Kənan HACI
"Vəfa" tamaşasının məşqləri əsnasında yaddaş ekskursu
Xalq şairi Rəsul Rzanın dünyaya gəldiyi gündən 115 il ötür. Masamın üzərində şairin müxtəlif illərdə çap olunmuş kitabları düzülüb - "İllər və sətirlər", "Duyğular... düşüncələr", "Üzü küləyə", "İşıqlar üşüyəndə", "Mənim fikrimcə...", "Duyğuların izi ilə", "Seçilmiş əsərləri"nin beş cildliyi... Nədənsə, diqqətimi daha çox şairin Böyük Vətən müharibəsi illərində yazdığı mübariz ruhlu şeirləri özünə çəkir. Bir də müharibə illərinin kiçik xatirəsi...
Uzun müddətdir Krım cəbhəsində olan Rəsul Rzadan xəbər yoxdur, ömür-gün yoldaşı, sevimli Nigarı nigarançılıq üzüb əldən salır. Belə günlərdən birində artıq dözə bilməyib evdən çıxır və Yazıçılar İttifaqına, Səməd Vurğunun yanına gəlir. Deyir ki, Mərkəzi Komitə ilə danış, məni hərbi müxbir kimi cəbhəyə yollasınlar. Səməd Vurğun Nigarın halını duysa da, soyuqqanlı davranır, zarafatla şairəyə toxtaqlıq verməyə çalışır, deyir ki, mən indi bir batalyon hardan tapım, səni cəbhəyə yollasın? İndi Krımda kurort-murort yoxdur. Get otur evdə, şeirini yaz, uşağını saxla. Bir də axşam Pedaqoji İnstitutda şeir gecəsi olacaq, ora gələrsən, yadından çıxmasın.
Xatirələrində belə yazırdı Nigar xanım. Şair dostunun vəfalı ömür-gün yoldaşına belə həyan olurdu Səməd Vurğun.
Rəsul Rzanın "Vəfa" şeirindəndir bu misralar:
İndi sən uzaqdasan: nə kağız var, nə xəbər...
Hicran nədir bilərmi yola göz dikməyənlər!
Çox yuxusuz gecələr sovuşsa da başımdan,
Gözlərinin gülüşü çıxmayır yaddaşımdan.
Yadımdadır, hər sözün, hər kəlmən yadımdadır,
Elə bil göyərçinəm, eşqin qanadımdadır.
Rəsul Rza Krımdan əziz Nigarına hərarətli sözlər yazırdı: "Nigara! Yenə də ulduzlara baxdım, səni andım, sən ulduzlu gecələri çox sevirdin. Buranın mavi, dərin səmaları, aylı gecələri var. Gözlərimi yumub dənizin əsrarlı nəğməsini dinləyirəm. O nələr danışır. Bu qəzəbli qocanın kədərli əfsanələrini eşitdikcə onun əbədiyyətlə bağlı ömrünə həsəd aparıram. O nələr görmüş... nələrin şahidi olmuş... Qulağına gələn pıçıltılar qırılmış arzulardan, insanların kinindən, fəryadsız, həzin təəssüfündən ağır hekayətlər anladır. Gözlərimi açıram, ulduzlar axır, boşluqlara doğru axıb gedir" (Anar, "Mübarizə bu gün də var", "Nurlan" - 2002. səh.129).
Müharibə Rəsul Rzanın yaradıcılığında xüsusi yer tutur. 1941-ci ildə Rəsul Rzanı bir neçə yazıçı-jurnalistlə birlikdə Krım cəbhəsinə Azərbaycan dilində qəzet çıxarmağa yollayırlar. Rəsul Rzanın ayağında kəsik olduğundan axsayırdı, istəsəydi, cəbhəyə getməyə də bilərdi. Unudulmaz alimimiz Abbas Zamanov xatırlayır ki, hərbi tibb komissiyasında müayinədən keçərkən, Rəsul Rza "mən tam sağlamam, heç bir şikayətim yoxdur" deyir və qələm dostlarıyla birlikdə cəbhəyə yollanır. Bu fakt şairin xarakterindən irəli gələn döyüşkənliyin, mübarizliyin bariz nümunəsidir. Əksini desəydi, o, "mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında" misralarını yaza bilməzdi. Bu misraları və onlarla döyüşkən şeirləri ona yazdıran da məhz dönməz, sərt, mərdanə xarakteri idi.
Bu günlərdə Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyovla söhbət əsnasında Bakı Bələdiyyə Teatrında Rəsul Rzanın "Vəfa" pyesinin məşqlərinə başladığını bildirdi. Şairin müharibə dövrü yaradıcılığı ilə bağlı xeyli söhbətləşdik.
Rəsul Rza "Vəfa" pyesini müharibənin qızğın çağlarında yazıb - 1942-ci ildə. Əsər ilk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 1943-cü ildə görkəmli rejissorlar Adil İsgəndərov və Ələsgər Şərifov tərəfindən hazırlandı. Sənətşünaslıq doktoru, professor İlham Rəhimli yazır: "Eyniadlı tamaşada Vəfa rolunda çıxış edən Hökümə Qurbanova ciddi ifa tərzi ilə aparıcı obrazlar oynamaq üçün ona bəslənən ümidləri doğrultdu. "Vəfa" tamaşasından sonra ona dalbadal daha ciddi rollar tapşırıldı". (İlham Rəhimli, "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı" II cild, "Təhsil" nəşriyyatı, 2013. səh.77)
"Vəfa" tamaşasının premyerası 1943-cü ilin 7 mayında olub. Tamaşa 1945-ci ilin mayına qədər mütəmadi olaraq oynanılıb. İlham Rəhimlinin də yazdığı kimi, görkəmli aktrisa Hökümə Qurbanova məhz Vəfa obrazını oynadıqdan sonra ona səhnədə böyük rollar həvalə edilib. O, sənətkar kimi məhz bu rolda özünü təsdiqləyib və rejissorların inamını qazanıb. Tamaşada Rza Əfqanlı (Bahadır), Məhluqə Sadıqova (İntizar), Mərziyə Davudova (Ülkər xala), Möhsün Sənani (Xasay), Ələsgər Ələkbərov (Minnətov), Mirvari Novruzova (Vəsfiyyə), İsmayıl Osmanlı (Vəzir), Leyla Bədirbəyli (Firuzə) kimi görkəmli aktyorlar iştirak edirdilər. Bu adlar Azərbaycan teatrının parlaq simaları idilər. "Vəfa" tamaşasının uğurla nümayiş olunmasında onların hər birinin böyük əməyi olmuşdu.
Yazının əvvəlində Rəsul Rzanın "Vəfa" şeirini xatırladıq. Xalq yazıçısı Anar Rəsul Rzaya həsr etdiyi "Mübarizə bu gün də var" kitabında yazır:
"Bu şeirin ("Vəfa" şeiri nəzərdə tutulur - K.H.) ovqatı, ruhu, əsas qayəsi Rəsul Rzanın elə o illərdə yazdığı "Vəfa" pyesinin də əsas məzmunudur".
Həmin kitabda teatrşünas Cəfər Cəfərovun Rəsul Rzaya yazdığı məktublarından birinə diqqət çəkilir. Cəfər Cəfərov dostuna yazır: "Vəfa"nın taleyi məni yaman maraqlandırır. ...Əsər şəklə düşəndə bir məğzini yazarsan. Ədil (Adil İsgəndərov nəzərdə tutulur) yaxşı eləyir ki, tələsdirir. Sən onu bil ki, əsər meydana çıxandan sonra heç kəs sənə güzəştə getməyəcək. Hamı sənə qarşı tələbkar və zalım olacaq".
"Vəfa" pyesi tamaşaya qoyulandan sonra Cəfər Cəfərovun çox xoşuna gəlibmiş. Anar müəllim qeyd edir ki, "Cəfər Cəfərov teatrımızın tarixinə aid yazdığı monumental kitabında "Vəfa"nı müharibə haqqında ən yaxşı əsərlərdən biri adlandırır". (Anar, "Mübarizə bu gün də var" kitabından. səh.134)
Mərahim müəllim mənə dedi ki, gəl məşqlərdə iştirak et, istəsən yazı da hazırlaya bilərsən. Zalda, sözün əsl mənasında, yaradıcı atmosfer hökm sürürdü. Rejissorun amiranə səsi məşqin başlandığını bildirirdi. Vəfanı istedadlı aktrisa Ülviyyə Rza məşq edir. Geniş diapazona malik aktrisa prinspial, müharibədən yayınmaq istəyənlərə güzəştə getməyən prokuroru və həyat yoldaşını böyük məhəbbətlə sevən fədakar qadını - bu iki fərqli insanı bir obrazda birləşdirməyi bacarır. Ülviyyə xanımın simasında Vəfa səksən iki ildən sonra yenidən Azərbaycan səhnəsinə qayıdır. Doğrudan da, mühüm hadisədir. Mən məşqləri izlədikcə tamaşadakı Bahadır-Vəfa xətti daha çox diqqətimi çəkdi. Rəsul Rzanın şeirlərindən parçalar səsləndikcə Rəsul Rza və Nigar Rəfibəylinin - Azərbaycan poeziyasının bu qoşa qanadının böyük məhəbbəti haqqında düşünürdüm. Bu tamaşa sevginin, məhəbbətin savaşa qalib gəlməsi haqqındadır. Rejissorun uğurlu tapıntıları haqqında danışmaq istəmirəm. "Mən güllü bir may səhəri doğulmuşam", deyirdi Rəsul Rza. Güllü may axşamlarından birində "Vəfa" tamaşasının premyerası olacaq. Onda hər şeyi özünüz görəcəksiniz.
İntensiv məşqlər artıq yekunlaşmaq üzrədir. Tamaşada Əməkdar artistlər - Aydın Əliyev, Səmayə Sadıxova, Əhməd Salahov, Şahzadə Babayeva, Gülsabah Quliyeva; aktyorlardan - Toğrul Rza, İsmayıl Atakişiyev, Zülfiyyə Qurbanova, Rəşad Kəsəmənli, Əzizə Həşimova, Rəşid Soltanov, Asif Rəhimov və digər aktyorlar iştirak edirlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!