A.İldırımın mühacirət dövrü həyatının az öyrənilmiş olaylarından biri də onun "İrqçilik-Turançılıq" davasında iştirakıdır. Bu məsələyə daha geniş aspektdən yanaşsaq, Türkiyə Cümhuriyyətinin qurucusu, örnək lider Mustafa Kamal Atatürk hakimiyyətdə olduğu müddətdə (1923-1938) milliyyətçilik anlayışını yenidən mənalandırmış, türk millətçiliyini kamalizmin prinsiplərindən biri kimi təsbit etmişdir. Mühacir şairimiz Almas İldırım da Atatürkün idarəçiliyi ərzində Türkiyədə belə bir siyasi şəraitdə yaşamış, müdafiə etdiyi türkçülük, türk milliyyətçiliyi haqqında fikirlərini yaradıcılığında müstəqil bir şəkildə davam etdirmişdir. Sonrakı iqtidar dönəmində isə türkçülük fikri və onun tərəfdarları dövlət üçün təhlükə mənbəyi hesab edilmiş, bu yanlış yanaşma İsmət İnönü hökumətinin təkcə daxili deyil, həmçinin xarici siyasətində də özünü aydın büruzə vermişdir. Araşdırmaçı Ömər Özcan həmin dönəmin siyasi durumunu doğru olaraq belə səciyyələndirmişdir: "Atatürkün ölümündən sonra milliyyətçilik devrədən çıkarılmış, bu fikir mənsubları Turançılıq, irqçilik və faşizmlə suçlanmışdır" (Türkçüler. Cumhuriyet devrinde bir idealin takipçileri, İstanbul, 2020, s.21). Dönəmin türk milliyyətçiləri, türkçü gəncləri vətənə xəyanətdə ittiham edilərək həbsə atılmış, işgəncələrə məruz qalmışdır. Belə bir ictimai-siyasi, burulğanlı şəraitdə qayəsi türklük uğrunda çalışmaq olan A.İldırım da bir çox məsləkdaşları ilə bərabər 1944-cü ildə İstanbul Sıkıyönətim Komutanlığı tərəfindən saxlanılmışdır. Məhz bu olayla bağlı olaraq 3 may 1944-cü il Türkiyə tarixində "İrqçilik-Turançılıq" davası kimi bilinməkdədir. Sözügedən davada irqçi-turançı fəaliyyətləri səbəbi ilə saxlanılan şəxslərin siyahısı mövzu ilə bağlı bir sıra araşdırmalarda əksini tapır ki, həmin siyahıda mühacir şairimiz A.İldırımın da adı yer almaqdadır (Necmettin Sefercioğlu. 3 Mayıs ve Türkçülük davası, Ankara, 2009, s.49; Mahmut Goloğlu. Milli Şef dönemi, İstanbul, 2021, s.266; Günay Göksu Özdoğan. Turandan Bozkurta. Tekparti döneminde türkçülük (1931-1946), İstanbul, 2021, s.303). Şairin adının bu olaylarda keçməsinə Ənvər Arasın "Xəzərdən Xəzərə Almas İldırım" (Elazığ, s.84) kitabında da qısaca toxunulur.
Öncə mövzunu daha da aydınlaşdırmaq üçün bir qədər geriyə gedərək türkçülük və turançılıq terminlərinin əhatə etdiyi mənanı izah etməyi gərəkli hesab edirik. Türkçülük bütün türk xalqlarının həm mədəni, həm də siyasi olaraq birlik qurması, daha doğrusu, bu birliyi qurmaq üçün mübarizəsi anlamına gəlir. Turançılıq sözünün mənasına gəldikdə isə, "Turan" kəlməsinin izahını türkçü yazar, görkəmli siyasət adamı Ziya Göyalpın adı ilə bağlamaq məqsədəuyğun olar. G.G.Özdoğan yazır: "Turan" teriminin Türkçü hərəkat içərisində yayğın olaraq kullanılması əsas olaraq Ziya Göyalpın etkisiylə olmuşdur. Əslində, Z.Göykalp için Turançılıq, terimin özgün anlamında olduğu gibi türki xalqların dışındakı xalqlarla birlik anlamına gəlmiyordu. Ziya Göyalp, "Turan"ı "bütün türki xalqları kapsayan böyük Türküstan" anlamında kullanıyordu" (s.28).
Türkiyədə istər Osmanlı, istərsə də Cümhuriyyət dönəmində türkçülər siyasət meydanında olmuşdur. İlk dönəm türkçüləri cərgəsində Ziya Göyalp, Yusif Akçura, Əhməd Ağaoğlu kimi dövrün ziyalıları yer alırdısa, Cümhuriyyət dönəminin türkçüləri sırasında Hüseyn Nihal Atsız, Reha Oğuz Türkkan, Zəki Vəlidi Toğan və başqaları diqqəti cəlb edirdi. Məhz 1930-cu illərdə meydana gəlmiş Türkçü-Turançı milliyyətçilik adlarını sadaladığımız Cümhuriyyət dönəmi türkçülərinin ideologiyasını əks etdirən bir cərəyan idi. Onlar üçün irqçilik, türk irqinin ucalığı əsas prinsiplərdən olmuşdur. Dövrün "Atsız məcmuə", "Orhun", "Bozqurd", "Göy-börü", "Ergenekon" kimi dərgiləri isə türk milliyyətçilərinin əsas fikri mübarizə meydanı sayılmaqda idi.
1944-cü ildə başlayıb, 1947-ci ildə sonlandırılmış "İrqçilik-Turançılıq davası"na gəldikdə isə deməliyik ki, hökumətin qərarına əsasən, çox sayda insan göz altına alınaraq sorğuya tutulsa da, onlardan sadəcə 23 nəfəri barəsində dava açılmışdır. Bu hadisələrin zəminini təşkil edən əsas məsələ isə H.N.Atsızın dövrün Baş naziri Şükrü Saraçoğluna ünvanladığı, 1 mart və 18 may tarixlərində "Orhun" dərgisində yayımlanan 2 açıq məktub olmuşdur. İlk məktubda Atsız S.Saraçoğlunun Türkiyə Böyük Millət Məclisindəki 5 avqust 1942-ci il tarixli nitqində yer alan "Biz türküz, türkçüyüz və daima türkçü qalacağız. Bizim için türkçülük bir qan məsələsi olduğu qədər və laakal (burada: heç olmazsa - H.C.) o qədər bir vicdan və kültür məsələsidir" ("Orhun" der., İstanbul, mart 1944, sayı 15, s.1.) fikrinə istinad edərək onları təqdir etməklə yanaşı, bütün bunların yalnız sözdə qalıb, əməldə öz əksini tapmadığını vurğulamış və səbəbini öyrənmək istəmişdir. Atsız ikinci məktubda isə mətləbi çox uzatmayaraq maarif sahəsində özlərinə yer etmiş vətən düşmənləri adlandırdığı kommunistləri ifşa edir və ilk sırada Səbahəddin Əlinin adını verməklə, onun Türk Dil Qurumu üzvlərindən, həmçinin Ankara Dövlət Konservatoriyasının müəllimlərindən olduğunu, kommunist kimliyi ilə türklük əleyhinə hər fürsətdə boy göstərdiyini, o dövrün Maarif vəkili, indiki adla isə Təhsil naziri Həsən Əli Yücəl tərəfindən vəzifədə tutulanlardan biri olduğunu deməklə onun bu məqamdan azad edilməsini istəyir. Atsız daha da irəli gedərək yazır: "Hətta şimdiyə qədər hər nasılsa bir qəflət əsəri olaraq bunları vəzifədə tutmaqdan doğan utancı silə bilmək üçün bizzat Maarif vəkilinin də o məqamdan çəkilməsi çox vətənpərvəranə bir jest olardı" ("Orhun" der., İstanbul, nisan 1944, sayı 16, s.1.). Məktubdan da anlaşılır ki, o, Ş.Saraçoğluna təhsil sahəsində baş qaldıran solçu-kommunist müəllim və tələbələrin təmizlənməsinin başlıca vəzifə olduğunu bildirir. 3 May davasının iştirakçılarından M.Müftüoğlu Atsızın məktublarının Baş Nazirdən çox, Təhsil Naziri H.Ə.Yücəldə narahatlıq yaratdığını, Atsızı dərhal müəllimlik vəzifəsindən azad etdiyini yazmışdır. Müəllif hadisələrin sonrakı gedişini isə belə təsvir edir: "Açıq məktubların nəşriylə durumu sarsılan Həsən Əli Yücəl həmən dostu Falih Rıfkı Atayın yanına koşmuş və bu iki adam baş-başa verib hazırladıqları plan sonunda Səbahəddin Əlini təhrik və təşviq edərək Atsız əleyhinə bir həqarət davası açdırmışlar" (Mustafa Müftüoğlu. Milli Şef döneminde Çankaya?da kabus (1944 Turancılık Davası), İstanbul, 2005, s.51-52). Bunun nəticəsində Atsıza məhkəmə tərəfindən 4 aylıq həbs cəzası verilsə də, icrası təxirə salınmışdır.
3 may 1944-cü ildə Atsız ilə S.Əlinin 2-ci məhkəmə iclası zamanı isə Ankara Ədliyyə Sarayı qarşısında türkçü-milliyyətçi gənclər Atsız tərəfində çıxış etməklə geniş izdiham yaratmışdır ki, həmin tarix də hazırda Türkiyə Cümhuriyyətində müəyyən bir kəsim tərəfindən hər il qeyri-rəsmi olaraq Türkçülər Günü kimi coşqu ilə qeyd olunmaqdadır. Məhkəmə prosesi zamanı gənclər kommunizm əleyhinə şüarlar səsləndirmiş, izdiham daha da geniş hal alaraq küçələrə doğru irəliləmişdir. Fikrimizcə, 3 May 1944-cü il Türkiyə Cümhuriyyətində kommunizmə qarşı ilk əməli hərəkat olaraq milli türklük şüurunun özünü büruzə verdiyi gün sayıla bilər.
Bir neçə məhkəmə iclasından sonra Atsız ilə S.Əli arasında olan çəkişmənin bitməsinə baxmayaraq, milliyyətçi gənclərin izdihamlı yürüşü və o sırada baş vermiş olaylar hökumət tərəfindən belə bir tədbir görülməsinə gətirib çıxartdı: İrqçiliyi təbliğ etmək üçün gizli təşkilatlar qurmağı və dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirməyi hədəflədikləri əsas gətirilərək bir qrup gənc şübhəli şəxs qismində saxlanılmış, İstanbul Sıkıyönətim Komutanlığına gətirilmişdi. Nihal Atsız, Zəki Vəlidi Toğan, Reha Oğuz Türkkan, Hüseyn Namiq Orhun və başqalarının olduğu siyahıda A.İldırımın da adı yer alırdı. Həmin tarixdə, yəni 1944-cü ildə mühacir şairin Elazığda yaşaması faktı hökumətin sadəcə İstanbulda deyil, Türkiyənin müxtəlif bölgələrində sadaladığımız səbəblərə görə şübhəli saydığı gənc türkçüləri bura gətirdiyini göstərir. Qeyd etmək lazımdır ki, türkçü gənclər tərəfindən edilən yürüş mövcud İ.İnönü iqtidarı tərəfindən ölkənin türkçü-milliyyətçi aydınlarının səsinin boğulması, ideoloji mübarizəsinə son qoyulması üçün ələ keçə biləcək çox gözəl bir fürsət idi. Hökumət bu fürsətdən məharətlə istifadə etmişdir. İnönü hökumətinin böyük təlaş və təşviş keçirməsinə səbəb türkçülərin hakimiyyət iddialarının olduğunu düşünərək çevriliş edəcəklərini, yeni bir düzən qurmaq istədiklərini və buna hazırlıq gördüklərini düşünməsi idi.
Hakimiyyətin bu məsələdə mövqeyi və rəsmi münasibəti öz əksini ən açıq şəkildə İ.İnönünün 19 May 1944-cü ildə Gənclik və Spor Bayramı münasibətilə etdiyi çıxışında tapır. "Türk milliyətçisiyiz, fəqət məmləkətimizdə irqçilik prinsipinin düşməniyiz" - deyən İ.İnönü əlavə edir: "Türkiyənin irqçi və turançı olması lazım gəldiyini iddia edənlər, hangi millətə faydalı, kimlərin məqsədinə yararlıdırlar? Türk millətinə yalnız bəla və fəlakət gətirəcək olan bu fikirləri yürütmək istəyənlərin Türk millətinə heç bir hizmətləri olamayacağı mühəqqəqdir. Bu hərəkətlərdən yalnız yabançılar faydalana bilərlər. Fəsadçılar yabançılara bilərəkmi hizmət ediyorlar? Yabançılar fəsadçıları idarə edəcək qədər yaxından münasibətdəmidirlər? Bunları hökm olarak kəsdirmək bu gün mümkün deyildir. Amma yabançıya hizmət qəsdi və yabançının yaxın ilişiyi (burada: əlaqə, münasibət - H.C.) heç bir zaman meydana çıxmasa, dəxi hərəkətlərin Türk millətinə, Türk vətəninə zərərli olması və bunlardan yalnız yabançıların faydalanmış olması, söz götürməz bir həqiqətdir. Vətəndaşlarım! Əmin ola bilirsiniz ki, vətənimizi bu yeni fəsadlara qarşı da qüdrətlə müdafiə edəcəyiz" (Milli Şefin tarihi nutku. "Cumhuriyet" gaz., 20 mayıs 1944, s.2.). İ.İnönünün nitqindən sonra mətbuatda bu hadisələr geniş şəkildə işıqlandırılaraq türkçülər əleyhinə kampaniyalar başladılmış, mütəmadi olaraq kəskin yazılar çap edilmişdir. Bu sahədə ən çox fəallıq göstərənlərdən biri də milli şefin ətrafında yer alanlardan Əhməd Əmin Yalman olmuşdur. Həmin şəxsin A.İldırımın "Yayqaracı Yalmana" şeirində ifşa hədəfi olması da təsadüfi deyildir. Lakin gerçəkdə isə məsələ tamam fərqli idi. Belə ki, türkçü-milliyyətçi mövqedə duranlar sadəcə ideoloji bir hərəkat başlatmış, öz mübarizələrini daha çox mətbuat səhifələrində davam etdirməklə təbliğat aparmış, bu ideologiyanı şüurlara yeritməyə çalışmışdılar. Sözügedən hadisələr o dönəmdə türk milli şüurunun hansı səviyyəyə qalxa bildiyinin də göstəricisi oldu. Sonucda isə "İrqçilik-Turançılıq" davası ilə bağlı məhkəmə heç bir ittihamı sübuta yetirə bilməmiş, çirkin bir iftira ilə üzləşmiş türkçülər haqqında 31 mart 1947-ci ildə son qərar çıxarılmış və türkçü gənclər tərəfindən edilən yürüşlərə "...milli bir ideolojinin milli olmayan bir ideolojiyə qarşı ifadəsindən ibarətdir" (Mustafa Müftüoğlu, s.220) hökmü ilə bəraət verilmişdir. Burada "milli olmayan bir ideoloji" dedikdə, kommunizm ideologiyası nəzərdə tutulmuşdur. Onu da qeyd edək ki, türkçü aydınlara qarşı edilən vəhşiliklər, "tabutluq" adlandırılan tükürpədici işgəncə mexanizmləri barədə həqiqətlər sonralar ictimaiyyətə çatdırılmış, bu hadisələrin iştirakçıları və zərərçəkənlərinin xatirələrində, eyni zamanda mətbuatdakı yazılarında əksini tapmışdır. Reha Oğuz Türkkanın "Arayan adam" adlı xatirələrinin II cildi (İstanbul, 2011, 330 s.) bu baxımdan diqqəti daha çox cəlb edir.
A.İldırımın bu hadisələrdə adının keçməsi əslində təəccüb doğuracaq bir məqam olmamalıdır. Çünki türkçü şair olan A.İldırım şeirlərində türkçülük, türk kimliyi məsələsi, türk milliyyətçilərini dəstəkləməsi, türk xalqlarının hürriyyəti, bütün türk ellərinin birləşib vahid bir Turanın qurulmasına nail olması və s. kimi məsələlərdən kifayət qədər bəhs etmişdir. Eyni zamanda deməliyik ki, A.İldırım Türkiyədə yaşadığı müddət ərzində bir sıra türkçü-milliyyətçi dərgilərlə əməkdaşlıq etmiş, burada onun qeyd edilən səpkidə müxtəlif şeirləri dərc olunmuşdur. Şairin şeirləri yayımlanan həmin nəşrlərə nümunə kimi H.N.Atsız tərəfindən buraxılan "Orhun" ("Orkun"), R.O.Türkkanın yayımladığı "Bozqurt", "Göy-Börü", eyni zamanda dönəmin digər türkçü dərgiləri - "Çınaraltı", "Özləyiş", "Kopuz", "Toprak", "Kommunizmə qarşı mücadilə"ni və s. göstərə bilərik. Adlarını sadaladığımız və qeyd etmədiyimiz, bu səpkidə fəaliyyət göstərən daha bir çox dərginin siyasi yönü həmin dövr üçün keçərli olan dövlət siyasəti ilə üst-üstə düşmədiyindən hökumət tərəfindən fəaliyyətlərinə son qoyulmuş, bəzilərinin yayımı isə məhdudlaşdırılmışdır.
A.İldırım "İrqçilik-Turançılıq" olayları zəminində böyük ehtimalla digər şəxslər kimi sorğuya çəkilmiş, bundan sonra sərbəst buraxılmış və yenidən Elazığa qayıtmışdır. Hazırda əlimizdə olan mənbələrdə, təəssüf ki, bu barədə məlumat yoxdur. Şairin yaradıcılığında da sözügedən hadisələri bilavasitə əks etdirən bir əsərə rast gəlməmişik. Yalnız 1951-ci ildə "Demokrat Malatya" qəzetində dərc edilmiş silsilə publisistik yazılarından olan "Türk milliyyətçilərini bəkləyən vəzifələr" ("Demokrat Malatya" gaz., 23 ekim 1951, s.1.) məqaləsində A.İldırım Demokrat Partiyanın iqtidara gəlməsi ilə türk milliyyətçilərinə geniş fəaliyyət sahəsinin sağlanmasından bəhs edərkən həmin olaylara da müxtəsər münasibət bildirmişdir: "CXP diktatorluğunun sürdüyü müddətcə zaman-zaman ağır darbələrə məruz qalan və 944-də "məşhur 19 Mayıs qara nitqini" hərzələyən "Milli şef"in sol qolu bulunan Həsən Əli və həmpalarının tabutluqlara tıxaraq öldü sandıqları həqiqi türk milliyətçiliyi ancaq 14 Mayıs inqilabından bu yana DP iqtidarının iş başına gəlməsilə geniş nəfəs alaraq kəndinə əmin bir çalışma səhnəsi bulmuşdur" (s.1). Müəllif daha sonra "milliyətçiliyin irqçi-turançı və sərgüzəştçi kimi damğalarla millətin gözündən düşürülməyə çalışılmasına" baxmayaraq, bu siyasətin əks effekt verdiyini, "türk gəncliyinin milliyyətçi hisslərini daha da şahlandırdı"ğını vurğulamışdır (s.1).
Yuxarıda da görüldüyü kimi, A.İldırımın irqçilik-turançılıq olaylarındakı tutumu onun əqidəsinə sadiq istiqlal mücahidi olduğunu bir daha təsdiq etməklə, şairin savaşçı ruhunu da ortaya qoyur.
Ümumiyyətlə, A.İldırımın türklüyə xidməti və türkçülərə dəstəyinin təkcə fikri mübarizə meydanında deyil, əməli yöndə də olması gəldiyimiz qənaətlərdəndir. Araşdırmalarımız nəticəsində milliyyətçi bir şair olaraq A.İldırımın böyük türkçü ideoloq, "İrqçilik-Turançılıq davası"nın əsas simalarından olan H.N.Atsız tərəfindən bilindiyi, onun şairin əsərləri ilə tanış olduğu faktını da öyrəndik. Belə ki, 30 oktyabr 1956-cı ildə H.N.Atsızın dövrün yazarlarından Nəcməddin Səfərcioğluna ünvanladığı bir cavab məktubunda A.İldırımın adı keçməkdədir. Atsız N.Səfərcioğlunun hazırlayacağı kitab haqqında tövsiyələrini verməklə, həmçinin A.İldırımı da oxumasını və kitabda ona yer ayırmasını məsləhət görür: "Kitabınızın adını "Türkçü və milliyətçi şairlər" deyə qoysanız, etiraz ediləməz zənn edərim. Bir də Almas Yıldırım tam bir türkçüdür. Bu mərhum azərbaycanlı şairi mütləqa almalısınız" (Refet Körüklü, Cengiz Yavan. Türkçülerin kaleminden Atsız, İstanbul, 2000, s.142). Bu da H.N.Atsızın A.İldırımı tanımasının və onu bir türkçü şair kimi yüksək qiymətləndirməsinin göstəricisi kimi əhəmiyyət kəsb edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!