...Jan-Pol Sartrın karyerasının ilk dövrü əsasən, "Varlıq və heçlik" (1943) əsəri ilə müəyyən edilir, lakin sonradan o, kommunist və kapitalist bloklara parçalanmış bir dünya anlayışına keçmiş və geniş şəkildə reklam edilən siyasi fəaliyyətə başlamışdır. Sartr, alman faşist işğalı zamanı passiv qalan hər kəsi sərt şəkildə tənqid etmişdir.
Sartr bir müddət marksizmi və sovet quruluşunu müdafiə etmişdir. 1952-ci ildə Sülhün Müdafiəsi üzrə Vyana Xalq Konqresində sülh tərəfdarı kimi çıxış etmiş, 1953-cü ildə Dünya Sülh Şurasının üzvü seçilmişdir. Həmin dövrdə Sartr, Şərq Blokunun mənəvi üstünlüyünə inanırdı və bunun "ümidləri qorumaq" üçün zəruri olduğunu iddia edirdi.
1956-cı ildə Sartr və "Yeni Zəmanə" jurnalının redaksiyası (Kamyudan fərqli olaraq) "fransız Əlcəzairi" ideyasını qəbul etməkdən uzaqlaşdı və Əlcəzair xalqının müstəqillik arzularını dəstəklədi. Sartr işgəncələrə qarşı çıxır, xalqların öz talelərini müəyyən etmək azadlığını müdafiə edir və zorakılığı kolonializmin təhlükəli nəticəsi kimi təhlil edirdi.
Fransız millətçilərindən dəfələrlə təhdidlər alan Sartrın Parisin mərkəzindəki mənzili iki dəfə partladılmışdı. 1960-cı ildə onun "Dialektik zəkanın tənqidi" əsəri nəşr olundu. Bu əsərdə Sartr marksizmə daha güclü intellektual dəstək vermək istəyirdi; lakin nəticədə Marksın "sinif" anlayışını obyektiv bir mahiyyət kimi təqdim etməsinin səhv olduğu qənaətinə gəldi.
Sartr Üçüncü Dünya ölkələrinin intellektualları kimi, 1959-cu il Kuba inqilabını fəal şəkildə dəstəkləyirdi. 1960-cı ilin iyun ayında o, Fransada "Şəkər üzərində Qasırğa" başlıqlı 16 məqalə yazdı. Sartr həmin dövrdə Kuba xəbər agentliyi - "Prensa Latina" ilə əməkdaşlıq edirdi.
Sartr Vyetnamda törədilmiş hərbi cinayətləri araşdıran Russell Tribunalında da fəal iştirak edirdi. 1967-ci ildə hərbi cinayətləri araşdıran Beynəlxalq Tribunal Stokholm və Roskilde şəhərlərində iki iclas keçirdi. Bu iclaslarda Sartr, "fransız Əlcəzairindəki" soyqırımı da daxil olmaqla qalmaqallı çıxışlar etdi.
Sartr, 1968-ci il Fransız inqilabında fəal iştirak etmişdir. Onu, hətta inqilabın simvolu adlandırmaq olar.
Həyatı boyunca Sartrın siyasi mövqeyi kifayət qədər dəyişkən olsa da, hər zaman solçu ideologiyaya sadiq qalmış və həmişə məzlumların, o cümlədən, "Ürəkbulanma" romanında təsvir olunan "təlimsiz" insanın hüquqlarını müdafiə etmişdir.
1964-cü ildə Sartr Xruşşovun Stalin repressiyalarını və təmizləmələrini ifşa edən "Gizli məruzə"ni tənqidlə qarşılamışdır. O, "kütlələrin həqiqəti qəbul etməyə hazır olmadığını" iddia etmişdir. 1973-cü ildə Sartr "inqilabi hakimiyyətin həmişə ona təhlükə yaradan bəzi insanlardan qurtulmalı olduğunu və onların ölməsinin yeganə yol olduğunu" iddia etmişdir.
Sartr, Polşa lideri Vladislav Qomulkaya heyranlıq bəsləyirdi. Qomulka "sosializmə Polşa yolu" ideyasını dəstəkləyən və Polşanın daha müstəqil olmasını istəyən bir şəxs idi.
1968-ci ildə Parisdə tələbə etirazları zamanı Jan-Pol Sartr, Sorbonnada onun şərəfinə tələbə mükafatı təsis etməkdən imtina etdi. Mükafat azadlıq, ekzistensial seçim və ümumilikdə humanizm anlayışlarının izahı ilə bağlı ən yaxşı tələbə essesi üçün nəzərdə tutulmuşdu. Növbəti etiraz aksiyası iğtişaşa çevrildikdə, Sartr saxlanıldı və bu, tələbələr arasında böyük narazılıq yaratdı. Şarl de Qoll bu hadisədən xəbər tutduqda Sartrın azad olunmasını əmr edərək demişdi: "Fransa Volterləri həbs etmir".
1980-ci il aprelin 15-də Sartr Parisdə vəfat etdi. O, vəsiyyət etmişdi ki, dəbdəbəli dəfn mərasimi keçirilməsin. Lakin buna baxmayaraq, onun vida mərasiminə 50 min insan qatılmışdı.
Dediyimiz kimi, Sartrın fəlsəfəsində mərkəzi konsepsiyalardan biri azadlıq anlayışıdır. Sartr azadlığı mütləq, birdəfəlik verilmiş bir nəsnə kimi təsəvvür edirdi ("İnsan azad olmağa məhkumdur"). Yəni azadlıq, insanın mahiyyətindən əvvəl gəlir. Sartr azadlığı hərəkətsizliyə aparan ruhun azadlığı kimi deyil, insanın heç kimin əlindən ala bilməyəcəyi seçim azadlığı kimi başa düşürdü. Məsələn, məhbus qərar verməkdə azaddır - onun təslim olmaq və ya azadlığı uğrunda mübarizə aparmaq hüququ var, bundan sonra nə olacağı isə filosofun səlahiyyətindən kənarda olan şəraitlə bağlıdır.
Azad iradə konsepsiyası Sartrın "proyekt" (layihə) nəzəriyyəsində genişlənir. Bu nəzəriyyəyə görə, fərd özünü özünə verilmiş bir hadisə kimi deyil, "proyektləşdirərək" formalaşdırır. Bununla o, özünə və əməllərinə görə tam cavabdehdir. Sartrın mövqeyini təsvir etmək üçün "Ekzistensializm - bu, humanizmdir" adlı əsərində gətirdiyi Ponjun sitatı daha uyğun gəlir: "İnsan - insanın gələcəyidir".
Sartr azadlıq və məsuliyyət haqqında nə deyir?
İnsan azad olduğu müddətcə şəxsiyyət olaraq qalır, hər şeyi sərbəst mühakimə edir, sərbəst qərar verir. Amma Sartr (və eləcə də Kamyu) iddia edir ki, azadlıq insanı məsuliyyətdən azad etmir. İnsan öz hərəkətlərinə və əməllərinə görə məsuliyyət daşıyır. Amma bu, hüquqi deyil, mənəvi məsuliyyətdir.
Sartrın toxunduğu əsas paradiqmalardan biri dialektika idi və onun mahiyyəti tamlığı "sintezlə birləşdirməkdə", yəni totalizasiyada ifadə olunur.
Sartr öz əsərlərində (təxminən, Kant kimi) "özündə" və "özü üçün" konsepsiyasını inkişaf etdirir. O, belə hesab edir ki, insan şüuru iki hissəyə bölünür: obyektiv reallığı (və ya xarici dünyanı) əks etdirən "şüursuz" hissə və bu reallığın subyektiv interpretasiyası olan "şüurlu" hissə.
Xarici dünyanın qavranılması və onun təsirinin əks olunması (inikası) bizim təsəvvürlərimizdən asılı deyildir. Dünya necədirsə, beyində də elə o cür əks olunur. Amma dünya mənzərəsinin interpretasiyaları həyat təcrübəsi, dəyərlər, təsəvvürlər və biliklər əsasında formalaşır. Sartra görə, insan həmişə ətraf aləmlə qarşılıqlı əlaqədədir və o, bu dünyadan təsirlənir. Lakin filosof hesab edir ki, dünya insanı əvvəlcədən müəyyənləşdirmir, əksinə, ona seçim və özünü təyin etmək imkanlarını təqdim edir.
Sartr üçün digər vacib bir məsələ həyatın mənası problemidir. O iddia edir ki, insan həyatı absurddur, yəni mənasız və məqsədsizdir, çünki həyatın əvvəlcədən müəyyən edilməsi haqqında deyilənlər, başqa sözlə, qəzavü-qədər haqqında söylənilən metafizik fikirlər doğru hesab oluna bilməz.
Sartrın etikası, yəni insanın etik fəaliyyəti ilə bağlı fikirləri də Kantın kateqorik imperativinə bənzəyir. Filosof deyir ki, hər birimiz xeyirə can atmalıyıq ki, bəşəriyyət də xeyirxah olsun. Əgər biz pislik edəriksə, bəşəriyyət də pis olacaq.
Jan-Polun qeyri-adi ədəbi istedadı və qabiliyyəti çox erkən üzə çıxmışdır. Belə ki, ədəbiyyatda ilk addımlarını səkkiz yaşında atmışdır. Bu yaşda artıq o, "Banan ticarətçisi" ("Le Marchand de bananes") və "Kəpənək uğrunda" ("Pour un papillon") romanlarını yazmışdı.
Jan-Pol Sartr dünyada bir yazıçı kimi daha çox məşhurdur. Lakin o, hər oxucunun müəllifi deyil. Onun kitabları fəlsəfi dərinliyi, kəskin həyat problemləri və siyasi baxışları ilə fərqlənir.
"Ürəkbulanma"da Antuan Roquenti adlı birisinin gündəliyi ilə tanışlıq əsərin əsas açarı hesab oluna bilər. Süjetə görə, romanın qəhrəmanı Fransanın qondarma Buvil şəhərində yaşayır. Antuan insanları, izdihamı diqqətlə müşahidə edir, lakin onun bu müşahidələrini heyvanların müşahidələri ilə müqayisə etmək olar. Əslində Antuan, sanki heç özünü də insan hesab etmir. O, insanların varlığına mərhəmətlə baxır. Qəhrəman praktiki olaraq insanlarla ünsiyyət qurmur və bu barədə heç kimə danışa bilməməkdən çox əziyyət çəkir. Antuan daim öz varlığının absurdluğu, mənasızlığı haqqında fikirləşir. Personaj nə baş verdiyini başa düşmək üçün hadisələrin "dibinə varmaq" istəyir. Ürəkbulanma ona vaxtaşırı təsir edir. Antuan dərk edir ki, keçmiş çoxdan geridə qalıb, gələcək isə mənasızdır və onda mühüm heç nə olmayacaq.
Yazıçının "Divar" hekayəsi də fəlsəfi mahiyyəti ilə seçilir. Hekayənin qəhrəmanı edama məhkum edilir. Ona bir seçim təklif olunur: yoldaşının harada olduğunu desə, həyatda qala bilər. Qəhrəman son ana qədər əməkdaşlıqdan imtina edir. Hekayədə onun düşüncələri və yaşadığı hisslər təsvir olunur.
"Azadlıq yolları" trilogiyası Sartrın çoxsaylı fəlsəfi fikirlərini, siyasi və yaradıcılıq baxışlarını özündə birləşdirir.
Azadlıq nədir və insan həqiqətən, azad ola bilərmi? "Olmaq, ya olmamaq" - bu sual əsrlərdir insan zehnini məşğul edir. Əsərin qəhrəmanlarının hekayələri və süjetlər olduqca müxtəlifdir. Sanki yazıçı öz oxucularına sual verir: siz "azadlıq yolları"ndan qəhrəmanlarla birlikdə keçməyə hazırsınızmı?
"Varlıq və heçlik" adlı əsərində Sartr, iradə azadlığının mövcud olduğunu sübut etməyə və göstərməyə çalışır.
"Sözlər" avtobioqrafik povesti Sartrın erkən uşaqlıq dövrünə həsr olunub. Müəllif bu əsərdə kitablarla ilk tanışlığı və yazıçı olmaq istəyinin necə yaranıb möhkəmləndiyini təsvir edir.
Jan-Pol Sartr səkkiz pyesin müəllifidir. Bu əsərlər ("Bağlı qapılar arxasında", "Milçəklər", "Nekrasov" ("Yalnız həqiqət"), "Dəfn edilməmiş ölülər", "Şeytan və Tanrı", "Altonanın məhbusları" , "Çirkli əllər", "Namuslu fahişə") dünyanın bir çox teatrlarında tamaşaya qoyulmuşdur (İndi xatırlayıram ki, "Nekrasov" pyesi ötən əsrin ikinci yarısında Xalq şairi S.Rüstəm tərəfindən tərcümə edilib "Azərbaycan" jurnalında dərc olunmuşdu - F.M.). Bu əsərlərdən biri -"Milçəklər" daha məşhurdur.
"Bağlı qapılar arxasında" əsəri isə üç günahkarın - bir kişinin və iki qadının cəhənnəmdə qapanmış həyatından bəhs edir. Cəhənnəm burada otel otağı kimi təsvir olunur. Əsər, məşhur "Cəhənnəm - başqalarıdır" aforizmi ilə sona çatır.
Sartrın bütün pyesləri kəskin intellektual və fəlsəfi xarakter daşıyır, amma onların hər biri tamaşaçıları sərt həqiqətlərlə üz-üzə qoyur. Bu, Sartrın teatr sənətinə gətirdiyi yeni bir yanaşma idi.
Sartrın nisbətən az tanınan əsərlərindən biri "Daha təklif yoxdur" pyes- romanıdır.
Əsərdə göstərilir ki, o biri dünyada çoxdan ölmüş iki insan qarşılaşdı: onlardan biri tərəfindən öldürülən inqilabçı Pyer Dümen və miras uğrunda əri tərəfindən zəhərlənən Həvvadır.
1964-cü ildə Jan-Pol Sartr "azadlıq ruhu və həqiqət axtarışları ilə zəngin, dövrümüzə böyük təsir göstərmiş yaradıcılığına görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Lakin o, bu mükafatı qəbul etməkdən imtina etdi və heç bir ictimai instituta borclu olmaq istəmədiyini, müstəqilliyinə kölgə salmaq istəmədiyini bəyan etdi. Təbii ki, Nobel mükafatına layiq görülməsi, onun təkcə elmi və bədii yaradıcılığı ilə deyil, həm də siyasi baxışları ilə bağlı idi.
Bütün ziddiyyətli fəaliyyət və baxışlarına baxmayaraq, Jan-Pol Sartr 20-ci əsrin ən parlaq fikir adamlarından biri hesab olunur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!