Türk ruhunun poetik təcəssümü - Rahid ULUSEL

Rahid ULUSEL

Dəyanət Osmanlının poeziyası üzərinə

 

Türk Avrasiyasının coğrafiyası nə qədər genişdirsə, türk mənəviyyatının coğrafiyası da bir o qədər genişdir. Necə ki fiziki və siyasi coğrafiyamız hələ bütünlüyünü əldə etməyib, mənəvi coğrafiyamızın da dərinliyinə və genişliyinə hələ tam çatmamışıq. Əlbəttə, bu böyük yolun tarixən və bu gün azman cığırdaşları var. Ancaq varılacaq yolun çox hissəsi hələ öndədir. 

Mənim düşüncəmə görə, türk ulusal mədəniyyətlərinin vəhdətindən yoğrulan mənəviyyatın bütövlüyünü əldə etmədən, hər hansı birliyin çat yerləri aydınca görünəcək və hər hansı zərbədən titrəyəcək. Ona görə də türk mədəniyyəti və mənəviyyatının zəngin xəzinəsini üzə çıxarmaq nə qədər əhəmiyyətlidirsə, onun yeni dəyərlərini yaratmaq da bir o qədər önəmlidir. 

Türk mənəviyyatının genişliyinə çıxmadansa,  dərinliyinə enmədənsə, ucalığına qalxmadansa, bu böyük və tarixi missiyanı yerinə yetirmək mümkün deyil. Bu gerçəyi bütün rişələri, dərin qatları ilə duyanlardan biri də artıq Azərbaycan poeziyasında öz sözü, üslubu və mövqeyi olan şair Dəyanət Osmanlıdır. 

Dəyanət Osmanlının poetik yaradıcılığı nə qədər rəngarəng və çoxtərəfli olsa da, heç şübhəsiz, burada məhz türk ruhunun estetikası alt layı təşkil edir. O, hətta tamamilə ayrı mövzulardan, mətləblərdən bəhs etsə də, bu ana duyğu, təməl yanaşma onun hər bir yazısının canında-qanındadır. Lakin şair türkün tarixi həyatına toxunduğu hər nöqtədə onun böyük fatehliyinə tən gələn mənəviyyatının zərifliyini, güclə ədalətin, insanlıqla ulusallığın, ərənliklə nizamın vəhdətini süsləndirir:  

 

Türk hara addım atdısa,

insanların,

böcəklərin,

otların

və torpağın

burnunu qanatmadan

barış körpüləri saldı

dost-düşmən arasından.

Türk bayraq sancdığı yerə

ürək dolusu

ədalət,

iman,

sevgi apardı.

Türk harda məskən saldısa,

cənnətə çevirdi xarabalığı,

ziyarətgaha çevirdi məzarlığı.    

 

Dəyanət Osmanlının "Türkü sevmirlər öz torpağında", "Türk bayrağı" kimi şeirlərində də türkün yenilməz ruhu öz əksini tapır. Şair türk dünyasının problemlərinə, ağrı-acılarına, qarşılaşdığı çətinliklərə özünün fəal vətəndaş münasibətini nümayiş etdirir. Məsələn, onun "Hüznlü etüdlər" silsiləsi bütünlüklə 2023-cü ilin fevralında Türkiyədə böyük depremdə həyatını itirənlərin xatirəsinə həsr olunmuşdur. Silsilənin "Kahramanmaraş ağısı" nə qədər hüznlüdürsə, sonrakı hissələr yenə də türkün ən müdhiş fəlakətlərdən sıyrılıb çıxma, yenidən öz həyatyaradıcı başlanğıcına qayıtma əzmini göz önünə gətirir:

 

Daş-torpağın toz-toz olub yıxıldı,

bir ölənlə min doğulan məmləkət. 

Yad sanmasın dərddən qəddin əyildi, 

gerçək sənsən, ölüm yalan, məmləkət. 

 

Daşlar altda dili bağlı susan mən, 

tarixini öz qanıyla yazan mən, 

qardaşının imdadına qoşan mən,

qəzasından hesab soran məmləkət. 

 

Altun banlı evlər uçdu başıma, 

şəhid oldum, torpaq yandı halıma, 

ölsəm belə, xilaf çıxmam yoluma, 

yatan yerdə fələk vuran məmləkət...

Şair təkcə mənəvi-mədəni, ictimai-siyasi mənada deyil, bir insanın şəxsi həyat yolu, bənzərsiz fərdi Taleyi mənasında Türklüyə bağlılığını heç bir bəlağətə yol vermədən, içdən gələn bir səslə dilə gətirir:

 

...Türklüyün uğruna

söylənmiş ulu sözlərin,

yanğılı öyküyə döndüyü

bir vadinin ulu sularıyam...

 

Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması və XX əsrin sonlarında Qarabağın işğal edilməsi bizi düşməndən zəif salan, əsasən, ulusal ideologiya qatında siyasət və mədəniyyət arasındakı vəhdətin sarsılması faktına dayanır. Bu o anlama gəlmir ki, ermənilər həmin vəhdətə bizdən yetərli çatdıqlarından "uğur" qazana bilmişlər. 

Tarix boyu maraqlı tərəflərin yedək siyasətində sürüklənən, hətta XXI əsrdə də müstəqil dövlətçilik siyasəti yürüdə bilməyən ermənilərin "alət funksiyasından" savayı bir öhdəliyi yoxdur. 

Bu baxımdan, türk dövlətçiliyində vətən azadlığının qutsallığı müstəqillik dövrü ədəbiyyatımızda aktual mövzu kimi ön məqamda dayanır. Buna misal olaraq, Dəyanət Osmanlının Bakının daşnak işğalından azad olunmasına həsr edilmiş "İt nəfsi" adlı həm ideya, həm də məzmununa görə yeni tipli poeması son dövr ədəbiyyatımızda böyük məharətlə və milli ruhla qələmə alınmış ictimai-bədii səciyyəli nümunələrdən biri sayıla bilər. Əsərdə tarixi türk torpaqlarına qarşı zaman-zaman yürüdülən qəsbkarlıq siyasəti və türk millətini daim müşayiət edən erməni xəyanətinin qabarıq detalları günümüzün rakursundan ibrət dərsləri kimi təqdim olunur.

Vətən müharibəsi - Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq suveren dövlətin qələbə inamı ilə müharibə aparmaq, öz hərbi-siyasi qüdrətini nümayiş etdirmək, Silahlı Qüvvələri ilə düşməni lərzəyə gətirmək, torpağının hər qarışını azad etdikcə qüvvətlənmək əzmini əks etdirməyin, milli varlığımızı möhtəşəm obrazlarla canlandırmağın şərəfini yaşadır. Yalnız bu şərəf ehtişamında pafos ədəbiyyatın daxili zərurətinə çevrilir, şair sözü və əsgər addımları eyni ahəngə köklənir. Azərbaycan şairlərinin yazdıqları "Marş"lar ulu millətimizin böyüklüyünə, Vətən yaddaşının itirilməzliyinə tən gələn qalibiyyət ruhunun təcəssümü olur. Dəyanət Osmanlının "Qazi marşı" onların içərisində öz poetik intonasiyası ilə seçilir:

 

Vətənin nəbzi vurur

əsgər məzarlığında.

Zəfər himni duyulur

yurdun hər sabahında.

 

Hər şəhidlik ünvanı

bir qanlı and yeridi.

Qoruyan yurd-yuvanı

ulu bayraq sehridi.

Bu torpağın bağrında

közdü düşmən yarası.

Bu ulusun alnında

paslanıb haqq davası.

 

Sözü dualı dilim

azadlıq sorağında.

Gözəl taledi ölüm

gözəl ölüm uğrunda. 

 

Dəyanət Osmanlının poeziyası Dədə Qorquddan Rəsul Rzaya, Nazim Hikmətə və onların nəsildaşlarına, bu günümüzün gənc ədəbiyyatına qədər ulusal mənəviyyatımızın təkamülünü özündə birləşdirən bir mədəniyyətin ən məhrəm izlərini, ən munis ab-havasını varlığında yaşadır:

 

Göy Tanrının vətəni,

ay-yıldızın görklü məskəni, 

ruhumuzun kutsal mənzili, 

quşların, uçaqların yolu.

Ağ otaqdı göy,

Qara otaqdı yer... 

Arada sayrışır

göyün və suyun əlvan rəngləri...

 

...Qayadan bir anıt var, 

vaxta meydan oxuyar.

Qaya içindən sözün 

işığı axıb durar.

 

Dəyanət Osmanlının tapıntılarına bəs demədən daim yeniləşmək, özünü dərinləşdirmək eşqində olan poeziyasının, təbii ki, ən doğma "məkanı" elə onun öz Qəlbidir. Məhz buradan yollar aranır - uşaqlığın sığındığı ocaqdan-yurddan, gəncliyin səpələndiyi, özünü axtardığı şəhərdən, ərdəmlik çağında sərhədlərinə dəyib-qayıtdığın Vətəndən, dərd-sərinə bələndiyin Yer kürəsindən Kainatın sonsuzluğuna qədər!.. "Düşünüb-daşınmaq üçün // bir ömür bəs eləmədi... // Bir çox illər keçmiş olar // ruhumla tənimin // ayrıldığı zamanın üstündən // meydan oxuyuram faniliyə..." - deyən şair, ömrünün bu yetkin çağında da yorulmaz-bitməz axtarışlardadır. Şairin, bəlkə də, ən böyük tapıntısı - poeziyasında elə Özünü tapmaqdır!

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!