Əyrimli yollar - Kamil ƏFSƏROĞLU

"Tələskənlik onun böyük səhviydi, gözəlliyə, gözəllərə tez vurulurdu. Bu yanlışını özü bilirdi, ya yox, bəlli deyildi. Həyatın dolam-dolanbac yollarında daim nəsə arayıb-axtarırdı. Deyirdi, əyrimli yollar daha maraqlıdır, çünki hər döngədən o üzdə səni nələr gözlədiyini bilmirsən..." - rejissor Yusif Şahin iki-üç cümləylə bir vaxtlar əlindən tutub kinoya gətirdiyi Mişel Şalhubun, sonradan dünya kinosunda Ömər Şərif kimi tanınacaq aktyorun şifahi portretini cızırdı. O danışdıqca aktyorun çəkildiyi filmlər, ekran obrazları gözlərimin qabağından kinolent təki ötürdü. Yusif Şahinlə görüşüm nə mənim vətənimdə, nə də onun ölkəsində baş tutmuşdu. 1989-cu ilin yayında Aşqabadda "Sülh və azadlıq uğrunda" deviziylə keçirilən simpoziumun qonaqları idik.  

 

Rejissor Yusif Şahin 1953-cü ildə "Vadidə mübarizə" filmini çəkəndə özü də bilmirmiş ki, boylu-buxunlu, yaraşıqlı Mişel Şalhubu baş rola dəvət etməklə o, dünya kinosuna bənzərsiz bir sənət ulduzu bəxş edib. Bu filmlə də gənc Mişelin aktyorluq karyerası başladı. Tez bir zamanda Misirdə populyarlaşsa da, onu dünyaya tanıdacaq, şöhrət zirvəsinə yüksəldəcək yol hələ irəlidəydi. 

Ömər Şərifin yaradıcılığına bələdliyim vardı, aktyorun rol aldığı çox filmlərə baxmışdım. Bununla belə, onun barəsində rejissor Yusif Şahinin də dilindən nəsə eşitmək istəyirdim. Hər ikisi İskəndəriyyədə doğulub böyümüş, Misirdə ən nüfuzlu məktəb sayılan Viktoriya liseyini bitirmişdilər. Bu liseyin yetirmələri arasında tanınmış şəxsiyyətlər, o cümlədən, sənət adamları da az deyildi. 

"Vadidə mübarizə" filmi bir rejissor kimi Yusif Şahinin və baş rolun ifaçısı kimi isə gənc Mişelin yaradıcılığında əsl hadisə idi. 

Söhbətin bu məcraya gəlməsi müsahibimin ürəyincəydi. "Vadidə mübarizə" rejissora böyük şöhrət qazandırmışdı. Azərbaycan tamaşaçıları da Yusif Şahini və baş rollarda çəkilmiş Mişel Şalhubu, Faten Həmaməni məhz bu filmlə kəşf etmiş, sevmişdilər. "Vadidə mübarizə" əllinci illərin sonlarında sovet prokatında göstərilən ilk Misir filmlərindən idi. 

Yusif Şahin maraqlı müsahib idi, sözümüz-söhbətimiz tuturdu. Filmin uğurunu daha çox baş rolların ifaçılarına bağlayırdı. Dedi, aktrisa Faten Həmaməni və Mişel Şalhubu çəkilişə dəvət etməklə seçimində yanılmayıb və bir rejissor kimi bu sənətkarlara borcludur. 

 

Elə gənc Mişel də özünü rejissora borclu bilir, onu özünün xaç atası sayırdı. Əslində, o vədə Yusif Şahin də cavan idi, sənətdə ilk addımlarını atırdı. Aralarında az yaş fərqi vardı, Mişel Yusifdən cəmi altı yaş kiçik idi. 

Mişel Şalhub 1932-ci ildə varlı xristian ailəsində anadan olub. Qahirə Universitetinin fizika-riyaziyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə atasının yanında başlayıb, ağac emalı və ticarətilə məşğul olub. Ailənin yeganə övladı kimi bir müddət atasının yolunu davam etdirsə də, Mişel görürdü ki, biznes onun işi deyil. Teatra marağı vardı və bu maraq onu London Kral Akademiyasına gətirdi, aktyorluq təhsili aldı. "Vadidə mübarizə" filmi yalnız onun yaradıcılığında deyil, şəxsi həyatında da yeni bir mərhələnin başlanğıcı oldu. Çəkiliş pavilyonunda Mişel öz tərəf-müqabilinin simasında həm də ilk sevgisini tapmışdı. Bu, rejissorun da diqqətindən yayınmamışdı: 

"Mişelin Faten Həmaməyə vurulduğunu hiss edirdim, - Yusif Şahin sözünə davam elədi. -  Ecazkar Faten yalnız Misirin yox, bütün ərəb dünyasının ən məşhur kino ulduzu sayılırdı. Çəkiliş zamanı kamera arxasından onların oyununa baxanda elə bilirdim eyni vaxtda iki film çəkirəm: bir "Vadidə mübarizə"ni, bir də iki gəncin ülvi məhəbbətini əks etdirən melodramı. Onlar rolda da, həyatda da bir-birlərinə çox yaraşırdılar..."

- Baş rolların ifaçılarında yaranmış ülvi hisslər çəkilişə mane olmurdu ki? - soruşdum. 

- Əvvəl bu məni də düşündürür, şəkkə salırdı, amma işin uğurlu gedişi məni bu şübhədən qurtardı. Qəhrəmanların oyunu o qədər gerçək və inandırıcı alınmışdı ki, bunu mən özüm də gözləmirdim və onların məhəbbətindən qazanan həm də film oldu.

 

Filmin çəkilişi müvəffəqiyyətlə başa çatdı, Mişellə Fatenin həyat kinosu isə davam edirdi. Lakin din ayrılığı onların ailə qurmasına mane olurdu, Fatenin valideynləri onun xristian oğlana ərə getməsinə razılıq vermirdilər. Aktrisanın ecazkar gözəlliyi çoxlarını ovsunlamışdı, bu məsum, göyçək qıza vurulmayan yox idi. Mişellə evlənməyə Faten bir şərtlə razılıq verdi ki, o, islam dinini qəbul eləsin. Mişel seçim qarşısında qalmışdı, sevgilisinə olan sədaqətini sübut eləmək üçün yalnız dinini yox, adını da dəyişdi. O vaxtdan Mişel Şalhub Ömər Şərif kimi tanındı, dünya kino tarixinə də bu adla düşdü.

Onlar ailə həyatı qurduqdan sonra da birlikdə çəkilməyə davam etdilər. İyirmi altı yerli və iki fransız filmində çəkilib populyarlaşsa da, Ömər Şərif daha çox məşhur Faten Həmamənin həyat yoldaşı kimi tanınırdı. Sənətdə özünü təsdiqləmək, özünü tanıtmaq o qədər də asan başa gəlmirdi. Kinoya gəlişindən on il sonra tale onun üzünə daha bir qapı açdı.

 

Tanınmış Hollivud kinorejissoru Devid Lin "Ərəb Laurens" filmindəki şeyx Əli ibn əl-Kəriş roluna aktyor seçmək məqsədilə Misirə gələndə Ömər Şərifin üzərində dayanır. Baş rolda isə tanınmış ingilis kino-aktyoru Piter O-Tul çəkilir. Çəkiliş qrupu aylarla səhrada yaşamalı olur. Ömər Şərif müsahibələrindən birində deyir: "Səhrada yaşamağın çətinlikləri çoxdur, bu həyata alışmayan adama isə ikiqat müşküldür. Rolda mənim dəvəm də vardı və bu maraqlı heyvan səhrada məni darıxmağa qoymurdu. Onu da deyim ki, dəvə çox kinli olur və heç vaxt da kinini gizlətmir. Amma buna baxmayaraq, mən onunla dil tapa bildim, o məni öz sahibi kimi qəbul elədi."

Bütün çətinliklərə baxmayaraq, film uğurlu alınmışdı. Ömər Şərifin rolu ikinci dərəcəli olsa da, xarakter baxımından mürəkkəb və maraqlı idi. Kino tənqidçilərinin yazdığına görə, Əli ibn əl-Kəriş rolunun uğurlu alınması məhz Ömər Şərifin ustalığı, istedadı sayəsində mümkün olmuşdu və aktyor təbii oyunuyla öz qəhrəmanını sevdirə bilmişdi. "Ərəb Laurens" filmilə Ömər Şərif necə böyük potensiala malik olduğunu sübut elədi. Bu ekran əsəri Hollivuda səs saldı, müxtəlif nominasiyalar üzrə "Oskar" mükafatı aldı. Ömər Şərifə "Oskar" düşməsə də, onun yaradıcılığı da yüksək qiymətləndirildi, "Qızıl qlobus" mükafatına layiq görüldü. Qərb şərqli oğlanı bir qədər gec kəşf eləsə də, şöhrət onu tez tapdı, dünya kinosu kəhkəşanında yeni bir ulduz parladı.

 

Qərb kinosu klassik rus yazıçılarının əsərlərinə az müraciət etməyib. Dünyanın bir çox məşhur rejissorları Lev Tolstoyun, Dostoyevskinin, Çexovun əsərlərini ekrana gətirib. Rejissor Devid Lin Pasternakın "Doktor Jivaqo" əsərini ekranlaşdırmaq istəyəndə baş rolda məhz Ömər Şərifi görürdü. Devidin təklifi aktyor üçün gözlənilməz idi, rolun öhdəsindən gələ biləcəyinə bir az inamsız baxırdı. Çəkilişlər Fransada, İspaniyada aparıldı, rus qışı mənzərəsini lentə almaq üçün isə yaradıcı qrup bir ay Finlandiyada işləməli oldu. Şərqli oğlandan ötrü sərt, şaxtalı havada çəkilmək heç də asan deyildi. "Doktor Jivaqo" filmi altmış beşinci ildə ekranlara çıxdı və uğur qazandı, müxtəlif ödüllərə layiq görüldü. Ömər Şərif isə ikinci dəfə "Qızıl qlobus" prizilə mükafatlandırıldı. Hollivud birmənalı olaraq şərqli oğlanı qəbul etdi.

Aktyorun uğurları avropalı rejissorların da diqqətindən kənarda qalmırdı, onu bir ucdan müxtəlif filmlərdə çəkilişə dəvət edirdilər. "Roma imperiyasının süqutu", "Çingiz xan" filmləri də aktyora yeni uğur gətirdi. Ömər Şərif  "Çingiz xan" filmində rejissor işinə yüksək qiymət verərək deyirdi ki, Henri Levin hadisələrə tarixilik donu geydirə bilmişdi, kütləvi səhnələr, ələlxüsus da, döyüş səhnələri, epizodları olduqca inandırıcıydı.

Aktyorun obrazlar qalereyası çox zəngindir, burada kimlər yoxdur? Beş dildə sərbəst danışması əlindən tutur, onun əcnəbi rollarında oynamağını asanlaşdırırdı. Özü bu haqda deyirdi: "Mən nə ispanam, nə italyanam, nə də ki, fransızam. Mən hər yerdə əcnəbiyəm, ona görə də məni alman zabiti, rus şairi, Nyu-York yəhudisi rollarına da dəvət edirlər".

Altmışıncı illər aktyorun yaradıcılığında ən məhsuldar dövr olub. Ömər Şərifin çəkildiyi bir neçə kino lenti Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır. Yadımdadır, "Makkenanın qızılı" filmi Bakının bütün kinoteatrlarında nümayiş etdirilirdi. Bilet kassalarının qarşısındakı uzun növbələr indi də gözümün qabağındadır. Ömər Şərif qəddar quldur Kolorado obrazını özünəməxsus ustalıqla yaratmış, sözün əsl mənasında tamaşaçı nifrətini qazana bilmişdi. Ömər Şərif filmdə bənzərsiz Hollivud ulduzu Qreqori Peklə tərəf-müqabil olub. 

 

2004-cü ildə Bakıdakı Misir Mədəniyyət Mərkəzində olarkən Qahirədə yaşayan Faten Həmaməylə telefonla danışdım. Mərkəzin tərcüməçisi, bizə dilmanclıq elədi. Faten xanıma dedim: "sizin yaradıcılığınızla Azərbaycanda da yaxşı tanışdırlar, sizi unutmurlar. Əhməd Rəmzi ilə baş rolda çəkildiyiniz "Məhəbbət və göz yaşları" filminə baxanda orta məktəbdə oxuyurdum. Fatma obrazıyla tamaşaçıların qəlbinə elə yol tapmışdınız ki, qızlara Fatma adı vermək dəb düşmüşdü..." Mənim sözlərimdən duyğulandığını səsindən hiss elədim. Məmnun olduğunu bildirdi. Dedi sinninin bu çağında da kinoya çəkilmək istərdi, yetər ki, ürəyinə yatan rol olsun. Dedim mətbuatda oxuduğuma görə, Ömər Şərif öz həyatını ekrana gətirmək istəyir... Dəstəyin o başında uzun bir sükut yarandı. Əslində, bu sükut mənim sualımın səssiz-səmirsiz cavabıydı - cavabsız cavabı...

Şan-şöhrət qazanmış Ömər Şərifin Misirlə əlaqələri demək olar ki, getdikcə zəifləyir, get-gəli azalırdı. Başı işə qarışırdı, boş vaxtlarını isə ziyafətlərdə, bahalı kazinolarda keçirirdi. Bəzən ötən günlərin nisgili onu keçmiş aylara, illərə qaytarırdı. Hərdən yolunu Qahirəyə salmaq istəsə də, bu mümkün olmurdu, Misir dövləti onun vətənə gəlişinə qadağa qoymuşdu. Buna səbəb Ömər Şərifin 1968-ci ildə, Misir-İsrail münasibətlərinin gərgin vaxtında ekranlara çıxan "Gülməli qızcığaz" filmində yəhudi qızla intim səhnələrdə çəkilməyi olmuşdu. Vətənə gedə bilmədiyindən Ömər Şərif həyat yoldaşına Amerikaya köçməyi təklif edir, amma Faten Həmamə razılaşmır və beləliklə də, onların on beş illik birgə həyatına son qoyulur. Ərindən ayrılandan sonra Faten Həmamə yeni ailə qurur, Ömər Şərif isə bir daha evlənmir. Müsəlman qayda-qanunlarına görə, oğlu Tarek atasının himayəsində qalır. 

Ömər Şərifin şan-şöhrəti başından aşırdı, onu sevən, ona vurulan qadınların sayı-hesabı yox idi. Tanınmış sənət ulduzlarından Ava Qardner, Brijit Bardo, Katrin Denevlə məhəbbət macəraları haqqında dedi-qodular dolaşırdı. Hətta onu iyirminci əsrin Don Juanı da adlandırırdılar. Aktyor bu ayamanı qəbul eləmirdi, deyirdi, "mənim adım çıxıb, həmkarlarım arasında məndən də betərləri var. Bir də ki, burada nə qəbahət var axı? Bütün günüm çəkiliş meydanında keçir, yorulub əldən düşürəm və belə halda məni qurtaran sevgi, məhəbbət olur. Çəkiliş bitəndə isə çamadanımı yığışdırıb gedirəm, bilirəm ki, irəlidə məni yeni eşq macəraları gözləyir..." Özünün dediyi kimi, məşuqələri çox olub, sevdiyi qadın isə yalnız Faten Həmamə idi.

 

Yetmişinci illərin ortalarında Ömər Şərifin yaradıcılığında bir qədər sönüklük gözə çarpmağa başladı. Hollivuda müxtəlif ölkələrdən, o cümlədən, Misirdən gənc aktyorlar gəlirdi və sanki onlar öz gəlişləriylə məşhur aktyorun sənətdəki yerini dar edirdilər. Əslində onun xofa-təlaşa düşməsi yersiz deyildi.

Ömər Şərif meylini televiziyaya saldı, seriallarda çəkildi, verilişlər apardı. Bütün bunlara baxmayaraq, kino onu, o da kinonu unutmurdu, ekranda yeri görünürdü və aktyor bu yerin boş qalmasıyla barışmaq istəmirdi. Doğrudur, daha əvvəlki kimi sonalamır, seçim eləmirdi, nə film düşdü, ona da çəkilirdi. "Sirli ada", "Gülməli ledi", "Hərəm", "Böyük Pyotr" və digər filmlərdəki rollarıyla o yenə də tamaşaçıların sevgisini qazandı. 

Yaşa dolsa da, sənətə gəncliyində olduğu qədər vurğun idi və bu vurğunluq aktyorun həyat eşqindən, yaşamaq-yaratmaq istəyindən doğurdu. Jurnalistlərin suallarına cavab verərək deyib: "Həyat ayrı-ayrı epizodlardan ibarətdir və onların hər biri özlüyündə ən əsas, ən vacibdir. Kino mənim işim, məsləyim, bric oynamaq isə ehtirasımdır, mən bu qumar oyunundan zövq alıram. Bric elmdir..."

Onu da deyim ki, Ömər Şərif nəinki bric oyunçusu kimi məşhur idi, hətta bu haqda bir neçə kitabın müəllifiydi. Aktyorun anası da bir vaxtlar bric həvəskarı olub və bəlkə də bu azar oğluna ondan keçib. Qumara olan düşkünlüyü Ömər Şərifi az çətinliklərlə üzləşdirməyib, hətta borclarını ödəmək üçün Parisdəki mənzilini belə satmağa məcbur olub. O həm də cıdır yarışlarının aludəçisiydi, at yarışlarına böyük məbləğdə pul qoymaqda həvəsliydi və bu oyunda da əlinin gətirən vaxtı da olurdu, itirən vaxtı da.

 

Doxsanıncı illərdə Ömər Şərifin səhhətində rahatsızlıq yaranır, ürəyindən əməliyyat olur və həkimlərin məsləhətilə çəkilişlərin sayını azaltmaq məcburiyyətində qalır. Sağlamlığını qorumaqdan ötrü iradəsini toplaya bilib siqareti atır. Nəhayət, bahalı otellərdə keçən köçəri həyatına son qoyub, ömrünün ahıl çağında Qahirəyə qayıdır. Bu qayıdış uzun sürən və  macəralarla dolu səyahətin sonundan xəbər verirdi. Qahirəyə qayıtdıqdan sonra da yaradıcılıqdan uzaqlaşmır. "On üçüncü döyüşçü", "Bağdad oğrusu" və digər filmlərlə yenə də milyonların qəlbini fəth eləyir. BBC telekanalının "Böyük piramidaların yaranması" layihəsində iştirak edir. Ömər Şərif deyir: "Bu film mənə uşaq çağlarımdan heyran olduğum qədim piramidaların görünməyən tərəflərini göstərdi, onları mənə daha da sevdirdi. Əcdadlarımızın ucaltdığı bu nəhəng abidələrin hələ də açılmamış, müəmmalı sirləri çoxdur..."

Misirə qayıdandan ta ömrünün sonunadək Ömər Şərif oğlu Tarekin ailəsiylə birlikdə yaşadı. Nəvəsinin tərbiyəsilə məşğul olurdu. Boş vaxtlarını dostlarının əhatəsində, kazinolarda keçirirdi. Hərdən onu Qahirənin izdihamlı küçələrində tək-tənha dolaşan görmək olurdu - fikirli, dalğın. Bəlkə də ona elə gəlirdi ki, aylı-ulduzlu axşamların birində öz gəncliyilə - iyirmi yaşlı, qamətli, yaraşıqlı Mişel Şalhubla qarşılaşacaq və həyata yenidən başlayacaq...

Müsahibələrindən birində deyib: "İndi yaşımın-bışımın elə vaxtı-vədəsidir ki, ölüm mənimlə dabanqırma addımlayır və hər an öz hökmünü verə bilər. Ona görə də mən sabahla yox, bu günlə yaşayıram. Məni müsəlman sayanlar da var, saymayanlar da, özümə qalanda isə bunu deyə bilərəm ki, bütün dinlərdən uzağam."

 

Həyatının son aylarında aktyor dəhşətli xəstəlik tapmış, yaddaşını itirmişdi. Taleyin hökmünə bax, 2015-ci ilin yanvarında vəfat edən Faten Həmaməni belə, nekroloqdakı şəklindən tanımamış, həyatında dəlicəsinə sevdiyi bir qadın olduğunu belə, xatırlaya bilməmişdi. Altı ay sonra isə özü də dünyadan köçmüşdü...

Qədim Misir dünya mədəniyyətinə tarixi abidələr, sirli-sehrli ehramlar, möhtəşəm piramidalar bəxş eləyib. Misir həm də dünya kinosuna təkrarsız, bənzərsiz bir sənətkar bağışlayıb - Ömər Şərif.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!