Heydər Əliyev - dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

Elnarə AKİMOVA 

Milli Məclisin deputatı

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru, 

 

 

 

"Sahibsiz olan məmləkətin batması haqdır, 

Sən sahib olursan bu vatan batmayacaqdır".

 

Mehmet Akif

 

 

Ümummilli lider Heydər Əliyev haqqında danışmaq, ilk növbədə, vətən və dövlətçilik məfkurəsinin intibahı anlayışlarını bizim yadımıza salır. Çünki Heydər Əliyev əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Bu baxımdan, minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu. 

Heydər Əliyevin həyata keçirdiyi siyasət qlobal mahiyyətinə görə bənzərsiz tarixi mərhələdə Azərbaycanın gücünə və Azərbaycan ictimai fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistandan Qafqaza qədər dalğalanan siyasi ziddiyyətlərin Azərbaycana yansımaması, Azərbaycanın Şərqdə də, Qafqazda da müstəsna bir dünya dövləti kimi öz sabitliyini və hər mənada, müstəqilliyini qoruyub saxlaması, Azərbaycanın Şərqdə unikal, tolerant bir Avropa dövləti kimi təzahür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mahiyyətinə ən mükəmməl və etibarlı sübutdur. 

Milli düşüncənin intibahı, milli ruhu diri saxlamaq meyli onun tərcümeyi-halının ən işıqlı tərəfini təşkil edir. Bu kontekstdə onun obrazını necə xarakterizə etmək olar? Həm azərbaycançılıq ruhunu bütün siyasi-mənəvi aşamalardan bütöv və zədəsiz çıxaran böyük azərbaycanlı, həm də bütün dünya mədəniyyət və dəyərlərinə multikultural aspektdən yanaşmağı bacaran dünya insanı! Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin ana yapısında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. Ümummilli dəyərləri ideoloji baxımdan ilk dəfə o təsbit etdi. İqtisadi coğrafiyanı böyük quruculuq işləriylə, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılmasıyla gerçəkləşdirdi. Azərbaycanın qapılarını Dədə Qorqudun, Babəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Şəhriyarın üzünə taybatay açmaqla, əslində, Azərbaycanın məfkurəvi necəliyini müəyyənləşdirdi. 1993-cü ildə isə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə təkcə Azərbaycanı hərbi-siyasi böhrandan qurtarmaq üçün deyil, həm də Ümummilli liderin 25 il əvvəl başladığı Azərbaycançılıq əsərinin ən ciddi səhifələrini yaratmaq üçün dəvət edirdi. Çünki bu mənəvi abidənin - siyasi Azərbaycanın sirri 1969-cu ildən başlayaraq Heydər Əliyevin üslubunda kəşf olunmuşdu.

 

***

1969-82-ci illər sovet imperiyası daxilində milli varlığın idrak məqamıdır. 1970-ci illərdə Moskva siyasi dairələrində kifayət qədər nüfuz sahibi olan Heydər Əliyev bu nüfuzdan xalqının milli kimliyinin və müəyyənliyinin dərki üçün yararlandı. Şərqin ən böyük dastanı olan "Kitabi-Dədə Qorqud"un xalqın genetik yaddaşının təməlində dayanan abidə olaraq millətə qaytarılmasında böyük işlər gördü. Qeyd edirdi ki, əgər indi biz "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyini qeyd ediriksə və bunu bütün dünyaya bəyan ediriksə, demək, bizim bədii sözümüzün 1300 illik tarixi göz qabağındadır. İmadəddin Nəsiminin divanının 1972-ci ildə türkmən ədəbiyyatşünası Qullayev tərəfindən müəyyən türkmənləşmə əməliyyatı apararaq çap olunmasının və şairin türkmən ədəbiyyatının klassiki kimi təqdim olunmasının qarşısını aldı. 

1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar imzalayaraq nizamişünaslıqda əsaslı dönüş yaratdı. X.R.Ulutürkün "Gündəliy"ində əhəmiyyətli bir epizod yer alır: "Xəmsə" yaradıcısının anadan olmasının 840 illiyi bayramı keçiriləndə böyük qazax şairi Oljas Süleymenovun verdiyi sual yadımdadır:

- Axı 840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz?

- Tələsməyimiz əbəs deyil. Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır, elə bir dahidir ki, hər il bayramını keçirməyə dəyər".

Eləcə də Heydər Əliyevin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəbrinin qorunması və məqbərəsinin tikilməsi ilə bağlı 1977-81-ci illərdə gördüyü çoxyönlü işlər - SSRİ XİN qarşısında qaldırdığı məsələ, Bağdaddakı səfirlik ilə yazışmaları, ölkə ziyalıları ilə danışıqları və s. bu kimi yorulmaz, inadlı və əzmkar mübarizələri bu siyasi liderdən hər cür yüksək məzmunda danışmağa əsas verir. 

Yaxud Heydər Əliyevin 1982-ci ilin 15 yanvarında Şuşada Qarabağ torpağının bağrına Azərbaycanın daş pasportu olaraq sancdığı Vaqif məqbərəsi Azərbaycan tarixi ilə Şuşanın daşlaşmış, mərmərləşmiş, əbədiləşmiş irtibatı idi. Şuşada Vaqif məqbərəsini ucaltmaq onun üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, Vaqif poeziya günləri isə Azərbaycan dilinin əbədi təntənəsinin simvolu idi. 1982-ci ilin oktyabrında böyük şairimiz Hüseyn Cavidin nəşinin Sibirin uzaq Tayşet vilayətindən vətənə gətirilməsi isə milli mədəniyyətdə yeni epoxanın - turan əxlaqına, türkçülük sevdasına dönüşün başlanğıcı oldu. 

Hər bir addımında ölçülü-biçili, gələcəyə hədəflənmiş siyasət! Düşünülmüş idimi? Birmənalı şəkildə! Sovet epoxası daxilində sərgilənən bu cəsarətin adını ikicə sözlə xarakterizə etmiş olsaq, ancaq bu söz uyğun gəlir: Dissident siyasəti! Bunu Heydər Əliyevin özü də bilirdi və bəyan edirdi. Yazıçılar Birliyinin qurultayında demişdir: "Düzdür, mən şeir yazmıram, roman və ya hekayələr yazmıram. Ancaq 1969-cu ildən başlayaraq 1987-ci ilə qədər Kommunist Partiyasında ən böyük dissident mən idim".

 

Heydər Əliyev ədəbiyyatı sevməklə bərabər, yeri gələndə yazıçını yazıçıdan qoruyurdu, himayə edirdi, azad sözün, azad düşüncənin yanında dayanırdı. Bəlkə də bütün sənət adamlarını tək-tək tanıyaraq ona hamilik edir, arxasında durmaq kimi ümdə vəzifələri həyata keçirirdi. Böyük ədəbiyyatşünas alim Yaşar Qarayev "Müstəqillik dövrünün milli öndəri" məqaləsində yazır ki, "60-cı illərə qədər Azərbaycanda "dissident" olmaq mümkün idi. Yəni şair və yazıçıların buna "imkanları" var idi. 1969-cu ildən sonra bu imkan aradan qaldırıldı. Bəziləri təəccüb edir ki, niyə Azərbaycanda "altmışıncıların" sandıqdan, yasaqdan çıxan əsərləri olmadı? Çünki sandığa ehtiyac olmadı. Hətta Moskvada, mərkəzi jurnallarda çap edə bilmədikləri əsərlərini yazıçılar Bakıda çap edirdilər..." 

 

Azərbaycanın dəyərlərini ona tanıtdırmaq və 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Nə qədər gerçəkləşə bildi bu missiya? Zənnimcə, bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi meydana qoyuldu. Hər halda istər ölkə daxilində gedən siyasi proseslərə, məhəlli ziddiyyətlərə, istərsə də dünya siyasətində Azərbaycana qarşı aparılan əks təbliğatlara, mürəkkəb diplomatik çəkişmələrə baxmayaraq və onlara önəm verməyərək Heydər Əliyev SSRİ kimi nəhəng imperiyanın daxilində Azərbaycanın müstəqilliyə və suverenliyə aparan yollarını açmağı və aydınlatmağı bacardı.

1980-ci illər... Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı. Təbii ki, dissident siyasəti yürütdüyünə görə. Meydanda isə 1970-1980-ci illərin - Heydər Əliyev zamanının reallaşdırdığı gerçəklər sırası vardı. Ölkə və xalq adına görülən nəhayətsiz əməllərin özülünün qoyulduğu mərhələ vardı. Hamının və hər kəsin vurğulayacağı bu gerçəyin üzərinə tarix yenidən qayıdacaqdı. Çünki 1970-1980-ci illərin milli özünüdərk mərhələsi Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın müstəsna modeli idi. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı sima oldu Heydər Əliyev. Sovet epoxası daxilində bütün ölkə miqyasında sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla müasir ədəbiyyatın özünün bədii-fəlsəfi ənənəsi arasında əlaqə, körpü rolunu Heydər Əliyev icra etdi. Ədəbiyyatın uzun illərin mənəvi təmassızlığından sonra yeni bir bədii-fəlsəfi zirvədən keçmişə, özünə qayıtma dövrü məhz Heydər Əliyevin payına düşdü. Bu mərhələ milli özünüdərk, milli mənlik şüurunun dirçəldilməsinə canatım illəri kimi Heydər Əliyevin simasında dolğun mövcudluğunu yaşadı. Bu mənada, 1960-1980-ci illər ədəbiyyatında Heydər Əliyev obrazı həmişə dominantdır. Onu yetirir, stimul verir, poetikasından tutmuş problematikasına qədər alt məqamda iştirak edir. Bu, Heydər Əliyev ədəbiyyatıdır!

 

Hakimiyyətinin ikinci mərhələsində də Heydər Əliyev inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi prosesini gerçəkləşdirdi. O zaman klassiklərimizin yubileylərinin keçirilməsi barədə sərəncamlar imzalayan Heydər Əliyev bildirirdi: "Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da, mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik". Yaxud digər bir müsahibəsində qeyd edirdi ki, "Elmimizlə, mədəniyyətimizlə çox ehtiyatlı davranmalıyıq. Belə şeyləri bazar iqtisadiyyatının ayağına vermək olmaz". 

 

"Zaman keçir, hər şey durulur və Heydər Əliyevin 40 illik siyasi yaradıcılığı bu gün müstəqillik təntənəsini yaşayan Azərbaycanımızın əsasını təşkil edir. Biz desək də, deməsək də, Azərbaycanda inkişaf etmiş, böyümüş, artmış, tikilmiş, yenidən qurulmuş hər nə varsa, onun adıyla bağlıdır! Bunu danmaqsa mümkün deyil... Bu tarixdir!", - yazır yazıçı Mövlud Süleymanlı. Heydər Əliyevdən bəhs edən bütün mətnlər, əslində, bu məqama israrlıdır: Heydər Əliyev tarixdə qalıcı şəxsiyyətdir. Öyünə biləcəyimiz TƏKlərdəndir!

 

Təbii ki, Heydər Əliyevin ən dəyərli əsərlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu gün Heydər Əliyev həm də İlham Əliyevin simasında yaşayır, əbədi davam edən tarixə çevrilir. 44 günlük Zəfər salnaməsinin hər səhifəsində Heydər Əliyevin rolu, gücü, iradəsi olduğu danılmaz faktdır. Çünki Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə qazandığı ən böyük nailiyyət məhz buna yetmək olmuşdur: milli varlığın idrak məqamına! O, dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu və kifayət qədər ibrətamizdir ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih etmir. Çünki yüzillər keçəndən sonra tarix daha çox həqiqətin dilində danışır. 

Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk azərbaycanlı oldu. Bu mənada, yüzillər keçəndən sonra da tarix Azərbaycan barədə qurucunun, baninin, Ümummilli liderin, yəni Heydər Əliyevin üslubunda danışacaq!

 

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!