Bekon, yoxsa Şekspir? İki dahini hansı "tellər" bağlayırdı? - Firuz MUSTAFA

Bütün dünyada Frensis Bekon (22 yanvar 1561-9 aprel 1626) bir filosof, tarixçi, təbiətşünas, publisist, dövlət xadimi, empirizm nəzəriyyəsinin və ingilis materializminin banisi kimi tanınır. Lakin bir çox hallarda, hətta indinin özündə belə, onun adı "ədəbi qalmaqallar"da hallanmaqdadır. Belə ki, XIX əsrin ortalarında ilk dəfə ortaya atılmış, daha doğrusu, mətbuatda dərc edilmiş bir fikrə görə, hamımızın yaxşı tanıdığı Vilyam Şekspirin əsərlərinin əsl müəllifi sən demə... ser Frensis Bekon olmuşdur. 

Əvvəlcə, gəlin, Bekonun həyat və fəaliyyətinə qısaca nəzər salaq. Məlum və məşhur "qalmaqal"ın haradan qaynaqlandığına isə bir qədər sonra işıq salmağa çalışarıq.

Ser Frensis Bekon gecikmiş İntibah dövrü və yeni dövrün başlanğıcında ilk böyük filosoflardan biri hesab olunur. Filosof yalnız sübutlara əsaslanan elmi yanaşmanın tərəfdarı idi. O, 20 yaşından etibarən parlamentdə çalışmış, yüksək dövlət xadimi olmuşdur. Onun fəaliyyəti Kral tərəfindən müsbət qarşılanmış və hətta Şotlandiyaya səfəri zamanı dövləti idarə etməyi ona həvalə etmişdir. 

Amma sonralar onun karyerasında eniş olmuşdur. Bekon öz malikanəsinə çəkilmiş və ömrünün son illərini elmi və ədəbi işlərə həsr etmişdir.

Karyerasının çöküşündən sonra gəlirlərindən məhrum olan Bekon hökumətdən ona pensiya təyin edilməsini xahiş etmişdir. Gizli şura bu cür ödənişləri bir müddət təxirə salsa da, onun xahişini qəbul edərək illik 1200 funt məbləğində pensiya təyin etmişdir...

 

Bekon fiziki təcrübələrdən birində soyuqladığı üçün vəfat etdi. Belə bir fikir var ki, o, bir yoxsul qadından aldığı kəsilmiş ev quşunun (toyuğun) bədənini qarla dolduraraq, şaxtalı havanın quş ətinin saxlanılmasına təsirini yoxlamaq istəmişdir. Artıq ağır xəstə olan Bekon lord Arundelə son məktubunda təcrübənin uğurlu olduğunu fəxrlə bildirirdi. Alim əmin idi ki, elmin inkişafı insanların təbiət üzərində hökmdarlıq etməsinə stimul yarada bilər. Lakin belə bir fikir də mövcuddur ki, məşhur "toyuq əhvalatı" əslində, sadəcə, bir tarixi anekdotdur və Bekon əslində öz üzərində opiatların və ya digər maddələrin təsirini yoxlamağa çalışırdı ki, bu da 1625-ci ilin sonunda sağlamlığına mənfi təsir göstərmişdi.

Bekon qiymətli elmi tədqiqatlarla yanaşı bir sıra dini əsərlərin də müəllifidir. Məsələn: "İman etirafı", "Müqəddəs düşüncələr" (1597), "Bəzi zəburları ingilis dilinə tərcümə" (1625) belə əsərlərdəndir. Bundan əlavə, onun "Yeni Atlantida" əsərində Bibliyaya çoxlu istinadlar var, "Elmlərin böyük bərpası" əsəri isə "insanın bütün canlılar üzərində hakimiyyəti üçün ilahi vədə işarədir. "Təcrübələr..." əsərində Bekon müxtəlif dini məsələlərə dair düşüncələrini ifadə etmiş, xurafata və ateizmə tənqidi yanaşmışdır. O, yazırdı: "Üzdən səthi olan fəlsəfə insanın ağlını dinsizliyə meyilləndirir, fəlsəfənin dərinliyi isə insanları dinə yönəldir".

Yetkin yaşlarında Bekonun ən etibarlı dostu keşiş Vilyam Rouli olmuşdur. Filosofun ölümündən sonra Rouli ona sədaqətini saxlamış və Bekonun tamamlanmamış əlyazmalarını xilas etmək və nəşr etdirmək üçün çox səy göstərmişdir. Vilyam Rouli həm də ser Frensis Bekonun ilk bioqrafı hesab olunur...

 

Bekon Müqəddəs Arxangel Mixail kilsəsində, Sent-Olbansda dəfn edilib. Məzarı üzərində filosofun kresloda oturduğu bir heykəl ucaldılıb. 

Bekonun əsərləri induktiv metodologiyanın əsasını qoymuş və populyarlaşdırmışdır. Bu metod müşahidə, təcrübə və hipotezlərin yoxlanılması yolu ilə bilik əldə etməyə əsaslanır. Onun bu yanaşması "Yeni Orqanon" traktatında (1620) təsvir edilmişdir. Artıq dediyimiz kimi, Bekon insanın təbiət üzərində hakimiyyətini elmin məqsədi hesab etmişdir.

Bax belə...

Bəs görəsən, Bekon ilə Şekspiri hansı "tellər" birləşdirirdi?

Məsələ burasındadır ki, Birinci Elizabetin hakimiyyəti dövründəki təkcə Şekspirin yox, digər ingilis dramaturqlarının da həyatı haqqında çox az şey məlumdur. Təəssüf ki, müasirləri öz həmyerlilərinin şəxsi həyatı ilə maraqlanmamışdır.

Vilyam Şekspir (26 aprel 1564-23 aprel 1616-cı il) Stratford-upon-Avond şəhərcikdə doğulmuş, böyümüş və orada dəfn edilmişdir. Təxminən, 1500 nəfərlik əhalisi olan bu şəhərcik o dövrdə qoyun kəsimi və satışı, həmçinin dərinin emalı və yun ticarəti mərkəzi idi.

 

"Antistratfordizm" adlanan və dramaturqun doğulduğu yerlə bağlı olan bu "nəzəri" baxış bucağının tərəfdarları məlum mənbələrdə aktyor Şekspirin (yəni Stratforddan olan Şekspirin) indi bizə məlum olan əsərlərin müəllifi olduğunu inkar edir və "Vilyam Şekspir" anlamının başqa bir şəxs və ya qrupun təxəllüsü olduğunu iddia edir. "Stratfordizm"in açıq şəkildə inkar edilməsi 1848-ci ildən məlumdur. Müxtəlif tədqiqatçılar tərəfindən təklif olunan namizədlərin - "Şekspirlərin" sayı isə təxminən 80-dir.

Antistratfordçu baxış, alimlər tərəfindən adətən rədd edilir, lakin hamısı tərəfindən deyil. "Antistratfordçular" sübut üçün, Şekspirin həyatı haqqında çox az məlumat olmasından istifadə edirlər. Fakt çatışmazlığı bəzən hökumət rəsmilərinin Şekspirin əsl şəxsiyyətini gizlətmək üçün sənədləri məhv etməyə çalışması ilə izah olunur. Məsələn, Stratford məktəbində Şekspirin oxuyub, ya oxumadığı faktını gizlətmək üçün davamiyyətlə bağlı qeydlərin məhv edildiyi ehtimal edilir. 

"Antistratfordçular" Şekspirin doğulduğu şəhəri mədəniyyət baxımından yoxsul bir yer kimi təsvir edir, onun özünü isə savadsız və naşı bir şəxs kimi təqdim edirlər. Con Şekspir, yəni Vilyam Şekspirin atası, əlcək istehsalçısı və şəhər idarə şurasının üzvü idi. O, yerli zadəgan ailəsinin üzvü olan Meri Arden ilə evlənmişdi. Onların evlilik müqaviləsinə hər ikisi, sadəcə, bir xaç işarəsi qoymuşdur, başqa heç bir imza nümunəsi qalmamışdır. Bu fakt tez-tez Şekspirin savadsız bir ailədə böyüdüyünün sübutu kimi göstərilir.

Şekspirin iki qızının savadlılığına dair də ortada sübut yoxdur, yalnız bir neçə sənəddə Suzanın imzası görünür. Bununla belə, bu imzalar tez-tez inamsızlıqla "çəkilmiş" kimi təsvir olunur. Dramaturqun digər qızı Cuditlə bağlı rəsmi sənədlərdə isə xaç işarəsi qoymuşdur.

 

"Antistratfordçular" Şekspirin ətraf mühitinin onun əsərlərinin məzmunu ilə uyğun gəlmədiyini düşünürlər. Çünki müəllif öz əsərlərində İngiltərə və xarici ölkələrin siyasət və mədəniyyəti, eləcə də aristokratik idman növləri haqqında dərin biliklər nümayiş etdirir. Bəziləri onun əsərlərində savadsız təbəqələrə qarşı nifrətini büruzə verdiyini, onları komik şəkildə təsvir etdiyini və istehza obyektinə çevirdiyini qeyd edirlər.

"Antistratfordçular", yəni Şekspirin mövcudluğunu inkar edənlər, daha çox onun təhsil aldığına dair sənədlərin tapılmamasını bir arqument kimi istifadə edirlər. 1553-cü ildə təsis edilmiş və Stratfordda yerləşən pulsuz Yeni Kral Məktəbi, Şekspirin böyüdüyü evdən təxminən, 800 metr məsafədə idi. İngilis məktəblərində həmin dövrdə savadlılıq Kral fərmanı ilə dəqiq müəyyən edilmiş latın mətnləri əsasında öyrədilirdi. Şagirdlərə latın qrammatikası, antik dövrün incəsənəti və ritorika sahəsində ciddi təhsil pulsuz verilirdi. Məktəbin direktoru Tomas Cenkins və müəllimlər Oksford Universitetinin məzunları idi. Lakin məktəbin həmin dövrə aid şagird siyahıları qorunub saxlanılmamışdır və heç kəs Şekspirin müəllimi və ya sinif yoldaşı olduğunu bildirməmişdir. Bu cür sənədlərin yoxluğu "antistratfordçular" tərəfindən Şekspirin savadsızlığının əlaməti kimi qiymətləndirilir.

"Antistratfordçular", həmçinin Şekspirin mədəni bir ailədə böyümədən və yaxşı təhsil almadan, belə geniş bir lüğət ehtiyatına malik olduğunu şübhə altına alırlar. Onun pyeslərinin müəllif lüğəti müxtəlif hesablamalara görə, 17.500-dən 29.000-dək söz təşkil edir. Üstəlik, sən demə, Şekspirin əlyazmalarında onun imzaları qorunub saxlanılmamışdır. Qalan altı imza rəsmi sənədlərdə tapılmışdır. "Antistratfordçular" bu imzaları "qaralama" adlandırır və bunları Şekspirin savadsızlığı və ya az təhsilli olmasının daha bir sübutu kimi izah edirlər. Hətta "antişekspirçilər"in bir çoxu Şekspirin Kral kitabxanasına girişinin olmamasını da "əsas" kimi misal çəkirlər. Həmin kitabxanadan ən çox istifadə edən Bekon olmuşdur. Məlumdur ki, Şekspirin əsərlərinin əksəriyyəti tarixi aspektdədir. Onu inkar edənlər bu cür kitabları oxumayanın birisinin tarixə baş vurmasını inandırıcı hesab etmirdi. Halbuki Bekon "anadangəlmə" tarixçi və oçerkçi idi...

Amma Şekspirin məhz "Şekspir" olduğunu sübut edən faktlar da az deyildir.

 

Belə ki, dramaturqun az qala varlığını belə inkar etmək istəyənlərə rəğmən, bütün akademik elmi icma üzvləri hamıya məlum olan pyeslərinin müəllifinin məhz 1564-cü ildə Stratfordda anadan olmuş və 1616-cı ildə vəfat etmiş Vilyam Şekspir olduğunu qəbul edirlər. O, aktyor və "Lord-Kamerger Xidmətçiləri" (sonradan "Kralın Xidmətçiləri") truppasının səhmdarı olmuşdur. Bu truppa 1594-1642-ci illərdə "Qlobus" teatrında və Şekspir pyeslərinin səhnələşdirilməsində eksklüziv hüquqlara malik idi.

 

Şekspirşünaslar "Şekspir" adının təxəllüs olduğuna və ya aktyorun real müəllif üçün bir örtük-pərdə rolunu oynadığına dair heç bir səbəb görmürlər. Bəzi müasirlərinin qeydlərində Şekspir yazıçı kimi göstərilir, həmçinin onun müasiri olan dramaturqlar - Marlo, Conson, Con Donn və digərləri Şekspirə nisbətən daha təvazökar mənşəyə malik idilər.

Doğrudur, Şekspirin həyatı haqqında məlumatlar çox qısa və natamamdır. Lakin dediyimiz kimi, onun müasiri olan dramaturqlar haqqında da çox az məlumat qorunub saxlanılmışdır.

Şekspirin əsərləri ona aid edilərkən, ədəbiyyatşünaslar digər yazıçılara tətbiq olunan eyni metodologiyanı istifadə edirlər: tarixi qeydlər və üslubun tədqiqi. Onlar "antistratfordçular"ın irəli sürdüyü "Şekspirin müəllifliyinə dair sübut yoxdur" arqumentini məntiq xətası kimi qiymətləndirirlər. Bu məntiq xətası "sübutun yoxluğu, yoxluğun sübutudur" anlamını verir.

Tarixi sənədlər birmənalı şəkildə Şekspirin pyeslərin müəllifi olduğunu göstərir. Onun adı pyeslərin və poemaların baş səhifələrində yazılıb və o, ən azı müasirləri tərəfindən məşhur yazıçı kimi qeyd edilib. 1598-ci ildə Fransis Meres öz "Palladis Tamia" kitabında Şekspirin dramaturq və şair olduğunu qeyd edərək onun bir neçə pyesinin adını çəkmişdir. Həmin dövrdə, bildiyimiz kimi, Şekspir sağ idi.

Elizabet dövrü İngiltərəsinin sərt sosial iyerarxiyasına uyğun olaraq, Vilyam Şekspir 1596-cı ildə atasının gerb hüququ əldə etməsindən sonra "centlmen" şərəfli titulundan istifadə hüququ qazandı. Bu şərəfli titul müraciətlərdə "Master" sözü və ya adın qarşısında "Mr." abreviaturası ilə ifadə olunurdu. Bu titul Şekspirin çağdaşları tərəfindən ona edilən istinadlarda, o cümlədən, rəsmi və ədəbi fəaliyyətlə bağlı sənədlərdə mütəmadi olaraq rast gəlinir. Bu da Stratforddan olan Vilyam Şekspirin pyeslərin həqiqi müəllifi olduğunu təsdiqləyir.

 

Şekspirin sosial statusu çağdaşlarının epigramlarında da dəfələrlə qeyd olunur: Con Devisin "Axmaqlığın qamçısı" (1611) əsərində: "Bizim ingilis Terensimiz, cənab Vill Şekspir-ə" ifadəsi, Tomas Frimanın "Runne and A Great Caste" (1614) əsərində - "Master V.Şekspir-ə" bu deyilənlərə aiddir. Həmçinin tarixçi Con Stounun ölümündən sonra (1615) çap olunmuş "Bizim müasir və mövcud görkəmli şairlərimiz" siyahısında qeyd olunmuşdur: "M.Vill Şekspir centlmen".

Şekspirin ölümündən sonra "centlmen" kimi Ben Consonun ithafının başlığında açıq şəkildə qeyd edilirdi: "Sevimli müəllifimizin xatirəsinə, cənab Vilyam Şekspir və onun bizə qoyub getdikləri" (1623-cü ildə "Birinci Folio"da nəşr olunub). Digər şairlər də Şekspiri mədh edərək onu centlmen kimi göstərmişlər: Hyu Hollandın "Məşhur səhnə şairi, Usta Vilyam Şekspirin həyat və yaradıcılığı haqqında" və Leonard Diggesin "Vəfat etmiş müəllifin xatirəsinə, Usta V.Şekspirə" əsərləri buna misaldır.

 

Şekspirin çağdaşlarının yazılı ifadələri, eləcə də onun aktyor və dramaturq kimi ünsiyyətdə olduğu şəxslərlə münasibətlərinə dair ciddi sübutlar göstərir ki, pyeslərin müəllifi məhz odur.

Tarixçi və antikvar Corc Bak 1603-cü ildə ictimai teatrlar üçün pyeslərin senzurasını təmin etməli, sarayda teatr tamaşalarını təşkil etməli və pyeslərin nəşrinə icazə verməli idi. O, adətən pyeslərin müəllifliyini dəqiqliklə müəyyən edirdi; 1607-ci ildə isə şəxsən "Kral Lir"in nəşrinə "Usta Vilyam Şekspir tərəfindən yazılmışdır" qeydilə lisenziya vermişdi.

Kembric Universitetinin Müqəddəs Con Kollecində XVII əsrin əvvəlində yazılmış "Parnasdan qayıdışın birinci hissəsi" əsərində iki personaj Şekspirdən "şirin səsli cənab Şekspir" kimi bəhs edir. "Parnasdan qayıdışın ikinci hissəsi" (1606) adlı anonim dramaturqun əsərində isə aktyor Kemp aktyor Berbicə deyir: "Universitet təhsilli az adam yaxşı pyes yazır... Amma dostumuz Şekspir onlara necə yazmaq lazım olduğunu göstərdi".

1612-ci ildə Vilyam Caggardın Şekspirin adı altında nəşr etdirdiyi "Strastlı zəvvar" əsərinə Tomas Heyvudun doqquz şeiri əlavə edilmişdi. Heyvud bu məsələyə öz "Aktrisaları müdafiə etmək" kitabında etiraz etmiş və müəllifin bu hərəkətdən xəbərsiz olduğunu vurğulamışdı. Heyvud, həmçinin Caggardın başlıq səhifələrini dəyişdiyini qeyd etsə də, "təhqir olunmuş müəllif"in məhz Şekspir olduğunu açıq şəkildə bildirməmişdi. 1634-cü ildə "Xoşbəxt mələklərin iyerarxiyası" adlı şeirində Heyvud, Şekspiri öz dövrünün ən yaxşı şairlərindən biri kimi təsvir edir.

1612-ci ildə Con Vebster özünün "Ağ şeytan" əsərinin ithaf hissəsində Şekspirin işini "müvəffəqiyyətli və məhsuldar fəaliyyət" kimi qiymətləndirirdi. Şair Frensis Bomont 1608-ci ilə aid şeirində Şekspir də daxil olmaqla, bir neçə dramaturqun mövcudluğunu vurğulamışdı.

Əsrlər, illər keçir...

Şekspir nə qədər təkzib, təsbit, təsdiq, iqrar və inkar olunsa da o, dünya klassikasının zirvələrindən biri kimi yaşamaqda davam edir.

Şekspir irsinə maraq səngimək bilmir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!