Ruhumuzu diri saxlayan poeziya - Zemfira MƏHƏRRƏMLİ

 

Kəmaləddin Qədimin Vətən şeirləri üzərinə

 

Söz adamlarının əsərləri onların ən qiymətli sərvəti, oxucularına ərməğanıdır. Qələm sahibləri insanları düşündürən ayrı-ayrı mətləblərə öz söz bəxşişləri ilə aydınlıq gətirir, zövqümüzü, ruhumuzu təzələyirlər. Tanınmış şair, fitri istedadı, zəngin yaradıcılığı ilə fərqlənən  Kəmaləddin Qədimin şeirləri kimi. O, ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərib, dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Bədii nümunələri "Azərbaycan",  "Ulduz" jurnallarında və digər ədəbi dərgilərdə, o cümlədən, mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə uyğunlaşdırılıb. "Yığış gedək, günahım", "Günahı yazan mələk", "Allahdı, şeytandı, mənəm", "Allahı sevsəydin", "Daha sonumu yazıram", "Harda ayrılıq yoxdur?" və digər kitabların müəllifidir. K.Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) ödülünün sahibi, "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır.

 

Kəmaləddin Qədimin poeziyası haqqında görkəmli qələm adamları da söz açıblar. Xalq şairimiz Bəxtiyar Vahabzadə vaxtilə yazırdı ki, "Kəmaləddin Qədimin şeirlərinin çoxu ürəyi dolu bir gəncin çırpıntılarıdır, burada yamsılama yoxdur. Misralar qəlbin odundan közərdiyindən oxucunu da isidə bilir. Kəmaləddinin öz deyim tərzi, öz ifadə üsulu var. Buna görə şeirlərin quruluşu da özünəməxsusdur. O, demək istədiyini vəziyyətin içindən çıxarıb nəğmələşdirir". 

K.Qədim ədəbiyyata gəlişində Xalq şairimiz Bəxtiyar Vahabzadənin əməyini minnətdarlıq duyğusu ilə xatırlayır. Böyük şairimiz hələ 80-ci illərdə ona  "uğurlu yol" arzulamışdı. Gənc şair isə bu xeyir-dua ilə böyük ədəbiyyata qədəm qoymuşdu. O zaman "Yazıçı" nəşriyyatı ədəbi uğurlara imza atan qələm adamlarının əsərlərini çap edirdi.  1987-ci ildə "Müəllifin ilk kitabı" seriyası ilə Kəmaləddin Qədimin şeirlər toplusu işıq üzü görmüşdü. Həmin dönəmdə çap olunmaq elə də asan deyildi. Amma parlaq istedadı, poeziya aləmində ilk sanballı uğurları onu irəliyə aparmışdı. 

 

Ustad şairimiz Musa Yaqub hələ 2017-ci ildə onun "Ulduz" jurnalında dərc olunmuş şeirlərini oxuyub bəyənmiş, yaradıcılığının məziyyətləri barədə böyük məqalə yazaraq fikirlərini bildirmişdi. "Poeziyada dikəlmək istəyən, poeziyanı sevən kəs Azərbaycan dilindən, yurdun mənəvi dünyası ilə tanışlıqdan çıxış etməlidir. Kəmaləddin təpədən-dırnağa şairdi. Bütün misraları doludu, bütövdü, ifadələri mükəmməldi və Azərbaycan dilində yazılıb. O, dilimizin ən gözəl xüsusiyyətlərindən bəhrələnir. Özü də zorla yox, məqsədlə yox. Kəmaləddin özü xalq adamı, el adamı olduğundan, xalqını və onun dilini sevdiyi üçün belə şeir nümunələri yarada bilir."

Şeirlərinin biri digərinə bənzəmir Kəmaləddin Qədimin. Dilimizin incəliklərinə bələdliyi, folklorumuzu, xalq deyimlərini, atalar sözü və məsəlləri dərindən bilməsi, eyni zamanda poetik axtarışları fonunda şeirə gətirməsi, fikir yükü, məna tutumu və gözəl şeiriyyət onun yaradıcılığına bənzərsizlik qatır. O, şeirlərini oxucusuna yeni biçimdə, fərqli izhar üslubunda çatdırır. Xarakterindəki ciddiyyəti şeirlərində oturuşub, şeirləri onun özüdür. Bu yazıda şairin yurd sevdası, Vətən eşqi ilə ərsəyə gətirdiyi şeirlərindən bəhs edəcəyik. 

 

Müəllifin nəzm nümunələrində acılı-şirinli reallığa fəlsəfi yanaşma, həyatın dərin qatlarına enməklə gerçəkliyin əksi ən səciyyəvi cəhətlərdir. Açdığı özünəməxsus cığırla - yolla, poetik töhfələri ilə sevilən şairin yaradıcılığında fikir, mövzu dairəsi daim yenidir. O,

Azərbaycanın Milli Qəhrəmanı,  2020-ci il iyulun 14-də Tovuz rayonu istiqamətində döyüş zamanı tabeliyindəki  əsgərlə bir yerdə ön xətdə şəhid olmuş Polad Həşimova ithaf etdiyi "Əsgərdən qabaqda general gedir" adlı şeirdə odlu yollar yolçusu,  igid hərbçinin bitkin obrazını yaradıb: 

 

Gedir ər oğlu ər, məğrur, qürurlu,

Vətən sevdalısı, əhli-hal gedir.

Gedir alnıaçıq, üz-gözü nurlu,

Gedir, söhbəti bal, dili bal gedir.

 

Generalın ölümünə dağ-daş belə ağlamışdı. Hərb sənətinin bilicisi, əsgərlərin və zabitlərin silahdaşı, həm də yaxın dostu, məsləhətçisi, çətinə düşənin müşkülünü asan edən bu mərd insanın haqqa yürüməsi, şəhadətə yüksəlməsi kədərli olduğu qədər şərəfliydi. Kəmaləddin Qədim yazırdı: 

 

Silin gözünüzü, yası unudun,

Yapışın, hərəniz bir yandan tutun.

Çiyinlər üstündə uçan tabutun

gedir, arxasınca bir mahal gedir.

Ölürük, Vətənin torpağı çəkir,

Ölürük, qoy Vətən yaşasın təki.

Ancaq qələbə var, o döyüşdə ki,

Əsgərdən qabaqda general gedir...

 

Şair düşmənin törətdiyi təxribatlara, artıq uzun illərdən bəri gözümüzü yağır edən, yalnız kağız üzərində olan atəşkəsin pozulmasına, sərhədyanı kəndlərin, yaşayış məntəqələrinin atəşə məruz qalmasına dözmür, baş verən olayları başımızda çatlayan "bir cürə oyun, bir cürə fənd" hesab edir.

Kəmaləddin Qədim məmləkətin başına gələn bəlalara görə qəlbini didib-parçalayan narahatlığını, el-oba nisgilini dilə gətirir, "butamı verilib meydan haqsıza, həsəd aparmaqda şeytan haqsıza, verilməz bu qədər meydan haqsıza" deyib, milləti birliyə, əzəli yurd yerlərimizi xilas etməyə səsləyir: 

 

Sönən çıraq kimdi, yanan ocaq kim, 

Yatan kim, ölü kim, oyaq kim, sağ kim?

Bu boyda sükutu kim pozacaq, kim, 

Kimlər sındıracaq buzu, deyirlər?..

 

Ölümlə ölümsüzlüyün, bəlkə də, sonuncu savaşıydı 44 günlük Vətən müharibəmiz. Ruhumuz silkələnib ayılmışdı, düşmənin üzərinə vəhdətimiz, cürətimiz yürüyürdü. Şair bu mükəmməl döyüş əməliyyatlarında tarix yazanlara xalqın ehtiramını, dərin sevgisini belə ifadə edir: 

 

Düşmənin gözündə qoydu murazın,

Vətən, çörəyinə, duzuna şükür.

Qızıl hərflərlə tarixlər yazan

Minlərlə oğluna, qızına şükür.

 

Və yaxud:

 

Bu qan yerdə qalmaqdaydı,

Bu qanı əsgər dəyişdi.

Yetmədi əsgərə dua,

Duanı əsgər dəyişdi.

 

Dağlar dumana qalmışdı,

Bədə, yamana qalmışdı.

Nə var, gümana qalmışdı,

Gümanı əsgər dəyişdi.

Zəfər savaşımızın davam etdiyi günlərdə müəllif müzəffər Milli Ordumuzun hünər və rəşadətinin insanlarda doğurduğu coşqu və sevinc duyğusunu nəzmə çəkirdi. Şairin "Gücümüz üzə çıxdı" şeiri fikrimizə sübutdur. "Ən xas günümüzün, qisas günümüzün gəldiyini, öcümüzün üzə çıxdı"ğını söyləyir Kəmaləddin Qədim:

 

Çatıydıq şüşə kimi,

Sıxlaşdıq meşə kimi.

Sonunda Şuşa kimi

tacımız üzə çıxdı...

 

İndi haqqında bəhs edəcəyim digər şeirlərin də canı, əsas mövzusu müharibədir; hər cür ağrı-acıya, qan-qadaya səbəb olan, insan talelərini yaralayan müharibə. Qarabağ savaşının ağır fəlakətlərini, soydaşlarımızın zülmə məruz qalmasını, doğma yurd yerlərindən didərgin düşməsini təsirli bir dillə çatdıran şeirlər müharibənin doğurduğu mühiti, əzab çəkən insanların durumunu, düşüncə tərzini ortaya qoyur. Kəmaləddin Qədim 44 günlük savaşın hər anının uğruna, əsgər və zabitlərimizin qanı-canı bahasına aldığımız əzəli torpaqlarımızın əsirlikdən qurtulmasına sevinir:

Lənətlər yağdırdıq kor yerimizə,

Artıq dolmayacaq qor yerimizə.

Torpağın üstündə gor yerimizə,

Külünə, kül altda közünə şükür.

 

Deyirlər, bir ana xəbərin alıb

yüyürüb Ağdama ayağıyalın.

Şuşada şuşalı bir ağsaqqalın

yenidən nur gəlib gözünə, şükür.

 

Şair şeirlərində "zəif damarımızı tutanlara, gözəl yerlərimizi çapıb talayanlara, haqqımızın üstündə şərə heykəl yapanlar"a nifrətini gizlətmir. Nə yaxşı ki, uzun illərin ədalətsizliyinə dözməyib, torpaqlarımızın işğaldan qurtulması naminə silaha sarıldıq. Döyüş ruhumuzu görən düşmən sarısını udmuş, dəmir yumruq yağıların başında çatlamışdı.

Oğullar doğma yurd-yuvanı, məmləkəti, isti od-ocağı qorumaq üçün dünyaya gəlirlər. Zəfər savaşında şəhid də olarlar, axı, bu müqəddəs yürüşdə hər şey Vətən adına, Vətən naminədir. Möhtəşəm Zəfərimizə aparan hər gün bu danılmaz həqiqəti bir daha təsdiqlədi. Haqq davamıza qatılan igidlər od-alov saçan cəbhələrə şirtək atılmışdılar. "Daş qalalar bürcüynən, şəhidlər borcuynan tanınar," deyiblər. Şairin təbirincə desək, "illərdi torpaqlar əsirdi, əsir torpaqlara dərman şəhiddi." Şəhid leytenant Ərtoğrul Nadirliyə ithaf etdiyi şeirdə şairin poetik qəhrəmanının son döyüşü bədii lövhələrlə təsvir olunur: 

 

Mesaj göndərmişdi özündən qabaq,

Xəbər gətirmişdi cənab leytenant.

Evinə əliboş qayıtmamışdı,

Zəfər gətirmişdi cənab leytenant. 

 

Şəhidin atası Hümbət kişi oğlunun cəbhədən Zəfərlə qayıdacağı günə qurban dediyi quzunu el yolunda canından keçən igid  övladının tabutu önündə kəsmişdi. Ölümlərin ən alisi olan şəhidlik mövzusunda yazılmış bu dəyərli bədii nümunə belə bir qeyri-adi sonluqla bitir:

 

Bu necə arzuydu, niyyətdi, Allah,

Bu necə sehrdi, bu necə sirdi? 

Bir ata qəhrəman, şəhid oğlunun

tabutu önündə qurban kəsirdi...

 

Bu misralardan göründüyü kimi, Kəmaləddin Qədim nəzmə çəkdiyi şeirlərin ovqatına uyarlı sözlər, kəlmələr seçir. Ümumiyyətlə, şairin çatdırdığı, nəzmə çəkdiyi hadisəni hiss etdirmək məharəti güclüdür. O, bəhs etdiyi gerçəkliyi qəlbindən, duyğularından keçirərək dilə gətirir. Sanki baş vermiş  hadisənin içindəsən, hər şeyi görür və duyursan. Bu, şairin poeziyasının gücü, qüdrətidir, həm də sözlə təbii görüntü yaratmaq, hadisəni göz önündə canlandırmaq ustalığıdır. 

Haqqında mülahizələrimi bölüşdüyüm, daim cəlbedici və aktual olan Vətən mövzusuna, həmçinin hələ uzun illərin baş mövzusu kimi xatırlanacaq Zəfər savaşımıza dair həmin şeirlər yurd sevdalısı K.Qədimin milli ruhumuzu diri saxlayan nəzm nümunələridir. Qələbə sevinci ilə süslənmiş bu bədii nümunələr hər birimizdə fəxr-fəxarət duyğusu yaradır, içimizi qürur hissi ilə doldurur: 

 

Birləşdik ən ağır dərdi-sərdə biz,

Birlikdə güclüyük xeyir-şərdə biz.

Ali rəhbərimiz, Baş sərkərdəmiz

sadiqdi andına, sözünə, şükür!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!