Özümüzə borc bilirik, yaxud may ayının 8-də - Zahid ASLAN

Qara Namazov-95

Azərbaycan şifahi xalq ədəbiyyatı, eyni zamanda müasir və klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Qara Mustafa oğlu Namazov 1930-cu ildə Qərbi Azərbaycanın Qazax qəzası Dilcan rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. 

Qara Namazovun bir çox yazılı qeydlərindən bəlli olur ki, onların nəsil şəcərəsinin kökü qədim Maq tayfalarına gedib çıxır. Mənsub olduqları tayfaya Qaraqoyunlu dərəsində Asdanalılar deyərmişlər. Asdanalıların isə kökü Mağasuflu adlanır. Deyilənlərə görə, çox qədim ocaq (pir) olan Mağasufluya pənah gətirənlər arzusuna, mətləbinə çatar, ocaqda qurbanlar kəsərmişlər. Asdanalının ulu babası Tanrıverdinin ulu babasına Maq Usuf deyirmişlər. Ümumiyyətlə, bu tayfadan olanlar əvvəllər Qaraqoyunlunun Çaykənd kəndində Girdman məhəlləsində yaşamışlar. Bu da bizə belə deməyə əsas verir ki, Girdman çayının sahili Maqların məskəni olub. Qara Namazov özü də bu mövzuda xeyli araşdırmalar aparır, müəyyən edir ki, Maqların qədim məskəni olan bu ərazilərdə kahinlərin mağaraları indi də mövcuddur.  

 

Tarixi vərəqləsək, görərik ki, 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə azərbaycanlılara qarşı planlı şəkildə deportasiya və soyqırımı siyasəti aparılmış və bugünkü monoetik Ermənistan Respublikası yaranmışdır. Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı nəticəsində xalqımız tarix boyu ağır məhrumiyyətlərə, faciələrə məruz qalmışdır.  Yeri gəlmişkən, qeyd edək ki, Qara müəllimin ulu babası Törə Qurban da 1905-ci ildə Salah kəndində baş verən erməni-müsəlman davasında  şəhid olmuşdur. 

 

Qara Namazov 1939-1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində 9-cu sinfə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir. 

Qara Namazov 1949-1950-ci illərdə ADPU-də (keçmiş Lenin adına Pedaqoji İnstitut) təhsil alsa da, ordu sıralarına çağırılmış (1951-1955), Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbində oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin məxfi şöbəsinin rəisi vəzifəsində işləmişdir. Əsgərlik illərində müəyyən səbəblərdən cərrahi əməliyyat keçirən Qara Namazov xəstəxanada yatmalı olur. Xəstəxanada "Ruqiyyə və Həmrah" dastanını türkmən dilindən tərcümə edir, elə xalq ədəbiyyatı və aşıq yaradıcılığı ilə tanışlığı məhz buradan başlayır.  

 

 

1956-1961-ci illərdə Bakı Dövlət Universitetində (o zaman ADU) filologiya fakültəsinin Kitabxanaçılıq şöbəsində təhsil alan Qara Namazov həmin illərdə dövri mətbuatda ilk şeirləri ilə çıxış edir: "Mən", "Kəndimizin qızları" ("Sovet Ermənistanı" (almanax) 1956), "Dağlar" ("Gənclik nəğmələri" (almanax) 1957), "Bir qərinədə" (S.Vurğun haqqında poema) ("Ədəbi Ermənistan" 1957), "Ana" ("Lenin yolu", 1958), "Bulağın vəfası", "Kitab", "Qonşu qızı" (şeirlər) ("Ədəbi Ermənistan" 1959), "Ömür dastanımı varaqladıqca" ("Lenin tərbiyəsi uğrunda" 1959), "Sarı yarpaq" ("Tər çiçəklər" (almanax) 1959), "İstəyir", "İnsan" ("Lenin yolu", 1960), "İki damla yaş", "Onda mən anlatdım, indi sən" ("Aprel çiçəkləri" (almanax) 1960) və s. Həmçinin bu illərdə universitetin komsomol komitəsində mədəniyyət işləri üzrə şöbə müdiri vəzifəsində çalışmışdır. 

 

Şeir yaradıcılığının ilkin mərhələsində aşıq üslubu, lirik təssvirlər üstünlük təşkil etmiş, lakin sonralar yazdığı şeirlərdə sosial mühit və problemlərə münasibət daha aktual xarakter almışdır. Qara Namazov öz şeir yaradıcılığı haqqında belə yazır: "1950-60-cı illərdə Aşıq şeiri tərzində, M.P.Vaqif, S.Vurğun təsiri, ən çox da, gözəlliyi ilə görəni heyrətə gətirən vətən məhəbbəti məni şeir yazmağa sövq etdi. İfadələrim hələlik kövrək olsa da, içimdən gəlirdi. İçəridə cücərib üzə çıxan hər hansı bir fikir əlbəttə, təbiidir..." 

 

Qara Namazov 1950-1960-cı illərdə yazdığı şeir və hekayələrin bir qismini toplayaraq 2008-ci ildə "Nurlan" nəşriyyatında professor İsmayıl Vəliyevin redaktorluğu ilə "Gecikmiş nəğmələr" adı ilə 352 səhifə həcmində çap etdirmişdir. Bu kitabla tanış olarkən Qara Namazovun bütün yazılarında doğma torpağa sevgisini, məhəbbət dünyasını lirik lövhələrlə təsvir etdiyinin şahidi oluruq: 

 

Yurdum, yuvam qoynundadır,

Bəzənibsən gülə, dağlar.

Əzəmətli vüqarınla 

Düşdün dildən-dilə, dağlar. 

 

İlk baharda çaylar axar, 

Göy kişnəyər, şimşək çaxar.

Başın üstə duman qalxar, 

Sel qarışar selə, dağlar. 

 

Yay ayları səndə qaldım, 

Gədikləri seyrə daldım,

Hər çiçəkdən nəfəs aldım,

Gəldi sazım dilə, dağlar.

 

Dərələri qoşa-qoşa,

Yaylaqları bir tamaşa,

Etibarlı yar-yoldaşa

Sən də hörmət elə, dağlar.

Unutmayaq gəl ilqarı,

Səndə qoydum vəfadarı,

Bir gün Qara sənə sarı

Gələr gülə-gülə, dağlar.

 

1959-1962-ci ilin aprelinə qədər BDU-nun Elmi Kitabxanasında biblioqraf, sonra isə filialda şöbə müdiri vəzifəsində işləmişdir. 

Qara Namazovun 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru təyin edilməsi onun elmi yaradıcılıqla məşğul olması üçün gözəl şərait yaradır. Zəngin mütaliə, qiymətli ədəbiyyatlarla yeni tanışlıq elmi yaradıcılığa onda meyil yaradır və beləliklə, Qara Namazov 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturada təhsil almağa başlayır. 1966-cı ilin sentyabr ayında müsabiqə yolu ilə BDU-ya müəllim vəzifəsinə qəbul edilir.  

 

1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı (1920-1940-cı illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alır. Beləliklə, elmi fəaliyyətlə məşğul olması onu bədii yaradıcılıqdan tədricən uzaqlaşdırır. Bu illərdə Qara Namazovun bir neçə əhəmiyyətli elmi tapıntılarını da xüsusi qeyd etməliyik: birincisi, V.Şufun "Şamaxı müsibəti" poemasını tapıb doğma dilimizə çevirməsi, ikincisi isə, Vaqif haqqında 1828-ci ildə yazılmış bir əlyazmanı üzə çıxarmasıdır. Bu əlyazmada Vaqifin 12 şeiri və orta əsr şairlərinin şeirlərindən nümunələr verilmişdir. Növbəti tapıntılardan biri isə, 1901-ci ildə "Russkiy vestnik" jurnalında çap olunmuş "Qaçqın" romanı haqqında olan məlumat idi. Hər biri haqqında dövri mətbuatda məqalə ilə çıxış edən tədqiqatçı Qaçaq Kərəm haqqında XIX əsr rus mətbuatında çap olunan məlumatları da araşdırmağa başlayır. 

Qara Namzovun tərcüməçilik fəaliyyəti haqqında da bəhs etmək istərdik. Onun müxtəlif illərdə çap etdirdiyi əsərlər içərisində dilimizə çevirdiyi əsərlər də vardır ki, bunlar da oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Məsələn, Vladimir Şuf (Borey) "Şamaxının məhvi" ("Səlimə poemasından parça") ("Ədəbiyyat və incəsənət" qəz., 1965. Qeyd edək ki,  bu əsər arxivdən ilk dəfə Qara Namazov tərəfindən aşkar edilmişdir. Şamaxı zəlzələsindən bəhs edən bu poemanı (1902-ci il. "Səlimə" "Qibel Şamaxı") tərcümə edərək, "Azərbaycan" jurnalında (№4) tam şəkildə 1969-cu ildə çap etdirmişdir); həmçinin Yan Raynis "Çıxın: Seçilmiş şeirlər" (1965); Lesya Ukrainka "Həqiqət", "Ümid", "Əzəl arzu" ("Azərbaycan" jurnalı, 1971); V.Konstantinova "Dörd misra" ("Azərbaycan" jurnalı, 1972) və s. əsərləri tərcümə edərək oxucuların istifadəsinə vermişdir.       

 

1969-1970-ci illərdə Azərbaycan Sovet Ədəbiyyatı kafedrasında dosent vəzifəsinə keçmişdir. Aşıq yaradıcılığının öyrənilməsi istiqamətində araşdırmalarını davam etdirən Qara Namazov orta yüzillərin aşıq və saz şairləri haqqında silsilə məqalələrini mətbuatda ardıcıl olaraq dərc etdirmişdir. Eyni zamanda 1980-ci ildə çap etdirdiyi "Aşığın sazı və sözü" monoqrafiyasında aşıq sənətini tarixin dərin qatlarında araşdırmağa başlamış, əhəmiyyətli elmi mülahizələr irəli sürmüşdür. Lakin çox təəssüf olsun ki, bu kitab nəşriyyatda ixtisarlara məruz qalmış, belə ki, 6 çap vərəqi nəzərdə tutulan əlyazmanın çapı 2 çap vərəqi həcminə endirilir. Təbii ki, o dövrdə bu cür hallar nəşriyyatlarda tez-tez baş verirdi, bu da kitabın mahiyyət etibarı ilə məzmununa çox ciddi ziyan vururdu. Buna baxmayaraq, kitab tez bir zamanda satılır, oxucular tərəfindən rəğbətlə qarşılanır. Onu da qeyd edək ki, Abbas Zamanovun vasitəsilə bu kitabdan bir neçə nüsxə əldə edilərək Türkiyəyə və İrana göndərilir. 

 

1984-cü ildə ölkəmizdə keçirilən Azərbaycan aşıqlarının dördüncü qurultayı ərəfəsində Qara Namazovun "Azərbaycan aşıq sənəti" adlı kitabı Azərbaycan və rus dillərində çap edilərək oxuculara ərməğan edilir. Eyni zamanda 1984-cü ildə Qara Namazovun "Abbas Tufarqanlı", "Aşıq Ələsgər", "Aşıq Şəmşir", "Aşıqskoe iskusstvo Azerbaydjana", "Azərbaycan aşıq sənəti", "Dədə Qorqud öyüdləri", "Hüseyn Bozalqanlı"; "Xəstə Qasım", "Koroğlu", "Qaracaoğlan", "Qurbani", "Molla Cümə", "Sarı Aşıq" adlı xeyli sayda kitab və kitabçaları əsasən, "Yazıçı" və "Gənclik" nəşriyyatları tərəfindən çapdan buraxılmışdır. 

Qara müəllimin aşıq yaradıcılığı ilə bağlı elmi tədqiqatlarını davam etdirərək ərsəyə gətirdiyi "Aşıqlar" (biblioqrafik məlumat kitabı) (2004, "Səda" nəşriyyatı), eyni zamanda  "Ozan-aşıq sənəti" (2013, "Elm və təhsil" nəşriyyatı) adlı kitabları xüsusilə diqqəti cəlb edir.

 

"Aşıqlar" adlı biblioqrafik məlumat kitabında ilk dəfə olaraq ozan və aşıqlarımızın həyatı haqqında məlumat verilir.  

"Ozan-aşıq sənəti" adlı kitabda isə Şərqdə böyük şöhrət qazanmış ozan-aşıq sənəti, onun qədim qaynaqları, təşəkkülü, inkişaf yolu, bu sənətin ulu yaradıcıları - Qorqud Dədənin sələfləri və xələflərinin lirik şeirləri, dastan yaradıcılığı həm tarixi, həm də bədii dəyəri baxımından araşdırılmışdır.       

 

Qara Namazovun doktorluq dissertasiyası "Azərbaycan uşaq və gənclər ədəbiyyatının əsas problemləri (1920-1985-ci illər)" mövzusuna həsr edilmişdir və eyni ildə, yəni 1987-ci ildə Azərbaycan Sovet Ədəbiyyatı kafedrasına professor seçilmişdir.   

Qeyd edək ki, Qara Namazov ölkəmizdə ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaratmışdır. Belə ki, 1974-cü ildə "Azərbaycan uşaq ədəbiyyatı fənninin proqramı"nı (ali məktəblər üçün) 34 səhifə həcmində tərtib etmiş və bu proqramın əsasında 1984-cü ildə "Azərbaycan uşaq ədəbiyyatı" yazıb ərsəyə gətirdiyi dərslik professor Teymur Əhmədovun redaktorluğu ilə işıq üzü görmüşdür.  

Burada xüsusilə qeyd etmək lazımdır ki, keçmiş SSRİ miqyasında ilk dəfə olaraq Qara Namazov tərəfindən uşaq ədəbiyyatı antologiyası işlənib hazırlanmışdır: Məsələn, "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" (tərtib və Ön söz; 1975-1976). 

Eyni zamanda Qara Namazovun uşaq ədəbiyyatı sahəsində toplayıb tərtib etdiyi kitablar və müəllifi olduğu digər əsərlər müxtəlif növlərdə və tiplərdə çap edilmişdir: Səməd Vurğun "Uşaq bağçası" (toplu; 1975); "Mənim ilk kitabım (toplu)" (1981), "Balalara töhfə (XX yüzil uşaq şeirləri toplusu)" (1982); "Dünyanı verək uşaqlara (şeirlər və hekayələr)" (1983), "Gəl, gəl, a yaz günləri" (toplu; 1984), "Uşaq ədəbiyyatı fənninin proqramı" (1989), "Ata və oğul (Dünya uşaq ədəbiyyatı seriyası 50 cilddə)" (tərtib, şərh və Ön söz; 1990), "Qara kəl asta gedər" (rəsmli toplu; 1996); "Tap tapmaca" (1996), "Sanamalar" (rəsmli toplu; 1996), "Yanıltmaclar" (bədii nümunələr, 1996), "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" (3 cilddə: 2005), "Azərbaycan uşaq ədəbiyyatı" (dərslik; 2007) və s. nümunələr göstərmək mümkündür.

 

Professor Qara Namazov dəfələrlə xarici ölkələrə elmi ezamiyyətlərə göndərilmiş, mühüm əhəmiyyətli mövzularda məruzələr etmişdir. Məsələn, 1977-ci ildə  Bolqarıstan respublikasına səfəri zamanı "Azərbaycan-bolqar ədəbi əlaqələri" məruzəsində S.Vurğunun "Ölüm kürsüsü" poemasından ətraflı bəhs etmişdir; 1991-ci ildə Türkiyənin 19 Mayıs Samsun Universitetinə dəvət almış və o, universitetdə, eyni zamanda Sinopda və s. şəhərlərdə Azərbaycan şifahi xalq ədəbiyyatının problemləri ilə bağlı geniş məruzə etmişdir; 1996-cı ildə Türkiyənin Silifke şəhərində keçirilən uluslararası xalq yaradıcılığı toplantısında və festivalında nümayəndə heyətinin rəhbəri kimi iştirak etmiş, "Türk sözünün açımı" və "Azərbaycan-türkmən şifahi xalq ədəbiyyatı əlaqələri" mövzusunda məruzələrinə görə mükafata layiq görülmüşdür. Həmçinin Silifke və Uşşaq şəhərlərində keçirilən festivalda aşıq sənəti haqqında etdiyi məruzəyə görə də mükafat almışdır. Qara Namazov 2004-cü ildə İsveçin Göteborq və Norveçin Oslo şəhərlərində  Füzulinin 510 illik yubiley tədbirinə dəvət olunmuş, "Azərbaycanda Füzuli irsinin öyrənilməsi tarixindən" mövzusunda məruzə ilə çıxış etmişdir. Bu məruzə Türkiyədə çap edilən "Baykara" (2008, №1) toplusunda işıq üzü görmüşdür.   

 

Qara Namazovun əhəmiyyətli işlərindən biri də M.Ə.Rəsulzadənin Türkiyə mətbuatında çap olunan 2000-ə yaxın məqaləsinin surətini əldə edərək, respublikamızda ədəbiyyat və incəsənət arxivinə təqdim etməsi olmuşdur.   

Qara Namazovun tədqiqatlarında əsas yerlərdən biri də Amerika qitəsində yaşayan Qızıldərəlilərin türksoylu olması və onların bəzi boylarının məhz Azərbaycandan getməsi ilə bağlı olmuşdur. Qara Namazovun bu mövzuda yazdığı bir çox elmi məqalələri diqqəti cəlb edir: "Oğuz yurddaşlarının sorağı" ("Oğuz eli" 14 aprel 1992), "Amerika qitəsində qədim türklər" ("Yeni fikir", 14 dekabr 1995), "Amerika qızıldərəliləri türksoyludur" ("Altay dünyası", 1998, №2), "Amerika qızıldərəliləri türksoyludur" ("Respublika", 14 yanvar 1998, №7) və s. 

 

2010-cu ildə "Ç.Çorçvodun tarixi kəşfləri" adlı kitabı 168 səhifə həcmində çap edilir. Kitabda Sakit okeanın dərinliklərinə qərq olmuş MU qitəsi, orada tarixən məskunlaşmış xalqlar, onların dinləri, adətləri, Böyük uyğur İmperiyası, onun sərhədləri barədə bir çox əhəmiyyətli faktlar yer almışdır. Bu tarixi faktlar Mustafa Kamal Atatürk tərəfindən oxunmuş, Cümhuriyyət qurulduqdan sonra türklərin və Anadolu insanlarının kökünü araşdırmaq üçün 1930-cu ildə "Türk Tarix Qurumu" yaradılmışdır. Atatürkün arxivindən tapılan bu mühüm tədqiqatı bizə təqdim edən görkəmli alim Qara Namazov olmuşdur. Qeyd edək ki, bu kitab bir il sonra yenidən eyni həcmdə və tərtibatda təkrar (2011) çap edilmişdir.

Qara Namazovun 1963-cü ildən 2000-ci ilədək bir dövrü əhatə edən seçilmiş məqalələri, toplayıb yazıya aldığı folklor örnəkləri (rəvayətlər, aşıq rəvayətləri, bayatılar, nağıllar və s.) bir yerə toplanaraq "Yazılan qalar" adı ilə 293 səhifə həcmində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən 2017-ci ildə çapa tövsiyə edilmişdir. Kitabda təqdim edilən məqalələr "Seçilmiş məqalələr", "Folklor örnəkləri", "Rəvayətlər", "Qaçaq Cəfərqulu ilə bağlı rəvayətlər", "Aşıq Kərəmin əhvalatları", "Qaçaq Kərəmlə bağlı rəvayətlər", "Aşıq Ələsgərlə bağlı rəvayətlər", "Nağıllar", "Aşıqlar və el şairləri", "Aşıq rəvayətləri", "Xatirələr" başlığı altında sistemləşdirilərək tərtibata daxil edilmişdir.    

Qeyd edək ki, Qara Namazov 250-dən çox elmi məqalənin, 100-ə yaxın kitabın elmi redaktoru, rəyçisi, Ön söz müəllifi, tərtibçisi olmaqla bərabər, eyni zamanda şifahi xalq ədəbiyyatı və müasir ədəbiyyatdan 30-dan çox doktorluq və namizədlik dissertasiya işlərinə opponent və elmi rəhbər olmuş, bir çox nüfuzlu alimlərin yetişdirilməsində əhəmiyyətli rol oynamışdır. Bütün elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən qiymətləndirilmiş, bir sıra mükafatlara layiq görülmüşdür: 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi", 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə (Prezident İlham Əliyevin 10 oktyabr 2009-cu il sərəncamı) "Şöhrət"ordeni, 2009-cu ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Qızıl Qələm media mükafatına, 2011-ci ildə Azərbaycan Jurnalist Həmkarlar İttifaqının və Qafqaz Müsəlmanları İdarəsi Elmi-dini Şurasının təltif etdiyi Xalqın nüfuzlu Ziyalısı fəxri diplomuna layiq görülmüşdür.   

 

Bu il may ayının 8-də görkəmli alim Qara Namazovun 95 illiyi qeyd olunur. Bu ərəfədə görkəmli alimin həyat və yaradıcılığına təkrar nəzər salmağı özümüzə borc bildik.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!