Kim mənsub olduğu dili alayarımçıq, kələ-kötür bilirsə, günah onun anasındadır. Ana laylası, nəvazişi, nazlamaları, oxşamaları, yanıltmacları ilə boya-başa çatmayanlar milli ruhun daşıyıcıları ola bilməzlər.
Hələ gənc yaşlarından başlayaraq doğma ana dilindən başqa bir çox əcnəbi dildə danışmağı bacaran, görkəmli yazıçı, folklorşünas alim Yusif Vəzir Çəmənzəminli "Ana və analıq" sərlövhəli məqaləsində haqlı olaraq yazırdı: "Təbiət ananı xəlq edəndə onunla bərabər fədakarlığı yaradıb və ziqiymət (qiymətli, bahalı) hədiyyə olaraq ona əta edib. Fədakarlıq arvadların mənəvi zinətidir ki, ondan uca bir şey ola bilməz".
Xarici dil bilmək özgə xalqlarla birbaşa ünsiyyət qurmaq bacarığına malik olmaq deməkdir. Ancaq bu ünsiyyət o zaman dəyərli olur ki, doğma dilinə ögey münasibət bəsləməyəsən. Nə qədər çox dil bilsən də, düşüncən gərək ana dilinlə bağlı ola. Heç şübhəsiz, ana dilinə məhəbbət, sədaqət, sevgi beşikdən başlayır. Bəli, o beşiyin başında körpəsinə ana dilində layla çalan, şirin-şəkər sözlərlə balasını oxşayan ananın övladı böyüyəndən sonra on əcnəbi dil bilsə də, mənsub olduğu xalqın dilinə biganə qala bilməz.
Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist, filosof, dinşünas, böyük türkçü Əhməd bəy Ağaoğlu hələ 1924-cü ildə yazıb çap etdirdiyi "Milli şüur" adlı məqaləsində yazırdı: "Bir millətin formalaşmasında təzahür edən başlıca amillər bunlardır: dil, din, ədəbiyyat, sənət və müştərək tarix".
Min illər boyu xalqımız dövrün, zamanın bütün sınaqlarına sinə gərərək öz dilini, dinini, adət-ənənəsini, yazılı və şifahi ədəbiyyatını qoruyub saxlamışdır. Əhməd bəy Ağaoğlu haqlı olaraq yazır ki, milli şüuru olmayan, yaxud inkişaf etməyən xalqlar düşgünlük və əsarətə məhkumdur.
1828-ci ildən Çar, 1920-ci ildən başlayaraq Sovet Rusiyasının işğalı və əsarəti altında yaşamağa məhkum olmuş xalqımız gizli və aşkar dil siyasətinə məruz qalmağına baxmayaraq öz doğma ana dilini qoruyub saxlaya bildi. Şübhəsizdir ki, dil bir millətin varlığı və kimliyidir. Bu dilin qorunmasında, yaşamasında, nəsildən-nəsilə ötürülməsində müdrik analarımızın xidmətləri əvəzsiz və danılmazdır.
Əhməd bəy Ağaoğlunu uşaq yaşlarında olanda tərbiyə verib həyata hazırlayan, heç bir məktəb qurtarmamış, amma həyat dərsi almış, fitrətən uzaqgörən anası Sarıcalı Rəfi bəyin qızı Nairə xanım olmuşdur. Çox sonralar Əhməd bəy anasını yad edərək yazırdı ki, anamın oxuduğu o "hüznlü, ələmli mahnılar" indi də qulağımda səslənib "könlümü titrədir".
Əhməd bəyin, bu böyük fikir adamının həyatından ibrət götürülməli çox mətləblər var. 1888-ci ildə Gimnaziyanı əla qiymətlə bitirib Peterburq Universitetində oxumağa yola düşərkən anası onu kənara çəkib deyir ki, əgər gavur qızı alsan, südüm haramın olsun. Bəri başdan deyim ki, Əhməd bəy anasının tövsiyəsinə əməl edir.
Təhsil almaq, Peterburq şəhərini görmək arzusu ilə yola çıxan Əhməd bəy özünün "Peterburq xatirələrim"də yazırdı: "Mənim, xəyalı yerə-göyə sığmayan on səkkiz yaşlı gəncin təsəvvüründə Pyotr şəhəri füsunkar bir məbəd idi; elə bir yer ki, orada insanlar və şeylər nə isə xariqüladə, səmavi, əlçatmaz varlıqdır". Daha sonra ədib yazırdı: "Ürəyim məşuqəsi ilə ilk görüşə çıxmış aşiqin ürəyi kimi döyünüb, az qala sinəmə sığmırdı. O "müqəddəs torpağa" necə pərəstişlə qədəm basmışdım".
Bir neçə imtahanı uğurla vermiş gənc Əhməd bəy, özünün yazdığı kimi, ən yaxşı bildiyi triqonometriyadan imtahan götürən gənc professor əsasız olaraq ona "3" verir. Əhməd bəy xatirəsində etiraf edir ki: "Gözlərim qaraldı, başım fırlandı. Elə bil kimsə küt bir əşya ilə gicgahımdan vurmuşdu. Bir anda instituta daxil ola bilməməyin doğuracağı dəhşətli mənzərə gözlərimin önündə canlandı. Valideynlərimin bu xəbərdən çəkilməz bir dərdə, ələmə düşdüklərini gördüm. Dostlarımın qarşısında necə alçaldığımı hiss etdim. Xəyalımda yaşatdığım "fantastik" dünya bir an içində uçulub dağıldı. Utanmaq hissini, ləyaqəti və izzəti-nəfs duyğusunu unudub ağlamağa başladım. Bütün auditoriyanın gözü qarşısında ucadan ağlayır və professora başqa suallar soruşması üçün yalvarırdım. Lakin onu rəhmə gətirmək mümkün olmadı, bir-birinə sıxılmış dodaqlarının arasında laqeyd və rəhmsiz səslə: "Bunu edə bilmərəm, gedin!" - dedi".
Rusiyanın paytaxtında, əyalətdən gəlmiş savadlı bir gəncə rus professorun şovinist münasibətini görürsünüzmü?!
Sarsıntı içərisində qaldığı ünvana qayıdan on səkkiz yaşlı gənc "füsunkar Pyotr şəhərini" tərk etmək qərarına gəlir. Səhəri gün Parisə yola düşür.
Qatarda bir fransız xanımla tanış olur. Dərk edir ki, Sorbona Universitetində oxumaq üçün fransız dilini öyrənməlidir. Parisdə böyük səy göstərərək altı ay ərzində fransız dilini mükəmməl öyrənir. 1888-1889-cu illərdə hüquq məktəbində oxumaqla bərabər Sorbonadakı "Əməli yüksək tədqiqat məktəbi"nin və "Şərq xalqları tarixi və dilləri məktəbi"nin dərslərinə də gedir. Fransız dilini o dərəcədə mənimsəyir ki, müəllimi filosof E.Renanın təklifi ilə Şərq xalqlarının dil, məzhəb və etnoqrafiyasına aid məqalələrlə mətbuatda çıxış edir. 1891-ci ildə hüquq məktəbini Lisan an Durda diplomu ilə bitirən Əhməd bəyə müəllimi E.Renan Parisdə qalıb elmlə məşğul olmasını təklif edir. Cavabında Əhməd bəy deyir ki, mən vətənimə lazımam. Müəllimi deyir ki, Əhməd bəy, sən burada qalsan, dünyaşöhrətli alim olarsan, getsən, Şərq səni udacaq.
Əhməd bəy tərəddüd etmədən vətənə qayıdır. Ana dilinə arxa çevirib Rusiyada oxumağı, rus dilində oxuyub-yazmağı ilə fəxr edənlərə üzümüzü tutub deyirik ki, heç bir əcnəbi dil ana dilini əvəz edə bilməz. Belə olmasaydı, Əhməd bəy fransızca, rusca, farsca yazıb-yaradardı. Amma o, 5 dil bilməyinə baxmayaraq vətənində iki dildə, Türkiyədə Osmanlı türkcəsində qəzet çıxarırdı.
Əhməd bəy Ağaoğlu 1909-cu ildə təzyiq və hücumlardan təngə gəlib Türkiyəyə mühacirət edəndən sonra da doğma dilini unutmamış, hətta Qarabağ şivəsində danışmağı ilə fəxr etmişdir. Çünki ana laylası, bayatısı ilə böyüyənlər, harada yaşamalarından asılı olmayaraq, mənsub olduqları xalqın dilinə sayğı ilə yanaşmışlar. Əhməd bəyin oğlu Səməd Ağaoğlu "Atamın dostları" adlı xatirələr kitabında yazır: "Başım dizinin üstündə, Füzulinin "Məni candan usandırdı, cəfadan yar usanmazmı?" qəzəlini Azərbaycan şivəsinin şirin ahəngi ilə söyləyən anamı xatırlayıram". Nə qədər insani bir duyğudur.
Səməd Ağaoğlunun anası, Əhməd bəyin xanımı Sitarə xanım şuşalı idi. O, Vəzirzadələrin yeganə qızı idi. O, ərindən ayrılmayaraq Türkiyəyə mühacirət etmişdi. Əsl azərbaycanlı xanım kimi ailəsinin xoşbəxt yaşaması üçün canı-dildən çalışmışdır. Səməd Ağaoğlu anası Sitarə xanım barədə belə yazır: "Savadı, sadəcə təkbaşına öyrəndiyi oxuyub yazmaq idi. Amma buna baxmayaraq qədim, əsil-nəcabətli bir türk ailəsinin maddi və mənəvi zənginliyi içərisində pərvəriş tapan incə zəkasının, həssas ruhunun yaratdığı romantik təbiəti əsl xalq adamı olan atamın çılğın, əsəbi, məsuliyyətsiz ağıl və xarakteri ilə durmadan çarpışdı, bu zəkanın, xarakterin kobud tərəflərini cilalayıb Ağaoğlu ailəsinin cəmiyyət içərisində öz yerini tutmasına böyük kömək göstərdi".
Göründüyü kimi, doğru demişlər ki, hər bir görkəmli kişinin arxasında gözə çarpmadan böyük bir qadın dayanır.
Ana dilinə sevgini, sayğını biz klassik ədəbiyyatımızın görkəmli simalarının yaradıcılıqlarından da görə bilərik.
Məndə sığar iki cahan,
mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm,
kövnü-məkana sığmazam
- deyən Seyid İmadəddin Nəsimi fars və ərəb dillərini də bilirdi, fars və ərəbcə şeirlər də yazırdı, amma ana dilinə sevgisi içdən gəlirdi:
Yeddidir, dörd yeddidən bir yeddidir,
Yüz iyirmi dörd yenə üç yeddidir,
Evi bir, bacası yeddi, babı üç,
Əhli-beyt ilə özü on yeddidir
- misraları bu gün belə ruhumuzla həmahəng deyilmi?!
Bağdadda ərəblərin əhatəsində yaşayan dahi Məhəmməd Füzuli dilimizin gözəlliyini, ahəngini belə qoruyub yaşatmağı bacarmışdı. Çünki o, gecə-gündüz içərisində ana dilində həsbi-hal etmişdir. Unutmamaq üçün! Ona görə də bu böyük söz sərrafının aşağıdakı ölməz misralarından milli ruhumuzun əbədiyyət nəğməsi olan bayatılarımızın ətri gəlir:
Gül qönçəliyində xar iləndir,
Açılsa, bir özgə yar iləndir.
Əslində tikan çəkər əzabın,
Fəslində həkim alır gülabın.
Qətran Təbrizidən, Qövsi Təbrizidən, Şah İsmayıl Xətaidən, Aşıq Qurbanidən, Tufarqanlı Abbasdan, Qasım bəy Zakirdən, Aşıq Valehdən, Seyid Əzim Şirvanidən, Xan qızı Xurşidbanu Natəvandan doğma dilimizə bəslənən sayğı və ehtiramdan istənilən qədər misal göstərmək olar. Anadilli hər bir şeir nümunəsi yaradıcı insanlarımızın qəlb dünyasının ifadəsidir.
Əgərçi xoşdur mənə ətri, həm səfası gülün,
Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün
- deyən Natəvan bir ana kimi Xasay xan Usmiyevdən olan oğlunu da milli ruhda böyütmüşdü. O, oğluna öz atası Mehdiqulu xanın adını vermişdi. Mehdiqulunu bir Azərbaycan türkü kimi böyütmüşdü. Mehdiqulu yeniyetməlik və gənclik illərini Tiflis, Peterburq şəhərlərində keçirməsinə, zadəgan uşaqlarına məxsus hərbi məktəbdə rus dilində təhsil almasına, orduda xidmət edib podpolkovnik rütbəsinə yüksəlməsinə baxmayaraq ana dilini heç vaxt unutmamışdı. Çünki Natəvan oğlu dil açarkən onunla doğma, sevgili ana dilində danışmışdı. Yoxsa, o da indi bəzi gənc analar kimi oğlunu rus dilində deyil, yaxşı bildiyi fars dilində də danışmağa məcbur edə bilərdi (Halbuki bu, uşağa qarşı şiddətdi, genetik yaddaşa xəyanətdi). Xan qızı Natəvan bir ana, əsilzadə xanım kimi başa düşürdü ki, bünövrə, təməl ana dilində olmalıdır. Əgər Mehdiqulu belə milli ruhda böyüməsəydi, Vəfa təxəllüsü ilə doğma türkcəmizdə şeirlər yaza bilməz, yana-yana yazmazdı ki:
Avarə qalmışıq, sərdarımız hanı,
Keçmiş zəmanədən asarımız hanı?
İcma edin, bu gün dərdə dəva edək,
Dinü təriqətə canlar nisar edək.
Gətirdiyimiz bu nümunədən də göründüyü kimi, dilin keşiyində duran əsas qüvvə anadır. Bir anlıq təsəvvür edin ki, Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıdan, qazaxdan, özbəkdən, türkməndən, çeçendən, ləzgidən, yəhudidən... rus xanımları ilə izdivacdan nə qədər oğlan-qız doğulub böyüyüb. Amma rus qadınları birmənalı olaraq yad millətin kişilərindən törəyən uşaqları rus kimi böyüdüb. Bu törənənlər damarlarında başqa-başqa millətlərin qanını daşısalar da, rus kimi böyüyür, rus kimi düşünür. Çünki göz açandan anaları onlarla rus dilində danışıblar. Bu, məhz rus xanımlarının ana dillərinə olan sonsuz sevgisinin bəhrəsidir. Heç kəs bu həqiqəti inkar edə bilməz.
Hərdən düşünürəm ki, Çar Rusiyasının zamanında Qafqazın baş hakimi general A.P.Yermolovun idarəsində Şərq dilləri tərcüməçisi kimi fəaliyyət göstərən, polkovnik hərbi rütbəsinə qədər yüksələn Abbasqulu ağa Bakıxanov, ana dilindən başqa rus, fars, ərəb, osmanlı türkcəsini mükəmməl bilən, Qafqaz canişinliyinin baş mütərcimi, polkovnik Mirzə Fətəli Axundzadə doğma ana dillərinə sayğı göstərməsəydilər, necə olardı? Heç şübhəsiz, mədəniyyət və ədəbiyyat tariximizdə böyük boşluq olardı. Abbasqulu ağa Bakıxanovun "Gülüstan" sülhünə qədər böyük bir dövrü əhatə edən, tarix elminin inkişafında böyük rol oynayan " Gülüstani-İrəm" adlı bir əsərdən məhrum olardıq. Əgər Mirzə Fətəli Axundzadə ana dilinə xor baxsaydı, altı komediya yazıb milli dramaturgiyanın banisi olmaz, "Kəmalüddövlə məktubları", "Aldanmış kəvakib" kimi şedevrlər yaranmazdı. Bu gün Rusiyanın paytaxtında rusca təhsil alanların ədalı görkəm alıb: "Əyalətdə yaşayanlar rus dilini bilmirsə, onun Bakıda nə işi var?" deyənlər yəqin ki, XIX əsrdə Rusiyanın müxtəlif şəhərlərində institut, universitet qurtarıb, ömrü boyu xalqının maariflənməsi üçün çalışan Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Firudin bəy Köçərlinin, Soltan Məcid Qənizadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Üzeyir bəy Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin və onlarca başqa ziyalılarımızın həyatından, fəaliyyətlərindən, təmənnasız xidmətlərindən xəbərsizdirlər. Əsasən, bəy ailəsindən çıxmış bu aydınların hər biri (əlbəttə, onların sırası daha genişdir) xalqının maariflənməsi, tərəqqisi yolunda hər cür əzab-əziyyətə qatlaşmışlar. Onlar öz xalqına yuxarıdan aşağı baxmırdılar. Hər biri bir neçə əcnəbi dil bilsələr də, ana dillərində yazıb-yaratmağı özlərinə borc bilirdilər. Çünki onların hər biri ailə tərbiyəsi görmüşdülər. Ata-anaları, ulu babaları Azərbaycan türkcəsi ilə danışmağı özləri üçün fəxarət bilmişlər.
Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov 1861-ci ildə gimnaziyanı bitirib dövlət hesabına Moskva Universitetinə göndərilmiş və fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1865-ci ildə universiteti namizədlik diplomu ilə bitirmişdi. Həsən bəy tez-tez tarixçi Solovyovun evinə gedirmiş, onunla Şərq və İslam dini ilə bağlı söhbətlər edirmiş. Həsən bəy tarixçi alimin qızına aşiq olubmuş. Qız da Həsən bəyi çox sevirmiş. "Lakin Həsən bəy ilk təhsil almış müsəlman kimi xristian qızı almaqla geridə qalmış xalqı özündən və arvadından uzaqlaşdıracağından ehtiyat edərək çox sevdiyi qızla evlənməkdən imtina etmiş, təhsilini bitirən kimi öz xalqına xidmət etmək üçün Vətəninə qayıtmışdır" (Hənifə Məlikova).
Vətənə qayıdan Həsən bəy son nəfəsinə qədər xalqına təmənnasız xidmət etmişdir. "Əkinçi" qəzetinin nəşrinə icazə almaq üçün 7 il şovinist rus məmurlarının qapısını döymüşdür. Nəhayət, 1875-ci ilin iyul ayının 22-də onun redaktorluğu ilə "Əkinçi" qəzetinin ilk nömrəsi çap olunmuşdu. Budur əyalət Zərdab kəndindən neft Bakısına gələn kişinin şücaəti!
"Ona yaxın Şərq və qərb xalqlarının dilini bilən" (Abdulla Şaiq), "İslam ümmətindən, Qərb mədəniyyətindən, türk millətindən" olmaq ideyasının müəllifi, alim, rəssam, şair, musiqişünas Əli bəy Hüseynzadə Həsən bəy Zərdabi haqqında yazırdı: "Keçmişdə aləmi-islam bir qaranlıq içində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışıyordu, o məşələ nə idi? Əvvəlinci mətbu kəlam idi. Həsən bəy əvvəlinci şəxsdir ki, Qafqaz, bəlkə Rusiya, demək olar ki, bütün dünyada müsəlmanlar içində əvvəlinci türk müsəlman qəzetəsi nəşr etmişdir. Biz Qafqaz türklərinin öhdəsində bu adamın artıq haqqı vardır. Çünki bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata qapı açmışdır".
Azərbaycan dilinin necə zəngin, çoxqatlı, rəngarəng, ən mürəkkəb fəlsəfi fikrləri ifadə etmək gücündə olduğunu dərk etmək üçün el bayatılarını, nağılları, dastanları, qoşma, təcnis və gəraylıları, klassik Azərbaycan poeziyası nümunələrini oxumaq kifayətdir. Əsas odur ki, ana dilini doğmaların qədər sevəsən, o dildə danışmağınla, muğam, mahnı oxumağınla qürur duyasan, minillik Azərbaycan poeziyasını, zəngin ədəbi nümunələri daim mütaliə edəsən, ünsiyyətdə olasan. Bax, o zaman bilərsən ki, Azərbaycan türkcəsi dünyanın ən zəngin dillərindən biridir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!