Turan UĞUR
Şair, yazıçı, televiziya jurnalisti Həmid Herisçinin aprelin 30-da qeyd edəcəyi 65 illik yubileyindən yazmağı özümə borc bilmirəm, çünki "borc" sözünün rəhnində "təmənna prinsipi" gizli şəkildə yuva salıb. Dediyim budur ki, "təmənna" sözü hamıya yaraşır, təkcə şairdən başqa.
Şairlik ən azı - təb, ilham, sirri-Xudalıq, vergi, cizgi, mövzu, süjet, portret qavramları ilə qoşa səslənir, ən çoxunu isə uca Yaradan bilir.
Həmid Herisçi portreti də mənim üçün maraqlı, gizəmli və sirlidir. Bu şair portretini, bu yazıçı sirrini çözmək, bəlkə də hardasa günahdır, bəlkə də ona uzaqdan-uzağa baxmaq da kafidir. Amma bir məsələ də məni rahat buraxmazdı ki, Həmid ağadan bu təbrik yazımı yazmayım. AzTV dəhlizlərində yanpörtü, çəpəki addımlarla mənə sarı gələndə 100 adamın arasından seçdiyim həmşərimin portreti də bəndəniz üçün açılmış olur. Onu da vurğulayım ki, biz həmşərilər rentgen gözü ilə uzaqdan-uzağa olsa belə, bir-birimizi görməkdə mahirik. Bəlkə Vətən içində qürbət havasından bir udum alanların gözləri zamanla uzaqgörən olur?! Bəlkə "Bir yuxuyam yozulmayan, bir düyünəm çözülməyən, bir şeirəm yazılmayan, səsim Təbrizdən gələsi" - deyən şair Zülfüqar Rüfətoğlunun gözüyaşlı misralarının qanadlarında o taya pərvazlana bilməyənlər bu tayda uzaqgörən olurlar?!
Bəlkə "Əvvəl, lap əvvəl əllərində tüstülü məşəl, Seyid Cəfərlə Mir Cəfər girdilər Azərbaycan tarixinə" - deyən Həmid Herisçinin məşum sətirlərinin bütün enerjisi bizim gözlərimizə ötürülüb?! Bəlkə "İki sahilin balaları"nın dizindəki təpər, qolundakı qüvvət gözlərimizlə müttəfiqliyə girib ki, heç olmasa, doğma Güneyimizə göz təmasımız yadırğamasın?!
Bəlkə bir əsrdə 4 inqilab edən fədailərin hər bir cəsarəti, hər bir şücaəti təkcə uzaqgörənlikdən xali qalıb?!
Ancaq "Bəlkə"lərsiz havadan, sudan torpağa keçmək zamanıdır.
Əvvəla, hər ikimizin əsli Təbrizdəndir - birimiz Herisdən, birimiz Dəryandan. Heris Təbrizin quzey şərqində, Dəryan Təbrizin quzey qərbindədir. İnqilab rüzgarı hər ikimizin atalarını Vətənin o tayından bu tayına sovurub. 46-nın dəlisov yelləri öncə Vətən arzularımızı kürüyüb atdı, sonra Herisçi - Paydar və minlərlə Güneyli nəslinin nümayəndələrini. Onların hər biri mənim üçün doğmadır, əzizdir.
İndi heç rəvamıdır ki, Həmid ağanın (Öz aramızda Həmid bəyə o cür xitab edirik) 65 illik münasibətilə yazdığım "Səsi Təbrizdən gələsi..." essesini "Ədəbiyyat qəzeti"nə təqdim etməyim?!
Bu esseni Herisçi ailəsinə və onun timsalında bütün həmşərilərimə, fədailərimizə böyük ərməğan kimi paylaşıram.
Səsi Təbrizdən gələsi...
Həmid Herisçi çağdaş şeirlərinin birində dediyi kimi:
O vaxt birinci real atom bombası Yaponiyaya atılmışdı, ikinci virtual bomba isə Azərbaycanın taleyinə.
"Mənim taleyimə də atıldı" - deyir o bombadan.
İki sahilin balası olan Həmid Herisçi üçün tale ikilikdən keçmirmi?! Amma bu ikilik, bu ayrıcalıq sindromu onun mövzu palitrasını sonralar daha rəngli edəcəkdi. Bu, sonralar olacaqdı. Hardan gəlir Herisçinin çağdaş zamanla səsləşən şeiriyyatı? Və nədən yazıma ilk növbədə Həmid Herisçinin şeiriyyatı ilə başlayıram?
Aprelin 15-də Həmid ağa ilə AzTV-nin dəhlizində görüşəndə mənə sualı da eynən bu cür olmuşdu:
- Turan, sən məni ilk növbədə necə tanıyırsan?
- Şair kimi - dedim, Həmid ağa.
- Düz tutmusan.
Bir az dilxoşluq edirik. Dostumuz, jurnalist həmkarımız, həmşərimiz Günay Ardanı xatırladıram.
- Güneylimizdir, əslən Kəleybərdəndir Günay, yaxşı qızdır, yadınızdadır?
Herisçinin üzündə təbəssüm yaranır, nəyə vurğu elədiyimi göydə tutur ahbabım, deyir:
- Mən sənə ciddi deyirəm, onlar indi də mal-qara ilə yatıb, mal-qara ilə dururlar.
Gülüşürük...
- Sən bizə, təbrizlilərə baxma, Turan.
Biz çox müasir camaat olmuşuq.
Məzəli, başqa söhbətləri də yada salırıq, bir qədər eynimiz açılır.
Əvvəllər də Həmid ağa ilə bu sayaq söhbətlər çox eləmişəm. Müəllifi olduğum "Xudafərin" verilişinin müsahibi də olub vaxtilə. Təbriz əbədi mühiti barəsində xeyli söhbətlərimizi də yada salıram. Atası - professor, Xaqanişünas-alim, 21 Azər Hərəkatının həmmüəlliflərindən olan
Qafar Kəndli Herisçi haqqında "Fədailərimizi tanıyaq" rubrikasında "Yoldaş Kəndli" adlı məqalə də yazmışam.
Yeri gəlmişkən, hər nəsnədə şeir arayan, danışığı ilə, prozası ilə şeirləşən Həmid Herisçi bizim Təbriz ulularımızın xasiyyətinə sadiq qalır. Təbriz əhli kəndlisi ilə, sənətkarı, taciri ilə, alimi, həkimi, hakimi ilə şairanədir. Həmid Herisçinin şeirləşən mövzuları da məncə, ilk növbədə, bununla izah olunmalıdır: ikiləşmək və şeirləşmək vərdişi ilə. Sirr deyil ki, vərdiş hərəkətdən törəyir, xasiyyət vərdişdən, tale isə xasiyyətdən, xarakterdən. Xarakter məsələsində bir hovur dayanaq, zira, şair xarakterindən gələn əlvan mövzular bizi gözləyir.
"Avtoş" şeiri... Əvvəla, Həmid Herisçinin çox sevdiyi şairdən - Vladimir Mayakovskidən iqtibas edim bu məqamda.
"Poeziya gərək o yerə getsin ki, ora hələ heç bir şairin ayağı dəyməmiş olsun". Bu işi poeziyamızda ilk bacaran şairlər az olmayıb - Mikayıl Müşfiqdən Rəsul Rzaya kimi.
Onlar diapozonları ilə şeirin varmadığı yerlərə qədər gedib çıxa biliblər. Sonra onların getdikləri yerdən qayıtmaq missiyasını özündən sonrakı nəsillər gördü. Həmid Herisçi bu mənada, əlvan mövzulara "girişmək" baxımından əvəzolunmazdır.
Hə, onu deyirdim axı... "Avtoş" şeiri yeni şeirlərindəndir şairin. Bu modern şeir Herisçinin əksər şeirləri kimi süjetlidir. Süjet dedim, "25-ci kinokadr" şeiri də olsun onlardan biri. Azərbaycan taleyinə yağan atom bombasının şüalarını hamımız qəbul etmişik. Radiasiya qurbanlarının aqibəti qul olmaqdan, qulam olmaqdan keçirsə, "25-ci kinokadr" şeirinin də mövzusu büsbütün aktuallaşır. Şeirin son görüntüsü daha məşumdur, deyilmi?!
Bir ananın sənə sarı gəlibən, bəyaz tellərini Təbrizin uçuq divarlarına tərəf daraması qədər məşum mənzərə çətin olsun. Dərdlərdən və yüklərdən ibarət şair qəlbinin dadına hər zaman "validol" çatar. Əslində, şairin həyatdan istədiyi, əyyamdan arzuladığı şey çox sadədir: kaş əzabları onu soyuducuda saxlanan "validol"a qədər aparmasın. Çünki həmin soyuducunun bomboş olması bir ağrıdırsa, orda "validol"un sahibini gözləməsi ayrı bir müsibətdir. Bu əzabın ən gözəl ifadəsini məhz şair özü tapıb - "Fələk qırmancı". Necə də dəqiqdir! Necə də səhihdir! Qırmanc....qırmanc... Bu sözə mən Herisçi yaradıcılığında çox rast gəlmişəm. "Əli və Nino" - dekonstruksiya şəklində yazdığı əsəri də belə adlanır.
"Fələk qırmancı" - Bir də fələyin bizi qırmancladığı var. Biz güneylilərin qırmanclandığı 1946-cı ilin 21 Azər günü - yəni 12 dekabr günü. Demokratik Firqənin yaranmasının düz bir illiyində qırmanclar, süngülər, tüfənglər, dar ağacları həm işə düşdü, həm də içimizə. Qaçan-qaçdı, Firidun İbrahimi kimiləri isə, görk olsun deyə, Gülüstan bağında asıldı. Əla saatsaz olan Pişəvərinin saatı bizi yarıyolda qoydu, elə özünü də. Herisçinin poeziyasında Pişəvəriyə aid şeirlər də maraqlıdır. Saatsaz Pişəvərinin ömrünün sonunda saatının işə düşməməsi bizi çox mətləblərdən agah edir. Ümumiyyətlə, Seyid Cəfər Pişəvəri bizim həssas, ağrılı ünvanımızdır. Elə Herisçinin də həmişə qəlbində qövr eləyən acılardandır Pişəvəri ünvanı.
Doktor Pişəvərinin ölümünə bais olmuşların cavabını Həmid ağa bu şəkildə verir. Şeirində nifrət kükrəyir onlara.
1947-ci il yenidən dirildi...
Eh, Pişəvəri, sənin ruhunu
sonuncu dəfə öldürdü
Maştağalı bir avara usta...
Bəli, səni öldürmüşdü
İngilis, amerikalı,
Kremldəki rus da!!!
Ələlxüsus da,
Yol kənarında bitən bir tikan kolu...
O tikan kollarını çox görmüşdü Herisçi, Təbrizdə ailə qəbiristanlığında, Vadeyi-rəhmətdə uyuyan doğmalarının acısı da tikan kolu idi, amma düzünə qalsa, o xar, ilk növbədə,
Həmid Herisçinin ürəyinə sancılmışdı, ayaqlarına yox.
Həəə, indi öz ayaqlarımla gəldim çıxdım Herisçinin nəsrinə, prozasına.
Yazıçının mövzu palitrasını rəngli, zəngin edən romanları, hekayələri modern və postmodern ədəbiyyatın nümunələridir. İstər "Nekroloq"u olsun, istər "Əli və Nino" dekonstruksiyalı romanı, istər "Portretlər"i, istərsə də "Solaxay"ı - hər birinin süjeti həyatdan başlayır, elmi izahlar aranır. Ambidesktriya - əsərdə təkcə sağ əllə sol əlin yox, həm də sağ təfəkkürlə sol təfəkkürün qovuşması üçün həll yolları verilir.
Herisçi əsərlərində elm və fantastika bir cəbhədə "döyüşürlər". Bəzən də bu arayış romanlarda bitmir, müəllifin hekayələr toplusuna qədər uzanır. İlk hekayələr toplusundakı Zerkalo Klara fenomeninin məlum pasportu həmin arayış yollarına dikilən işıqforlarda işıldayır. Pasportunda Ağababa qızı əvəzinə, Ağababa oğlu (oğru) yazdırması Zerkalo Klaranın bir məharətidirsə, onun Herisçi tərəfindən üzə çıxarılması, gerçəklik pasportuna qovuşması başqa bir qabiliyyətdir. Ümumiyyətlə, Herisçidə Zerkalo Klara obrazına, Güney lövhələri, Bakı zərgərləri, şəhər avtoşları, qırmızı "Limuzin", Novruz bayramı obrazlarına intensiv şəkildə rast gəlirik. Novruz bayramı kimi əzəmətli bayrama Herisçinin yanaşması da orijinaldır. Bu yanaşma Həmid ağanın Novruz bayramına olan sevgisindən, tutqusundan irəli gəlir. Bizim üçün Novruz toxunulmazlıq mandatını məhz Tanrının özündən alır. Bu bayramın adını tərsinə oxunan variantı - "Zervan" Ədəbiyyat Tanrısının adı ilə yozulur yazıçı yozumunda. Novruz şifrəsinin açılması, bu bayram ərəfəsində, məhz elə Çocuq Mərcanlıda bu parolun çözülməsi ayrı bir qanunauyğunluqdur.
Novruz
Novruzu tərsinə oxusan,
"Zervan", yəni əbədiyyət tanrısının
adını eşidərsən.
Deşifrəni düz vaxtında,
düz bayram ərəfəsində
azad edilmiş ərazilərdə eşitdim.
Çocuq Mərcanlı məktəbinin
"Novruz" lövhəsini
bu cür oxuyub bərk həyəcanlandım.
Ağlıma gətirəmməzdim qədim
Zərdüşt tanrısı Zervan,
mənlə görüşünü Qarabağda,
xarabalıqlar arasında təyin edəcək.
Nə vəd edir mənə bu görüş?
Yaxşı sualdı.
Azərbaycanda son 2000 min ildə
kimsə Zervanla bu cür görüşməmişdi.
Tonqal ətrafında, paxlava-filan
yeyəndə, həəə... görüşdüm
bu qədim kölgələrlə.
Ancaq çox gücsüzdü,
uduzmuşdu bu qədim tanrı.
Novruz ərəfəsində Həmid ağanın bu milli bayramımızı televiziya ekranlarında içdən savunması da bu missiyanın davamıdır. Televiziya və Həmid Herisçi...
Hələ SPACE kanalında həyat yoldaşı, jurnalist İlhamiyyə Rza ilə canlı efir apardıqları "Gecə kanalı" proqramını xatırlayıram. Lazımi və zamanında olan veriliş idi. Ordakı mövzular da, təqdimat da cəmiyyət üçün maraqlı görünürdü. 2000-ci illərin əvvəllərində həmin layihə bir daha canlılıq gətirdi televiziya ekranlarına. Həmid Herisçinin bəzən "reklam fasiləsi"nə məhəl qoymayıb, söhbəti elə hey davam etdirməsi də canlı, təbii idi, İlhamiyyə xanımın yerindəcə qonaqlarının söhbətinə müdaxilələri də.
Orada bütün ictimai mövzuların çözələnməsi ilə yanaşı, həm də sənət və ədəbiyyat söhbəti şövqlə izlənilirdi. Heç unutmuram ulu türk şairi Nazim Hikmətlə bağlı proqramı. Şair Vaqif Nəsibin, şair Çingiz Əlioğlunun da iştirak etdikləri proqramda Nazim Hikmətin Türkiyə vətəndaşlığını dübarə qazanmalı olması haqqında fikirlər səsləndirildi.
Çox keçmədi ki, pak ədəbiyyat kirli tarixi öz yedəyində apardı. Qısa müddət sonra Nazim Hikmətə Türkiyə vətəndaşlığı verildi. 1951-ci ilin 25 iyul tarixində Türkiyə vətəndaşlığından çıxarılan Nazim Hikmətə 2009-cu ildə Türkiyə vətəndaşlığı hüququ geri qaytarıldı. 58 il sonra şair öz Vətəninin vətəndaşı kimi yenidən türk oxucusunun görüşünə gəldi. Ondan öncə "Gecə kanalı"nda Həmid Herisçinin və İlhamiyyə xanımın bu məsələni körüklədiyini, Nazim Hikmətə qahmar çıxdıqlarını yaxşı xatırlayıram.
Görüşümüzdə bu nüansı Həmid ağanın yadına salıram.
Fikrə gedir:
- "Düzdür, məndə belə məqamlar çox olub. Çox hadisəni qabaqlamışam, sənə bir söz deyim, "voobşe" mənim ağzım faldı" - deyibən qımışır.
Yollanırıq AzTV-nin əsas yeməkxanasına, çay və şirniyyat sifariş veririk. Həmid bəy ən küncdəki masanı seçir və orada əyləşirik. Sakit bir guşəni seçməsi lap ürəyimcə olur.
Təamlardan nuş edərək ötənlərə qayıdırıq. Həm də televiziya jurnalistikasına. İlhamiyyə xanımla birgə bu gün Mədəniyyət kanalı ilə yayımlanan "Mədəni tənqid" verilişinin müəllifi və aparıcısıdır.
Əslində, "Mədəni tənqid"in ilk variantı olan "Gecə kanalı"nın funksiyasını bihudə yada salmamışdım. Yazıçının belə layihələri çox olub, gizlinləri aşkara çıxaran
"Gizli Azərbaycan"da paranormal aləmlərin sirrini açmağa cəhdlər vardı.
Bir sual verirəm:
- Hansı pirdə idi, bulağın bir gözündən isti su, digərindən soyuq su axırdı?
- Xaçmazdaydı, həəəəə. Qəribə bulaq idi, lap nağıllardakı kimi...
Sovet dönəmində mistik dünyamıza, mənəvi aləmimizə elə zərbələr vurulub ki, Herisçinin belə layihələrinə bu gün zərurət yaranır. 70 il hakim olan materialist fəlsəfənin, ateist dünyagörüşünün pirlərimizə, qutsal ocaqlarımıza, folklorumuza, təsəvvüf dünyamıza, irfan ədəbiyyatımıza, növhə və mərsiyyələrimizə xor baxması bizi çox gerçəklərdən yoxsun edib. Elə mərsiyyələrimizə də yeni baxış gətirib yazıçı.
Janr etibarilə Herisçinin əsərlərinin fakturası realdır - bəlli bir süjeti var, mövzusu var, obrazları, personajları var, amma janrı mistikadır. Folklorumuzun, mifologiyamızın lay-lay qatları yazıçının əsərlərində yeni forma alır, yeni baxışla yeni məna çalarları üzə çıxır.Yazıçının əsərlərindəki intertekstuallıq qəsdən hazırlanmış strategiya kimi təzahür edir. Başqa bir mətnlərlə bəzən gizli, bəzən aşkar əlaqələr yazıçının mahir qələmində ideyasına qovuşur. Bu, çox mütaliəli olmağın və müşahidəçiliyin mövzuya diktəsi kimi ortaya çıxır. Əslində, televiziyadakı verilişlərinin maraqlı olması Həmid Herisçinin bu platformalardakı peşəkarlığından irəli gəlir. Onun müşahidə qabiliyyəti cəmiyyətdəki tendensiyaları təqib etməsi, siyasi məsələləri sərvaxt şəkildə təqib etməsi ilə şərtlənir.
İndi hər həftənin cümə günü "Mədəniyyət TV"də yayımlanan "Mədəni tənqid" verilişi də bu siyasi və ictimai şüurumuzun diri qalması baxımından önəm kəsb edir...
Yeməkxanadan qalxırıq, qapıdan çıxanda gördüm ki, Həmid ağanı "itirmişəm". Əvvəlcə bir qədər karıxdım, sonra foyedə qanrılıb arxaya baxdım. Gözdən itmişdi Həmid ağa.
Qəfildən Həmid Herisçinin çay içməyə gedərkən söylədiyi bir fikri duruxdurdu məni.
"- Biz hərdən "itirik", amma bu, o demək deyil, yox oluruq, yox, bu, o deməkdir ki, həmin adam var, sadəcə, onu başqaları görmür. Bax, fədailik institutunun təməlində də bu düstur dayanır".
Gerçəkdən də, Həmid ağa "itmişdi", gördüm ki, yanpörtü, çəpəki addımlarla mənə sarı gəlir. Demə, WC-yə yollanıbmış, fərqində olmamışam. Birgə Radionun binasına sarı yol alırıq. İkimiz də Mədəniyyət kanalının dəhlizi boyu gəldiyimiz yerə gedirik.
"Hələlik!" deyib, ayrılırıq bir-birimizdən. Mən arxadan diqqətlə baxıram, Həmid Herisçi becid gedirdi, özü də gəldiyi yerə - üzü Təbrizə tərəf...
O, bu becid yerişi ilə hələ çox dolanbaclı yoldan keçəsi...
Hələ fədailərin əbədi zəfərlərini görəsi...
Bir gün isə səsi mütləq Təbrizdən gələsi...
17 aprel 2025-ci il,
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!