Azər TURAN
Mehmet Emin Yurdaqulun "Cəngə gedərkən" şeiri barədə
Mən bir Türkəm; dinim, cinsim uludur;
Sinəm, özüm atəş ilən doludur.
İnsan olan vətəninin quludur.
Türk evladı evdə durmaz, gedərim.
Məhəmmədin kitabını qaldırtmam,
Osmancığın bayrağını aldırtmam,
Düşmanımı vatanıma saldırtmam,
Tanrı evi viran olmaz, gedərim.
Bu topraqlar əcdadımın ocağı,
Evim, köyüm həp bu yerin bucağı,
İştə vatan, iştə Tanrı qucağı,
Ata yurdun, evlat bozmaz, gedərim.
Tanrım şahid, duracağam sözümdə,
Millətimin sevgiləri özümdə,
Vatanımdan başqa şey yox gözümdə,
Yar yatağın düşman almaz, gedərim.
Ağ gömləklə gözyaşımı silərim;
Qara taşla bıçağımı bilərim;
Vatanım için yücəliklər dilərim.
Bu dünyada kimsə qalmaz, gedərim.
Şəmsəddin Sami bu şeiri "gələcək ədəbiyyat binamızın ilk təməl daşı" adlandırır. Onun dünyaya gəlişiylə türk ədəbiyyatında yeni bir dövr başlanıb. Təkcə poeziyada deyil, siyasətdə də, ictimai fikirdə də, ideologiyada da... "əməl qütbünün" (R.Tevfiq) üfüqlərini o nişan verib. XX yüzilin əvvəllərində, bütün türklər, o cümlədən, Atatürk türk milli kimliyinin qürurunu ilk dəfə həmin şeirlə dadıb...
"Cəngə gedərkən" Mehmet Əmin Yurdaqulun ilk şeiridir. Yurdaqulun ilk şeiri Köprülüyə görə, nəinki Türkiyədə, "Türkistanda, Kazanda, Krımda, Qafqazda keçmiş milli birliyindən xəbərsiz, milli vicdandan məhrum yaşayan ünsürləri topladı və ondan böyük bir türk milləti, möhtəşəm bir Turan çıxardı".
Türk ədəbi dilinin ərəb-fars tərkiblərindən arınması, şeir dilinin daha çox türkcələşməsi "Mən bir türkəm, dinim, cinsim uludur" şeiri ilə vüsət aldı. 1897-ci ildə, yəni Yunanıstan-Türkiyə müharibəsi əsnasında 28 yaşlı Yurdaqul onu Cəmaləddin Əfqaninin təlqinləri ilə yazıb və şeiri ilk dəfə Cəmaləddin Əfqaniyə oxuyub. Şeyx isə "İştə sizin əsl ədəbiyyatınız budur" deyib.
Yusif Akçuranın söylədiyi kimi, ilk dəfəydi ki, "türk şairi mənsub olduğu millətini, müsəlman, osmanlı kimi bəlirsiz və qarışıq adlarla anmır, millətinə gerçək adını verir, "Türk" deyir... Bu şeirdə türk var, köy var, ocaq var, yurd var, tanrı var. Vətən və millət var, fəqət, sultan yox, saray yox. Sarayı dolduran dalkavuk (yaltaq) tüfeylilər yox... "Cəngə gedərkən" cümhuriyyətçi bir millət şərqisidir".
Strasburq Universitetinin professoru Paul Horn onu bir millət ilahisi, yəni millət himni olaraq dəyərləndirmişdi.
Londonda bu şeirlə tanış olan Gibb Yurdaqula türkcə məktub yazır: "Aqibət, sizin mərifətinizlə türk milləti sədasını buldu. Siz gəldiniz və nə Doğuya baxaraq, nə Batıya, kəndi vətəndaşlarınızın könlünü oxudunuz və bunların duyğularını kəndi dilləriylə ədibanə bir tərzdə ərz etdiniz. Acizanə fikrimcə, türk şeirinin doğru məzmunu ilə doğru ifadə tərzini siz buldunuz. Osmanlı dövləti sizi altı əsr bəkləmişdir, əfəndim".
Bu şeir sürətlə dünyanın dörd tərəfinə yayıldı. Londonda bilindi, Peterburqda tanındı, Kazanda, Bakıda, Türküstanda oxundu...
1903-cü ildə Yurdaqulun "Türkcə şeirlər"i Peterburqda da nəşr olunur. Kitabı tərcümə edərək rus oxucusuna təqdim edən böyük şərqşünas Minorski, xüsusən, bu şeir barədə danışarkən həssas bir məqama diqqət yetirir: "Bizim münəvvər slavçılarımız (yəni panslavyanistlər) bu kimi hallarda, almanların, yaxud macarların qanını içməkdən bəhs edərlər. Yurdaqulun şeirində düşməni təhqir edən, yaxud düşmənə qarşı şiddət ifadə edən heç bir misra yoxdur"...
Şeir türk milli kimliyinin poetik xülasəsidir. Yurdaqula qədər milli kimlik anlayışının türk poeziyasında, (ümumən, türk ədəbiyyatında) bu qədər açıq ifadə olunduğu başqa bir poetik örnək yoxdur və bu günə qədər də bənzərinə təsadüf edilmir.
Mehmet Əmin Yurdaqulun bu şeiri ötən yüzilin əvvəllərində həm də Şuşadadır. Şuşada Azərbaycan türklərinin erməni və rus təcavüzünə qarşı dirəniş hərəkatını o şəkilləndirir, savaş estetikamızı bu şeir yaradır. 1907-ci ildə şuşalı xanəndələr "Mən bir türkəm, dinim, cinsim uludur" şeirini marş kimi oxuyurlar. 1907-ci ildə Məşədi Məmməd Fərzəliyevin ifasında həmin nəğmə vala yazılır. Bu məqamda Akçuranın "Cəngə gedərkən" şeiri barədə professor Horndan gətirdiyi sitat yada düşür: "Nə qədər aransa, bundan daha təbii, gözəl, uyğun, canlı, həyəcanlı bir millət ilahisi buluna bilməz. Yetər ki, bu ilahini layiq olduğu şəkildə bəstələməyi bilən bir musiqişünas çıxsın". Bu mənada, Horn, Mehmet Əmin Yurdaqulun şeirini Hofmanın Almaniya barədə yazdığı şeirlə - alman himni ilə qiyaslandırırdı.
İsmayıl bəy Qaspıralı Yurdaqulun şeirinə Krımda əks-səda verir. Amma necə əks-səda? "40-50 milyonluq və otuz əsrlik bir aləmə ilk dəfə bir qaşıq oğul balını yedirən siz oldunuz ki, sizə şərəf, bizə səadətdir" deyir.
Ziya Gökalp Yurdaqulu "Turan peyğəmbəri" adlandırır.
Professor Köprülü "Turan peyğəmbəri"ni, az qala, ülul-əzm nəbilərlə qiyas edir: "Qaranlıq fəlakət vadilərində çobansız dolaşan zavallı türk millətini, əlində qavalıyla Turi-Sinadan enən bu böyük şair topladı, birləşdirdi və ona qaranlıqlar içində yolunu göstərdi. Tarixdə bunu ancaq ən böyük rəsullar yapabilmişlərdir".
Əli bəy Hüseynzadəyə görə, "Emin Bəy, Yeni Turanın ən böyük şairi olmaq şərəfinə sahibdir".
"Yeni Turan"ın müəllifi Xalidə Ədib Adıvar isə etiraf edir ki, Yurdaqulun müasiri olduğuna görə bəxtiyardır.
***
Yurdaqulun şeiri, yuxarıda dediyim kimi, XX yüzilin ilk illərində Azərbaycan cəmiyyətində milli zövqün və milli şüurun gəlişməsində böyük rol oynadı.
Onun Azərbaycanda tanınması bilavasitə Əli bəy Hüseynzadənin adı ilə bağlıdır. Hüseynzadə 1905-ci ildə gənc şairlərə Yurdaqulun yolu ilə getməyi təlqin edir. Hətta Hadiyə xitabən, "Fikrinizi camaatımızın anlayacağı vəchlə mümkin mərtəbə açıq, sadə və asan bir dil ilə yazmaya qeyrət etməlisiniz" - deyə xəbərdarlıq edir və sadə türkcənin örnəyini Mehmet Əmin Yurdaqulun: "Ən gözəl yüz bizə çirkin, biz sevəriz; Türk yüzü, Ən iyi öz bizə fəna, biz istəriz; Türk özü..." misralarının timsalında təqdim edirdi. 1909-cu ilin aprelində yazdığı "Türklük, Əsgərlik və İstanbulda 31 mart vəqəsi" məqaləsində isə Yurdaqulun "Cəngə gedərkən" şeirini "Şu nəğmeyi-cəngcuyana türkün ruhundan, ruhunun ən dərin guşəsindən tüğyan ediyor" yazırdı.
"Yazımız, dilimiz "İkinci İl"imiz" məqaləsində isə o, "Səadət" məktəbi şagirdləri üçün hazırlanmış "İkinci il" kitabının müəlliflərini tənqid edirdi ki, bu kitaba Yurdaqulun daha türkcə və daha azərbaycanca olan şeirləri niyə daxil edilməyib? "Anlamıyoram ki, bizim burada müəllimlərin də, müəlliflərin də cığatay və osmanlı ədəbiyyatına qarşı bu inadı nə üçündür. Canım, osmanlı əşar və ədəbiyyatında öylə nümunələr vardır ki, sizin bu kibi şeirlərinizdən daha türkcə, daha azərbaycanca və qafqazcadır". Və bu mənada, örnək olaraq Yurdaqulun şeirlərini təqdim edirdi...
Hüseynzadə haqlıydı. Yurdaqulun şeirləri o dövrkü şairlərimizin "İkinci il" kitabına daxil edilən şeirlərindən həm üslub, həm dil, həm sintaktik quruluş baxımından daha türkcə və daha azərbaycanca idi. 1918-ci ildə "Əmin bəyi bilməyən bir məktəbli cocuq belə yoxdur", - deyə yazan Əhməd Cavadı Azərbaycanda Mehmet Əmin Yurdaqulun mənəvi oğlu olaraq tanıyırdılar. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan məfkurəsi ilə Türk millətpərvərliyi məfkurəsinin vəhdətini dərin içərikli sözlərlə "Əsrimizin Səyavuşu" əsərində belə ifadə etmişdi: "Azərbaycan gəncliyi saf və səmimi bir niyyətlə Türk müəllimlərinin tələbəsi oldu. Çox keçmədi ki, Namiq Kamal Məhəmməd Hadini, Əbdülhaq Hamid Hüseyn Cavidi, Mehmet Əmin də Əhməd Cavadı oğulluğa qəbul etdilər... Turançılıq, türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi".
Yurdaqul Azərbaycanlı Cəmaləddin Əfqani ilə başladığı kimi, Azərbaycanlı Əhməd Cavad da Yurdaqulla başlayır...
"Cəngə gedərkən" şeiri Hüseyn Cavidin ilk faciələrindən birində - "Maral"da marş olaraq səslənir. Əhməd Cavad Cümhuriyyət havalı şeirlərini Yurdaqul üslubunda qələmə alır.
***
Şeir, dediyim kimi, 1897-ci ildə yazılıb. Üstündən 15 il keçəcək. 1912-ci ilin 20 iyununda bu şeirin müəllifi ilk türkçü təsisatın - "Türk Ocaqları"nın lideri olacaq. Türk Ocağı Mehmet Əminin liderliyində Türkiyənin təkcə dil sahəsində deyil, bütün sferalarda bütövlükdə türkləşməsini təmin edəcək və bugünkü Türkiyə Cümhuriyyətinin təməl daşı Yurdaqulun rəhbərlik etdiyi həmin Türk Ocaqlarında qoyulacaq...
***
O, türk şeirində Avropa estetikalarına, "Sərvəti-fünun"un kosmopolitizminə meyil etməyən ilk və tək şairdir. Doğrudur, ədəbi estetikalar baxımından, Yurdaqul şeiri "Sərvəti-fünun" cazibəsinə malik deyil, onda zamanın simvolizmi, dekadentizmi, romantizmi yoxdur. Amma "Sərvəti-fünun"un ən böyük timsalı olan Tevfik Fikrət Yurdaqulun elə ilk şeirindən etibarən ona təzim edir... "Torpaq vətənimdir, bəşər millətimdir" deyən Fikrət fəlsəfəsinin qarşısına "Ən gözəl yüz bizə çirkin, biz sevəriz; Türk yüzü, Ən iyi öz bizə fəna, biz istəriz; Türk özü..." deyən milliyyətçi düşüncəni təqdir edir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!