Elçin İsgəndərzadənin "Mənin Şuşa Dastanım" kitabına ön söz - İmdat AVŞAR

Elçin İsgəndərzadə Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra Türkiyədə ilk tanınan elm adamlarındandır. Biz onu 1990-cı illərdən etibarən Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycanın milli məsələlərini dilə gətirən, özəlliklə də işğal olunmuş türk yurdlarını "sözü" ilə müdafiə edən bir ziyalı olaraq tanımışıq. O illərdə qan və göz yaşıyla yoğrulmuş, parçalanmış, xalqı sürgünə uğramış yaralı bir ölkənin milli məsələlərini öz natiqlik məharəti ilə dilə gətirən bu elm insanının "söz" ilə münasibətinin bir şeir axınına döndüyündən xəbərimiz yox idi. Sonrakı illərdə onu daha yaxından tanıyınca və Türkiyədə nəşr edilmiş əsərlərini oxuyunca, yüksək kürsülərdə elmin dili ilə danışan Elçin İsgəndərzadənin, sənətin, şeirin diliylə də danışdığına şahid olduq. Beləcə onun vətən eşqiylə çırpınan, itirilmiş yurdların hüznüylə dumanlanan; düşmən çəkmələri altında əzilmiş müqəddəs torpaqların acısıyla qovrulan; yurdundan sürgün düşən anaların ağılarıyla odlanan; yoldaşı şəhid olan gəlinlərin göz yaşlarıyla çağlayıb bulanıq selə dönən, şəhid ərlərin qanıyla yuyunub durulanan ürəyini sözə çevirən bir şair olduğunu dərk etdik: 

 

Ürəyimdə hələ dərddi gül açan,

Novruzgülün mənim kimi bağrı qan.

Xarı bülbül, qovuşarıq bəs haçan?

Qarabağa bizsiz gəlir bu yaz da...

Elçin İsgəndərzadə şair ömrünə sığmayacaq acı bir taleyi və bu taleyin alnına yazdığı hər ürəyin daşıya bilməyəcəyi hüznləri yaşamış, ağır dərdləri çəkmiş bir şairdir. Elçin İsgəndərzadə uca dağlar zirvəsində, sərt qayalar başında, zümrüd meşələr içində, hər mövsüm bulaqların həzin şırıltısını dinləyən, hər gecə ulduzlarla danışan, baharı xarıbülbüllərlə müjdələyən, payızda dörd bir yanı qızıla boyayan, muğamları ərşi-əlanı titrədən, xanəndələri bülbüllərlə yarışan, bərəkətli torpağının sinəsində neçə igid ərlər, ərənlər, xanlar, sərkərdələr; neçə elm və sənət əhli yetişdirən Şuşada, 1964-cü ildə dünyaya gəlmişdir. Dolayısıyla Elçin İsgəndərzadə bu bənzərsiz yerlərin düşmən işğalına uğradığı qanlı illərdə düşmən ilə çarpışaraq şəhid olan igidlərin evindən, yurdundan sürgün edilərək çadır şəhərciklərində səfalət içində yaşayan əhalinin, şəhid analarının, gözüyaşlı gəlinlərin, yetim qalan uşaqların acı taleyini öz taleyinin bir hissəsi olaraq yaşamışdır. Bu səbəblə Elçin İsgəndərzadənin ədəbi yaradıcılığının əsas ideyası  Qarabağ, özəl olaraq isə doğulub böyüdüyü Şuşa şəhəri olmuşdur. Qarabağın şəhərləri onun şeirlərindən həm keçmişdəki ehtişamıyla, həm də işğaldan sonrakı viranə halıyla keçir, təbiət hər fəsil büründüyü al-əlvan rənglərlə; ceyranlar zərif yerişiylə, xarıbülbüllər çarəsiz boyun büküşüylə, sərin sulu bulaqlar çağlayıb axışıyla, muğamlar ərşı titrədən ahəngiylə, xanəndələr yeri-göyü inlədən zənguləsiylə, sərkərdələr qanadlanan atlar üstündə yalın qılıncıyla, məscidlər, minarələr, qalalar keçmişə olan həsrətiylə və insanlar bütün məzlumluqları, məsumluqlarıyla onun misraları arasından keçir... 

Elçin İsgəndərzadə haraya baxsa, Şuşanı görür, gecələr röyalarında Şuşaya gedir, getdiyi hər yerə Şuşanı da özüylə, ürəyində aparır. Qısaca desəm, bu qoca dünya onun gözündə Şuşadan ibarət bir yerə çevrilmişdir: 

 

İstanbulda Şuşa yuxuma girdi -

Köhnə məhəlləmiz... dəmir darvaza...

Bu necə yuxudu, ah, bu nə sirdi? -

Boz dağlar təzəcə çıxmışdı yaza.

 

Xanın səsi gəldi Qala tərəfdən,

Buludlar axırdı - bəyaz buludlar...

Bir qaya üstündə dayanmışdım mən,

Gözümdə, könlümdə böyük umudlar.

 

Dəniz sahilində poyraz əsirdi,

İstanbul yuxusuz, İstanbul oyaq.

Boğazda qərib bir xəyal gəzirdi,

Qız qülləsi yaxın... Şuşa çox uzaq...

 

Elçin İsgəndərzadənin şair taleyinin bu acı, kədərli hissəsində sözünü, şeirini tamamilə Qarabağa həsr etdiyini söyləmək olar. O, şeirlərində Qarabağın tarixini, taleyini, vətəni, vətən uğrunda axıdılan qanları və göz yaşlarını, vətən həsrətini, qaçqınlığı, sürgünlüyü, işğalı, şəhid ağrılarını tərənnüm edərkən eynilə türk dünyasının böyük yazarı, sürgün taleyi yaşamış Krımlı Çingiz Dağcının "O torpaqlar bizimdi" adını verdiyi romanında olduğu kimi; gənc nəsillərə ürək yanğısıyla "o torpaqlar bizim", deyə fəryad edir və o torpaqlarda bir gün yenidən üçrəngli bayraqların dalğalanacağına dair ümidlərini daima diri saxlayır. Elçin İsgəndərzadə Mehmet Emin Yurdakulun ifadəsiylə, "Unutma ki, şairləri hayqırmayan bir millət, sevənləri torpaq olmuş yetim uşaq kimidir" şüarıyla hərəkət edir. Eynilə Anadolunun işğal illərində millətə:

 

"Qorxma! Sönməz bu şəfəqlərdə üzən al sancaq,

Sönmədən yurdumun üstündə tütən ən son ocaq" 

 

- deyə səslənən Mehmet Akif kimi...  

 

Ölsəm, məzarımı Şuşada qazın,

Başdaşıma bir Füzuli misrası yazın,

Topxanada armud ağacına

Üçrəngli bayraq asın.

***

Qəbrimin üstündə Bozqurd ulasın,

Ya da igid bir əsgər

Ulu zəfər marşı çalsın,

Dağlar, daşlar oyansın.

***

Laçın dağlarından bir müjdə gəlsin,

Qarqarın suları durulsun o gün.

Bir göyərçin qanadlansın

Əsgəran qalasından,

Ağdamda toy-düyün qurulsun o gün.

 

Taleyinin ağrılı, acılı hissəsini yaşarkən ümidlərini əsla itirməyən, millətə olan inamı heç qırılmayan, illərcə igid oğulları vətən uğrunda mücadiləyə, vuruşmağa çağıran, şəhid analarını, şəhid xanımlarını şeirlə təsəlli edən, şəhid övladlarının başını ədəbi söz ilə sığallayan Elçin İsgəndərzadə eyni zamanda bəxt ulduzunun yenidən doğulduğunu da görən bəxtiyar bir şairdir. O, təklənib məğlub edilən bir xalqın şairi ikən qırx dörd gün ərzində düşməni yer ilə yeksan edən bir millətin, qəhrəman bir xalqın şairinə çevrilmişdir. Bəlkə də bu əzmini, ümidini, inamını heç itirməyən, vətən uğrunda yorulmadan, yıxılmadan söz ilə mücadiləyə başlayan şairin alın yazısını dəyişdirən və ona "Evimizə gedirəm" şeirini bir uşaq sevinciylə yazdıran Tanrının bir ərməğanıydı...

Ürəyim elə atır,

evimizə gedirəm.

İlahi, nə mutluluq,

bu gün bizə gedirəm.

 

***

Bu ayrılıq, bu həsrət

Şükür ki, başa çatır.

Evimizə gedirəm,

evimiz Şuşadadır.

 

"Mənim Şuşa dastanım" kitabı Elçin İsgəndərzadənin Türkiyədə yayımlanan altıncı kitabıdır. Daha öncə dörd şeir kitabı çap olunan və  Türk oxucusuyla görüşən şairin, Şuşa yağmurlarında islanmış xarıbülbül qoxulu həzin nəğmələr daşıyan bu kitabının da maraqla qarşılanacağından əminəm. Sözlərimi "Tanrı heç bir bəndəni yurdundan yuvasından, Elçin İsgəndərzadəni də çox sevdiyi Şuşasından ayrı qoymasın" duasıyla bitirərkən, bu kitabı hazırlamağıma vəsilə olan Türk Ədəbiyyatı Vəqfi İdarə Heyəti Başqanı Sərhat Kabaklıya və kitabın redaktorluğunu edən Türk Ədəbiyyatı jurnalının yazı işləri müdiri Səadət Örməciyə təşəkkür edirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!