Müasir tənqid - tənqiddə müasirlik - Məhrux DÖVLƏTZADƏ

Ədəbiyyatşünas-tənqidçi, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabı işıq üzü görüb. Kitab müəllifin müasir ədəbi prosesə dair tədqiqatlarını əhatə edir və ali məktəblər üçün dərs vəsaiti kimi hazırlanıb. Tədqiqatçı ədəbi prosesin hərəkətini janrların yaddaşında izləyir. Alimin 65 illik yubileyi ərəfəsində çapdan çıxan kitabın "Ön söz"ünü təqdim edirik.


 

Elm aləminə gəldiyi 80-ci illərdən başlayaraq hər hansı təsirə qapılmayıb - daxili bütövlüyünü qoruyub saxlayıb, dəst-xəttini yaratmış, öz yolu, öz mövqeyi olan alim bu yolda fiziki sağlamlığını itirsə də, zamanın ədəbiyyatşünaslıq və tənqid sahəsinə bir "Təyyar Salamoğlu" imzası qazandırıb. Vətəndaşlıq məsuliyyəti, ziyalı təəssübkeşliyi, həqiqətləri ortaya çıxarmaq istəyi onun qələminin daxili qatını təşkil edən maddə kimi əhəmiyyət daşıyır. Çünki mühiti (öz sözlərilə desək, idrak "təsərrüfat"ını) özündə ehtiva etmədən nə cəmiyyətə sual verə, nə də ondan cavab gözləyə bilərsən. Nəzərə alsaq ki, kitabın müəllifi bütün elmi fəaliyyəti boyu tədqiqat sahəsi olan XIX-XX əsrlər ədəbiyyatını özünün elan etdiyi yeni bir konsepsiya üzrə araşdırır, o zaman bütövlükdə bu sahə ilə bağlı müxtəlif fəaliyyət növlərinin, eləcə də, "Müstəqillik dövrü ədəbiyyatı" fənninin tədrisi üçün nəzərdə tutulmuş dərs vəsaitinin əmin əllərdə olmasına şübhə yeri qalmır.

 

Artıq 20 ildən çoxdur ki, professor Təyyar Salamoğlu "Yenidən oxu" konsepsiyasını irəli sürmüş və bu konsepsiya ilə XIX əsrin sonu, XX əsrin əvvəlləri və sovet dönəmində yazılmış əsərləri araşdırır. İndi isə qarşımızda alimin "Müstəqillik dövrü ədəbiyyatı" kitabı var. Müstəqilliyimizin 33 illik bir tarixi var. Müstəqillik salnaməsi özü ilə müstəqil incəsənəti, müstəqil ədəbiyyatı, müstəqil elmi də gətirdi. Bu dövrün ədəbiyyatı Azərbaycan xalqının milli varlığından ayrı olmayıb, onu ifadə üsullarından biri kimi ortaya çıxdı. Doğrudur, müstəqillik illərində yazılmış əsərlərin yenidən oxusuna ehtiyac yoxdur, amma bu əsərlərin də diqqətlə oxunub təhlilinin aparılması zəhmətkeş bir alim dəqiqliyi, mükəmməl bir tənqidçi səriştəsi tələb edir. Bu kitabın ortaya gəlməsi zamanın ələyindən keçdikdə hansı əsərlərin qalıb, hansıların gedəcəyinə qərarvermə səlahiyyətində olmasa da, zamanın həmin süzgəclərindən biri olma hüququndadır.

 

Kitabı vərəqlədikcə (əslində: oxuduqca) bir daha aydın olur ki, ədəbiyyatın inkişafı üçün müstəqillik şəraiti, sərbəst söz imkanı, yaradıcılıq azadlığı vacib şərtdir. Kitab həm də o fikri təlqin edir ki, ədəbiyyat yeni epoxanın gəlişini təkcə passiv şəkildə əks etdirməklə qalmamış, eyni zamanda müstəqilliyimizin qazanılmasında müstəsna rol oynamışdır. Müəllif 1990-cı illərin əvvəllərində ölkədə cərəyan edən hadisələri, iqtisadi sistemin çöküşünü, Qarabağ müharibəsinin fəsadlarını, yurdlarından qovulan qaçqınlar və köçkünlər ordusunun qarşısıalınmaz axınını, bir zamanlar ictimai-siyasi həyatda hərc-mərcliyin baş qaldırmasını, ölkədə ədəbi-mədəni prosesləri də əhatə edən mənzərəni canlandırıb, 33 illik müstəqillik dönəmi haqqında dəqiq təəssürat yaradan əsərləri təhlilə cəlb etmiş, müasir Azərbaycanın həm ictimai-siyasi sabitlik baxımından, həm iqtisadi-demoqrafik göstəricilərinə görə hansı çətin mərhələdən keçib gəldiyi haqqında oxucuda dəqiq təsəvvür yaratmaq imkanı qazanmışdır. Tənqidçi ədəbiyyata da, tənqidə də çox zəngin ideya-estetik dünyasının fövqündən baxır. Tənqidi yazılarının mətni onun daxili səsinin yazıya alınmış, maddiləşmiş formasının təzahürünə çevrilir. Buna görə də yazılarının təhkiyəsində Təyyar müəllimin canlı səsini, emosional intonasiyasını da eşidirik.

 

***

Kitab dörd bölmədən ibarətdir. Bu bölmələrdə yer alan hər bir yazı əslində müəllifin müstəqil tədqiqat əsəridir. İstər elmi-nəzəri tutumu, istərsə də metodoloji yönü ilə müasirliyini qoruyan bu tədqiqatlarda əsərlərin mövzu, problem və janr özəllikləri, ideya-estetik aspektləri fərqli yanaşmalarla diqqət mərkəzinə çəkilmiş, bu sahədə qazanılan uğurlar elmi-nəzəri müstəvidə ümumiləşdirilmişdir. 

Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü və formalaşması zaman sərhədlərində XX əsrin sonu və XXI əsrin başlanğıcını özündə əks etdirir. Bu məsələ geniş çapda işıqlandırılsa da, əsasən, 30 illik dövrün ədəbiyyatı araşdırma obyektinə çevrilmiş, əsərlər mövcud ədəbi proses kontekstində dəyərləndirilmişdir. Müstəqillik ideyalarının ədəbiyyatda təşəkkülü uzun zaman, əsrlər boyunca baş vermiş, tarixi sınaqlardan çıxmışdır. Son olaraq sovet sisteminin çökməsi ilə istiqlal ideyaları ədəbiyyatda sistemli yerini almış, leytmotivə çevrilmişdir. Milli ədəbiyyat bir daha tarixi yaddaşa, azadlıq ideallarına üz tutmuşdur. Azərbaycançılıq anlayışı milli siyasi müstəvidə özünün ən yüksək ifadəsini ümummilli lider Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində tapa bilmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyev çoxəsrlik tariximizdə ilk dəfə olaraq Azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideologiyası səviyyəsinə çatdırmağa nail olmuşdur. Uzaqgörən müdrik siyasətçi Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində Azərbaycançılıq dünya azərbaycanlılarının vahid milli amalına çevrilmişdir. Bu baxımdan, kitabın I bölməsinin tamamən bu mövzuya həsr edilməsi qanunauyğun görünür. 

 

Kitabın II bölməsi dövrün nəsr nümunələrinin təhlilinə həsr edilib. İsmayıl Şıxlının "Ölən dünyam", K.Abdullanın "Yarımçıq əlyazma", S.Rüstəmxanlının "Ölüm zirvəsi", Ə.Xələflinin "Od", A.Rəhimovun "Ovlaq keçidi" və s. kimi özünəməxsus mövzuları ilə seçilən romanlar ayrıca bir paraqrafda konseptual şəkildə təhlilə cəlb edilir. Elə tarixi həqiqətlər var ki, onların bədii fokus nöqtəsində tam görünməsi zamandan asılı olur, yəni uzaqlaşdıqca görünən hadisə konsepti bu roman mətnlərində də ifadəsini tapır. Əlbəttə, bunun obyektiv və subyektiv tərəfləri var. Təyyar müəllim roman janrını araşdırdığı mərhələdə məsələyə bir də bu tərəfdən baxır, özü də yeni prizmadan. Nəzərə alsaq ki, roman janrı, ümumiyyətlə tənqidçi alimin ən başlıca tədqiqat obyektidir, onda müəllifin məzmun-ideya baxımından təsnif etdiyi müstəqillik dövrü romanlarının sənətkarlıq xüsusiyyətlərini, estetik çərçivəsini, süjet yaradıcılığı stixiyasını nə qədər diqqətlə müəyyən etdiyinə şübhə yeri qalmaz. Alim tarixə dekonstruksiya bucağından baxmaqla onun ədəbiyyatdan görünən obrazını zənginləşdirir və mübahisə yaradır. Müəllif müstəqillik dövrü roman faktının xarakterik nümunələrini mövzu, problematika, sənətkarlıq məsələləri kontekstində araşdıraraq konseptual şəkildə qruplaşdırır, təsnif və təhlil edir, maraqlı nəticələrə gəlir. Müstəqillik dövründə Azərbaycan ədəbiyyatında yaranmış roman janrı nümunələrini mövzu, ideya, problem, konflikt və xarakter yaradıcılığı baxımından təhlil obyektinə çevirən alim onların janr özünəməxsusluğunu səciyyələndirməklə yanaşı, əvvəlki dövrlərdə yaranan romanlarla müqayisəli araşdırmış, bu romanlarda mənəvi-əxlaqi problemlərin bədii təcəssümünə diqqət yönəltmiş, çağdaş Azərbaycan cəmiyyətinin sosial həyatının və problemlərinin bədii əksini təhlil obyektinə çevirmişdir. II bölmədə alim povest janrında yazılmış əsərləri daha çox sosial-psixoloji mahiyyətinə diqqət çəkərək təhlil edir. Alimin gəldiyi nəticələrdən çıxış edərək demək lazımdır ki, bir zamanlar milli ədəbiyyatda mövcud olan insanın psixoloji dünyasına nüfuz, problemlərə fəlsəfi yöndə baxış, metafizik dəyərlərin üstünlük təşkil etdiyi mövzulara meyil 90-cı illər ədəbiyyatında yenidən baş qaldırmışdır. Ümumiyyətlə götürsək, müstəqillik dövrü Azərbaycan nəsrində obraz və xarakter problemindən bəhs olunarkən alim bu əsərləri milli xarakterin yaradılması baxımından dəyərləndirmişdir. Müstəqillik dövrü Azərbaycan nəsrini mövzu-məzmun kontekstində dəyərləndirərkən Təyyar Salamoğlu müasirlik probleminin aparıcı mövqeyinə diqqət yetirmiş, bu məqamı zəruri məsələ kimi önə çəkmişdir. Əlbəttə, bədii nəsrin müasirliyi ilk növbədə dövrü, mühiti qavramaqla, həyatın nəbzini tutmaqla, tarixi dövrün problemlərini dərk etmək imkanları ilə səciyyələnir. Bütövlükdə, alimin gəldiyi qənaətə görə, müstəqillik dövrü Azərbaycan nəsri müasirliyə xidmət məramına söykənməkdədir. Azərbaycan xalqının həyatında tarixi tale ilə bədii yaddaşın bu şəkildə üst-üstə düşməsi hadisəsi tariximizin iki ayrı mərhələsində baş verib. Ölkə müharibə şəraitində yaşayırdı, sosial rifah səviyyəsi aşağı idi və təbii olaraq, hər zamankı kimi bu böhrandan ədəbiyyat da öz nəsibini alır. Lakin buna rəğmən, mövcud olan nümunələr müstəqillik dövrü ədəbiyyatının gələcəyi ilə bağlı müsbət inam aşılayır. Anar, Elçin, Seyran Səxavət, S.Rüstəmxanlı, K.Abdulla, F.Məmmədli, Mahirə Nağıqızı, Ə.R.Xələfli və b. yazarların bədii mətnləri bu qəbildəndir.

Yaradıcılığının kamillik, müdriklik, məhsuldar dövrünü yaşayan, Azərbaycan tənqidi, ədəbiyyatşünaslığı, milli ictimai fikrinə töhfə dəyərində çoxcəhətli elmi axtarışlarını inamla davam etdirən Təyyar Salamoğlu bu günə kimi maraqlı kitablarla oxucularını sevindirmiş, minlərlə ədəbiyyatsevərin yoluna işıq tutmuşdur. İnanırıq ki, alim bundan sonra da hələ uzun illər əhəmiyyətli elmi axtarışları ilə bizi sevindirəcək. Professor Təyyar Salamoğlunun şərəfli ömür yolunun 65-ci ilində ona uzun ömür, sağlam ruhla yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!