Azərbaycan romanı:tarix və çağdaşlığın vəhdətində - Lütviyyə ƏSGƏRZADƏ

Ə.Abbasovun "Zəngəzur" romanına bir baxış

Hər bir millətin tarixi, həm də onun ədəbiyyatında inikas edir. Keçən əsrin əvvəllərində başlayan və Azərbaycanın tarixinə milli münaqişə kimi yazılan erməni-müsəlman davası bədii ədəbiyyatımızın əsas mövzusu olmuş, bu mövzuda çoxlu əsərlər, tarixi hadisələri xronoloji ardıcıllıqla əks etdirən məqalələr yazılmış, həmin dövrdə nəşr edilən "Kaspi" və "İrşad",  həmçinin 1905-1906-cı illər qırğınlarına aid digər dövri nəşrlərdə: "Novoe Obozrenie", "Tiflisskiy Listok", "Sankt-Peterburqskoe Novosti", habelə ermənicə nəşr edilən qəzetlərdə dərc edilmişdir. Zəngəzur qəzasının Sisian və Vağudi kəndlərində ermənilərin törətdikləri qırğınlar və müsəlmanların əks tədbirləri haqqında yığcam məlumat Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" (Bakı, 1993) və Zəngəzur qəzasının Oxçu dərəsində və Qatar mis mədənlərində 1906-cı ilin iyulundan sonra baş verən qırğınlar M.S.Ordubadinin "Qanlı illər" (Bakı, 1911) əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdən biri də erməni-azərbaycanlı münaqişəsinin ən sərt dönəmində 1905-ci ildə qədim Zəngəzur mahalının Şəki kəndində dünyaya gəlmiş, 1918-1920-ci illərdə yaşanan qanlı qırğınların şahidi olmuş Əyyub Abbasovun "Zəngəzur" romanıdır. Daha çox uşaq şairi kimi tanınan və bu sahədə böyük xidmətlər göstərən yazıçı, şair, dramaturq, jurnalist, Əməkdar İncəsənət xadimi Əyyub Abbasov "Zəngəzur" romanında "danışmayan natiq"i danışdırır. İkicildlik "Zəngəzur" tarixi romanı (1956-1957) ədibin bu janrda yazdığı yeganə əsəri, Zəngəzurun işğalının salnaməsi, guya, 1915-ci ildə Anadoluda türklər tərəfindən ermənilərin soyqırımına məruz qalması cəfəngiyyatının 50 illiyinə açıq və gizli şəkildə ciddi hazırlıq görülməsinə etirazı idi.  İ.Baqramyanın, S.Xanzadyanın, Q.Qəribçiyanın, A.Mikoyanın kitablarında qaniçən Andronikin "erməni xalqının xilaskarı" obrazı yaradıldığı bir zamanda Böyük Oktyabr sosialist inqilabının 40 illiyinə ithaf olunan "Zəngəzur" romanının nəşr olunması yazıçının görülən hazırlıqlara açıq-aşkar protestosu idi. Belə bir məqamda nəşr olunan (1956) roman  ədəbi hadisəyə çevrilmiş, ciddi müzakirələrə yol açmışdı. Gizlədilən həqiqətlərə işiq tutulması yubiley hazırlıqları ərəfəsində olan erməniləri möhkəm narahat etmişdi. Çünki yaşanan faciələrin üzərindən cəmi 30-35 il keçməsinə baxmayaraq hər şey unudulmuş, hamı "xalqlar dostluğu" şüarı altında birləşmişdi. Digər tərəfdən, türklərə qarşı əməlləri unudulan qaniçənlər torpaqlarımızda yaşayır, ən yaxşı vəzifələrdə çalışırdı. Ermənilər dərhal fəaliyyətə başlamış, kitablar yığışdırılmış, yayılması qadağan olunmuş, nüsxələri gizli şəkildə toplanaraq aradan qaldırılmışdır. Ermənistanda qadağan edilən roman kitabxanalardan çıxarılmışdır (o vaxt kitabxanadan çıxarılan kitablar yandırılırdı). "Zəngəzur" Ermənistanda kitabxanalardan yığışdırıldığı halda, Bakıda erməni yazıçı və şairlərin kitabları böyük tirajlarla nəşr edilir, kitabxanalara paylanılırdı. 

Romanın qadağan olunmasında məqsəd, tarixi həqiqətləri gizlətmək, tarixin qaranlıq səhifələrinə gömmək idi. Bəzi bolşevik təfəkkürlü ruspərəst yazıçı və şairlər, xüsusən də, ermənilər Azərbaycan Yazıçılar Birliyinə şikayət məktubları yazmış, yazıçını gerçəkləri, birbaşa şahidi olduğu hadisələri yazdığına görə qınamışlar. Ədibə ən ağır zərbə bolşevik təfəkkürlü azərbaycanlı yazıçıların danos yazması, "romanın erməni-Azərbaycan xalqları arasına ədavət toxumu səpməsi", - fikrini səsləndirmələri olmuşdur (XX əsrin sonlarında yaşanan faciələr "xalqlar dostluğu" ideyasının puç bir şey olduğunu göstərdi). Bununla yanaşı, "Zəngəzur" romanı haqqında ədalətli fikir bildirənlər də az olmamış, ilk sanballı rəy yazanlardan biri tənqidçi-ədəbiyyatşünas Məsud Əlioğlu olmuşdu. M.Əlioğlunun yazdığı "Ə.Abbasovun "Zəngəzur" romanı haqqında" adlı  irihəcmli məqaləsi "Azərbaycan" jurnalında (1956, № 2) dərc olunmuşdur. Akademik Məmməd Arif "yazıçının romanda tarixilik prinsipini gözlədiyini vurğulamış", əsərə yüksək qiymət vermişdir. Hətta A.Balayan adlı erməni o vaxt Bakıda erməni dilində çıxan "Qrakan Azerbecan" ("Ədəbi Azərbaycan") jurnalında əsəri tərifləyir, məqsədli olaraq onu "xalqlar dostluğu haqqında roman" adlandırmaqla tarixi gerçəkliklərin üzərindən sükutla keçir. Müəllifin İ.Baqramyanın, S.Xanzadyanın, Q.Qəribçiyanın, A.Mikoyanın kitablarında yaratdığı "erməni xalqının xilaskarı" obrazının, cəllad Andronikin vəhşi simasını peşəkarcasına təsvir etməsinə, Zəngəzur qətliamı məsələsinə toxunmur. 

 

İdeologiyanın sərt dönəmində belə bir əsər yazmaq, erməni cəlladlarının obrazını yaratmaq asan deyildi və bu Əyyub Abbasova da çox baha başa gəlmişdir. "Zəngəzur" romanının nəşrindən sonra müəllif, yalnız tənqidlərə deyil, ciddi mənəvi təzyiqlərə də məruz qalmış, 1957-ci ilin dekabrında işlədiyi müəssisəyə gedərkən yolda qəflətən ürək tutmasından dünyasını dəyişmişdir. 

 

Yazıçının qəflətən vəfat etməsi, Şıxəli Qurbanov və Asəf Zeynallının qəfil ölümü kimi şübhəli görünmüş, ölümünün işə gedərkən qəfil infarkt keçirməsi ilə bağlı olduğuna kimsə inanmamışdır. 1937-ci ilin tuthatutundan, Böyük Vətən müharibəsinin od-alovundan keçən Əyyub Abbasovu mənfur düşmənlər mənəvi hücumları ilə ortadan götürmüşdür. Beləliklə, ötən əsrdə erməni quldur dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınları, ermənilərin və  havadarlarının yalanlarını açıb göstərən "Zəngəzur" kitabı və onun müəllifi uzun illər unudulmuşdur. Əks olunan hadisələri tarixi sənədlərlə paralelləşdirəndə romanın nə qədər əhəmiyyət kəsb etdiyi bir daha aydın olur. 

Azərbaycanın bolşeviklər tərəfindən işğalı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri başa çatdırmağa imkan vermir. İşğaldan sonra bu torpaqlar qeyd-şərtsiz Sovet Ermənistanına verilir. "Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunur. İclasda 3-cü məsələ kimi "Ermənistanda İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı" müzakirə olunur və qərar qəbul edilir. S.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov tarixi qərarın qəbul olunduğu birgə iclasın iştirakçıları idi. Məkrli siyasətə qurban olaraq N.Nərimanov seçilir. Bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək N.Nərimanova tapşırılır. S.Orconikidzenin təkidi (bəlkə də tələbi) ilə N.Nərimanov 1 dekabr 1920-ci ildə, Dövlət Teatrında keçirilən təntənəli iclasda etdiyi nitqində tariximizin qara səhifəsinə düşəcək bu bəyanatı, Zəngəzurun Ermənistana güzəştə gedildiyini elan edir: "Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın - kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; ...Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır". Bəyanatın elanından sonra M.Ə.Rəsulzadə yazırdı: "Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasətli Nəriman bəyin səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə elədiyi Zəngəzur və Naxçıvan qəzasını Ermənistana hədiyyə etdi. Az sonra N.Nərimanov yanıldığını, tarixi səhvə yol verdiyini anlayır, ancaq artıq gec idi". 

 

N.Nərimanov, sadəcə, əmrin icraçılarından biri idi. Sözsüz ki, Bəyanatın verilməsi qərarı Moskvadan gəlirdi. Əmrin Moskvadan gəldiyi daşnakların "Aşxatavor" ("Zəhmətkeş") qəzetində də yer alır. Sovet mətbuat bürosunun müdiri Yerofeev N.Nərimanovun məlum bəyanatından bir neçə gün sonra, dekabrın 10-da G.Çiçerinə həmin qəzetdə dərc edilmiş bir yazı haqqında məlumat göndərir. Qəzet yazırdı: "Moskvadan göndərilən əmrə uyğun olaraq Azərbaycanın Zəngəzurdan... imtina etməsini biz alqışlayırıq". "Zəngəzurdan... imtina edən Azərbaycan gücsüz Ermənistana kömək etmək istəyir. Azərbaycanın seçdiyi yol iki xalqın dinc yaşamasının fundamentinə xidmət edir". Serqo Orconikidze bu qərarı "bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt" adlandırır. "3 iyun 1921-ci ildə RK/b/P MK Qafqaz Bürosu Stalinin iştirakı ilə iclas keçirib məxfi qrifli "Zəngəzur məsələsi"ni müzakirə edir. Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərar çıxarılan iclasda bir nəfər də olsun azərbaycanlı iştirak etmir. 

 

Beləliklə, qədim Azərbaycan torpağı Zəngəzur Sovet hakimiyyəti qurulduqdan sonra Ermənistana verilir. Bölünmüş Azərbaycanın şimalı yenidən bölünür, Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradılır. Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salınır. Məsələnin öz xeyrinə həll olunduğunu görən ermənilər müvəqqəti sakitlik yaratmaq üçün Zəngəzurdan qovulmuş azərbaycanlı əhalinin geri qayıtmasına etiraz etməsələr də, 1988-ci il hadisələri bu müqavilənin müvəqqəti və əhəmiyyətsiz olduğunu göstərdi. Mixail Qorbaçovun bədnam "yenidənqurma" siyasətindən məharətlə istifadə edən ermənilər növbəti dəfə azərbaycanlıları dədə-baba yurdları olan Zəngəzurdan qovdular. 

Öncə də qeyd etdiyimiz kimi, bir xalqın tarixi nədirsə, ədəbiyyatı da odur. Tarixi millətin təməl sütunudursa,  ədəbiyyatı da milli ruhu və milli həyatının güzgüsüdür. Bir millətin coğrafiyası, iqtisadi, dini, hüquqi, əxlaqi, bədii, siyasi və tarixi həyatıyla ədəbiyyatı arasındakı bağların olması absurddur. Bunun sübutu üçün millətin fikir və qələm sahiblərinin yazdıqlarını araşdırmaq yetərlidir. Məsələn, filosof şair-dramaturq Hüseyn Cavid "Qars və Oltu ətrafında səbəbsiz olaraq alçaqcasına qətl edilənlər"ə və Nargin adasında "qartalın vəhşi dırnağı" altında əzilən türk əsirlərinə ithafla yazdığı "Türk əsirləri" şeirlərində ədəbiyyatın, bədii sözün qüdrəti ilə türklərə qarşı edilmiş qəddarlığı  poetik şəkildə "rəsm" etmiş, tarixini, keçmişini unudan xalqların ölümə məhkum olduqlarını vurğulamış, hər bir xalqın tarixini bilməsi və öyrənməsinin gərəkliyinin altından xətt çəkmişdi. "Bir millətin tarixidir kökü, yurdu, yuvası, Tariximiz baş ucundan hərgiz əskik olmasın" - misraları Cavidin türk gənclərinə vəsiyyəti, yazıçı Əyyub Abbasovun "Zəngəzur" romanı isə bu vəsiyyətin yerinə yetirilməsi, Zəngəzurda yaşanan qanlı tarixin ədəbiyyatda inikası, yaşanan faciənin uşaq şahidinin "mənəvi və ruhu anlayışlar"ının, yaddaşında həkk olunan tarixi hadisələrin əksi, dünya ermənilərinin cəllad Andronikin 100 illik yubileyini qeyd etməyə hazırlaşdığı bir vaxtda cəllad Andronikin kimliyinin bəyanı idi.  

Süjet xəttini 1916-1921-ci il hadisələri təşkil edən romanda mənfur ermənilərin Azərbaycanın Zəngəzur mahalında soydaşlarımızın başına açdığı müsibətlərin təsviri ilə yanaşı,  erməni şovinizminin "haradan qaynaqlandığı" ifadə olunur. Yazıçı şahidi olduğu hadisələr, fakt və dəlillərlə ermənilərin məkrli siyasətini ifşa edir. 

 

Bir haşiyə çıxaraq bildirək ki, ermənilərin "içdən xəstəliyi", riyakarlığı özlərinin şair və yazıçılarının da əsərlərində ifadə olunub. Məsələn, erməni şair Yeğişe Çarens yazır ki, "Bizdə riyakarlıq ana bətnində olarkən baş verir". Başqa bir erməni yazıçısı Ovanes Tumanyan 1977-ci ildə İrəvanda çap olunmuş "İzbrannaya proza" kitabının 201-ci səhifəsində yazır: "...həqiqi qurtuluş içdən başlamalıdır, biz içdən xəstəyik". O.Tumanyanın dediyi kimi, "içdən xəstə" olan, qonaq kimi gəldikləri qədim yurd yerlərimizə iddialı olan ermənilərin öz kökləri, vətənləri yoxdur. Manuk Abegyan 1975-ci ildə İrəvanda çap olunmuş "İstoriya armyanskoy literaturı" kitabında yazır: "... erməni xalqının kökü haradadır, onlar bura necə, nə vaxt, haradan və hansı vasitələrlə gəliblər... Bizdə bunun dəqiq və aydın sübutları yoxdur". Ən önəmlisi L.Abegyanın ermənilərin öz milli varlıqları üçün bilavasitə türklərə borclu olduğunu bildirməsidir: "Bizanslıların və ya başqa avropalıların arasında qalsaydıq, erməni adı ancaq tarix kitablarında qalardı". "Öz milli varlıqları üçün bilavasitə türklərə borclu" olmaq yerinə türkə düşmən kəsilmək də erməni xəstəliyidir. "Erməni xəstəliyi", 1915-ci ildə yaşanmış erməni-türk münaqişəsi romanda oxucunun diqqətini çəkən və ən qabarıq verilən məsələlərdən biridir. Rus ordusunun Osmanlı torpaqlarına girən hərbi hissəsinin komandiri, podpolkovnik Qryaznovun Sankt-Peterburqa göndərdiyi rəsmi raportda yazılır: "Kəndlərə aparan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyidləri, kəsilmiş bədən hissələri, dağıdıb tökülmüş daxili orqanları səpələnmişdi. Dəhşətlidir! Öldürülənlər əsasən, qadın və uşaqlardır. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışlar. Sonradan öldürülmüş müsəlmanlar da quyulara doldurulmuşlar. Quyu meyidlərlə doldurulandan sonra ona nəzarət edən erməni deyirdi: 70 meyid var, 10-nuna da yer var." Sonra daha 10 müsəlmanı parça-parça doğrayıb quyuya atırdılar, üstün torpaqla örtürdülər. Qətllərə məsul erməni bir dama doldurulmuş 80 müsəlmanın hamısının başın bir-bir kəsirdi. Rusicahanın ardınca ermənilər Ərzuruma tərəf hərəkət edirlər". 

ABŞ eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri Bruce Fein başqanlığında yaradılmış qrupun 1981-ci ildə hazırlayıb təqdim etdiyi raportda yazılır: "Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı. Ermənilər, öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, ermənilərin bu iddiaları son dərəcə əsassız... 

...Çünki illərdir soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya çıxacaq". 

 

Müəllif, romanı əsasən, yaddaşa söykənərək yazsa da,  dövrü də mükəmməl öyrənmiş, yaradıcılıq imkanlarından yetərincə istifadə edərək, erməni-daşnak dəstələrinin Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı əhatəli və obyektiv şəkildə işıqlandırmağı bacarmış, yurd-yuvasından didərgin düşmüş, xüsusi qəddarlıqla öldürülmüş, ölüləri həqarətə məruz qalmış həmyerlilərinin, əsasən də özünün şahidi olduğu hadisələri bütün təfərrüatları ilə təsvir etmişdir. Romanda bolşeviklərin Zəngəzura gəlməsi, Zəngəzurun Ermənistana verilməsi, insanların doğma yurdlarına dönməsi və cəlladları ilə "qardaşlıq şüarı" altında yaşaması kimi tarixi hadisələr də yer almışdır. II cildin sonunda verilən Epiloqda, səhifə 303-də oxuyuruq: "Uzun və coşqun fırtınadan sonra dəniz sakitləşdiyi kimi, illərlə sürən qanlı, qurbanlı mübarizələrdən, müharibələrdən sonra Zəngəzur dinc həyata qədəm qoydu. İnqilab günəşinin bu mahalı da sönməz nura qərq etdiyini hər yerdə bildilər. Vaxtı ilə qaçqın düşüb ora, bura dağılmış müsəlmanlar hədsiz sevinclə öz doğma kəndlərinə qayıtmağa başladılar. Hacı Atakişi, Fərman və Əhməd də qayıtdı. Yeni, qardaşlıq, birlik dünyası milli ədavətə əbədilik son qoydu..." 

"Zəngəzur" romanının sovet senzurasından keçməsi və nəşr olunması üçün əsərdə xalqlar dostluğu, qonşuluq motivlərinə geniş yer ayırması,  digər tərəfdən, bütün ailəsini qanlı qırğında itirən, repressiya küləyini hiss edən, müharibədə oddan-alovdan keçən yazıçının xalqların sülh, əmin-amanlıq şəraitində yaşamasını arzulaması normaldır. Romanda saf məhəbbət, dostluq, yoldaşlıq, vətənpərvərlik və vətən uğrunda canından keçməyə hazır olan insanların portretləri ilə yanaşı, ingilis casusu Andronik, Nijde və Dronun qəddar  obrazları da yer alır.  Fikrimizcə, ideologiyanın ən sərt zamanlarında yazıçının anlatdıqları, Andronik, Nijde və Dronun qəddar obrazlarını yaradaraq tarixi həqiqətləri gün işığına çıxarması və bunu ermənilərin Andronikin yubileyinə hazırlıqların getdiyi bir zamanda etməsini, bir çox insanın taleyini, yurd-yuvasından didərgin salınmasını, kəndlərindən, evlərindən - ocaqlarından zorla çıxarılmasını, evlərinin talan edilməsini, insanların fəryadlarını ürək ağrısı ilə göstərməsi, xüsusilə şahidi olduğu hadisələrin, fakt və dəlillərin köməyi ilə daşnakların məkrli siyasətini, onların qaniçən liderlərinin rəzil portretlərini realist pannolarla təqdim etməsi cəsarət və qəhrəmanlıq nümunəsidir. 

Elmdə bir kəşfi ilə adını əbədiləşdirən alimlər olduğu kimi, ədəbiyyat tariximizdə də bir əsəri ilə əbədiləşən yazıçılar olub. 1905-ci ildə Zəngəzurun Şəki kəndində anadan olan, ailəsi erməni cəlladları tərəfindən qətlə yetirilən, hadisələrin uşaq şahidi, yazıçı Əyyub Abbasovun  sovet rejimi dövründə yazdığı, "o zamanın bütün təqib, təzyiqlərinə baxmayaraq dövrün ədəbi qəliblərinə sığmayıb, kanonlardan kənara çıxıb, bütün mövcud riskləri görüb dəyərləndirməklə yenə də yazıçı-vətəndaş vicdanının səsi ilə həqiqəti yazıb əks etdirdiyi" "Zəngəzur" romanı tarixi həqiqətlərin əks olunduğu salnamədir. Müəyyən bir dövrün tarixinin bədii ifadəsidir. Tarix tarixdir, onu təhrif etmək və danmaq olmaz!

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayındakı nitqində (5 iyun 2021) ermənilərin bu torpaqlara qonaq kimi gəlməsini vurğulayır.  

Dövlət başçımız, gələcək nəsillərə erməni vəhşiliyini unutmamalarını tövsiyə edir. Ə.Abbasovun "Zəngəzur" tarixi romanı da məhz bu missiyaya xidmət edir, çünki tarix unudulanda təkrarlanır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!