Şeirlərindəki ilk baxışda adi görünən deyimlərində böyük həqiqətlər gizlənən, çoxsəsli çağdaş Azərbaycan poeziyasında öz yeri, öz nəfəsi olan Əli Hacının qeyri-adi, ilk baxışda qəribə ad seçdiyi "Ölüm, gəl tanış olaq!" kitabındakı şeirlərini oxuyandan sonra, onsuz da, əvvəldən onun haqqında beynimdə formalaşan bir fikrin həqiqiliyinə bir daha inandım: "Əli Hacı sufiməslək, içərisi Allah və insan sevgisi ilə dolu ruh adamı, irfan şairidir".
Əli Hacının bəzən adamın ruhuna sığal çəkən, bəzən adamı çaş-baş salan şeirlərini oxuyub başa çıxandan sonra bir daha yəqin etdim ki, mütaliəsi zəngin və həyata, dünyanın gedişatına xüsusi baxışı olan bu şəxs klassik Azərbaycan ədəbiyyatı və xalq poeziyasından ruhuna damcı-damcı süzülüb gələn ədəbi-əxlaqi dəyərlər əsasında formalaşan sənətkardır.
"Əlindən tutub ömrünün ölümə sarı yeriyən", soyuqlayan sətirlərdən sayıqlayan günlərin gözünə baxan, çiyinləri ilə nəfəs alıb ağrıların közünə su səpən, qurutmağa yeri olmadığından bütün ağrıları sinəsinə sərən şairin hər bəndi adamı düşündürməyə vadar edən şeirlərinin birində oxuyuruq:
Gecələrim tez düşür,
Qaranlıqdı üst-başım!
Yeməyə bir işıq ver,
Gün ver, sənə danışım!
Yasdan çıxmır dünya da,
Gecələrim gül aça!
İçimə gir, gör məni
Vətən tək parça-parça!
Şeirlərinin birində "Üşüyür Ay işığım, ortaqdı qışım yaza", - deyən şair adi bir təbiət hadisəsi ilə elə qeyri-adi, ecazkar səhnə yaradır ki, adamın heyrətdən matı-qutu quruyur:
Çaylar dənizlərdə bakirəliyini itirir,
Ağaclar çiçəkləyəndə!
Və yaxud:
Küçəni yerişlərim bitirir,
Acılarım şəhəri!
İçimdə payız yağışı yağır,
Qışın gözü ilə açıram səhəri!
"Pay gətirsən, çox demirəm, sevincdən bir qaşıq gətir" yazan Əli Hacının ixtiyarı şeirini şərhə çalışsan, orada qəribə bir mənzərə ilə rastlaşa bilərsən. Və təbii ki, bu şeirləri misra-misra, bənd-bənd təhlil etməyə heç adamın əli də gəlmir. Bu qəbildən olan dörd bəndlik şeirlərdən birinin üç bəndini olduğu kimi veririk:
Bax, nə gözəl rəssamsan,
Sinəmə dağ çəkmisən.
Üzünün qarasıyla
Gözümə ağ çəkmisən!
Rəngləri gün oxşarı,
Batabatda çəkmisən!
Yerin üstünə baxıb,
Yerin altda çəkmisən!
Ağzımda söz donubdu,
Dil yatanda çəkmisən!
Ömrü sarı boyada,
Gün batanda çəkmisən!
"İçi köhnə, üzü təzə bədən adlı qəfəsində ruhunu təmizləyən", "Adamın öz içində özünə hesabatı var", - deyən şairin lirik qəhrəmanının içində min ilin kitabı, göyün ağ şəkilləri, yerin min əzabı var. Bu lirik qəhrəman sətirlərin arasından gah Məhəmməd, gah Musa, gah "sətirləşən İsa", gah quş dili bilən Süleyman kimi boy verir və bütün məqamlarda amalı, məsləki haqqa, ədalətə, bəşər övladına minnətsiz xidmətdir. Bu adamın portretini şair aşağıdakı misralarda belə yaradır:
Sözdən asılıb bu adam,
Sözdən söz asıb bu adam!
Pislikdən kasıb bu adam
Olub neynədi, tanıyın!
"Sinəsindəki dağların qarı qar üstündə olan", "Göylər öyünməsin qoy, ağrısı yer üstədir", "Ağrısız ağrıları daşımaq olmur, ağrılardan doğur Azadlıq!" - deyən şair başqa bir şeirində bizi belə heyrətləndirir:
Bu dünyanın tut əlindən,
Uşaqdı, yıxıla bilər!
Yıxılar gün işığına,
Görənlər yuxulu bilər!
Ağlamaq, sıtqamaq, dərd, nisgil haqqında çox şeirlər, çox aforizmlər oxumuşam, amma etiraf edirəm ki, beləsini oxumamışam:
Adam da heç ağlamaz,
Torpaq ağlayan kimi!
Ağaclar yer üzünə
Yarpaq ağlayan kimi!
Əli Hacı şeirlərində elə dəruni mətləblərdən söz açır ki, "bu gəlimli-gedimli, son ucu ölümlü dünya"nın təlatümləri, Yaradan, insan, zaman, məkan haqqında özünəxas qənaətləri olmayan birisinin belə şeirlər yazması, sadəcə, mümkün deyil.
"Kötüyün suya vermiş, örtüyün göyə vermiş. Qanım içib göyərmiş, dinlik deyilmiş dünya!" - deyən şairin bayatı hecası ilə (hər misra yeddi heca) yazdığı dördbəndli "Yox" rədifli şeirində oxuyuruq:
Allahla danışmağın
Yaxşı ki, rüsumu yox!
Haqqıyla aramızda,
Nə alt, üst qurumu yox!
Və yaxud:
Bu dünya göydən asılıb,
Yol gedir, yorula bilər!
Bir gün çıxar öz yolundan,
İpindən qırıla bilər!
"Torpağa əkdiyim çiçək, daş üstə alır yuxusun", "Nəfəs al, səs salma, Tanrı yatır içimdə!" - deyən şair şeirlərində dönə-dönə iqrar edir ki, o "Yaradanın əsəri, dildən çıxan sözün qulu, sevgilərin əsiridir". Şeirlərin birində oxuyuruq:
Bu məsciddi, o kilsədi,
Yerdə göyün əsiridi!
Könlüm Tanrı əsəridi,
Baxa bilsən harasına!
Yağışın torpağa yağmağı təbiət hadisəsidir. Bu hadisənin misal gətirəcəyim poetik biçimdə təqdimi isə İlahi vəcdin yaratdığı tablodur:
Buludlar torpağa şeirlər yazır,
Deyir yazdığını şeir diliylə!
Nəğmə bəstələyir torpağa göylər,
Oxur xəzəl - payız, qar - qış diliylə!
Əli Hacının şeirlərinin, hesab edirik ki, ən özəl cəhətlərindən biri, bəlkə də birincisi, onlardakı əlvan poetik formalar və dil xüsusiyyətləridir. Əksəriyyəti heca vəzninin 7, 8, 11-lik formalarında, bəziləri oynaq, ritmik, hecadan o qədər də seçilməyən sərbəst şeir şəkillərində olan bu şeirlərdə kifayət qədər sufi poeziyasından, xüsusilə, Yunus Əmrə və Şah İsmayıl Xətaidən gələn nəfəslər var ki, biz bunları tamamilə təbii və ənənədən gələn novatorluq kimi qəbul edirik.
Şairin şeirlərində elə deyimlər var ki, onları aforizmlər kimi də işlətmək olar. Məsələn: "Yüz oyunu var dünyanın, Yorar səni havasına", "Öz ağrınla oyun oyna, Fələklə oyun oynama", "Ömrün meyvəsini verib payıza", "Evin sahibində olmasa sevgi, Gələn qonağını özü üşüdər", "Yersiz sözə qapı açma, şər gələr", "Sən Arazdan su içirsən, mən ayrılıqdan" və s.
Əli Hacının kitabında toplanmış şeirləri haqqında qeydlərimizə gələcəkdə yeni-yeni əsərlərini oxumaq arzusu ilə, hələlik nöqtə qoyuruq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!