoloji qatlarını (Qırat ilkin türklərin Göy Tanrı mifologiyası ilə əlaqəli qeyri-adi at, "qanadlı" varlıqdır; Koroğlunun özü "Dədə Qorqud"dan gələn fövqəladə gücə malikdir, qorxmaz və cəsurdur; Koroğlunun adı rəmzi məna daşıyır - korun oğlunun qaranlıqdan işıqlı dünyaya çıxdığına işarə edir) saxlayan "Koroğlu" dastanı həm də gülüş mədəniyyətinin daşıyıcısıdır: Koroğlu paşaları, bəyləri, xanları ələ salır; ədalətsizliyi gülünc vəziyyətə gətirərək ifşa edir; dostları ilə zarafatlaşır, bəzən özü də gülüş obyektinə çevrilir. Ciddi, mifoloji məna daşıyan qəhrəmanlığın içi çox zaman xalq gülüşü ilə boşaldılır. Bu zaman, M.Baxtinin ifadəsi ilə desək, "sakralın profanlaşdırılması" baş verir, yəni müqəddəs, ali olan dəyər xalq tərəfindən sadələşdirilərək parodiya edilir. 

M.Kazımoğlunun qənaəti belədir ki, "Gülüş folklor mətnində təsvir edilən ən qeyri-adi predmeti, obrazlı desək, göylərdən yerə endirib, insana yaxınlaşdırır, ifrat ideallaşdırmanın qarşısını almaqla mətnə məna əlvanlığı gətirir"... 

"Aşıq şeirində şifahilik və ustad sənətkar fərdiyyəti" adlı məqaləsi M.Kazımoğlunun ədəbi təhlil sistemində maraqlı bir istisna kimi diqqət çəkir. Şifahi və yazılı ədəbiyyat münasibətlərini, adətən strukturalist estetika baxımından araşdırmağa üstünlük verən tədqiqatçı bu yazıda mövzuya bioqrafik konsepsiya çərçivəsində yanaşır. Bu seçimin səbəbi aydındır: M.Kazımoğlu sənətkar fərdiyyəti kontekstində Aşıq Ələsgərin irsini yazılı ədəbiyyat fonunda dəyərləndirməyin tərəfindədir. Ömrünün bir hissəsi XX əsrə düşən və öz dövrü ilə canlı şəkildə bağlı olan bir sənətkar haqqında danışarkən onun həyatına toxunmamaq mümkünsüzdür.

Tədqiqatçı yaxşı bilir ki, strukturalist yanaşma ilə fiziki müəllif və mətn içindəki müəllif obrazı arasında sərhəd gözlənilməlidir. Bu səbəbdən də Aşıq Ələsgərin irsinə estetik və bioqrafik yanaşma tətbiq olunur. Lakin şairin bioqrafiyasını onun şeirləri əsasında bərpa etmək, fərqli bir riski də özü ilə gətirir: "...poeziya romana nisbətən mifə daha yaxındır. Buna görə də lirik şeirdən adi sənədli material kimi istifadə edərək bioqrafiyanın bərpası üçün aparılan tədqiqatlar real yox, mifləşdirilmiş bir şair obrazını canlandırır" (Y.M.Lotman).

Bu fikrə əlavə olaraq demək olar ki, Aşıq Ələsgərin şəxsiyyəti ətrafında xalq təfəkküründə formalaşmış, çox zaman "həqiqət" kimi qəbul edilən müasir miflər də mənzərəni xeyli mürəkkəbləşdirir. Mifləşdirilmiş obrazla tarixi hadisə və ya şəxsiyyət arasında tarazlıq qurmaq, əslində, folklorşünaslığın mühüm vəzifələrindən biridir. Xalq şüurunda formalaşmış miflər bir tərəfdən sənətkarın nüfuzunu gücləndirir, digər tərəfdən onun real şəxsiyyətini aydınlaşdırma səylərinə qarşı ictimai müqavimət doğurur. Çünki kollektiv yaddaş bəzən öz yaratdığı təsəvvürdən asanlıqla vaz keçmək istəmir.

Aşıq Ələsgər haqqında formalaşmış üç mif xüsusilə diqqətəlayiqdir və onların hər biri həm sənətkarın obrazının folklorlaşmasına, həm də milli şüurun arxetipik strukturlarına işıq salır:

- Aşığın yaşı: sənədlərlə sübut olunub ki, Aşıq Ələsgər 105 deyil, 74 il yaşamışdır.

- "Dədə Ələsgər" mifi: onun nə şeirlərində, nə də haqqında söylənilən rəvayətlərdə bu statusa malik olması təsdiqlənir.

- Aşıq Ələsgərin savadsız olması: bu iddia daha çox onun "fitri istedad sahibi" obrazını gücləndirmək məqsədi daşıyır.

Bu miflər Aşıq Ələsgərin real bioqrafiyasından çox, xalq təxəyyülündə formalaşmış obrazı ilə bağlıdır. 105 il yaşadığına dair inanc onu uzunömürlü, hikmət daşıyıcısı olan folklor qəhrəmanına - Dədə Qorqud tipinə yaxınlaşdırır. XXI əsrdə ona "Dədə Ələsgər" statusu verilməsi də bu tendensiyanın davamı kimi dəyərləndirilə bilər. Xalq şüurunda hikmət sahibi şəxsiyyətin uzunömürlü olması, zamanın fövqündə dayanması onun biliyinin ilahi vergidən qaynaqlandığı inamı ilə uzlaşır. Bu cəhət eyni zamanda türklərin ocaq sistemində, xüsusilə bəktaşi və ələvi təlimlərindəki "dədə" anlayışı ilə səsləşir. Halbuki Aşıq Ələsgərin hər hansı təriqətə mənsub olduğuna və ya mürşidlik funksiyası daşıdığına dair tarixi əsas yoxdur. Onun əxlaqi-etik məzmunlu şeirləri və qazandığı nüfuz sayəsində bu status ona xalq tərəfindən verilmişdir. "Savadsız dahi" obrazı isə bir tərəfdən romantik ideallaşdırmanı, digər tərəfdən də xalqın dəyər verdiyi sənətkarı "mədəni institutlardan kənar" bir ilahi vergi daşıyıcısı kimi təqdim etmək istəyindən irəli gəlir.

Bu miflərin ortaq cəhəti ondadır ki, Aşıq Ələsgər yalnız bir sənətkar və şair kimi yox, həm də simvolik və arxetipik bir şəxsiyyət kimi qavranılır. Milli mədəniyyətin özünüifadə ehtiyacından doğan bu cür obrazlar xalqın mənəvi yaddaşının dərin qatlarında yaşayan simvollar olaraq, milli ruhun qorunması və ötürülməsində mühüm rol oynayır. M.Kazımoğlu xalqın yaratdığı miflərin kökündə dayanan ictimai qəlibləri və folklor motivlərini Aşıq Ələsgərin şeirlərinə əsaslanaraq şərh etməyə çalışır. Bu baxımdan onun yanaşmasını sənətkarın bioqrafiyası ilə yanaşı, kollektiv təfəkkürün iş mexanizmini anlamağa yönəlmiş mühüm bir cəhd hesab edə bilərik.

M.Kazımoğlunun elmi yaradıcılığının təqdirəlayiq cəhətlərindən biri də əsərlərində dünya filoloji fikri ilə Azərbaycan ədəbiyyatşünaslığı və folklorşünaslığı arasında bütövlüyü təmin etməsidir. O, milli elmi mənbələrə istinad edərkən məhdud əyalətçiliyə qapılmadığı kimi, dünya təcrübəsinə də tədqiqatın zəruri tələbindən irəli gələn ehtiyac yarandığı hallarda müraciət edir. Buna görə də onun əsərlərində M.Baxtin, R.Bart, A.Lord, D.Lixaçov, V.Jirmunski, V.Propp, Y.Lotman, Y.Meletinski kimi dünyaşöhrətli tədqiqatçılara istinadlar ilə Ə.Abid, M.H.Təhmasib, Məmməd Cəfər, Y.Qarayev, V.Vəliyev, M.Seyidov, X.Koroğlu, M.Həkimov, A.Acaloğlu, S.Rzasoy, F.Bayat, Ə.Əsgər, A.Xəlil kimi Azərbaycan alimlərinə istinadlar bir-birini tamamlayır. Bu yanaşma Azərbaycan şifahi və yazılı söz sənətinin dünya mədəniyyətinin üfüqlərindən təqdim olunmasına şərait yaradır.

Akademik Muxtar Kazımoğlunun 70 yaşını təbrik etmək məqsədilə hazırladığım bu yazını tamamlamaq üçün qeydlərimi bir daha nəzərdən keçirirəm. İllərin o üzündə, 106 nömrəli avtobusda ədəbiyyatdan danışa-danışa yol gedən iki tələbə gözümün qabağına gəlir. Bu yazının, təfərrüatları yadımda qalmayan, amma müsahibimin özünə inamlı səsini heç vaxt unutmadığım həmin söhbətin davamı olduğunu düşünürəm. 

Qarşıdakı yol isə hələ uzundur..."Boradigah tarixi qaynaqlarda" kitabı çap olunub

 

Azərbaycanın qədim və böyük yaşayış məskənlərindən olan Masallının Boradigah qəsəbəsi haqqında kitab nəşr olunub.

Araşdırmaçı jurnalist Sücəddin Şərifovun müəllifi olduğu "Boradigah tarixi qaynaqlarda" kitabı zəngin arxiv materialları əsasında yazılıb.

Kitabda Azərbaycanın tarixi kəndlərindən olan Boradigah sözünün mənası açıqlanıb, kəndin qədim inzibati sərhədləri, coğrafi mövqeyi ilə bağlı bilgilər toplanıb.

Azərbaycanın müxtəlif tarixi dövrlərini - Rusiya imperiyası, SSRİ və müasir zamanımızı əhatə edən zəngin sənədlər əsasında  Boradigahın məhəllələrinin, təhsilinin, səhiyyəsinin, məscidlərinin, qəbiristanlıqlarının, ocaqlarının, bazarının, hamamlarının tarixi barədə arxiv materialarına söykənən məlumatlar verilib.

"Boradigah tarixi qaynaqlarda" kitabında boradigahlıların Talış xanlığının yaranmasında iştirakı, onlarla qohumluq münasibətləri və fikir ayrılıqları haqqında arxiv sənədləri təqdim olunub.

Kitabda, həmçinin Boradigahda müxətlif vaxtlarda buradakı məktəbə, kolxoza, xəstəxanaya rəhbərlik edənlər və onların fəaliyyəti haqqında müfəssəl bilgi verilib.

Kitabda sənədlər əsasında Birinci və İkinci Dünya Müharibəsi ərəfəsində Boradigahda baş verən hadisələr yer alıb, İkinci Cahan müharibəsində iştirak edən, həlak olan və itkin düşən insanların siyahısı təqdim edilib.

Çar Rusiyasından bəri Boradigahda yaşayanların, qəsəbənin qəhrəman analarının, əmək veteranlarının, orden və medallarla təltif edilənlərin siyahıları verilib.

Kitabda diqqətçəkən maraqlı tarixi hadisələr də yazılır. Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin, Azərbaycanda Sovet Hökümtinin başçısı Nəriman Nərimanovun Boradigaha səfərləri, 30-50-ci illərdə ölkəyə başçılıq etmiş Mir Cəfər Bağırovun qəbulunda olan kənd sakinlərinin görüşlərinin təfərrüatları açıqlanıb.

"Boradigah tarixi qanyaqlarda" tarixlə maraqlananlar, elmi işçilər üçün faydalı mənbədir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!