Əzizim Musa, biz zəngləşəndə, mətbuatda çıxan şeirlərinlə səni təbrik edərkən zarafatyana "gəl gedək mənimlə" şeir-mahnınla başlayıram.
Gəl gedək dağlara, şəhərli qızı,
Qorxma, ordakılar qədrini bilər.
Qapıda bəslənən payızlıq quzu
Sənin qədəminə qurban kəsilər.
...Orda oda dönər o şən günlərin,
Bir ocaq alışar, bir ev isinər.
...Tutsan o dağların öz ahəngini,
Orda bir obanın kömək əlisən.
Gəlsən - evimizin mis səhəngini
Anamın çiynindən götürməlisən.
...Dünyanın ən gözəl bucağına sən
Bir gözəllik gətir, xoş niyyətlə gəl.
Gəlsən təbiətin qucağına sən,
Təbiətə bənzər təbiətlə gəl!
Sonra bacına yazdığın ikinci seirini sənə oxuyardım:
- Aaz, nədən ötrü gəlib qardaşın?
- Gəlib ki, sənə də bir şeir yaza.
- Yox, onun şeirinə yaraşmarıq biz,
Tay ola bilmərik şəhərli qıza.
Duyub bu gileyi tarlaya getdim,
Heyif, salamımı aldılar sərin.
Qəlbimi yandırsam mən indən belə,
Qəlbinə yatmaram bu göyçəklərin.
Hələ də fikirdə, xəyaldayam mən,
Görən, niyə soyuq görüşdü qızlar?!
Bəlkə, şəhərli qız, sənin əksini
Mənim gözlərimdə görmüşdü qızlar?!
Əzizim Musa, məni Gədəbəyə bağlayan çox şeylər var. Gədəbəy gözəldir, təbiəti insanları valeh edir, görəndə ayrılmaq istəmirsən. Xoşbəxt adamsan ki, o dilbər güşədə doğulmuş, boya-başa çatmış, təhsil almısan. Mənə elə gəlir ki, bəlkə də şeirlərində olan o təmizlik, ülvi məhəbbət Gədəbəy dağlarının uca zirvələrindən qopan mehdir. Səni görəndə, səni eşidəndə qırx ildən çox dostluq etdiyim, duz-çörək kəsdiyim akademik qardaşlar - Firudin Köçərli, Tofiq Köçərli, şair İlyas Tapdıq, yazıçı-dramaturq Nahid Hacızadə... yadıma düşür. Keçmiş günlərə qayıdıram. Ermənilərə verib gəldiyimiz doğulduğum Kavdar kəndi gəlir gözlərim qabağında dayanır. Tofiq müəllim böyük alim idi, böyük insan idi, tez-tez görüşərdik, dərdləşərdik, yeyib-içərdik. Bilirsən, Tofiq Köçərli mənim vətənim olan Qarabağdan, onun tarixindən, keçmişindən, indisindən çoxlu əsərlər yazmışdır. Onun kitabları, məqalələri Azərbaycan, rus dillərində böyük tirajla çap edilmişdir, onun "Yaddan çıxmaz Qarabağ", "Qarabağ: yalan və həqiqət" kitabları kitab rəfində birinci sırada dayanmışdır. Hər dəfə kitabları əlimə alanda elə bil ki Tofiq müəllimlə yenidən görüşürəm. Onun avtoqraflarına baxıram: nə qədər səmimi, gözəl, nəcib və məzmunlu. Onun yazdığını sənə olduğu kimi oxuyuram:
"Əzizim Yasif!
Tanrı Qarabağın azad edilməsi gününü görməyi bizə qismət etsin! Biz də gedək, diz çöküb ağlaya-ağlaya Qarabağ torpağını öpək, doğulduğun Kavdar kəndini, əsərlərində təsvir etdiyin Gültəpə dağını ziyarət edək, onu qorumağa qeyrətimiz çatmadığı üçün üzr istəyək, günahlarımız bağışlanarsa, Şuşada, Cəbrayılda doyunca şadyanalıq edək.
...Həyatın sərt dönüşləri, siyasi zəlzələləri insanlar üçün böyük sınaqdır, Yasif. Çoxları belə sınaqdan çıxa bilmirlər. Sən, qardaş, tab gətirdin, büdrəmədin. Şəxsiyyətini qorudun, suverenliyini və ləyaqətini saxladın, halal olsun! Min yaşa!"
Bu avtoqrafı ona görə olduğu kimi bura köçürdüm ki, bunlar elə həm də sənə aiddir. Sən də bir loxma çörəkdən, bir quru addan, keçib gedən bir anlıq çəpikdən ötrü qürurunu pozmadın, tutduğun yolu dəyişmədin. Düzə-düz, əyriyə əyri, şərə şər, haqqa haqq dedin. Suda batana əl uzatdın, yolda qalana kömək etdin. Qazandığın çörəyi halallıqla, əsil kişi kimi qazandın. Biz səninlə insanlar (əgər insandırlarsa) tanıyırıq öz işlərini aşırmaq üçün min dona girirlər, işləri keçən adamların qabağında əyilməkdən belləri də donqarlaşır.
...Mənim şair dostum Musa Ələkbərli həm əsərlərində, həm də gündəlik həyatında öz xeyirxahlığı, səmimiyyəti, vətənpərvərliyi ilə insanların yanındadır. Sənin əsərlərin, insanları hansı şəraitdə olursa-olsun, yaşamağa çağırır, nikbin ruh aşılayır, Vətənimizin bütövlüyü uğrunda mübarizəyə çağırır. Təbiət insanları həyata gətirəndə onlara müxtəlif tale bəxş edir: xoşbəxtlər, bədbəxtlər. İnsan var, o bir ailə üçün doğulmuşdur. İnsan var, bir kənd, bir şəhər, bir rayon üçün doğulmuşdur. İnsan da var ki, Allah onu bir xalq, Vətən üçün yetirmişdir. Mənə elə gəlir ki, şeirləri ilə milyon oxucusuna sevinc, xoşbəxtlik, yaşamaq, mübarizə aparmaq əzmi aşılayan Musa Ələkbərli təkcə bir kənd, bir rayon üçün deyil, bütün Azərbaycan üçün doğulmuşdur. Səni yetirən ailənin, ocağın, torpağın səninlə fəxr etməyə haqqı vardır.
Kitabların gözümün qabağındadır. Oxuyub fikrə dalıram. Görəsən, Musa Ələkbərli qədər Azərbaycanda bir-birinə bənzəməyən sevgi seirləri yazan ikinci şairimiz varmı?! Sənin bu yaradıcılıq xüsusiyyətini müasir ədəbiyyatımızın böyük simalarından biri akademik Nizami Cəfərov gözəl səciyyələndirib: "...Musa Ələkbərlinin yüzlərlə sevgi şeirinin yaratdığı bədii-estetik təəssürat - "üslub" yaşayacaqdır...Yüz, iki yüz, üç yüz il sonra sağlam ruhlu "və bədənli" bir gənc hər hansı mənəvi - əxlaqi "xaos" qarşısında təbii "və səmimi" bir ehtirasla dayanıb deyəcək ki:
Qarşına ümidlə çıxaram hər gün,
Bircə söz dilimdən asılı qalır.
Susuram... Bəlkə də, susduğum üçün
Səni istəyənlər artır, çoxalır...
Mən əminəm ki, həmin gənc dünyanın ən gözəl qızına o "bircə sözünü" deyəcək, onu ram edəcək, ona, dünyanın ən gözəl nemətini verəcək..."
Əzizim Musa, sən təkcə "sevənlərin, sevilənlərin", eyni zamanda sevgisi daşa dəyənlərin şairi deyil, həm də bütün xalqımızın, onun yerinin, göyünün şairisən.
Musa, mən yaşca səndən böyüyəm. Bildiyin kimi, mütailəni çox sevirəm. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq ədəbi ictimaiyyət, şeirsevənlər sənin haqqında istedadlı bir şair kimi söhbət açırdılar. "Ürəyimin işığında", "Məndən şeir istə", "Bəlkə bir də görüşdük", "Gözümdə ağlayan bulud"... böyük nüsxələrlə çap olunan kitablarınızın oxucular tərəfindən xüsusi rəğbətlə qarşılandığının şahidiyəm. İndikindən fərqli olaraq o zamanlar Azərbaycanda böyük kitabxana şəbəkəsi var idi. Hər bir məktəbdə, kənddə, şəhərdə, qəsəbədə, mədəniyyət evlərində kitabxanalar fəaliyyət göstərirdi. Həmin kitabxanaların hansına yolum düşsə, sənin kitablarını görərdim. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində Mədəniyyət Nazirliyinin rəhbərliyi kitabxanaların binalarını dəyər-dəyməzinə satdılar.
Yaz, qardaşım, yazan əlin var olsun. Hələ neçə-neçə yazacağın sevgi şeirlərin səni gözləyir. Səni oxuyanda böyük şairimiz Səməd Vurğun yadıma düşür. Şeirlərində Səməd Vurğunun isti nəfəsi duyulur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!