Nadir MƏMMƏDLİ
Şahlar Göytürk duyğulu, həssas, milli ənənələrə sadiq, ona dəyər verən istedadlı alim-şairdir. Yardımlıda dağlar qoynunda böyüyüb boya-başa çatmış, yeniyetməlik dövründən ali təhsil almağa gələnədək zəhmət dərsləri keçmişdir, bu da onun dərin mənəvi, yüksək insani keyfiyyətlər qazanmasına, yetkin bir şəxsiyyət kimi formalaşmasına, eləcə də yaradıcılığına təsirini göstərmişdir.
“Dil millətin ruhu, genetik yaddaşıdır. Dilimizin hüdudları dövlətimizin ərazisindən dəfələrlə genişdir”, – deyən Şahlar Göytürk ana dilimizi mükəmməl öyrənməyi, sevməyi, bu dildə yazıb-yaratmağı təlqin edir, Azərbaycan dövlətini 60 milyonluq azərbaycanlının iftixar, güc və ilham mənbəyi adlandırır, şərəf gətirən, Şərqdə və türk-islam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ərməğanı, milli dövlətin müqəddəs, zəfər bayrağının ən uca zirvələrdə dalğalanmasından qurur duyur:
Kökün çox dərindədir, ucalarda dalğalan,
Güvən öz qüdrətinə, sən özünə arxalan.
Ulu Cümhuriyyətdən ən qiymətli ərmağan
Göy üzünün növrağı – Azərbaycan Bayrağı!
... Elə gur dalğalan ki uzü Təbrizə sarı,
Kölgən düşsün hər yerə, çin elə xəyalları.
Bütöv Azərbaycanın eşqi, andı, vüqarı –
Sən ey zəfər sancağı, Azərbaycan Bayrağı!
Azərbaycan Bayrağı haqqında o qədr yazıblar, o qədər yazırlar ki.., onların sırasında bu şeirin yeri fərqlidir.
Söz sərrafı Şahlar Göytürkün sənətkarlıqla, çağlayan təbi ilə qələmə aldığı “Azərbaycan Bayrağı” şeiri dərin məzmunu çağdaş poeziyamızda xalqımızın azadlıq uğrunda döyüşkən, əzmkar ruhunun inikas etməsi baxımından öncül yerlərdən birini tutur. Vətən sevgisinə, bayrağına, doğma yurda dərin məhəbbət- lə hörülmüş bənzərsiz poetik fikirləri, ədəbi-ictimai rezonans doğuran misraları onun rəngarəng yaradıcılığının bəzəyidir. Məgər azadlıq uğrunda hər mücadilə edən xalq onu qazana bilibmi?! Vətəndən savayı bir vətənpərvərlik – Vətən uğrunda şəhidlik məqamı da var:
Səni yasaq etdilər, könüllərdə ucaldın,
Səhidlik məktəbindən, bir ilahi güc aldın.
Qiyamətə qoymadın, düşmənindən öc aldın,
Bitdi Tanrı sınağı, Azərbaycan Bayrağı!
O, “44 günlük savaşda düşmənin bağrını yaran”, düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan Silahlı Qüvvələrinin misilsiz xidmətlərini ictimai-siyasi səciyyəli, mübariz və zəfər ruhlu “Azərbaycan Ordusu” şeiri ilə ortaya qoyur:
44 günlük savaşda düşmən bağrını yardın,
Şəhid ətirli Vətən, qazi ətirli Ordum!
Yavaş-yavaş dirçəlir, çiçəklənir bu yurdum,
Yeni zəfərlərinlə qürurlandır ulusu,
Sənə zəfər yaraşır, Azərbaycan Ordusu!
Şahlar Göytürk tək və tənha qalanda bir özü olar, bir də daxili aləmi. Belə tənhalıq qorxulu deyil, çünki ən qiymətli sözlər, fikirlər, ağıllı düşüncələr tənhalığın bəhrəsi olur – yaradıcı insanlar tənhalıqdan zövq alırlar. Sözün dəyərini, qiymətiini, böyüklüyünü göstərmək üçün al-əlvan iplərdən də daha rəngarəng olan sözlərdən ilmə, naxış vurur, çətinə düşəndə Tanrıya üz tutur:
Dar gündə dayağım, köməyim olub,
Güc verib, can verib sözümə Tanrı.
Tanrı ilə səmimi ünsiyyəti mənəvi aləminin böyüklüyü, yaradıcılıq uğurlarıdır – deməyə sözü və meydanı, sözü eşidən, dinləyən oxucuları var. Onun kimi yaradıcı insanların sayəsində söz belə qiymət, əhəmiyyət qazanır, dərk olunur, mənəvi yükünü artırır:
Umacağım, təmannam yox,
Onsuz da ki, ürəyim tox.
Sözü sevdim özümdən çox,
Özümdən də başdır bu söz.
Əməli ilə sözü arasında heç bir fərq olmayan Şahlar Göytürk sözdən gileylənmir. Böyük ustalıq və məharətlə onu harada, necə deməyi bacardığı üçün fikirləri daim qiymətlidir. Şahlar Göytürkün halal çörəyi sözdən çıxır. O, sözünün kəsəri, dəyəri ilə seçilən – sözü eşidilən dilçi alimdir.
Müasir dilçilik elmi artıq insan dilinin fenomeninə çevrilib. Dil hər bir xalqın tarixi və mədəniyyətinin ayrılmaz hissəsidir, tarixən formalaşmış etnik düşüncə tərzi onun quruluşuna və istifadəsinə təsir edir. Lakin fərqli mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin artması dil mədəniyyətinin daha geniş və universal prinsiplər əsasında inkişafını tələb edir. Dilçilik yalnız dilləri təsvir etmir, həm də onların strukturunu, nitq faktlarını və dilin işləmə mexanizmlərini tədqiq edir. Dil müxtəlif vahidlərdən ibarət olduğu üçün onların qarşılıqlı əlaqəsinin və strukturunun öyrənilməsi tələb olunur. Dilin mahiyyətini anlamaq üçün təkcə dilçiliyin deyil, fəlsəfə, məntiq və psixologiyanın da atributlarını mənimsəmək lazım gəlir. Bunları sadalamaqda və xatırlatmaqda məqsədim məhz Şahlar Göytürkün dilçiliyin müasir problemlərini və onun digər elmlərlə qarşılıqlı əlaqəsini sistemli şəkildə tədqiq edən, araşdırma istiqamətləri çox əhatəli olan və gələcək elmi tədqiqatlar üçün mühüm əhəmiyyət daşıyan alimlərimizin birincilərindən olduğunu bildirməkdir. Elmi yaradıcılığa başlayandan dilçiliyə mühüm töhfələr vermişdir. Bir vaxtlar AMEA Nəsimi adına Dilçilik İnstitutunda işləmiş bir rəhbər kimi deməkdən qürur duyuram ki, onun kimi təcrübəli dilçiyə institutun daim ehtiyacı vardır.
Şahlar Göytürk “Uzun sözün qısası” adlı kitabında funksional dilçiliyin sistem-struktur sistemindən danışmasa da, tədqiqatları elmi-publisistik səpkidə geniş oxucu auditoriyasına ünvanlanıb. Ona görə də bu məlumatlar başa düşülən, qısalığa, lakonikliyə meyilliyi publisistikaya yaxın vasitələrdən istifadə etməklə maraqlı formada təqdim edilir. Məqsəd fikirləri birmənalı ifadə etmək, elmi faktların təsviri ilə məlumatları dəqiq çatdırmaq, informativliyi və qanunauyğunluğu gözləməkdir. Məsələn, “Televiziyalardakı dilimiz” adlı məqaləsində haqlı irad tutur: “Dilimizdə “özünəinam”, “göz təması” ifadələri varkən, nə üçün “selfkonfidens”, “ay kantakt” deyilməlidir? ”Və ya: “Aparıcı deyir: “Bylingual”, orada basırsan, pronansieyşn, hətta ingilis dilində necədir, amerikansayağı pronansieyşn necədir, onu da söyləyir”. “Yenə həmin verilişdə aparıcı belə bir cümlə işlədir: “Biri var mənim neytiv lanqvic, bir də var neytiv deyil. Onlar deyirdi ki, biz heç belə iməcin etmirik”. “Aparıcı sanki Azərbaycan dili üzərində təcrübə aparır. Dilimizin ümumişlək sözlərini ingilis sözləri ilə əvəz edir. Görəsən, aparıcını “tələffüz”, “doğma dil”, “təsəvvür” söz və ifadələrini ingilis dilində səsləndirməsinə vadar edən nədir? Axı bunlar termin deyil, ümumişlək sözlərdir”. Belə ifadələr, doğrudur, bədii-publisistik janrlar üçün xarakterikdir. Alimin obyektivliyi problemə, publisistik mətnin effektivliyinə təsirini faktlara, hadisələrə sosial-qiymətləndirici münasibət olaraq xarakterizə edir. Kütləvi kommunikasiya diskursunda bu dil fəaliyyətinin sahəsinin ən mühüm xüsusiyyətlərindən biri düzgün qiymətləndirmə, faktları seçərkən hadisələrin və ya vəziyyətlərin mənasını təhrif etməməkdir. Diqqət etdiyimiz kimi, seçim mərhələsində obyektiv fakt subyektiv işlənmənin problemi ilə üzləşir. Reallığın faktlarına əsaslanaraq, təsvirini yaradarkən hadisələri, situasiyaları, hərəkətləri, obrazların replikalarını yenidən icad etmir, sadəcə olaraq düzgün tamamlayır. Bu tamamlama subyektiv olaraq baş verənləri özünə uyğun şəkildə təkrar etmək yox, reallığın təsviri və analizi zamanı mümkün qədər etibarlı olmasıdır.
Müəllif qeyd edir ki, dilin ən çox inkişaf etdiyi publisistikada süni söz yaratmalar daha çoxdur: “Publisistikada belə sözlərə qarşılıq tapmaq cəhdləri də müşahidə olunur. Məsələn, aparıcı belə bir fikir səsləndirir: “Bir anlıq özüm düşündüm ki, “önfikir”lə, “önmühakimə” ilə mən fikirləşdim ki, bu adam niyə belə emosionaldır, bu adam niyə bu cür impulsiv reaksiya verir?” Aparıcı sanki qınağa tuş gəlməmək üçün süni şəkildə söz yaratmağa cəhd edərək “önyarğı” sözünün əvəzinə “önfikir”, “önmühakimə” sözlərini işlədir”. Publisistikada qiymətləndirmə seçimlə sıx əlaqəlidir, təsirli nitqdə nominasiya çox nadir hallarda neytral olur. Publisistik nominasiya obyekt haqqında əldə edilmiş biliklərin bir hissəsini əhatə edir və bunlar ünvanlı tərəfindən qavranıldıqda, onun şüurunda emal edilərək fərdi modelinin bir hissəsinə çevrilir: bu intensional kateqoriya publisistik mətndə müəyyən bir ideologiyanın formalaşmasına kömək edir və cəmiyyətdə təsdiqlənir, bu isə yaxşı qarşılanmır. Publisistik mətn cəmiyyətin ideoloji modelinin ən vacib tərkib hissəsidir. Şahlar Göytürk müəyyən bir fikri təsdiq və ya təkzib edə biləcək, öz-özlüyündə ideyaya çevriləcək sözün dəqiq seçilməsini vacib məsələ kimi qarşıya qoyur.
Elmi mətnlərdə elmi təfəkkür fəaliyyətinin mərhələ və üsulları əks olunur – faktlara əsaslanaraq, müəyyən təzahürü izah edən hipotez irəli sürülür, onun sübut yolları tapılır, elmi biliklərin, tədqiqatların nəticələri nəzərə alınaraq, ümumi sistem dərk edilir. Şərhlər məntiqi ardıcıllığını, əlaqənin nizamlı sistemini, məzmun zənginliyini qorumaqla dəqiq, yığcam, birmənalı xarakterizə olunur. Məsələn, dilimizdəki tarixi dövrlərdən bəhs edərkən bildirir ki, sabit birləşmələr gündəlik nitqdə deyil, dilin tаriхi inkişаf prоsеsində tədricən sаbitləşir və danışarkən biz onlardan hаzır şəkildə istifadə edirik. Formalaşma prosesində sözlər öz müstəqil leksik mənasını itirərək məcazlaşır və tamamilə yeni bir mənanın yaranmasına xidmət edir:
Təzə qalsın (qarğış)
Abrım yoxdur (paltar mənasında)
Əlində, ayağında dağıt (sağlıqla geyin)
Qatma bağlamaq (ələ salmaq)
Əli üzündə qalmaq (mat qalmaq) və s.
Şahlar Göytürk Azərbaycan dilçiliyində ilk dəfə olaraq dialekt və şivələrimizdə somatik frazeoloji vahidlərə nəzəri cəhətdən münasibət bildirmiş, onların leksik-qrammatik, struktur-semantik xüsusiyyətlərini araşdırılmışdır.
Elmi üslubun əsas funksiyası yalnız məntiqi məlumatları ötürmək deyil, həm də onun doğruluğu, yeniliyi və dəyərini sübut etmək, elmi nailiyyətlərimizi zənginləşdirməkdir. Koqnitiv funksiya dilin ümumi sistemi ilə müqayisədə ön plana keçir. Məsələn, Sibirdən tutmuş Balkanlara qədər yayılmış, qədim bir türk etnonimindən yaranmış Alar toponiminin adının təhrif edilərək Allar şəklinə salınmasına etirazını bildirən Şahlar Göytürk bu toponimin daha əvvəllər mövcud olduğunu elmi əsaslarla sübut edir.
Müəllif kitabda oğuz tayfa ittifaqına daxil olan təkləlilər haqqında zəngin tarixi-etnoqrafik məlumatlar verir. Eyni elmi-nəzəri fikirləri par kök morfemin müxtəlifsistemli dillərdə necə təzahür etməsi, hansı quruluş modellərinin mövcud olması haqqında da demək olar.
Elmi üslubun əsas funksiyalarından biri məntiqi düşüncəni aktivləşdirməsi, qeyri-mütəxəssislərdə elmi məlumatlara maraq oyatmasıdır. Bu üslubun dəqiqliyi, birmənalılığı və müəyyənliyi onunla bağlıdır ki, elmi biliklərin hər bir sahəsində fərqli əlamətlərə görə ümumiləşən anlayış sistemi mövcuddur. Bu məsələ müəllifin 2020-ci ilin sentyabrından cəmiyyətdə çaşqınlıq yaradan “Xankəndinə, yoxsa Xankəndiyə” sualına cavab məqaləsində öz əksini tapır. Onun qənaətinə görə, hər bir sözün öz vurğusu olduğu üçün ll növ əsasında əmələ gəlmiş yer adları yönlük halda bir qayda olaraq “n” bitişdiricisi ilə işlənir. Xankəndi adı bitişik yazılan mürəkkəb söz olduğu, yəni söz birləşməsi olmadığı üçün yönlük halda “Xankəndiyə” şəklində yazılmalıdır. Analoji olaraq “Kəlbəcərin İstisuyu” yox, “Kəlbəcərin İstisusu” olmasını da əsaslandırır.
Şifahi nitqdə düzgün olmayan səslənmə zamanı yazılı nitqdə çox nəzərə çarpmayan hərf fərqi məna yanlışlığına gətirib çıxarır; hər bir dil vahidi, dil işarəsi müəyyən bir məna ifadə edir, paronimlər ifadə ilə məzmun vəhdətinin pozulmasıdır. Təəssüf ki, orfoqrafiya lüğətinin tərtibi zamanı bu nəzərə alınmayıb. Müəllif konkret olaraq eyni kökdən yaranan səbr və səbir sözlərini misal çəkir.
Alınma leksika bu cəmiyyətin həyatında baş verən dinamik proseslərin əks olunmasında müəyyən yer tutur. Müəllif dilə kommunikativ, obyektiv yanaşmada onların müasir dilçilik paradiqmasındakı yerini göstərə bilmişdir. İmplisit xarakterli şərhləri suppozisiyalar və məntiqi mövqeyinin tətbiqi ilə həyata keçirir, inandırma strategiyasını elə qurur ki, o ünvanına – informasiya istehlakçısına təsirini, mətnin və alt mətnin məlumatlarını uyğun şəkildə dekodlaşdırmanı, müasir elmi-publisistik diskursun manipulyativ xarakterini göstərə bilir. Mətnin müəllifi mövqeyini təqdim edərkən auditoriyanın etibarını qazanmağa çalışır.
Şahlar Göytürkün tədqiqatı, analitik düşüncə tərzi funksiyadan formaya və formadan funksiyayadır, doğru olaraq belə nəticəyə gəlir ki, dilin funksiyası dil vahidinin funksiyasıdır, qarşılaşdırıldıqda onlar da eyni deyillər: dilin funksiyası dil sisteminin funksiyasına bərabərdir. Əsas odur ki, kitabda verilmiş mətnlərdə nitq manipulyasiyası yox, müasir Azərbaycan dilində baş verən fəal proseslərdə, kommunikativ və dil motivasiyası, dilxarici və dildaxili təsirlərin qarşılıqlı əlaqələrinin öyrənilməsində ədəbi normaların yaxşı mənada yenilikçi transforma- siyası, mədəni dil-nitq azadlığı var!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!