“Alıkul poeziyası əbədi sərvətimizdir” - Kayrat OSMONƏLİYEV

Bu il Qırğızıstanda görkəmli şair Alıkul Osmonovun 110 illik yubileyi təntənə ilə qeyd olunur. Azərbaycanlı şair,  manasşünas alim Adil Cəmilin də yenicə çapdan çıxmış "Qırğız poeziyasının Alıkul zirvəsi" kitabı söz sənətkarının yubileyinə qardaşlıq töhfəsidir. 

 

"İmza" Nəşrlər Evi tərəfindən Azərbaycan və rus dillərində nəfis şəkildə buraxılan monoqrafik kitabın elmi redaktorları professor Nizami Tağısoy (Məmmədov) və professor Kayrat Osmonəliyev, ön sözün müəllifi, həmçinin Kayrat Osmonəliyevdir. Onun ön sözünü diqqətinizə yetiririk.

 

Hörmətli oxucu! Əlinizdə tutduğunuz bu kitab 2025-ci ildə 110 illiyi qeyd olunan görkəmli qırğız şairi Alıkul Osmonov poeziyasının təhlilinə həsr olunub. İsdedadlı şair yurddaşımın əsərlərinin Azərbaycanın tanınmış şair-tərcüməçisi, fəlsəfə doktoru, Əməkdar jurnalist və mənim dostum, 2024-cü ildə Alıkul Osmonovun yüzə yaxın şeirini Azərbaycan dilinə tərcümə etmiş Adil Cəmil tərəfindən təhlil edilməsi təqdirəlayiqdir. Adil Cəmilə minnətdarıq ki, Azərbaycan oxucusu onun tərcüməsində görkəmli qırğız şairinin yaradıcılığı ilə tanış olmuşdur. 

Alıkul qırğız poeziyasının səmasında parlaq ulduzdur. Onun şeirləri sirli duyğuların, dərin düşüncələrin, təbiət gözəlliklərinin və insanın daxili aləminin həqiqi güzgüsüdür. Alıkul qırğız xalqının sevimli şairidir. Onun əsərləri hər bir qırğızın ürəyində nəsildən-nəsilə ötürülür. 

 

Alıkul novator şairdir. O, qırğız poeziyasına yeni forma və ideya gətirib. Şeirlərinin dili sadə olsa da, dərin fikirlərlə süslənib. Onun şeirləri vasitəsilə biz dünyanı başqa cür görür, həyatın mənasını daha dərindən dərk edirik. Alıkulun poeziyası ilə biz həyata sevgimizi artırır, insana insani münasibət bəsləyir və mənən təmizlənirik. 

 

Adil Cəmilin kitabında Alıkul Osmonovun sehirli poeziyası, bu poeziyanın dili, üslubu peşəkarlıqla araşdırılır. Kitab oxucunu Alıkul şeirlərinin dərinliyinə varmağa və onun poeziyasının sehrinə şahid olmağa dəvət edir. 

Bu kitab şairin şeirlərindəki qüdrəti hiss etməyə və ürəyimizdə onun obrazını yaşatmağa bir daha imkan yaradır.

Bu kitab ədəbiyyatı, poeziyanı sevən, Alıkulun şeirlərinə ehtiramla yanaşan oxucular üçündür. Kitab hər bir oxucuda şairə, onun şeirlərinə və ümumiyyətlə, poeziyaya isti duyğular yaradır. 

Alıkul Osmonovun poeziyası əbədi sərvətimizdir. O, həmişə bizi yüksək ideallara, təmiz duyğulara səsləyir. Şairin şeirləri bizə həyatı sevməyi, rəhmdil olmağı, xalqını və yurdunu qorumağı öyrədir. 

Adil Cəmilin kitabı Alıkul Osmonovun zəngin irsinə bir səyahətdir. Bu "səyahətdə" şairin həyat və yaradıcılıq sirlərinin açımındakı dərin araşdırmalarına görə Adil Cəmilə minnətdarlığımızı bildiririk. Alıkulun şeirləri sevinci, qəmi, sevgisi, nifrəti, ümidi, mübarizəsi ilə həyatın özüdür. Onun hər misrasında qırğız ruhunun gücü, bu xalqın tarixi və mədəniyyəti ifadə olunur. 

İnanıram ki, bu kitab yubileyi münasibətilə təkcə alıkulsevərlərə deyil, həm də qırğız ədəbiyyatı ilə maraqlananlara dəyərli hədiyyədir. 

Fürsətdən istifadə edərək, bu kitabın müəllifi - manasşünas və alıkulşünas, Azərbaycanın görkəmli şairi, Qırğızıstanın mədəniyyət əlaçısı Adil Cəmilə Türk Dünyasının mədəni irsi xəzinəsinə verdiyi töhfəyə görə minnətdarlığımı bildirirəm.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!