Şopenhauer. "Pessimist fəlsəfə"nin optimist nümayəndəsi - Firuz MUSTAFA

O, vegetarianlığı təbliğ etsə də, ət xörəklərini, ümumiyyətlə yeyib-içməyi xoşlayırdı.

O, qadınlara nifrət etsə də, varidatının bir qismini vaxtilə sevdiyi qadına vəsiyyət etmişdi.

Onu öləndən sonra dahi kimi qəbul etdilər.

O, Hegeli qəbul etmirdi.

O, eqoist idi.

Artur Şopenhauer - (22 fevral 1788-ci il, Qdansk-21 sentyabr 1860-cı il, Frankfurt-na-Mayn) alman filosofu, irrasionalizmin ən tanınmış nümayəndələrindən biri və "pessimist filosof" kimi qəbul olunub...

Artur Şopenhauer təbiətən qəribəliklərə malik bir insandı. O, Avropada həmin dövrün anlayışına görə "ahıl subay" kimi yaşamış, daxili və mənəvi azadlığı ilə tanınmış, adi həyati nemətləri əhəmiyyətsiz saymış, sağlamlığı birinci yerə qoymuş, mühakimələrində sərtliyi ilə fərqlənmişdir. O, son dərəcə şöhrətpərəst və həssas idi. İnsanlara inamsızlıq və həddindən artıq şübhəkarlığı ilə seçilirdi... 

Sanki fəlsəfə tarixində, ümumiyyətlə tarixdə iki Artur Şopenhauer mövcud olub. Birisi mütəfəkkir Şopenhauerdir ki, çoxlarını öz parlaq fikirləri, orijinal düşüncələri ilə heyran qoyur. İkinci Şopenhauer isə mizantrop - insanlara nifrət edən, eqoist, antisemit, bir sözlə, adam içinə çıxarılması mümkün olmayan Şopenhauer. Görünür, elə buna görə də işini yaxşı bilib o, adam içinə çox da çıxmırdı. Daha çox itlərlə dost idi. "İkili", təzadlı adam olduğu, üstəlik, ondan bilinirdi ki, sadə həyat tərzini təbliğ etsə də, zəngin yaşayırdı, vegetarianlığı təbliğ etsə də, yeyib-içməyi və xüsusən əti xoşlayırdı. Şıq geyinməyi sevirdi. 

Onun yüksək dilöyrənmə qabiliyyəti vardı. Doğma dili ilə yanaşı, latın, ingilis, fransız, italyan və ispan dillərini mükəmməl bilirdi. Ən çox vaxtını ikiotaqlı mənzilindəki kabinetində kitablar arasında keçirirdi...

Şopenhauer belə hesab edirdi ki, həyatda aktiv iştirakçı olmaq insanı əzaba sürükləyir. Həyat səhrasındakı yeganə vahə estetik müşahidədir: bu, insanı sıxan iradi impulsları keyləşdirir və nəticədə fərd onu sıxan ehtirasların yükündən azad olaraq hadisələrin mahiyyətinə nüfuz edir.

Bu intuisiyaya əsaslanan, irrasional (ağılüstü) və mistik bir anlayışdır, lakin bu anlayış başqalarına sənətkarlıq dünyagörüşü ilə çatdırılır. Bu mənada, Şopenhauer idrak nəzəriyyəsində elmi sübutun dəyərini qəbul edərkən, estetik intuisiyanı fəlsəfi yaradıcılığın ən yüksək forması hesab edir: "Fəlsəfə anlayışlardan ibarət bədii əsərdir. Fəlsəfə çoxdan boş yerə elm yolu ilə axtarılırdı, halbuki onu incəsənət yolunda axtarmaq lazım idi".

Şopenhauer "kafi qanunu"nun təhlilində öz-özünə aydın olan həqiqətlərin təbiətini və sayını müəyyən etməyə çalışır. O, qeyd edir ki, "bütün təsəvvürlərimiz subyektin obyektləridir və bütün subyektiv obyektlərimiz bizim təsəvvürlərimizdir". Bunun nəticəsində, bütün təsəvvürlərimiz bir-biri ilə qanunauyğun əlaqədədir, bu əlaqə forması ilə apriori müəyyən edilə bilər. Beləliklə, təcrid olunmuş və müstəqil bir şey bizim obyektimiz ola bilməz. 

...Şopenhauer hələ uşaqlıqdan səfər etmək imkanı sayəsində estetik zövqünü inkişaf etdirə bilmiş və gözəllik duyğusu onda, xüsusilə, klassik dünya ilə tanışlıq zamanı güclənmişdir. O, estetik zövqü həyatın çətinliklərində böyük bir təsəlli kimi tapmışdır: bu, həyat səhrasında bir vahədir. İncəsənətin mahiyyəti əbədi mükəmməl olan Arxetiplər - ideyalar və dünya iradəsinin hər hansı iradə tərkibindən azad müşahidə zövqündə dayanır.

Şopenhauer öz estetik baxışlarında əsasən incəsənətin metafizik məzmununu vurğulayır, gözəlliyin formal şərtləri və tarixi inkişafı üzərində daha az dayanır. 

Şopenhauer iddia edirdi ki, incəsənət həqiqəti ifadə etməyin ən yüksək formasıdır və özünü əzabdan azad etməyə kömək edəcək bir üsul, bir vasitə kimi çıxış edə bilər.

Şopenhauer incəsənətin bir növü kimi musiqiyə böyük önəm verirdi. O, hesab edirdi ki, musiqi iradənin obyektivləşməsinin hər hansı bir mərhələsinin ifadəsi deyil, "iradənin özünün təsviri" və onun dərin mahiyyətinin ən bütöv mistik ifadəsidir. Buna görə də musiqini mətnlə bağlamaq, onu xüsusi hisslərin ifadəsi üçün alət etmək (məsələn, operada) əslində onun əhəmiyyətini daraltmaq deməkdir. Musiqinin əsasını intonasiya təşkil etdiyi üçün o, qismən də olsa, bizim şüuraltımızda iz buraxaraq sözlə əlaqəli emosional məzmunlu intonasiyalara müraciət edir, eyni zamanda abstrakt və subyektivdən kənarda qalır. Şopenhauer musiqi toxumasının funksiyaları ilə iradənin obyektivləşdirilməsinin təcəssümü arasındakı əlaqəyə xüsusi diqqət yetirir. Bas (musiqidə aşağı səs tembri) sanki planetar bir kütlə, melodiyanın səsləri isə insan ruhunun incə təkanlarının təcəssümüdür. Bununla yanaşı, Şopenhauer estetik göstərişlər də verərək qeyd edir ki, basa sürətli arpeggio (arpedjo -akkordların simdə ifa tərzi) və tril (trel - notların əvəzlənməsi) tətbiq etmək olmaz. Çünki temperasiyadan (temperasiya - musiqidə korreksiya, "dəyişmə") uzaqlaşmaq eybəcər monstrların yaranmasına gətirib çıxarır.

İncəsənətdə faciənin rolunu yüksək qiymətləndirən Şopenhauer, komik olanı da nəzərdən qaçırmır. Maraqlısı budur ki, filosof həm də gülüşün xüsusi nəzəriyyəsini təklif edir...

Şopenhauerə görə, xoşbəxtlik - mənfi bir ölçüdür. O, hesab edir ki, hər bir zövq yolumuzda duran müxtəlif maneələrin aradan qaldırılmasına xidmət edir, müvəqqəti bir şeydir və buna görə də uzun sürmür. Bunun nəticəsində insan ümidsizliyə qapılmamalıdır. O, sadəcə olaraq həyatın zövqləri və sevincləri ilə yaşamalı deyil, yolda qarşılaşacağı saysız-hesabsız çətinliklərdən qaçmağa diqqət yetirməlidir.

Məşhur filosof qadınlara nifrət edir və onlardan çəkinirdi. Əslində, gəncliyində qadınları sevib, sonralar nifrət edib. Uzun ömrünü subay yaşayıb. Onun məşhur bir məsəli var: "Qadınlarsız yaşaya bilməyən kişi yalnız ginekoloq ola bilər"... Düzdür, o, ilk gəncliyində özündən on bir yaş böyük olan opera müğənnisi Karolin Yagemann (Jaqemann) adlı xanıma vurulmuş, onunla evlənmək istəmiş, lakin arzusu gözündə qalmışdır. Qadın onu qətiyyən saya salmamışdır. Amma... maraqlı bir detalı da qeyd etmək lazımdır. Belə ki, Artur Şopenhauer ömrünün sonunda öz varidatının mühüm bir qismini bir zamanlar sevdiyi Karolinaya vəsiyyət etmişdir. Artıq bu vaxt qadının üç övladı və əri vardı. Bu cür hərəkəti yalnız Şopenhauer kimi zəka və ürək sahibləri edə bilərdi.

Artur Şopenhauer sevginin bir illüziya olduğunu hesab edirdi. Ona görə insan, arzularının yerinə yetməməsindən əziyyət çəkir, arzular yerinə yetirildiyi təqdirdə isə toxluqdan əzab çəkir.

Lakin bütün bunlara baxmayaraq Şopenhauerin qadınlar və sevgi haqqında maraqlı və mübahisəli mülahizələri vardır.

Artur Şopenhauerin mühüm, başlıca fikirləri "Dünya iradə və təsəvvür kimi" əsərində əks olunub. Kitabın elə adından da görünür ki, o, nəyi təqdir və təsvir etməyə cəhd göstərib...

Şopenhauerə görə, dünya iradəsi bütün təzahürlərində eyni mahiyyətə malikdir. Reallıq dünyasındakı bütün obyektlər iradənin obyektivləşməsi nəticəsidir. Lakin müxtəlif obyektlər və varlıq sahələrində bu obyektivləşmə səviyyəsi fərqlidir.

Bəs həyatın mənası nədir? Bizə məlum olan həyat, Şopenhauerin ifadəsi ilə desək, bir növ, "hansısa axmaq tərəfindən danışılan Maqbet hekayəsi"nə bənzəyir. Şopenhauerin cavabı isə sadəcə olaraq "həyat iradəsidir". Yəni, həyatın mənası iradədir.

Şopenhauer "iradə" sözünü "arzu", "meyil", "istək", "səy" və "çağırış" kimi ifadələrlə də təsvir olunacaq bir anlayış üçün istifadə etmişdir. Şopenhauerin fəlsəfəsinə görə, təbiət və insan da daxil olmaqla, hər şey doymayan "həyat iradəsi"nin təzahürüdür.

Elə bu fikirlərdən çıxış edərək, göstərə bilərik ki, Şopenhauer həyat və ölüm haqqında orijinal fəlsəfi mühakimələr yürütmüşdür. O, ölümün böyük bir bəla olmağını vurğulamaqla kifayətlənmir. İnsan şüurunun bir an içində yox olması onu sanki daha çox mütəəssir edir.

Aydındır ki, yoxluğu hiss olunmayan bir şeyi itirmək faciə olsa da, orada olmamağımız bizi narahat etməməlidir, axı biz əvvəldən orada olmamışıq. Mənliyimizin qeyri-koqnitiv tərəfi ölümdən qorxur: bütün canlılara nüfuz edən ölümdən qaçmaq, yalnız kor iradədən irəli gəlir.

Bizi ölümlə bağlı qorxudan şey həyatın sonu deyil, - daha çox bədənin məhv olmasıdır. 

İçimizdə ölənə qədər pozulmayan bir şey var. Doğum bizim varlığımızın başlanğıcı deyil. Ölümdən sarsılmayan varlıq əslində fərd deyil...

Şopenhauerin "Polemika sənəti" əsərində səhvlər ironiya ilə qeyri-səmimi mübahisəçilərə məsləhət kimi təqdim olunur. O, bu münasibətə yazırdı ki, əgər opponentiniz haqlıdır, lakin o, yanlış dəlil seçibsə, siz asanlıqla onu təkzib edə və bununla da onun səhv olduğunu iddia edə bilərsiniz.

Dünya mədəniyyət tarixində Şopenhauer, daha çox, "qanadlı ifadələr" müəllifi kimi tanınır.

Şopenhauerin bir çox ibrətamiz fikirləri zaman-zaman dillər əzbəri olmuşdur. Məsələn o, yazırdı: "Hər bir insan tam mənada yalnız tək olduğu zaman özü ola bilər". O, hesab edirdi ki, varoluşumuzun ən xoşbəxt olduğu an, onu ən az hiss etdiyimiz andır. Bu səbəbdən də var olmaq yox, var olmamaq daha yaxşı hesab edilə bilərdi.

Filosof daxili hisslərini özünəməxsus şəkildə belə ifadə edirdi: "Bəzən bizə elə gəlir ki, uzaq bir yer üçün darıxırıq, halbuki əslində biz orada, o uzaq məkanda və zamanda keçirdiyimiz vaxt, daha gənc və sağlam olduğumuz zaman üçün darıxırıq. Beləcə, zaman bizi məkanın maskası altında aldadır".

Şopenhauer yazırdı: "Sərvət duzlu su kimidir, nə qədər çox içsən, o qədər də susuzluq artır. Bu, şöhrətə də aiddir". O, belə hesab edirdi ki, "normal", orta səviyyəli insan həyati həzzi özündən kənarda axtarmağa məcburdur: o, mal-mülk, vəzifə, həyat yoldaşı və uşaqlar, dostlar, cəmiyyət və s. kimi şeylərdə öz xoşbəxtliyini qurur. Buna görə, bu sadalanan nəsnələri itirdikdə xoşbəxtliyini də itirir. O cür adamın vəziyyətini belə ifadə etmək olar: ağırlıq mərkəzi həmin şəxsin xaricindədir. Bu səbəbdən, onun arzuları və kaprizləri daim dəyişir, əgər vəsait imkan verirsə, gah bağ evi, atlar alır, gah şənliklər və səyahətlər təşkil edir, ümumiyyətlə, geniş həyat sürür. O, xəstə bir insanın sağlamlığını kənarda - hansısa dərmanlarda axtardığı kimi, həzzi də xaricdə axtarır. Halbuki onun əsl qaynağı onun həyat qüvvəsidir.

Şopenhauerin bir çox qənaətləri yenə aktualdır. O, sanki yuxarıda qeyd etdiyimiz fikirlərini davam etdirərək vurğulayırdı ki, insanın yaşadığı dünya, ilk növbədə, həmin insanın onu necə başa düşməsindən, yəni onun beyninin xüsusiyyətlərindən asılıdır: buna uyğun olaraq, dünya, ya kasıb, darıxdırıcı və adi görünür, ya da əksinə, zəngin, maraqlı və əzəmətli olur.

Orta səviyyəli insan vaxtını necə öldürəcəyini düşünür, istedadlı insan isə ondan necə istifadə edəcəyini düşünür... Ağıllı insan təkbaşına öz düşüncələrində və təxəyyülündə əla əyləncə tapacaq. Amma tamaşalar, səyahətlər və əyləncələr, nadanı darıxdırıcılıq cəngindən qurtara bilməz. 

Şopenhauer yazırdı ki, ən ucuz qürur milli qürurdur. Bu, onunla yoluxmuş şəxsin fərdi keyfiyyətlərdən məhrum olduğunu göstərir, çünki əks halda o, özündən başqa milyonlarla insanın da malik olduğu şeyə müraciət etməzdi. Böyük şəxsi üstünlüklərə malik olan insan, öz millətinə diqqətlə baxaraq, ilk növbədə, onun çatışmazlıqlarını görməlidir. Amma yoxsul bir insan, qürur duymağa heç bir şeyə sahib olmayan biri, yeganə mövcud olanı əldə edir, yəni aid olduğu millətlə fəxr edir; və o, onun (mənsub olduğu millətin - F.M.) bütün çatışmazlıqlarını və axmaqlıqlarını sevərək müdafiə etməyə hazırdır. 

Haşiyə: Filosofun milli qürur haqqında söylədiyi fikir ondan bir qədər əvvəl yaşamış ingilis şairi Samuel Consonun və ondan bir qədər sonra yaşamış dahi rus yazıçısı Lev Tolstoyun söylədiyi bir fikirlə necə də səsləşir: "Vətənpərvərlik - əclafların son sığınacaq yeridir".

Şopenhauer Şərqə daim maraq göstərirdi. Peyğəmbərlərdən Buddanı sevirdi. İslamda kişinin dörd arvad almasını nəzəri cəhətdən təqdir edirdi. Amma bu məsələyə öz iradını da bildirərək deyirdi ki, dörd arvad almaq yaxşı iş olsa da, eyni vaxtda dörd qayınanaya malik olmaq çox təhlükəlidir. 

Haşiyə: Vaxtilə mən aspirant, dissertant və tələbələrə dərs deyərkən Şopenhauer mövcud tədris planlarına daxil edilmirdi. Çünki o, alman filosofu olsa da, "Klassik alman fəlsəfəsi"ndən uzaq hesab olunurdu. O, "qeyri-klassik" filosof kimi dəyərləndirilirdi. Doğrusunu deyim ki, bütün bunlara baxmayaraq, bir çox baxışlarını bölüşmədiyim Şopenhauerın həyat və fəaliyyəti haqqında auditoriyada məlumat verməyi özümə borc bilirdim. Axı onsuz alman və eləcə də dünya fəlsəfəsi bir qədər natamam görünərdi. Əvvəllər Azərbaycan dilində filosofun heç bir əsəri nəşr olunmamışdı. Dünyanın bir çox dillərində dəfələrlə çap olunmuş məşhur "Dünya iradə və təsəvvür kimi" əsəri Azərbaycan dilinə Adil Əsədov tərəfindən tərcümə olunmuşdur.

Artur Şopenhauer bütün ziddiyyətlərinə baxmayaraq fəlsəfə tarixində öz yeri olan mütəfəkkirdir. O, ilk dəfə olaraq iradənin mahiyyətini və metafizik təhlilini verib, insan motivasiyası haqqında mülahizə yürüdüb (və bu termini ilk dəfə o işlədib), fəlsəfəyə yeni, bədii-aforistik bir stil gətirib. Və heç də təsadüfi deyildir ki, dünyanın bir çox sənət və düşüncə adamları (Fridrix Nitsşe, Rixard Vaqner, Albert Eynşteyn, Lev Tolstoy, Xorxe Luis Borxes və başqaları) onun yaradıcılığından təsirləndiklərini etiraf ediblər. 

Müasirləri sağlığında onu ciddi adam və filosof saymırdılar. Onu yalnız öləndən sonra dahi kimi qəbul etməyə başladılar.

Sözün qısası, Şopenhauer belə Şopenhauer olub.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!