Kənan HACI
Elə şeirlər var ki, özündə roman siqləti daşıyır. Bütöv bir dövrün, epoxanın mənzərəsini bütün çalarlarıyla özündə əks etdirən poeziya nümunələri bitkin bir roman kimi uzun müddət oxucunu öz təsiri altında saxlayır, misralardakı insan taleləri qəlbin ən dərin qatlarına nüfuz edir, təsirləndirir, kövrəldir, artıq xatirəyə çevrilmiş ömrün bədii salnaməsi kimi ədəbi yaddaşımızda yaşayır.
Azərbaycan poeziyasında öz məktəbini yaratmış unudulmaz xalq şairimiz Rəsul Rzanın "75-95 üçnən"poeması bu qəbil sənət nümunələrindəndir. Əsər şairin qırx ildən çox dostluq etdiyi böyük komediyanəvis Sabit Rəhmanın ölümündən təsirlənərək yazılıb. Bu poemanı memuar kimi də oxumaq olur, vəfalı dostun, məsləkdaşın itkisinə yazılmış rekviyem kimi də. Fərqli janrlarda yazsalar da, onlar eyni nəslin nümayəndəsi idilər, eyni məhrumuyyətləri yaşamışdılar, dövrün ağır sınaqlarına birlikdə sinə gərmişdilər. Sabit Rəhman haqqında indiyəcən oxuduğum yazılardan ən yaxşısını xalq yazıçısı Anar yazıb: "Çətin yolun yolçusu". Çünki Sabit Rəhmanı onun qədər yaxından tanıyan çox az adam olub. Həmin yazının sonluğunu bütövlükdə sitat gətirirəm:
"Masanın yanında qırmızı telefon. Nömrəsi yaddaşıma həmişəlik həkk olunub: 75-95. Atamın Sabit Rəhman itkisinə həsr etidiyi poemanın bir fəsli də belə adlanır: "75-95 üçnən".
Yeddi beş - doqquz beş
üçnən.
Hərləci çəkdim.
Qulağımı, əlimi yandırdı dəstək.
...ağır xəstədir.
...çox ağır xəstə!
Möcüzə gərəkdir, möcüzə!
Yoxsa nə əlac,
nə işıq ucu var.
Möcüzə!
Ümid -
bir-yüzə.
***
Sabit əminin vəfatından neçə il sonra bir gün Emin həyəcanla mənə dedi: atamgilin telefon nömrəsini dəyişmək istəyirlər, təzə nömrə vermək istəyirlər.
Əvvəlcə bu həyəcanın səbəbini anlamadım: - Nə olar ki? - dedim. - Necə nə olar? Başa düşmürsən? Gör bu nömrəylə əlaqədar nə qədər xatirəmiz var. Elə Rəsul əminin poeması da bu nömrəylə bağlı deyil?
Quru rəqəmlər də kövrək hisslərlə canlana bilərmiş. Möcüzə haqqında düşünürəm. Kaş möcüzəyə inana biləydik. Dəstəyi götürüb Sabit əmigilin nömrəsini yığaydım. Telefonu Emin qaldıraydı.
-Emin, deyəydim - atam sizdədir?
- Hə, - deyəydi - bizdədir. Atamla şahmat oynayırlar. Yenə yaman höcətə başlayıblar". (Anar. "Dünya bir pəncərədir", Bakı; Gənclik nəşriyyatı, 1986. Səh.314)
Rəsul Rzanın 2005-ci ildə nəşr olunmuş "Seçilmiş əsərləri"nin 4-cü cildinə daxil edilmiş həmin poemada XX əsr Azərbaycan tarixinin ən ziddiyyətli dövrü - 30-cu illər təsvir olunur. O dövrün ədəbi gəncliyinin yaşantıları, gündəlik qayğıları, gələcəklə bağlı arzuları, yeni dövr ədəbiyyatının istiqamətlərinin müəyyənləşməsi, gənc nəslin ədəbi platforması ən xırda ştrixlərinə qədər bu əsərdə öz əksini tapır. Rəsul Rza o dövr ədəbi mühitinin spesifik xüsusiyyətlərini epik şeirin imkanlarından ustalıqla yararlanaraq qələmə alıb:
Xəyalımda
yuxarı məhəllənin mənzərəsi;
qırx il qabaq.
Yel vurub
yengələr oynayan bir otaq!
İstəsən qapıdan gir,
istəsən pəncərədən,
fərqi yoxdur.
Sabit Rəhman bu yel vurub yengələr oynayan otaqda yaşayır, yazıb-yaradırmış. Bu otağa "Sabit otağı" ya da "Sabitxana" deyirmişlər.
Yayda küçədən isti,
qışda küçədən soyuqdur.
Yazı masası,
bir qıçından çolaq.
Siyirtmələrini açanda
qışqırır qulun kimi.
Masa üstündə bir nəlbəki şor,
bir parça çörək,
gah dükan çörəyi
gah dağlı.
Çox vaxt yavan,
hərdən yağlı.
Dörd yanı pinc yamaqlı,
üstü gül budaqlı dəm çayniki.
Dəmir çarpayı.
Divar boyu kitabların nizamlı səfi.
Bir divarda
Üç çini kasalı,
iki masquralı qab rəfi.
Beləydi otağının
adi mənzərəsi...
Ürəyi yazıb-yaratmaq eşqiylə çırpınan istedadlı gənclər bu otağa toplaşır, Çernişevskidən, Didrodan, Spinozadan danışırdılar. Yeni yazdığı əsərləri bir-birlərinə oxuyub ədəbi müzakirələr aparırdılar. Külqabı dolub-daşırdı, mübahisələr səngimək bilmirdi, hətta dalaşmaq həddinə çatırdılar. Bu simalar sonralar Azərbaycan ədəbiyyatına parlaq əsərlər bəxş etdilər. Rəsul Rza novator şair kimi poeziyamızda öz məktəbini yaratdı və onun ardıcılları yetişdi. Azərbaycan teatrı Sabit Rəhmanın komediyaları ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Poemada "Bədbəxt adam" kimi xatırlanan Mikayıl Rəfili yaradıcılığa sərbəst şeirlə başlasa da, sonralar elmi əsərləri ilə Azərbaycan ədəbiyyatşünaslığının sütunlarından birinə çevrildi. O vaxt isə...
Nə pul yüklü cibimiz,
nə öhdəli vəzifəmiz,
Anketimiz pozuqsuz,
əlimiz və dilimiz,
günümüz və ilimiz tərtəmiz.
Günlərimiz işdə keçirdi,
görüşdə keçirdi
yazmaqda, yaratmaqda,
hər gün bir az
biliklənməkdə,
artmaqda keçirdi.
Qaynar, dopdolu bir həyat. Onların qarşısında geniş üfüqlər açılırdı. İdeoloji tələblər də vardı, amma nə Rəsul Rza, nə də Sabit Rəhman hakim ideologiyanın əsiri olmadılar. Xüsusən Rəsul Rzannın poeziyası təpədən-dırnağa Azərbaycançılıq ideologiyasına xidmət edirdi. Onun fəlsəfi-poetik konsepsiyası nə direktiv qərarlara, nə də ehkamlara boyun əymədi. "Rənglər" silsiləsi poeziyamızda hadisəyə çevrildi. Bu silsilədə şair sözlər vasitəsilə həyatın rənglərdən ibarət lüğətini yaratdı. "Ağır günlərin vahiməsi" və o vahimənin udduğu nakam taleli şair Mikayıl Müşfiq haqqında "Qızılgül olmayaydı" poemasını yazdı.
Sabit Rəhmanın komediyaları dövrün ruhundan doğulmuşdu, sistemin eybəcərliklərini üstüörtülü şəkildə səhnəyə gətirirdi. O, Azərbaycan peşəkar teatrının yaradıcılarından olmuş aktyor Hüseyn Ərəblinskinin həyatından bəhs edən "Son faciə" povestini qələmə alıb. 1939-cu ildə latın qrafikasıyla nəşr olunan həmin kitabı anamın kitabxanasında görmüşdüm və yeniyetməlik çağlarımda oxumuşdum. Həmin kitab indi də mənim kitabxanamdadır. Sabit Rəhmanın nəsr əsərləri çox azdır, "Vəfasız" povesti və bir sıra hekayələri köhnə dünyanı yıxıb yeni dövran qurmağa çalışan insanların taleyindən bəhs edir. Amma o, bu xətti davam etdirmədi, sələfi Mirzə Fətəli Axundzadənin başladığı yolu davam etdirdi; komediyalar yazdı. Azərbaycan satirasında "Sabit Rəhman gülüşü" deyilən bir məfhum yarandı.
Damğaladın Kərəmovları,
Mirzə Qərənfilləri.
Hər səhnədə -
qəlbinin işıqlı arzuları,
könlünün nisgilləri.
İynələdilər də səni
Haqq-nahaq.
Dərin məhəbbətlə sevdi,
qəlbində bəslədi səni xalq.
Təkbaşına gördün
bir ordunun işini.
El yaxşı tanısın
kəmfürsət saxtakarı,
aza qane kişini!
Haqqın çoxdur boynumuzda.
Bilən bilir
Sən kim idin -
yalın əllə
tikanları qırıb tökən,
çəkinmədən, yolumuzdan
çirkabları silən bilir.
Məzmun və mündəricə baxımından "75-95 üçnən" poeması da elə "Qızılgül olmayaydı"nın davamı sayıla bilər. Hər iki əsərdə forma və substansiya eynidir. Hər iki poema eyni mətləblərdən bəhs edir, hər ikisi eyni zaman çərçivəsində baş verən hadisələrin mahiyyətini çözür. Anar yuxarıda adını çəkdiyimiz yazısında qeyd edir ki, "Əlbəttə, Sabit Rəhman taleyi acı Mikayıl Müşfiq yaxud Abdulla Faruq taleyindən çox-çox firavan, keşməkeşsizdir. Amma ən hamar, qayğısız görünən sənətkar ömrü də daxili çətinliklərlə, gərginliklərlə, itkilərlə doludur". ("Dünya bir pəncərədir", səh.310)
Rəsul Rzanın sənətkar taleyi də bu çətinliklərdən, gərginliklərdən, itkilərdən, haqsız hücumlardan yan keçməyib. Belə məqamlarda şair şəhərin küçələrində öz qəlb sirdaşını, vəfalı dostunu axtarır, tapa bilmir və nisgilini bu cür ifadə edir:
Dərdimi kimə deyim,
dünya dolu adamdır!
Amma şair məntiqi dostun yoxluğu ilə barışmır:
Ölüm hara, sən hara!
Dirisən.
Həmişə sıramızda canlılardan birisən.
Bu sözləri bu gün Rəsul Rzaya da şamil edirik. "Yenə sıramızda var Rəsul Rza!" Biz onları görməsək də, onlarla həmsöhbət olmasaq da, Rəsul Rza da, Sabit Rəhman da, Mikayıl Müşfiq də, Mikayıl Rəfili də bizimçün həmişə canlıdırlar. Nə vaxt onlarla həmsöhbət olmaq istəsək, gözümüz kitab rəflərində onları axtarıb tapacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!