Ələkbər elə bir şairdir ki, onun yaradıcılığında, bəlkə də dünya poeziyasında istifadə edilən əksər bədii-poetik cərəyanlar modernizm, dekadans, futurizm, imajinizm, postmodernizm, konseptualizm, ekspressionizm, neoekspressionizm, konstruktivizm, eko-art və digər başqa bu kimi çoxlu "izmlər" müşahidə etmək mümkündür. Yuxarıda səsləndirdiyimiz axın və cərəyanlardan Ə.Salahzadə yaradıcılığında bir necəsi üzərində nümunələr illüstrasiya edək.
Adlarını çəkdiyimiz və çəkmədiyimiz əksər ədəbi cərəyan və istiqamətlər müxtəlif ədəbiyyatların nümayəndələri, sənətkarları, şairləri tərəfindən təbliğ olunur və adətən onlar öz poetik manifestlərini yaradıcı qruplarda birləşməklə həyata keçirirdilər. Ə.Salahzadə, demək olar ki, bu istiqamətlərdən hər birində müstəqil olaraq işləyirdi. O, hər şeydən öncə, modernə və modernizmə böyük önəm verirdi. Modern yaradıcılığının sənət vasitələrində o, daim reallığı allüziyalarda (geniş məlum olan tarixi hadisə və faktlara eyham vuran üslubi priyomlarda), reminissensiyalarda (xatirələrin göz önünə gətirilməsində və refleksiv şüurun retrospeksiyasında) və s. kimi çoxsaylı dekorativ detalların köməyi ilə göstərməyə can atırdı. O, özünün modernist təfəkküründə individuallıq, eksperimentçilik, simvolika və s. istifadə edib, onları əsərlərinın mahiyyətınə uğurla köçürürdü.
Ələkbər poetik düşüncəsində yeniliyə can atarkən, eksperimentçilikdən yararlanmaqla, simvolika və rəmzlərə yer verərkən bəzən fikirlərini yarımçıq qoymaqla simvolik ifadələrdən istifadəyə daha çox meyilli olurdu. Əsərlərində söz və əşyalara daha dərin və düşüncəli baxış sərgiləyirdi. Belə olduqda, Ələkbər əsasən çoxsaylı və çoxmənalı simvollar, sirli obrazlar, dumanlı işarə və kinayələri poetik mətnlərinin müstəvisinə ustalıqla yerləşdirirdi. Çünki Ələkbər bu tipli ifadə və sözlərin köməyi ilə əsərlərinin dilini parlaq, fərdi və ifadəli etməklə, həm də oxucularının təfəkkürünü ovxarlayır və zənginləşdirirdi:
Söz-söz yanır Füzuli,
rəng-rəng yanır Rəfael,
tonqal-tonqal Yan Qus da yanır.
Ocağımızda Prometey yanır,
köz-köz yanır hey...
Yabloçkov-Edison
gözlərini açaraq
bizə baxır çıraq-çıraq.
Ə.Salahzadə yaradıcılığında XX əsrin əvvəllərində rus sənətkarları arasında, xüsusilə dəbdə olan imajinizm (obrazların köməyi ilə ideya və emosiyanı ifadə etmə) tipli poetik hərəkata özünün ideya və emosiyalarını obrazların köməyi ilə təqdim etməyi daha zəruri hesab edirdi. Dərindən təhlil etdikdə, onun poeziyasında parlaq, effektli və təzə-tər obrazlara müraciətin üstünlük təşkil etdiyini görmək olur. Eyni zamanda Ələkbər üçün orijinallıq dəqiqlikdən daha vacib olduğu kimi, obrazlarının da süjetdən daha əhəmiyyətli olduğu da görünməkdədir. Odur ki, onun yaradıcılığında bir-biri ilə yanaşı dura bilməyən, ünsiyyətə yönlü olmayan, əşya və hadisələr birgəlik təşkil edir, oxucular gözlənilməz metaforik ifadələrlə görüşürdü:
O yaşadı öz aləmi,
öz iqlimi içində!
O yaşadı bir rəng kimi
öz qələmi içində
O yaşadı mötərizə içində!
Səhər -
mötərizə açıldı.
Axşam -
qapandı mötərizə.
Gördü, eşitdi-susdu;
mötərizə dodaqların bir-birinə
yapışmağı mötərizə.
Sağ mötərizə,
sol mötərizə,
Sağdan çəkəri oldu,
soldan qorxdu,
O elə bil
mötərizə arasında
qorxu dolu qoruqdu...
Ələkbərin poetik yaradıcılığını XX əsrin ilk onilliklərində rus və italyan poeziyası üçün səciyyəvi olan futurist köhnə sənətin ənənə və priyomlardan istifadə edib gələcəyə istiqamətlənməsiz (futurizmsiz) təsəvvür etmək də çətindir. Ələkbər futuristik üslubda yazdıqlarında üç əsas prinsipə - erqonomika (rahatlığa, əlverişli şəraitə), funksionallıq və maksimum sərbəst məkandan istifadəylə yanaşı, heç də rus və italyan futuristləri kimi özünü öyməklə, qürrələnməklə, poetik təfəkkür gücünü nümayiş etdirməkdən həzz almırdı, müharibə və dağıntıları da təqdir etmir, əksinə, onlara qarşı çıxırdı.
Dediklərimizin sübutunu şairin "Xocalı xəcilləri" poemasından gətirdiyimiz fraqmentdə izləyək:
Külə dönmüş o şəhərdə
guya heç nə olmayıb.
Yer yanıb qan içində,
göyə heç nə olmayıb.
Qana qarışıb axıb,
suya heç nə olmayıb.
Guya ki gecə görünmür,
Aya heç nə olmayıb.
Yerdən bir yer silinib,
saya heç nə olmayıb!
Bir dərya qan töksə də,
haya heç nə olmayıb...
Köksündə bir yurd sönüb,
Dünya, heç nə olmayıb?..
Ə.Salahzadə burada ermənilərin havadarlarının statikliyinə, fəaliyyətsizliyinə, Qərb tərəfindən müharibənin qeyri-adekvat qavrayışına özünün sonsuz etirazını bildirərək, "Köksündə bir yurd sönüb / Dünya, heç nə olmayıb?.." kimi laqeydliyə qarşı hayqırırdı.
Bundan başqa, Ə.Salahzadə digər futuristlər kimi mədəni ənənələrin inkarına da çalışmırdı, lakin gələcəyə istiqamətlənən sənətin yaradılması üzərində daha çox düşünürdü. Eyni zamanda ritm, qafiyə və şeirin səslənişinə düşüncə arxasında gizlənən dilin zəngin imkanlarının yaradılmasını ön plana qoyurdu. Ə.Salahzadə heç də futurizmin manifestini yazan italyan şairi Filippo Tommazo Marinetti kimi öz bədii fəlsəfəsində keçmişdən imtina edib, sürəti və sənayenin gücünü müdafiə edənlərdən də deyildi. Onun yaradıcılıq kredosunda anarxizm dəst-xəttinin görünməsi də qiyamçılığı ilə bağlı idi. Bununla belə, ritm, struktur və qafiyə sahəsindəki novatorluğu və eksperimentçiliyi onu öz neologizmləri ilə digərlərindən fərqləndirirdi. Bunu biz şairin "Vaxt vadisi" kitabındakı "Sükutdan səslər" şeirinin mətnində daha əsaslı müşahidə edə bilmişik:
Görün,
susur bu su -
quzu-quzu,
Nərə çəkib şahə qalxan
bir çayın suyu imiş;
nərəsində çırpınıb
soyuduqca soyumuş,
Şəlaləsi yıxılmış...
Görün,
nə susur bu su!
Kim eşidir sükutu?!
Ələkbər Salahzadənin poeziyasında, yuxarıda söylədiyimiz kimi, modernist yanaşmalar da yetərincə gözə dəyən üslubdur. Modernistlərdə öz dövründəkindən əvvəldə olanlara inkar baxış özünü büruzə versə də, ənənəvi ideya, forma, janr və gerçəkliyin qavrayışının yeni inikasının axtarışında olmalarına baxmayaraq, Ələkbər onların üstündən sükutla keçir, başını aşağı salıb öz işi ilə məşğul olmağı üstün tuturdu. Salahzadənin yaradıcılığında modernist yanaşmada ən çox qabardılan tərəf özünün fərdi forma, kompozisiya və ideya-məzmun xüsusiyyətlərinin öz mövqeyindən verilməsində nümayiş etdirilir. Bunu biz "Yel dəyirmanı" şeirinin mətnində təqdim edək:
Yel dəyirmanına
dolaşdı külək,
dolaşıb yıxıldı, dikəldi külək,
yenidən yıxıldı,
qalxıb, xoruzlanıb dalaşdı külək,
vuruşdu... Don Kixot babası kimi.
Pərlər şıllaqladı küləyi yenə
həmincə babanın yabısı kimi.
Döyülə-döyülə fırlandı pərlər,
sevinə-sevinə
fırlandı pərlər,
bir qəh-qəhə çəkdi yel dəyirmanı:
"Ay aman, qoymayın,
Bir dəli öldürür, yırtır özünü,
elə bil döyür məni!
- kimi fikri ilə haqsız, yersiz haray qoparır.
Sənətkarın yaradıcılığında postmodernist gediş və xətlərin iştirakı olub, vahid standart və kanonlardan imtina, müxtəlif tipli sərbəst üslub və obrazlardan istifadə etməni və bu zaman həqiqət və obyektivlikdən kənarlaşıb, ironiya, parodiya və çoxmənalılığa yer verildiyini də yaxşı görürük.
Göydədi okeanlar;
qızıl gün qayığında
hey avar çəkə-çəkə
obaşdan şüa-şüa oxuyanlar göydədi.
Okeanlar göydədi;
yoxsa, bulud fırçanın
bulaşdığı göy nədi?!
Okeanlar göydədi;
mirvari ulduzlara
əllərimiz yerinə
hərdən gözümüz dəydi.
Okeanlar göydədi;
yoxsa, gecə köksündə
Ay nəydi,
üzmək nəydi,
bulud-yelkənlər nəydi,
səmada süzmək nəydi?!
Ələkbərin bir sıra hallarda, həm də konseptualizmə (konseptualizmdə ideya (konsept) formadan daha önəmli idi) yuvarlandığını görmək mümkündür. Məlum olduğu kimi, sənətkarlar konseptual sənət aksentlərini, yaxud konseptual ideyalarını əsərlərinə sosial, fəlsəfi, dil problemlərini daha çox ortaya qoymaqla həyata keçirirdilər. Ə.Salahzadənin konseptualist əsərlərində nəinki vizual, həm də səs, mətn, yaxud digər qeyri-standart formalar özünü təzahür etdirməkdədir.
Konseptualist şeirdə, hər şeydən öncə, ideyanı, yaxud konsepsiyasını əsərin hazır materialından daha vacib hesab edirlər. Ələkbərin konseptualizmi şairin fərdi konseptuallıq təcrübəsi ilə ortaya gəlirdi. Sənətkarın bu tipli şeirlərində informasiyanı təşkil edən hər hansısa prinsip etibarı ilə vizual, yaxud nəzəri moduslar bütün mətni əhatə edir. Eyni zamanda bu, hər hansı lüğət daxilindən ələ alınmış, götürülmüş sözün aydınlaşdırılması və definisiyası kimi də başa düşülə bilər:
Sos! Sos!
Dünya susdu!
Yağı qana susayıb
Xocalını qan içində susdurarkən,
Dünya ağzına su alıb susdu,
səsini qısdı.
"Sus" yox, "SOS"du,
SOS! SOS!
Amma Avropada, Asiyada, Amerikada,
Afrikada!..
Dünya susdu!..
Ələkbərin konseptualist şeirlərində sadəliklə məna dolğunluğu ironiya və sarkazmla yanaşı, həm də dil daxilində sanki linqvistik eksperimentlər aparılır. Onun bu tipli əsərlərinə baxdıqda, buradakı konseptual mətndə nəinki süjet və janr elementləri, intonasiya, hətta hər bir misranın daşıdığı məna yükü də ağırdır. Poemanın bu yerindəki obraz quruluşu şairin bədii vəzifələrinin açılmasına xidmət etməklə nitq axınının fraqmentarlığı ilə yanaşı, "sos" və "sus" ifadələrinin korrelyatlarını (qohum sözləri) ortaya qoyur. Digər konseptualistlərdən fərqli olaraq Ələkbərin bu tipli nümunələrində müəllifi qarabaqara izləyən boşluq, primitivzm və tavtologiya, demək olar ki, özünü büruzə vermir. Ələkbərin konseptualizmində ideya, yaxud konsepsiya yazı manerasının ən mühüm aspekti hesab edilməlidir. O, bu əsər üzərində işi planlaşdırarkən onun icrasına başlamasını həm də formal iş kimi qəbul edir. Məhz bu ideya da mətni ortaya çıxaran aparat, yaxud maşın rolunda çıxış edir.
Ələkbərin poetik üslubunda təsviri ənənə, yaxud ictimai fikrə nəzər salmadan özünün fərdi ideyaları üzərində fikri fokuslaşdırması əhəmiyyətlidir. Belə olduğu halda o, qeyri-ənənəvi material və yazı texnikasını eksperimentdən keçirməklə yeni ifadə formaları axtarışında olub, orijinal yaradıcılıq istiqamətlərinə üz tutur. Şairin poetik uğurlarının ən mühüm səbəbi də bununla bağlıdır
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!