Vurğunluq orbitində - Əsəd CAHANGİR

Şair Vəli Qaraçaylının 60 yaşına

 

 

Vəli Qaraçaylı ilə yeddi-səkkiz  il öncə, təsadüfən bir məclisdə tanış olmuşam. Həmin gün o, Rusiyada yaşayan qohumlarının yanına gedəcəyindən danışmış və mən elə-belə, sözgəlişi demişdim ki, kaş, hardasa uzaqlarda, lap dünyanın o başında gedən yerim olaydı, sərhədləri aşıb uzaqlara getmək özü də bir xoşbəxtlikdir. Bir müddət keçmiş, Vəli  qayıdıb gəlmiş, Gürcüstandan Rusiyaya keçəndə, Kazbekin zirvəsində, buludların üstündə  yazdığı, mənə ithaf elədiyi  "Sərhədləri aşan adam" şeirini oxumuş və nə vaxtsa deyib elə ordaca unutduğum  sözlərin qarşılığında  bu  poetik reaksiya gözlənilməz olduğu qədər də  xoş olmuşdu. Bilmişdim ki, sözün qiymətini bilən adam insanın da qədrini bilər, deyəsən, bu qədir-qiymət bilən şairlə dost olacağıq və gözləntilərim məni aldatmamışdı.

"Sərhədləri aşan adam" öz müəllifinin şeirləri arasında istər forma, istərsə də məzmunu ilə seçilir. Şair burda təkcə Rusiya-Azərbaycan deyil, öz düşüncə sərhədlərini də aşır, Azərbaycandan dünyaya, indiyəcən yazdığı hazır xalq şeiri qəliblərindən özünün yaratdığı bədii formaya, bir sözlə, elə yeni üfüqlərə boylanır ki,  bu üfüqlər insan ruhunu sıxan hər cür çərçivənin o üzündəki sonsuz bir azadlıq, sınırsız bir ənginliyə açılır:     

 

Bu dünyanın xoşbəxtidir 

sərhədləri aşan adam,

Dağıdaraq neçə bəndi, 

çaylar kimi daşan adam.

Sərhəddəki dirəkləri 

öz kökündən üzənlər də,

Səyyah olub dünyamızı 

qarış-qarış gəzənlər də

Bu dünyanın xoşbəxtidir...

 

Üstündən illər keçəcək, Vəlinin evinin lap yuxarı başında, dolabın üstündə bir ailə tablosu görəcəkdim: ortada Borçalının Qarabulaq kəndində doğulan və səksən səkkiz yaşında dünyaya göz yuman Nadir kişi; onun sağında Borçalıdan Bakıya köç eləyən oğlu Vəli;  solunda Bakıdan Nyu-Yorka gedən nəvəsi Yusif... Amerikadan o yana dünya qurtarır və bu planetar genişlənmənin məntiqi sonucu deyir ki,  ünlü amerikan kinorejissoru Stenli Kubrikin elmi-fantastik janrda ekranlaşdırdığı "Kosmik Odisseya: 2001" filminin qəhrəmanı kimi Nadir kişinin nəticələri, o sıradan da Yusifin qızı, hələ ki  babasının dizi üstündə oturub, "Ay uzunsaç, qaragöz, ağıllı kuklam mənim..." mahnısını oxuyan balaca Kövsər də artıq kosmosun sonsuzluğu ilə üz-üzə durub. Bəlkə, "Sərhədləri aşan adam" şeirində müəllif mənim bir kəlmə sözümü bəhanə edərək öz nəsil ağacının dünəni, bu günü, sabahını yazıb? Qoy, bu eləcə sual işarəsi altında qalsın. Nöqtəni isə bir məsələdə qoymaq olar - bu şeirdə insanın dünya zənciri, induistlərin termini ilə desəm, sansaradan qurtarmaq həsrətindən söz gedir və "Sərhədləri aşan adam" Vəli Qaraçaylının azadlıq himnidir:

Keçmişimdən bu günümə 

miras qalan bircə izdir,

Xoşbəxt olan o kəsdir ki, 

arzuları sərhədsizdir.

O sahildə doğulanlar, 

bu sahildə dil açanlar,

Sərhədsiz bir dünya görüb 

arzuları gül açanlar

Bu dünyanın xoşbəxtidir...

 

Üç zamanı bir çərçivəyə salan ata-oğul-nəvə tablosunu Vəlinin yubileyi münasibətilə oğlu Yusif  okeanın o tayından verdiyi sifarişlə düzəltdirib və yəqin bu zaman fərqinə varmayıb ki, sadəcə bir ailənin deyil, bütün Azərbaycanın, bir az geniş götürsək, SSRİ-nin çöküşündən sonra millilik, yoxsa, kürəsəlləşmə ayrıcında qalmış sovet insanı və hətta ümumən Adəm övladının tale tablosunu sifariş eləyib. Vəli bu gün üç yolun ayrıcındadır: nostalji onu doğulub böyüdüyü Borçalıya çəkir, durum Bakıda yaşamağa vadar eləyir, arzular isə dünyaya səsləyir. Təsadüfi deyil ki, Bakı, Şuşa, Xocalı, Qazax, Göyçə, Qubadlı, Xanbulan, Kəlbəcər, Poylu, Təbriz, Gurcüstan, Türkiyə, Qazaxıstan, bir sözlə, Xankəndidən Turana qədər ən fərqli yerlərə şeirlər düzüb-qoşsa da, onun əzəli-əbədi cənnəti, Atlantida, Şambala, Çənlibel, İtaka, Utopiya, Şimal ölkəsi, Günəş şəhəri, Makonda, Yoknapatof, Buzbulağı, yəni xoşbəxtliklə bağlı hər cür idilliyasının gerçəkləşdiyi qutsal məkanı, bir sözlə, hər yeri və  hər şeyi  Borçalıdır: 

 

Qayaları qatar-qatar düzülüb,

Bulaqları sal qayadan süzülüb.

Oğlu-qızı qürbət eldə üzülüb,

Gözlərimin yaşındadır Borçalım.

  

Dəyərli oxucu, ümid edirəm ki, bu günlərdə 60 yaşını tamam eləyən, "Yarı böləmməzlər ürəyimizi", "105 il öncə", "Xankəndidən Turana" kimi kitabları işıq üzü görən şair haqqında sözümə məhz özümə ithaf olunmuş şeirlə başlamağıma ucuz özünüreklam kimi baxmırsan. Amacım Vəlinin çoxlarına adi görünə biləcək  sözlərə qarşı həssaslığı və azadlıq duyğusunu  vurğulamaqdır - bu həssaslıq olmayan yerdə şair, bu azadlıq olmayan yerdə şeir olmur.  Şairin fikrincə, azadlıq nəinki təkcə insana  deyil,  küçə itindən tutmuş, dağ qartalına qədər,  bütün  təbiətə məxsus əzəli keyfiyyət, universal yaşam  formasıdır və insan ağlının yersiz müdaxiləsi,  hətta bu təbii azadlıq yolunda bir qəfəsə çevrilir:  

 

İnsan övladının felinə bir bax,

Dəmir qəfəs hara, qartallar hara?

Göylər sultanını salıb qəfəsə,

Qartallar yaraşır uca dağlara.

 

Mənə həmişə elə gəlir ki, Vəli yadplanetlidir və eynən o qəfəsdəki qartal kimi bizim dünyada sıxılır, darıxır, əzab çəkir, köçüb özünün yerinə-yurduna getmək, azad, özgür yaşamaq  istəyir. Ən  dürlü şeirlərində dönə-dönə tərənnüm elədiyi, gündəlik sözündə-söhbətində dilindən düşməyən, tərifindən doymadığı, hamıya göstərmək, hər kəsə sevdirmək istədiyi Borçalı özü də əslində onun cisminin vətənidir, ruhununku isə adını-ünvanını bilmədiyi(m) o hansısa uzaq, əlçatmaz, naməlum planetdir. Və Borçalı o planetin yerdəki kölgəsi, simgəsi, rəmzi işarəsi,  coğrafi kodu, şəkli, surətidir. 

Vəlinin təkcə məkanı deyil, zamanı da bizimkindən deyil. Bəzilərinə anaxronizm təsiri bağışlasa da, bəlkə bu üzdən onun estetik and yeri və etik pərəstiş ünvanı Səməd Vurğundur. Görəsən, niyə həmyerlisi, "Bir köhlən at mindim Qarabulaqda" şeirinə cavab yazdığı, haqqında bir çox şeirlər, özəlliklə də "Zəlimxan köçür" adlı, yəqin ki, ən yaxşı elegiyanı qələmə aldığı Zəlimxan Yaqub yox, məhz Səməd Vurğun? Çünki tez-tez ekrandan seyr elədiyin, efirdən dinlədiyin, əl verdiyin, kəlmə kəsdiyin, xeyirdə-şərdə bir masa arxasında oturduğun, bir sözlə, canlı surətdə gördüyün şəxsin ideallaşması bir az çətindir. İdeal gərək hansısa mifik, əlçatmaz  zamanda təsəvvür olunsun, onun haqqında artıq sənə qədər rəvayətlər düzülüb qoşulsun, o bir əfsanəyə çevrilsin. Az qala müasirimiz olmasına baxmayaraq, poeziyamızın əfsanəvi imzası - Vurğun bir çoxları kimi,Vəli Qaraçaylı üçün də sözün birbaşa anlamında kulta çevrilib. Onun görkəmli şairin anadan olmasının 105 illiyi münasibətilə qələmə aldığı  "105 il öncə" poeması, şairin ev muzeyindən aldığı təəssüratla yazdığı "Evində yaşayır ruhu Vurğunun" və tanınmış ziyalı, neçə-neçə nəsil şair-yazıçıları, eləcə də Səməd Vurğunu Salyandakı yurdunda ağırlayan  İmamverdi Əbilova müraciətlə düzüb-qoşduğu "Möhtərəm qoca" şeiri bu kultdan xəbər verir. Vurğun kimi yaşamaq, Vurğun kimi yanmaq, Vurğun kimi yazmaq!  Vəlinin insan kimi də, vətəndaş kimi də,  şair kimi də idealı budur:

 

Günəş tək şöləsi sönməz şairin

Adını hər zaman anmalıyıq biz.

Ay Vəli, Vətəni çox sevmək üçün

Vurğun tək alışıb yanmalıyıq biz!

 

Şairin fikrincə, bu gün güneyli-quzeyli Azərbaycanın, böyük Türküstan ellərinin şairi kimi andığımız unudulmaz Zəlimxan Yaqub özü də Səməd ənənələrinin davamçısı, Vurğun məktəbinin yetirməsidir:

 

O, Səməd Vurğunun yadigarıydı,

O, Ağrı dağının zirvə qarıydı.

Şairlər bağının son nübarıydı,

Köçür şeiriyyətdən şöhrət, şan köçür,

Şairlər sultanı Zəlimxan köçür.

 

Cümlə-cahan deyir, dörd bir yan deyir,

Borçalı can deyir, Təbriz can deyir.

Türküstan sızlayıb Zəlimxan deyir,

Köçür tarixlərə, anbaan köçür,

Şairlər sultanı Zəlimxan köçür.

Vəli Qaraçaylını axşamlar öz dostları ilə Səməd Vurğunun heykəli ətrafındakı parkda tez-tez yürüşə çıxan görürəm və hər dəfə mənə elə gəlir ki, onlar təkcə cismən deyil, ruhən də artıq yüklərdən azad olmaq, arınmaq, təmizlənmək  istəyir, Ustadın sadəcə, heykəli deyil, sözünün də başına dönür - Səməd Vurğun orbitində fırlanırlar. Amma bu, təkcə Vurğunun deyil, Nizami, Nəsimi, Xətai, Füzuli, Vaqif,  Aşıq Ələsgər kimi həm yazılı,  həm də şifahi sözümüzün ən ünlü isimlərinin poetik yaradıcılığını səciyyələndirən, eləcə ədəbiyyat yox, həm də həyatın əsasında duran eşqin, sevginin, aşiqliyin, aşıqlığın, cünunluğun, şairliyin, məcnunluğun,  müşfiqliyin, şaiqliyin,  dəliliyin, çılğınlığın, arifliyin, vurğunluğun orbitidir! Və söz Vəlidən gedəndə bunu elə-belə, gəlişigözəl söz kimi demirəm. 

Bir dəfə axşamüstü Vəliylə birlikdə yenə Vurğun orbitində fırlanırdıq. Əynində hərbi forma, sinəsində medallar skamyada oturmuş, üzündən kədər, gözlərindən ümidsizlik boylanan gənc bir əsgər diqqətimizi çəkdi. Vur-tut, bir addımlığında olsaq da, o bizi görmür, bütün çevrədəkilərə sanki hansısa uzaq bir dünyadan baxırdı. Yanında əyləşib şər qarışan vaxtı niyə burda tək-tənha oturduğunu soruşduq. Aydın  oldu ki, Qarabağ savaşı qazisidir, rayondan gəlib, ailəsi-uşağı var, işsizdir, xəstədir, dərman almağa pulu yoxdur və taleyin ədalətsizliyi, toplumun etinasızlığına cavab olaraq, çıxış yolunu özünü öldürməkdə görür. O, əlbəttə, bunları indi yazdığım kimi arın-arxayın demir, ümumən heç bir giley-güzar eləmir, suallarımıza könülsüz cavablar verir, bu yazdıqlarımı isə dediklərindən daha çox, onun kallaşmış səsi, donuq  baxışlarından oxuyurdum. Vəli əsgəri bir xeyli danlayıb-dansıyıb, qərarından daşındıra bildi, əlindən tutub zorla ayağa qaldırdı, yaxındakı  yeməkxanalardan birinə aparıb yedirtdi, aptekdən lazım olan dərmanlarını alıb verdi, cibinə pul qoydu, sonra da rayon görəvlilərinə zəng edib, onları qaziyə haqqı çatan qayğını göstərməyə çağırdı. 

Bizdən ayrılanda  qazi ruhən artıq dirilmişdi - bir-iki saat bundan öncəki işığı öləzimiş gözlərində ümid qığılcımları oynaşırdı. O indi tək deyildi. Bəli, qazi o gecə ölməməli, yaşamalıydı -  bu onu odun-alovun içindən qurtaran Tanrının hökmüydü! Amma bizi onunla görüşdürən qüvvə həm də Vəli Qaraçaylı bu misraları düzüb qoşsun deyə görüşdürmüşdü:

 

Bu dünyaya göz açandan

Haqq-ədalət dəlisiyəm.

Yaranandan bugünədək,

Mən Allahın Vəlisiyəm! 

 

Vəli Qaraçaylının təkcə sözüylə deyil, əməliylə də vurğunluq orbitində fırlandığını göstərən daha bir olay Qarabağ zəfərindən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin düzənlədiyi görüşdə baş verib:  tədbirə qatılan şair Azərbaycanda yaşayan xalqlar və etnoslar birliyinin qələbəmizdəki rolunu tərənnüm eləyən "Dəmir yumruq" şeirini oxuyur və şeir ədəbiyyat, ümumən mədəniyyət adamlarına qayğısı ilə seçilən İcra Hakimiyyəti başçısı Adil Vəliyev tərəfindən yüksək qiymətləndirilərək mükafatlandırılır; lakin Vəli Qaraçaylı bu mükafatı tədbirdə iştirak eləyən şəhid anasına bağışlayır; bu gözlənilməz jestdən şairə rəğbəti daha da artan İcra başçısı onu elə ordaca ikinci dəfə mükafatlandırır və ardınca da onun Sabunçu Rayon Ağsaqqallar Şurası sədrliyinə namizədliyini irəli sürür. Çox çəkmir ki, Respublika Ağsaqqallar Şurasının sədri, Millət vəkili, professor Eldar Quliyevin də iştirak etdiyi toplantıda Vəli Qaraçaylı yekdilliklə bu görəvə seçilir.

Xalqların qardaşlığı, dostluğu ideyasını sovet dönəmi poeziyasında yalan-gerçək tərənnüm eləyən əsərlər çox olub. "Dəmir yumruq" onlardan bir çox yönüylə seçilir: birincisi, bu şeir saxta, riyakar, məkrli sovet ideologiyasına deyil, ulu öndər Heydər Əliyev cənabları tərəfindən irəli sürülən və 90-cı illərdə bizi qaçılmaz vətəndaş qarşıdurması fəlakətindən xilas eləyən, Azərbaycanı parçalamaq istəyən daxili və xarici separatist qüvvələrin arzusunu gözündə qoyan azərbaycançılıq ideologiyasına söykənir; digər tərəfdən, tarixi həqiqəti ifadə eləyir - Qarabağ zəfərinin qazanılmasında həlledici amillərdən biri ölkədə yaşayan bütün xalqlar və etnosların bir bayraq altında dəmir yumruq kimi birləşməsidir; və nəhayət, vətənimizdə yaşayan 22 xalq və etnosun adları ədəbiyyat tariximizdə ilk dəfə bir yerdə, bəziləri isə ümumən ilk dəfə bu şeirdə çəkilir:  

 

...Türk oğluna arxadır

Onun udun sirdaşı.

Silahından  od saçır

İgid talış qardaşı.

 

Qurban olum ləzgitək

Cəsur vətən daşına.

Şah dağı tək qar yağıb

Anaların başına.

 

...Yenilməzdir kürd oğlum,

Tatım, ceklim balamdır.

Haputlumun gözündə

Qarabağım qalamdır.

 

Yəhudim də uğrunda

Şəhid olur, ey Vətən!

Xınalığın, Qırızın

Gözü dolur, ey Vətən!..

 

"Dəmir yumruq" olayı göstərir ki, Vəli Qaraçaylı sözü görəv sahibləri yanında qiymətə, xalq arasında hörmətə mindirən şairdir. Bakıdan Şuşaya qədər ən müxtəlif məkanlarda düzənlənən toplantılarda bu şeirin onun ifasında dinləyicilər tərəfindən necə hərarətlə, ürəkdən gələn alqışlarla qarşılanmasının dönə-dönə şahidi olmuşam. Sadəcə, ona görə yox ki, Vəlidə yüzillərin şeir və aşıq-ozan sənətindən gələn  rəvan nitq, axıcı diksiya, bəlağət var, o, ilhamla yazdığı kimi, içdən gələn avaz, pozulmayan ahənglə deməyi,  dinləyicilərin diqqətini  əvvəldən axıracan özündə tutub saxlamağı, yaşadığı duyğuları onlara da yaşatmağı bacarır. Bir də ona görə ki, şair "Dəmir yumruq"da ümumxalq mövqeyinin ifadəçisi kimi çıxış eləyir, etnik-milli  mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızın ürəyindən xəbər verir,  dövlət və xalqın birliyini tərənnüm eləyir.

Sabunçu Rayon İcra hakimiyyətinin düzənlədiyi tədbirdə baş verən olaydan illər keçib və şair onu məsul görəvə seçənlərin yanılmadığını hər addımda göstərib - ona üz tutanların işinə yaramağa çalışıb, yuxarının da, aşağının da rəğbətini qazanıb. Hətta əlindən gələn köməyi göstərməyə çalışdığı adamların bəzən qədirbilməzliyi belə, onu  öz vurğunluq orbitindən çıxara bilmir. Çünki bu onun Nadir kimi köhnə kişilərdən gələn və şeirlərindən birində dediyi kimi, getdikcə nadir özəlliyə çevrilməyə başlayan fitrətindən doğur:

 

Sərt baxışı şimşək təki çaxardı,

Öldürsən də haqqın əlin sıxardı.

Söz ağzından bircə dəfə çıxardı

Köhnə kişilərin, ər kişilərin.

 

"Xankəndidən Turana" kitabının əlyazması ilə tanışlıq zamanı kəşflərimdən biri Vəli Qaraçaylının Xalq şairi Rəsul Rzanın "Göy hasarın üstündən sallanıb ağ yasəmən/ Tez-tez gəlib keçirəm bu küçədən indi mən" beytiylə başlayan, sevgi mövzusunda, yumoristik ruhda  yazılmış   "Ağ yasəmən" şeirinə yazdığı eyniadlı cavab oldu:

 

Göy hasarın üstündən sallanan ağ yasəmən,

Şair, yaman çəkibdir sinənə dağ yasəmən.

Qulac hörükləriylə səni salıb kəməndə,

Sən keçirən hissləri duyub keçirdim mən də.

 

Maraqlıdır ki,  modern şeirimizin banisinin yaradıcılığına üz tutanda da Vəli Qaraçaylı onun məhz heca vəznində, hətta məsnəvi janrındakı şeirini seçir, yəni öz yaradıcılıq təbiətinə sadiq qalır, yenə də vurğunluq orbitində fırlanır və poeziyamızın bir əsrdən bəri ədəbi mübarizədə olan iki yönü - ənənəvi ilə moderni, Səməd Vurğunla Rəsul Rzanı ikinci planda bir araya  gətirir.

Vəli Qaraçaylının Allahın qüdrəti, qutsal dini şəxsiyyətlər, vətən, onun təbii gözəllikləri, sevgi, ömrün vəfasızlığı, sosial-mənəvi naqisliklər, Qarabağ zəfəri, turançılıq ideyası, ayrı-ayrı görkəmli tarixi və ədəbi simalar, müasirlər, yaxınlar və doğmalara həsr elədiyi şeirlərin qabarıq cəhəti onların xalq şeiri şəkillərindən gəlməsi və ən uğurlu nümunələrdə obrazların  bədii  ümumiləşdirmə səviyyəsinə qalxmasıdır. Bunun qabarıq örnəyi ulu öndər Heydər Əliyevin şairin bədii təqdimində konkret bir şəxs olmaqdan çıxaraq, vətənə məhəbbət, xalqa sədaqət, ümummilli birlik, əyilməzlik, yenilməzlik, cəsarət, idrak, əzəmət, fədakarlıq, polad kimi sınmaz iradənin rəmzinə çevrilməsi, onun ideyalarının təkcə keçmişimiz deyil, bu günümüz və sabahımızın da etibarlı qarantı kimi qavranılmasıdır. Təsadüfi deyil ki, Respublika Ağsaqqallar Şurasının Heydər Əliyev cənablarının 100 illiyi münasibətilə Alov qüllələrinin Nizami zalında düzənlədiyi, türkdilli ölkələr ağsaqqallar şuraları üzvlərinin qatıldığı möhtəşəm tədbirdə yekun söz şairə verilmiş və onun ulu öndərə həsr elədiyi "Yüz il öncə işıq saçdı dünyaya" şeiri zaldakılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdı:    

 

Ayaq basdı torpağına Xızırtək,

Başdan-başa pir elədi Vətəni!

Sinə gərdi, dağılmağa qoymadı,

Birləşdirib bir elədi Vətəni!

 

Xalqı üçün fəda etdi canını,

Düşmənlərin ürəyinə dərd oldu.

Ömrü boyu əyilmədi, sınmadı,

Məğrur oldu, mətin oldu, mərd oldu.

 

Heydər baba söylədiyi kəlamlar

Çətin gündə gərəyidir xalqımın.

Milyonların ürəyində gül açan

Arzusudur, diləyidir xalqımın.

 

O qurduğu rəşadətli ordumuz

Qarabağı yad əllərdən qopardı.

Azərbaycan xilaskarın yolunu

İlham ilə zəfərlərə apardı!

 

Bəzən bizdə iki anlayışı qarışdırırlar - dövlətçilik və sarayçılığı! İstər "Yüz il öncə işıq saçdı dünyaya", istər Prezident İlham Əliyevə yazdığı və mahnı bəstələnərək rəsmi dövlət tədbirlərində ifa olunan şeirində, istərsə də Türkiyənin sayın cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın şərəfinə yazanda Vəli Qaraçaylı sarayçı deyil, dövlətçidir, azərbaycançılıq və turançılıq ideallarının alovlu tərənnümçüsüdür. Çağdaşlarımızın saray şairi olmağa zatən imkanı da yoxdur. Azərbaycan demokratik dəyərlərə söykənən, bu yöndən bütün Yaxın və Orta Şərqə örnək olan  sivil bir ölkədir. Burda orta çağlara məxsus mədhiyyəçilik nə aşağılar, nə də yuxarılar tərəfindən qəbul olunur.

Qarşıda isə şairin yazdığı kimi, bizi Xankəndidən Turana aparan uzun, şərəfli zəfər yolu gözləyir:

 

Unutmadıq ötüb keçən çağları,

Bağbanını qarşılayan bağları.

Mübarizin ruhu gəzən dağları

Məlhəm edib basdıq, Vətən,  yarana,

Xankəndidən yol gedirik Turana!

 

Bu günlərdə Vəli Qaraçaylının 60 yaşı tamam oldu. Bu 60 ildə onun itkiləri az olmayıb, amma qazandıqları daha çox olub: ömrünü-gününü qoyduğu kitablar, yaradıcılığını dəyərləndirən Camal Mustafayev, Mürsəl Həkimov, Əhməde Həpo, Vaqif Nəsib, Zəlimxan Yaqub, Elxan Məmmədli, Knyaz Aslan, Salatın Əhmədli kimi ünlülər, ödüllər, mükafatlar, vəfalı ömür-gün yoldaşı, qayğısını çəkən övladlar, gələcəyinə güvəndiyi nəvələr, xatirini istəyən dostlar, ən başlıcası, möhtəşəm tribunalardan oxuduğu şeirlərini alqışlarla qarşılayan dinləyici kütləsi. Sayğıdəyər şairimizi həm 60 illik yubileyi, həm də "Xankəndidən Turana" kitabının işıq üzü görməsindən dolayı bütün dostlar adından ürəkdən qutlayıram.

Əziz Vəli, altmışı aşırdın, yüzə nə qalıb ki? Tanrıdan sənə cansağlığı, yeni yaradıcı uğurlar diləyirəm.

Dərin sayğılarla...

  

26.04.2025

 

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!